“Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 16 avqust 2013-cü il
№ 212
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği
1. Əməyin ödənilməsi sistemi
1.1. Büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı müəssisələrində çalışan işçilərin (bundan sonra - meliorasiya və su təsərrüfatı işçiləri) əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi əsasında əməyin ödənilməsinin aylıq tarif (vəzifə) maaşı, vaxtamuzd və ya işəmuzd sistemləri üzrə ödənilir.
1.2. Meliorasiya və su təsərrüfatı işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilir.
1.3. Meliorasiya və su təsərrüfatı sahəsində torpaq, çaylarda tənzimlənmə və sahilbərkitmə, hidrotexniki qurğuların və istehsalat obyektlərinin cari və əsaslı təmiri və sair üzrə görülən işlərdə meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi ayrılmış büdcə təxsisatları çərçivəsində əməyin işəmuzd sistemi üzrə ödənilir. Əməyin işəmuzd ödənilməsində işəmuzd qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsasında əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
2. Aylıq tarif (vəzifə) maaşına əlavələr
2.1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan meliorasiya və su təsərrüfatı işçilərinə əlavələr "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq ödənilir.
[1]
2.2. Meliorasiya və su təsərrüfatı işçilərinə gecə vaxtı işə görə əməkhaqqına əlavələr "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli qərarına uyğun olaraq verilir.
2.3. Meliorasiya və su təsərrüfatı sahəsində çalışan avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlәrindәn asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi müəyyənləşdirildikdə, ixtisas sinfinə görə əməkhaqqına əlavələr "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə ixtisas sinfinə görə əmək haqqına əlavənin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 sentyabr tarixli 147 nömrəli qərarına əsasən ödənilir.
2.4. Elmi dərəcəsi olan və bilavasitə ixtisası üzrə çalışan meliorasiya və su təsərrüfatı işçilərinə elmi dərəcəyə görə əlavələr büdcədən maliyyələşdirilən sahələrdə çalışan və əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilən işçilər üçün müəyyən olunmuş miqdarda ödənilir.
2.5. Hərbi mükəlləfiyyəti olanların uçotu və brona alınması işlərini görən meliorasiya və su təsərrüfatı işçilərinə kadrlar üzrə inspektorun (müfəttişin) aylıq tarif (vəzifə) maaşının 30 faizi məbləğində hər ay əlavə haqq ödənilir.
2.6. Meliorasiya və su təsərrüfatı müəssisələrində çalışan nasos qurğularının maşinistlərinə, traktorların, ekskavatorların, torpaqsoran maşınların, buldozerlərin, qreyder və skreperlərin maşinistlərinə (bundan sonra - traktorçu-maşinistlər) meliorasiya və su təsərrüfatı sahəsində həmin peşələrdə fasiləsiz əmək stajına görə əlavələr ödənilir. Hər ilin sonunda traktorçu-maşinistə illik faktiki əməkhaqqı məbləğinin, fasiləsiz əmək stajı 2 ildən 5 ilədək olduqda - 8 faizi, 5 ildən 10 ilədək olduqda - 10 faizi, 10 ildən 15 ilədək olduqda - 13 faizi, 15 ildən artıq olduqda - 16 faizi məbləğində fasiləsiz əmək stajına görə əlavə verilir.
2.7. Fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən peşədə çalışdıqda ödənilir. Fasiləsiz iş stajına görə əlavənin verilməsi traktorçu-maşinistin fasiləsiz əmək stajı və əlavənin məbləği göstərilməklə müəssisə rəhbərinin əmri ilə rəsmiləşdirilir.
2.8. Fasiləsiz əmək stajına görə əlavənin onikidə bir hissəsi orta aylıq əməkhaqqı saxlanılan bütün hallarda, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin hesablanmasında orta aylıq əməkhaqqına daxil edilir.
2.9. Müəssisə rəhbəri işdə yol verilmiş nöqsanlara və əmək intizamının pozulması halları səbəbindən traktorçu-maşinistlərə verilən fasiləsiz əmək stajına görə əlavənin məbləğini 25 faizədək azalda bilər. Fasiləsiz əmək stajına görə əlavələrin miqdarının azaldılması müvafiq səbəblər göstərilməklə, müəssisə rəhbərinin əmri ilə rəsmiləşdirilir.
2.10. Üzrlü səbəblərə (təqaüdə çıxmağa, ali və orta təhsil müəssisəsinə daxil olmağa, səhhəti ilə bağlı digər işə keçməyə, həqiqi hərbi xidmətə çağırılmağa, meliorasiya və su təsərrüfatı sahəsində digər işə keçməyə, müqavilə üzrə işləmək üçün xaricə getməyə, ştatların ixtisarına, tərəflərin iradəsindən asılı olmayan digər hallara) görə işdən azad edilmiş və ya digər işə keçirilmiş traktorçu-maşinistlərə fasiləsiz əmək stajına görə əlavələr faktiki iş vaxtına mütənasib olaraq ödənilir.
2.11. Fasiləsiz əmək stajına görə əlavə verilən il ərzində traktorları, ekskavatorları, torpaqsoran maşınları, buldozerləri, qreyderi və skreperləri idarə etmək hüququ verən vəsiqədən məhrum edilmiş traktorçu-maşinistlərə və ya il ərzində üzrsüz səbəbdən traktorçu-maşinist peşəsində tam işləməyən işçilərə fasiləsiz əmək stajına görə əlavə ödənilmir.
2.12. Meliorasiya və su təsərrüfatı müəssisələrinin müxtəlif sistemli və müxtəlif güclü nasos qurğularına xidmət göstərən yüksəkixtisaslı maşinistlərin tarif maaşlarına nasos qurğusunun saatlıq suötürmə gücündən asılı olaraq, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə aşağıdakı məbləğlərdə əmsallar tətbiq edilir:
2.12.1. 9000-dən 11000 kub metrə qədər su ötürüldükdə — 1,05;
2.12.2. 11000-dən 13000 kub metrə qədər su ötürüldükdə — 1,10;
2.12.3. 13000-dən 15000 kub metrə qədər su ötürüldükdə — 1,15;
2.12.4. 15000-dən 17000 kub metrə qədər su ötürüldükdə — 1,20;
2.12.5. 17000-dən 19000 kub metrə qədər su ötürüldükdə — 1,25;
2.12.6. 19000 kub metrdən yuxarı su ötürüldükdə — 1,30.
[2]
3. Traktorçu-maşinistlərin fasiləsiz əmək stajının hesablanması
3.1. Traktorçu-maşinistlərin fasiləsiz əmək stajına həmin peşədə işlədikləri zaman fasiləsiz əmək stajı və həmin peşədə çalışan zaman aşağıdakı dövrlər daxil edilir:
3.1.1. traktorçu-maşinistin köməkçisi peşəsində işlənilən dövr;
3.1.2. meliorasiya və su təsərrüfatı sahəsində digər müəssisəyə traktorçu-maşinist peşəsinə keçirilmiş işçilərin əvvəlki müəssisədə həmin peşə üzrə əmək stajı;
3.1.3. xidməti borcun yerinə yetirilməsi ilə əlaqədar hərbi və ya alternativ xidmət dövrü;
3.1.4. hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplantılarda və digər hərbi tədbirlərdə iştirak dövrü;
3.1.5. beynəlmiləl borcun yerinə yetirilməsi ilə əlaqədar xidmət dövrü;
3.1.6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan Respublikasının silahlı qüvvələrində, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında xidmət dövrü;
[3]
3.1.7. əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
3.1.8. qanunsuz və ya əsassız əmək müqaviləsinə xitam verilmiş işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi (qərarı) əsasında məcburi işburaxma dövrü;
3.1.9. təkmilləşdirmə və ya ixtisasartırma kurslarında əlavə təhsil müddəti;
3.1.10. ödənişli məzuniyyət dövrü;
3.1.11. sosial məzuniyyət, eləcə də uşağa qulluq üçün verilən qismən ödənişli sosial məzuniyyət dövrü;
3.1.12. əmək qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və müddətlərdə işçiyə verilən ödənişsiz məzuniyyət dövrü və işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə 3 (üç) aydan çox olmayan müddətə verilən ödənişsiz məzuniyyət dövrü;
3.1.13. əmək qanunvericiliyinə uyğun olaraq, işçinin iş yerinin və orta əməkhaqqının saxlanıldığı hallardakı dövrlər.
3.2. Fasiləsiz əmək stajı aşağıdakı hallarda saxlanılır, lakin bu dövrlər fasiləsiz əmək stajına daxil edilmir:
3.2.1. özlərindən asılı olmayaraq işləyə bilməyən qaçqın və məcburi köçkünlərin qanunvericiliyə əsasən orta aylıq əməkhaqqının saxlanıldığı dövr;
3.2.2. xidməti funksiyaların yerinə yetirilməsi ilə əlaqədar dövlət tərəfindən xarici ölkəyə işləməyə göndərilmiş şəxsin arvadının (və ya ərinin) xarici dövlətdə olduğu müddət;
3.2.3. elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bir müddət bitdikdən sonra işçinin işaxtaran və ya işsiz şəxs kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində qeydiyyatda olduğu dövr.
[4]
3.3. Traktorları, ekskavatorları, torpaqsoran maşınları, buldozerləri, qreyderi və skreperləri idarə etmək hüququ verən vəsiqədən səlahiyyətli dövlət orqanları tərəfindən müvəqqəti məhrum edilmə ilə əlaqədar olaraq həmin müəssisədə digər peşədə işlənilən dövr fasiləsiz əmək stajına daxil edilmir.
3.4. İşçi fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən bir peşədən digər peşəyə keçərkən 3 (üç) aydan çox müddətə fasiləyə yol verərsə və yaxud bu qaydaların 3.1-ci və 3.2-ci bəndlərində göstərilən dövrlərdən sonra 3 (üç) aydan çox müddətə heç bir üzrlü səbəb olmadan (xəstələnməsi, təbii fəlakət, fövqəladə vəziyyət və s. analoji hallar istisna olmaqla) fasiləyə yol verərsə, fasiləsiz əmək stajı saxlanılmır.
3.5. Fasiləsiz əmək stajına hüquq verən əmək stajı işçinin əmək kitabçasında edilən qeydlərə, işəgötürənin əmrlərinə və ya müvafiq qaydada verilmiş arayışlara əsasən müəyyən edilir.
4. Mükafatlandırma
4.1. Meliorasiya və su təsərrüfatı işçilərinin mükafatlandırılması bu məqsəd üçün dövlət büdcəsindən ayrılan büdcə təxsisatları çərçivəsində həyata keçirilir.
4.2. Meliorasiya və su təsərrüfatı işçilərinin mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onlar üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
5. Yekun müddəa
5.1. Meliorasiya və su təsərrüfatı işçilərinin bu qərarla tənzimlənməyən əməyin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi sistemi əsasında tənzimlənir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 dekabr 2014-cü il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1667)
2.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
3.
14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533)
4.
5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273)
5.
5 iyun 2023-cü il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Xalq” qəzeti, 9 iyun 2023-cü il, № 121)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 iyun 2023-cü il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Xalq” qəzeti, 9 iyun 2023-cü il, № 121) ilə “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.1-ci bəndinə “işçilərin” sözündən sonra “və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin” sözləri əlavə edilmişdir.
[2]
10 dekabr 2014-cü il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1667) ilə "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nə yeni redaksiyada 2.12-ci bənd əlavə edilmişdir.
[3]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 3.1.6-cı yarımbəndində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533) ilə “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 3.2.3-cü yarımbəndində “vətəndaş” sözü “şəxs” sözü ilə əvəz edilmişdir.
5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273) ilə “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 3.2.3-cü yarımbəndində “məşğulluq orqanlarında” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində” sözləri ilə əvəz edilmişdir.