×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.11.2013
QEYDİYYAT NÖMRƏSİ
18
ADI
"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 02-11-2013, Nəşr nömrəsi: 241), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2013, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1322)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.11.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201311010018
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.11.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək məqsədi ilə, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə texniki reqlamenti təsdiq etsin;

2.2. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin təşkili və saxlanılması ilə bağlı maliyyə məsələlərini həll etsin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün. [1]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 noyabr 2013-cü il

                  № 18

 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 1 noyabr tarixli 18 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Ünvan Reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Ünvan Reyestri İnformasiya Sisteminin (bundan sonra — ÜRİS) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. ÜRİS Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemidir.

1.3. ÜRİS-in operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. [2]

1.4. ÜRİS-lə inteqrasiya olunacaq digər dövlət orqanlarının (bundan sonra — istifadəçilər) informasiya sistemlərinin dairəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

1.5. ÜRİS-in saxlanılma, fəaliyyət və inkişaf xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Bu Əsasnamə dövlət sirri təşkil edən məlumatların inteqrasiyasına şamil edilmir.

 

2. ÜRİS-in strukturu və prinsipləri

 

2.1. ÜRİS mərkəzləşdirilmiş informasiya sistemidir. İstifadəçilər ünvan məlumatlarını ÜRİS-in mərkəzi paylayıcı serverindən dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə əldə edirlər.

2.2. ÜRİS-in tərkib hissələri onun yaradılmasında istifadə olunan proqram təminatları, lisenziyalar və bütün texniki vasitələrdən ibarətdir.

2.3. ÜRİS-in texniki vasitələrinə serverlər, kommunikasiya avadanlığı, informasiyanın mühafizə vasitələri aiddir.

2.4. ÜRİS-də yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

2.5. Daşınmaz əmlak obyektinin ünvanı sistemə daxil edilərkən aşağıdakı prinsiplərə cavab verməlidir:

2.5.1. Birqiymətlilik — daşınmaz əmlak obyektinin ancaq bir rəsmi ünvanının və onun bir yazılış formasının olması;

2.5.2. Unikallıq — eyni bir inzibati ərazi vahidində iki müxtəlif daşınmaz əmlak obyektinin eyni ünvana malik olmaması;

2.5.3. Səhihlik — daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, dəyişdirilməsi, qorunub saxlanılması və ləğv edilməsi ilə bağlı rəsmi qaydalara əməl edilməsi.

2.6. ÜRİS-ə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən texniki reqlamentə uyğun olaraq yerinə yetirilir.

2.7. Ünvan məlumatları daxil edildikdən sonra ÜRİS-in operatoru tərəfindən yoxlanılır, doğru olduğu halda təsdiqlənir və mətn məlumat bazasında saxlanılır, əks halda müvafiq düzəlişin edilməsi üçün ünvan məlumatlarını daxil edən istifadəçiyə qaytarılır. Təsdiqlənmiş ünvanlar ÜRİS-də açıq elan olunur. [3]

2.8. Hər bir giriş ünvanı malik olduğu koordinatlarla birlikdə ÜRİS-in mətn məlumat bazasında saxlanılır.

2.9. ÜRİS ilə istifadəçilər arasında informasiya mübadiləsi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında Azərbaycan Respublikasının qanunu əsasında aparılır.

 

3. ÜRİS-in funksiyaları

 

3.1. ÜRİS-in funksiyaları aşağıdakılardır:

3.1.1. eyniləşdirmə — ünvan daşınmaz əmlak obyektini təkrarlamadan (unikal olaraq) eyniləşdirilməlidir (identifikasiya edilməlidir);

3.1.2. nömrələmə (işarələmə) — daşınmaz əmlak obyektini nömrələyir (işarələyir);

3.1.3. məkan bağlantısı — daşınmaz əmlak obyektinin ünvanı onun coğrafi olaraq konkret nəqliyyat infrastrukturu obyektinə aid olduğunu və həmin nəqliyyat infrastrukturu obyektinə bağlı daşınmaz əmlak obyektlərinin nömrələnməsi sistemindəki mövqeyini təyin edir;

3.1.4. nəqliyyat infrastrukturu obyektini yerləşdiyi inzibati ərazi vahidinə bağlayır.

3.2. ÜRİS-də toplanan məlumatlardan istifadə aşağıdakı hallarda həyata keçirilir:

3.2.1. daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatın əldə edilməsi;

3.2.2. nəqliyyat infrastrukturu obyekti, daşınmaz əmlak obyektinin ünvanı barədə xəritə məlumatlarının əldə edilməsi;

3.2.3. daşınmaz əmlak obyektinin əvvəlki ünvan məlumatlarını daxil etməklə yeni ünvan məlumatlarının əldə edilməsi.

3.3. ÜRİS ünvan reyestri və qrafik komponentlər əsasında aşağıdakı qaydada təşkil edilmişdir:

3.3.1. ÜRİS-in ünvan reyestri komponenti mətn məlumatlarının məlumat bazasına daxil edilməsini, ünvan məlumatının funksionallığının yenilənməsini və ünvan məlumatının paylanmasını təmin edir;

3.3.2. Qrafik komponent ünvan reyestrini dəstəkləyir, coğrafi informasiyalardan və ortofoto xəritələrdən istifadə funksionallığını təmin edir, ünvan reyestrinin mətn məlumat bazasından seçilən məlumatları rəqəmsal xəritə üzərində təyin edir. [4]

 

4. ÜRİS-in fəaliyyətinin təşkili

 

4.1. ÜRİS-in istismarının, inkişafının və təhlükəsizliyinin təşkili, göstərilən sahələrdə nəzarət və idarələrarası qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi ÜRİS-in operatoru tərəfindən həyata keçirilir.

4.2. Dövlət orqanlarının informasiya sistemlərinin ÜRİS-lə inteqrasiyası üçün həmin informasiya sistemləri aidiyyəti dövlət orqanları tərəfindən Operatorun müəyyən etdiyi texniki tələblərə uyğunlaşdırılır.

4.3. ÜRİS-in operatoru:

4.3.1. ÜRİS-in məlumat bazalarında olan bütün informasiyaların qorunmasına, icazəsiz daxilolmaların və təhrifetmələrin aparılmamasına görə cavabdehlik daşıyır;

4.3.2. ÜRİS-in texniki-texnoloji infrastrukturunun istismarını təmin edir;

4.3.3. ÜRİS-dən istifadə vərdişlərinin formalaşdırılmasını və daim təkmilləşdirilməsini təmin edir;

4.3.4. Proqram təminatı və texniki vasitələrin işlək vəziyyətdə olmasını və istismar zamanı aşkar edilən səhvlərin və nasazlıqların təhlil edilməsini və aradan qaldırılmasını təmin edir;

4.3.5. ÜRİS-in malik olduğu məlumat bazasının saxlanılmasını, bərpa edilməsini, ehtiyat surətlərinin yaradılmasını və təhlükəsizliyini təmin edir;

4.3.6. Məlumatların ÜRİS-ə müəyyən olunmuş qaydada, vaxtında və düzgün daxil edilməsini təmin edir.

4.3.7. ÜRİS-də informasiya təhlükəsizliyini təmin edir;

4.3.8. ÜRİS üçün internet portalın yaradılmasını, portal vasitəsilə dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsini və bu portalda ünvanlaşdırma sahəsində yeniliklər haqqında məlumatların yerləşdirilməsini təmin edir.

4.4. Toplanmış təcrübə, perspektiv istiqamətlər, prioritetlər, müasir standartlar, yeni texnologiyalar nəzərə alınaraq ÜRİS-in fəaliyyətinə və inkişafına dair perspektiv və illik tədbirlər planları Operator tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 avqust 2022-ci il tarixli 1806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 866)

2.       19 aprel 2023-cü il tarixli 2111 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 aprel 2023-cü il, “Xalq” qəzeti, 20 aprel 2023-cü il, № 82)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 avqust 2022-ci il tarixli 1806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 866) ilə 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 avqust 2022-ci il tarixli 1806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 866) ilə “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin 1.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsidir” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 aprel 2023-cü il tarixli 2111 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 aprel 2023-cü il, “Xalq” qəzeti, 20 aprel 2023-cü il, № 82) ilə “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”də 2.7-ci bəndin birinci cümləsində “Ünvanlar təyin” sözləri “Ünvan məlumatları daxil” sözləri ilə, “ünvanı təyin” sözləri “ünvan məlumatlarını daxil” sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 aprel 2023-cü il tarixli 2111 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 aprel 2023-cü il, “Xalq” qəzeti, 20 aprel 2023-cü il, № 82) ilə “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin 3.3.2-ci yarımbəndinə “məlumatları” sözündən sonra “rəqəmsal” sözü əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status