AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.06.2001
QEYDİYYAT NÖMRƏSİ
158-IIQ
ADI
Ahıllara sosial xidmət haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2001, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 518)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ahıllara sosial xidmət haqqında

Ahıllara sosial xidmət haqqında    [1]

AZƏRBAYCAN RESPUBLİKASI QANUNU

Bu Qanun ahılların sosial müdafiəsinin əsas istiqamətlərindən biri olan sosial xidmət sahəsində yaranan münasibətləri tənzimləyir, onlar üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edir.

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. ahıl – yaşı 70-ə çatmış Azərbaycan Respublikası vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs;

1.0.2. ahıllara sosial xidmət – ahılların sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara mülkiyyət növündən və təşkilati-hüququ formasından asılı olmayaraq sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət olan fəaliyyət.

Maddə 2. Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Ahıllara sosial xidmət göstərilməsinin əsas prinsipləri

Ahıllara sosial xidmət (bundan sonra sosial xidmət) göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

II fəsil

Sosİal xİdmət sahəsİndə ahılların hüquqları

Maddə 4. Sosial xidmətdən istifadə hüququ

4.1. Ahıllar müvafiq icra hakimiyyəti orqanı, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən həyata keçirilən sosial xidmətlərdən istifadə edə bilərlər.

4.2. Sosial xidmət müvafiq icra hakimiyyəti orqanı və ya dövlət sosial xidmət müəssisəsi tərəfindən ahılların razılığı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.

4.3. Bələdiyyə və ya özəl sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sosial xidmət onlarla ahıllar arasından bağlanmış müqavilə əsasında göstərilir.

Maddə 5. Sosial xidmət sahəsində ahılların hüquqları

5.1. Sosial xidmət sahəsində ahıllar aşağıdakı hüquqlara malikdirlər:

5.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sosial xidmət müəssisəsini və sosial xidmət növünü seçmək;

5.1.2. sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;

5.1.3. sosial xidmət müəssisələrinin işçiləri tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənilməsini tələb etmək;

5.1.4 daxili qaydalar pozulmamaq şərtilə dini ayinlərin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq;

5.1.5. sosial xidmət göstərilməsi qaydaları, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;

5.1.6. kütləvi informasiya vasitələri ilə təmin olunmaq;

5.1.7. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmətdən imtina etmək;

5.1.8. sosial xidmət göstərilən zaman şəxsi xarakterli məlumatların məxfi saxlanılmasını tələb etmək.

5.2. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan ahıllar sosial xidmət sahəsində, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ahıl vətəndaşları ilə bərabər hüquqlara malikdirlər.

Maddə 6. Ahılların zəruri hallarda sosial xidmət müəssisəsinə yerləşdirilməsi

6.1. Tibbi-sosial ekspert komissiyasının qərarına əsasən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilən, əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə yazılı ərizələri olan, habelə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən ahıllar zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə bilər.

6.2. Qanunvericilikdə müəyyən olunmuş zəruri hallarda ahılın sosial xidmət müəssisəsinə yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müraciəti ilə məhkəmənin qətnaməsi əsasında həyata keçirilir.

Maddə 7. Sosial xidmət göstərilməsindən imtina edilməsi

7.1. Sosial xidmət müəssisələrində yaşayan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş kateqoriyalara aid olmayan ahıllar sosial xidmət müəssisələrinin xidmətindən imtina etmək hüququna malikdirlər.

7.2. Tibbi-sosial ekspert komissiyasının qərarına əsasən özünün əsas heyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilən ahılların sosial xidmət müəssisələrində yerləşdirilməsindən imtina etmələrinə onlara qulluq etməyi öhdəsinə götürən əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin ərizəsi əsasında yol verilir.

7.3. Evdə sosial xidmətdən imtinaya əsas sosial xidmət müəssisəsinin rəhbərliyinin və tibbi-sosial ekspert komissiyasının birgə qərarıdır.

III fəsil

Sosİal xİdmətİn formaları və göstərİlmə qaydaları

Maddə 8. Sosial xidmətin formaları

8.0. Sosial xidmətin aşağıdakı formaları var:

8.0.1. evdə sosial xidmət;

8.0.2. yarımstasionar sosial xidmət;

8.0.3. stasionar sosial xidmət;

8.0.4. fərdi qaydada peşəkar sosial xidmət;

8.0.5. sosial-məsləhət yardımı.

Maddə 9. Evdə sosial xidmət

9.1. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni rayonda (şəhərdə) yaşamayan və sosial xidmətə ehtiyacı olan tək ahıllara, ahıl ər-arvadlara evdə sosial xidmət göstərilir.

9.2. Evdə sosial xidmətə aşağıdakılar aiddir:

9.2.1. dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa kömək göstərilməsi;

9.2.2. istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində kömək edilməsi;

9.2.3. tibbi yardım almaqla kömək göstərilməsi və ahılın tibb müəssisəsinə müşaiyət olunması;

9.2.4. yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;

9.2.5. hüquqi məsləhət alınmasına kömək göstərilməsi.

Maddə 10. Yarımstasionar sosial xidmət

10.1. Yarımstasionar sosial xidmət sosial-məişət, tibbi və mədəni xidmətdən, ahılların qidalanmasının və istirahətinin təşkil olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.

10.2. Yarımstasionar sosial xidmət bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan kateqoriyalara aid olmayan ahıllara göstərilir.

10.3. Ahıllara yarımstasionar sosial xidmət haqqında qərar onun ərizəsi və sağlamlığının vəziyyəti barədə tibb müəssisəsinin arayışı əsasında sosial xidmət müəssisəsinin rəhbərliyi tərəfində qəbul edilir.

Maddə 11. Stasionar sosial xidmət

11.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə ahılların fiziki durumuna və səhhətinə uyğun olan həyata şəraitinin yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən, qulluq və istirahətin təşkilindən ibarətdir.

11.2. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan ahıllar qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi stasionar sosial xidmət müəssisəsində yerləşdirilirlər.

11.3. Stasionar sosial xidmət müəssisəsində yaşayan ahılların pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [2]

Maddə 12. Stasionar sosial xidmət müəssisəsi rəhbərliyinin vəzifələri

12.0. Stasionar sosial xidmət müəssisəsi rəhbərliyinin vəzifələri aşağıdakılardır:

12.0.1. insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət etmək;

12.0.2. ahılların şəxsi toxunulmazlığını və təhlükəsizliyini təmin etmək;

12.0.3. sosial xidmət müəssisəsində yaşayan ahılların hüquqları haqqında onlara məlumat vermək;

12.0.4. sosial xidmət müəssisələrində yaşayan və ehtiyacı olan ahıllar barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

12.0.5. sosial xidmət müəssisələrində yaşayan ər-arvadları ayrıca yaşayış sahəsi ilə təmin etmək;

12.0.6. ahılların şəxsi və qiymətli əşyalarının mühafizəsini təmin etmək;

12.0.7. qanunvericilikdə müəyyən olunmuş digər vəzifələri həyata keçirmək.

Maddə 13. Sosial-məsləhət yardımı

13.1. Sosial-məsləhət yardımının məqsədi ahılların cəmiyyətə adaptasiyasını, ailədə sağlam münasibətlərin yaradılmasını təmin etməkdən ibarətdir.

13.2. Sosial-məişət yardımına aşağıdakılar aiddir:

13.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan tək ahılların, ahıl ər-arvadların müəyyənləşdirilməsi;

13.2.2. müxtəlif xarakterli sosial-psixoloji pozuntuların profilaktikası;

13.2.3. ahılların yaşadığı ailələrlə əlaqə yaradılması;

13.2.4. ahılların problemlərinin həllində dövlət, bələdiyyə orqanlarının və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsi;

13.2.5. sosial xidmət üzrə məsləhətlərin verilməsi.

Maddə 14. Sosial xidmət sahəsində peşəkar fəaliyyət hüququ

14.1. Ali və ya orta peşə-ixtisas təhsili və müvafiq peşə hazırlığı olan şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

14.2. Müvafiq icra hakimiyyəti orqanı və ya sosial xidmət müəssisələri ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən sosial-məişət xidmətləri göstərmək üçün peşə hazırlığı olmayan şəxslər də cəlb oluna bilərlər.

Maddə 15. Sosial xidmət haqqının ödənilməsi

15.1. Dövlət sosial xidmət müəssisələrində sosial xidmət ödənişsiz, qismən ödənişli və tam şərtlərlə göstərilir.

15.2. Ödənişsiz sosial xidmət əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin himayəsindən məhrum olan, habelə pensiyası yaşayış minimumu səviyyəsindən aşağı olan Azərbaycan Respublikası vətəndaşlarına göstərilir. [3]

15.3. Ödənişsiz sosial xidmətdən əlavə ahılların xahişi ilə göstərilən sosial xidmətlərin haqqı onlar tərəfindən ödənilir.

15.4. Digər ahıllara, habelə ödənişsiz sosial xidmətdən əlavə göstərilən stasionar sosial xidmət haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

15.5. Sosial xidmət göstərilməsi nəticəsində əldə edilən vəsait qanunvericilikdə müəyyən olunmuş qaydada sosial xidmət sisteminin inkişafına və sosial xidmət müəssisələri işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına sərf edilir.

15.6. Sosial xidmət müəssisələri ahıllar və ya onların qanuni nümayəndələri ilə göstərilən ödənişli sosial xidmətin növlərini, həcmini, müddətini və ödəniş qaydasının müəyyənləşdirən müqavilə bağlamalıdırlar.

Maddə 16. Sosial xidmət sistemi

16.1. Sosial xidmət sistemi dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələrindən ibarətdir.

16.2. Sosial xidmət müəssisələri qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır, fəaliyyət göstərir, yenidən təşkil edilir və ləğv olunur.

16.3. Ödənişsiz şərtlərlə xidmət göstərən sosial xidmət müəssisələri üçün qanunvericilikdə müəyyən olunmuş qaydada güzəştlər müəyyən edilə bilər.

Maddə 17. Sosial xidmət müəssisələrinin maliyyələşdirilməsi

Sosial xidmət müəssisələri dövlət və yerli büdcələrin vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri, qrantlar və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Maddə 18. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquq və vəzifələri

18.1. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquqları aşağıdakılardır:

18.1.2. İşəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlamaq;

18.1.3. işə qəbul olunarkən büdcə vəsaitləri hesabına dövlət və ya bələdiyyə tibb müəssisələrində profilaktik baxış və müayinədən keçmək;

18.1.4. işəgötürənin vəsaiti hesabına ixtisasını artırmaq;

18.1.5. xidməti vəzifəsini yerinə yetirərkən xüsusi geyim və avadanlıqla təmin olunmaq və ya bunları əldə etmək və nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pul kompensasiyası almaq.

18.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır:

18.2.1. professional etika normalarını rəhbər tutmaq, ahılların ləyaqətinə və hüquqlarına hörmətlə yanaşmaq;

18.2.2. sosial xidmət göstərərkən ahıllara münasibətdə ayrı-seçkiliyə və qeyri-humanistliyə yol verməmək;

18.2.3. qulluq etdikləri ahıllara sosial xidmətin növləri barədə məlumat vermək;

18.2.4. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək.

IV fəsil

Yekun müddəaları

Maddə 19. Sosial xidmət göstərilməsinə nəzarət

Sosial xidmət müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliyinə, dövlət standartlarına və tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 21. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 22 iyun 2001-ci il
                № 158-IIQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
  2. 30 dekabr 2011-ci il tarixli 275-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, “Azərbaycan” qəzeti 17 mart 2012-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 191)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 30 dekabr 2011-ci il tarixli 275-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, “Azərbaycan” qəzeti 17 mart 2012-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 191) ilə ləğv edilmişdir.

 

[2] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 11.3-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

11.3. Stasionar sosial xidmət müəssisələrində yaşayan ahılların pensiyalarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

[3] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 15.2-ci maddədə "minimum dolanacaq xərclərindən" sözləri "yaşayış minimumu səviyyəsindən" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status