×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.04.2014
QEYDİYYAT NÖMRƏSİ
149
ADI
Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 13-04-2014, Nəşr nömrəsi: 74), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2014, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 365)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.04.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201404110149
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.04.2014
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).

2. “Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu” təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikası Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 200 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 160 ştat vahidi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilsin. [1]

4. “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 402; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 526, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2012, № 12, maddə 1263) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci, 3-cü və 5-ci hissələr ləğv edilsin;

4.2. 2-ci və 4-cü hissələrdə “Sənaye və” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 aprel 2014-cü il

№ 149

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Əlavə 1

 

Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - Nazirlik) yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Yanacaq-energetika sahəsi “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə energetika sahəsində müəyyən edilmiş fəaliyyətdən (bundan sonra - müvafiq sahədə) ibarətdir.

1.4. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Nazirlik Bakı şəhərində yerləşir.

 

2. Nazirliyin fəaliyyət istiqamətləri

 

2.0. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini və bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir; [2]

2.0.3. müvafiq sahədə fəaliyyət göstərən dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin (bundan sonra - müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri) fəaliyyətinin tənzimlənməsində bu Əsasnamə ilə müəyyən edilmiş hallarda iştirak edir;

2.0.4. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlər görür;

2.0.5. müvafiq sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin edir, onun aparıcı istiqamətlərini müəyyənləşdirir;

2.0.6. müvafiq sahənin inkişafını təmin edir;

2.0.7. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.

 

3. Nazirliyin vəzifələri

 

3.0. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;

3.0.2. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.3. ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim edir və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;

3.0.4. Azərbaycan Respublikasının yanacaq-enerji balansını tərtib edir və aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə onun yerinə yetirilməsi üçün tədbirlər görür;

3.0.5. “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada nəzarəti həyata keçirir; [3]

3.0.6. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada energetika sahəsində dövlətin müstəsna hüquqlarının qeydiyyatını həyata keçirir;

3.0.7. neft və qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya), “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda şəhadətnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda isə istismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasında işlərin aparılmasına icazə verir, habelə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hidrotexniki qurğuların təhlükəsizliyi bəyannaməsini təsdiq edir;

3.0.8. enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlər görür;

3.0.9. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlənmə və hasilat üzrə müqavilələrdəki iş proqramlarının razılaşdırılmasında iştirak edir;

3.0.10. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verir, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edir; [4]

3.0.10-1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrini aparır və onların fəaliyyətinə nəzarət edir; [5]

3.0.11. müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasını təşkil edir və həyata keçirir;

3.0.12. aidiyyəti icra hakimiyyəti orqanları və müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görür;

3.0.13. dövlət müəssisələri üzrə enerjidaşıyıcıların istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;

3.0.14. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində Nazirliyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;

3.0.15. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edir və icrasına nəzarəti həyata keçirir;

3.0.16. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir;

3.0.17. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir, həmin dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlərin vaxtında qaytarılmasının təmin edilməsində iştirak edir;

3.0.18. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarını razılaşdırır və onların icrasına nəzarəti həyata keçirir;

3.0.19. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini həyata keçirir;

3.0.20. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edir və bu sahədə müvafiq tədbirlərinin həyata keçirilməsini təmin edir;

3.0.21. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verir; [6]

3.0.22. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər hazırlayır;

3.0.23. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.24. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

3.0.25. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlayır və həyata keçirir;

3.0.26. müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlər hazırlayır və həyata keçirir;

3.0.27. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;

3.0.28. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;

3.0.29. enerjidən istifadə sahəsində texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;

3.0.30. digər icra hakimiyyəti orqanlarının müvafiq sahədəki fəaliyyətini, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətini əlaqələndirir;

3.0.31. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Nazirliyin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir və bu sahədə görülən işləri əlaqələndirir;

3.0.32. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən karbohidrogen ehtiyatlarının hasilatın pay bölgüsü və ya digər şərtlərə uyğun işlənməsi barədə sazişlərin layihələrini hazırlayır, bu sazişlər üzrə danışıqlar aparır, onları müəyyən olunmuş qaydada imzalayır, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət edir;

3.0.33. Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin müvafiq sahəyə aid məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak edir;

3.0.34. müvafiq sahəyə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyalar cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;

3.0.35. müvafiq sahəyə investisiyalar cəlb edilməsi üçün əlverişli mühit yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;

3.0.36. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələri hazırlayır;

3.0.37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi konkret sahələr üzrə elektron xidmətlər göstərir;

3.0.38. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görür;

3.0.39. fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada iştirak edir;

3.0.40. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;

3.0.41. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;

3.0.42. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.0.43. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

3.0.44. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.0.45. Nazirliyin fəaliyyəti ilə bağlı fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə və sorğulara baxır, fiziki şəxslərin qəbulunu təmin edir, daxil olmuş müraciətlərə və sorğulara vaxtında, o cümlədən yaradılmış rəsmi internet saytı vasitəsilə cavab verir;

3.0.46. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

4. Nazirliyin hüquqları

 

4.0. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. müvafiq sahənin və onun ayrı-ayrı hissələrinin inkişaf dinamikasını təhlil etmək;

4.0.2. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər vermək;

4.0.3. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;

4.0.4. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.5. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.6. müvafiq sahəyə aid olan dövlət mülkiyyətindəki əsas vəsaitlərin balansdan-balansa verilməsinə və balansdan silinməsinə rəy vermək;

4.0.7. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;

4.0.8. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində görülən işlər barədə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq; [7]

4.0.9. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.10. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.11. müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.12. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.13. müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;

4.0.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.15. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Nazirliyin fəaliyyətinin təşkili

 

5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturu, Nazirliyin aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının energetika naziri (bundan sonra — nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır. Nazirin müavinləri nazir tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Nazir:

5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.10-cu bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir; [8]

5.5.4. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.5. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

5.5.6. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.5.7. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini, rəhbərlərin müavinlərini və digər rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin vəzifəyə təyin etdiyi şəxslər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.8. Nazirliyin dövlət qulluqçularına dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir;

5.5.9. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.10. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.5.11. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır.

5.6. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.

5.7. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.8. Nazirliyin kollegiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [9]

5.9. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.10. Nazirliyin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.10.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.10.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;

5.10.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.10.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.10.5. nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

5.10.6. bu Əsasnamənin 5.10.1–5.10.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə.

5.11. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.12. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri də öz fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

5.13. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət oluna bilərlər.

5.14. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsinə və həyata keçirilməsinə ehtiyac olduqda, Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradılır.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Əlavə 2

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin

 

STRUKTURU

 

1. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı (şöbələr və sektorlar). [10]

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi.

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       25 iyun 2014-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 637)

2.       18 mart 2015-ci il tarixli 492 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 272)

3.       1 may 2018-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 899)

4.       22 sentyabr 2020-ci il tarixli 1159 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №9, maddə 1149)

5.       22 iyun 2021-ci il tarixli 1373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 588)

6.       20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926)

7.       3 avqust 2022-ci il tarixli 1799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 859)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 1 may 2018-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 899) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı işçilərinin say həddi 140 ştat vahidi, Dövlət Enerji Nəzarəti İdarəsinin işçilərinin say həddi 150 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 112 ştat vahidi, Dövlət Qaz Nəzarəti İdarəsinin işçilərinin say həddi 80 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilsin.

22 iyun 2021-ci il tarixli 1373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 588) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının işçilərinin say həddi 140 ştat vahidi müəyyən edilsin.

3 avqust 2022-ci il tarixli 1799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 859) ilə 3-cü hissəsində “180” rəqəmləri “200” rəqəmləri ilə, “140” rəqəmləri “160” rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də 2.0.2-ci yarımbənddə “(texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə)” sözləri “və enerji effektivliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 mart 2015-ci il tarixli 492 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 272) ilə Əlavə 1 “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndindən “, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” sözləri çıxarılmışdır.

20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndində “Enerji resurslarından istifadə haqqında” sözləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də 3.0.10-cu yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.0.10. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasını həyata keçirir;

 

[5] 20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.10-1-ci yarımbənd əlavə edilmişdir.

 

[6] 20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də 3.0.19 – 3.0.21-ci yarımbəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.0.19. enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələbləri müəyyən edir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla), aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasını və həyata keçirilməsini təmin edir, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsini həyata keçirir;

3.0.20. enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak edir;

3.0.21. enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərini müəyyən edir;

 

[7] 20 avqust 2021-ci il tarixli 1434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 926) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 4.0.8-ci yarımbəndinə “istifadə” sözündən sonra “və enerji effektivliyi” sözləri əlavə edilmişdir.

 

[8] 22 sentyabr 2020-ci il tarixli 1159 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №9, maddə 1149) ilə Əlavə 1 – “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.3-cü yarımbəndinə “qurumların” sözündən sonra “(əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[9] 25 iyun 2014-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 637) ilə Əlavə 1 “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndində Azərbaycan Respublikasının Prezidentisözləri Azərbaycan Respublikasının Nazirlər Kabineti sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 may 2018-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 899) ilə Fərmanla təsdiq edilmiş Əlavə 2 - “Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu”nun 2-ci və 3-cü hissələri ləğv edilmişdir.

 

22 sentyabr 2020-ci il tarixli 1159 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №9, maddə 1149) ilə Əlavə 2 – “Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu” yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Dövlət Enerji Nəzarəti İdarəsi və onun yerli bölmələri.

3. Dövlət Qaz Nəzarəti İdarəsi və onun yerli bölmələri.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status