×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
27.02.2014
QEYDİYYAT NÖMRƏSİ
289
ADI
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-02-2014, Nəşr nömrəsi: 44), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2014, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 177)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.060.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201402270289
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2014
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

2. Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: [1]

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

4.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

4.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.2.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin;

5.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirsinlər.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 fevral 2014-cü il

    № 289

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 26 fevral 2016-cı il tarixli 1822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 342)
  2. 13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
  3. 30 mart 2021-ci il tarixli 2549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 254)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 3.1.4-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

26 fevral 2016-cı il tarixli 1822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 342) ilə 3.1.5-ci yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunmuşdur.

 

30 mart 2021-ci il tarixli 2549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 254) ilə 3-cü və 4-cü hissələr yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

3.1.3. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

3.1.4. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.1.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

3.1.6. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

3.2.1. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

4. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status