AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
13.02.2014
QEYDİYYAT NÖMRƏSİ
268
ADI
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-02-2014, Nəşr nömrəsi: 32), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2014, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 156)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.02.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.020.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201402130268
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.02.2014
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.

Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılsın.

2. “Elektron məhkəmə” informasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.1. ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;

2.2. cinayət işləri, mülki, kommersiya, inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini; [1]

2.3. məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;

2.4. məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;

2.5. məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;

2.6. məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;

2.7. işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;

2.8. qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;

2.9. sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasını;

2.10. “Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;

2.11. məhkəmə statistikasının elektron qaydada aparılmasını;

2.12. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etsinlər, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər;

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Sərəncamın 2-ci hissəsində göstərilənlərə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 fevral 2014-cü il

               № 268

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 18 iyun 2020-ci il tarixli 2107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 754)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 iyun 2020-ci il tarixli 2107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 754) ilə 2.2-ci bənddə “inzibati, iqtisadi” sözləri “kommersiya, inzibati” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status