Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Şahdəniz” perspektiv strukturunda Azərbaycanın müasir neft tarixində ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə Saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan yaratmışdır.
2006-cı ildə “Şahdəniz” yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirmişdir.
Hazırda “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edəcək müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.
2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər.
Trans-Anadolu Qaz Kəməri təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, göstərilən layihələrdə Azərbaycan Respublikasının mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
[1]
Komissiyanın sədri
[2]
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası:
2.1. aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir;
2.2. Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
2.3. işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2013-cü il
№ 15
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
2.
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297)
3.
13 dekabr 2019-cu il tarixli 1694 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 dekabr 2019-cu il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, maddə 1694)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297) ilə 1-ci hissənin ikinci bəndin birinci yarımbəndində “köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini” sözləri “iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri” sözləri ilə əvəz edilmişdir.
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297) ilə 1-ci hissənin ikinci bəndin ikinci yarımbəndində “Natiq Əliyev” sözləri “Pərviz Şahbazov” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297) ilə 1-ci hissənin ikinci bəndin beşinci yarımbəndində “Hüseynqulu Bağırov” sözləri “Muxtar Babayev” sözləri ilə əvəz edilmişdir.
[2]
13 dekabr 2019-cu il tarixli 1694 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 dekabr 2019-cu il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, maddə 1694) ilə 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Komissiyanın üzvləri:
Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri
Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Muxtar Babayev- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.