180.000.000
"Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
[1]
"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının 1-ci bəndinin 8-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 31 dekabr 2003-cü il
№ 165
|
Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi
QAYDASI
1. Bu Qayda "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının 1-ci bəndinin 8-ci abzasına və "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hazırlanmışdır və feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan kiçik, orta, böyük və ali rəis heyətindən olan əməkdaşlara (bundan sonra - əməkdaşlar) xidmət illəri üçün əlavə ödənişini verilməsini müəyyən edir.
2. Feldyeger rabitəsi orqanının əməkdaşlarına xidmət illəri üçün verilən əlavə ödəniş vəzifə maaşından və xüsusi rütbəyə görə əlavə haqdan hesablanaraq hər ay aşağıdakı məbləğlərdə ödənilir:
1 ildən 2 ilə qədər xidmət illəri üçün – 5 faiz
2 ildən 5 ilə qədər xidmət illəri üçün – 10 faiz
5 ildən 10 ilə qədər xidmət illəri üçün – 15 faiz
10 ildən 15 ilə qədər xidmət illəri üçün – 20 faiz
15 ildən 20 ilə qədər xidmət illəri üçün – 25 faiz
20 ildən 25 ilə qədər xidmət illəri üçün – 30 faiz
25 ildən 30 ilə qədər xidmət illəri üçün – 40 faiz
30 ildən yuxarı xidmət illəri üçün – 50 faiz
3. Feldyeger rabitəsi orqanı əməkdaşlarına feldyeger rabitəsi orqanı sistemində xidmət illəri hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır:
feldyeger rabitəsi orqanında xidmət illəri;
keçmiş Azərbaycan Sovet Sosialist Respublikası Rabitə Nazirliyi yanında Feldyeger Xidmətində Daxili İşlər Nazirliyinin kadrlarının iş (qulluq) stajı;
keçmiş Azərbaycan Sovet Sosialist Respublikası Rabitə Nazirliyi yanında Azərbaycan Respublikasının Dövlət Feldyeger Xidmətində Daxili İşlər Nazirliyinin kadrlarının iş (qulluq) stajı;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə yaranmış hərbi qurumlardan, hüquq mühafizə və dövlət təhlükəsizliyi orqanlarından feldyeger rabitəsi orqanına keçirilən əməkdaşların həmin orqanlardakı (qulluq) stajı;
[2]
məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş feldyeger rabitəsi orqanı əməkdaşlarının məcburi işburaxma dövrü;
feldyeger rabitəsi orqanına qəbul edilmiş əməkdaşlarının həmin vəzifədə sınaq müddəti;
feldyeger rabitəsi orqanı əməkdaşının vəzifəsinin və təminat xərclərinin saxlanılması şərti ilə bu orqandan ayrıldığı müddəti;
əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət;
ödənişli məzuniyyət dövrləri.
Bu bənddə nəzərdə tutulmayan digər fasilələr feldyeger rabitəsi orqanı əməkdaşlarına xidmət illəri üçün əlavə ödəniş hesablanarkən nəzərə alınmır.
4. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xidməti illərinin hesablanması bu orqanının komissiyası tərəfindən müəyyən edilir. Komissiya feldyeger rabitəsi orqanının rəhbəri tərəfindən bu orqanın rəhbərinin müavini komissiyanın sədri olmaqla müəyyən edilir və təsdiq olunur.
5. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xidmət illəri müəyyənləşdirilərkən onun "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik və icra hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) işlədiyi dövr nəzərə alınır.
6. Feldyeger rabitəsi orqanı əməkdaşlarının feldyeger rabitəsi orqanında xidmət illəri müəyyənləşdirilərkən qanunvericiliyə uyğun olaraq bu xidmət illərini təsdiq edən sənədlər əsas götürülür.
7. Bu Qaydada nəzərdə tutulmuş bəndlərin tətbiqi zamanı yaranmış fikir ayrılığı feldyeger rabitəsi orqanının rəhbəri tərəfindən aradan qaldırılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2.
19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643) ilə “Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 dekabr tarixli 165 nömrəli qərarı ləğv edilmişdir.
[2]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi Qaydası”nın 3-cü hissəsinin beşinci abzasında “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilmişdir.