“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 sentyabr tarixli 1079 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 1 dekabr 2010-cu il
№ 229
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 1 dekabr tarixli 229 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində Mədəniyyət Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təklifi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılır və Azərbaycan Respublikası Səfirliyinin (bundan sonra - Səfirlik) tabeliyində fəaliyyət göstərir.
[1]
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında Azərbaycan Respublikası Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması və fəaliyyətinə dair bağlanmış sazişi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
1.3. Mərkəzin yerləşdiyi binada və ya onun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır. Mərkəzin yerləşdiyi binaya və ya onun ərazisinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində (dillərində) “Azərbaycan Respublikasının (qəbul edən dövlətin adı) Mədəniyyət Mərkəzi” yazısı olan lövhə vurulur.
1.4. Azərbaycan Respublikasının mülkiyyəti olan Mərkəzin daşınar və daşınmaz əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Mərkəzin direktoruna təhkim olunur.
1.5. Mərkəzin saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
1.6. Mərkəz müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və mərkəzin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
II. Mərkəzin vəzifələri
2.1. Mərkəz öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. qəbul edən dövlətin ictimaiyyətini Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə məlumatlandırır;
2.1.2. Mərkəzə müraciət edən şəxslərin kitab, qəzet, jurnal və disklərdən, eləcə də mədəni, elmi və texniki xarakterli sənədlərdən istifadə etmələrinə şərait yaradır;
2.1.3. qəbul edən dövlətdə Azərbaycan dilinin tədrisi və təbliğinə yardım edir;
2.1.4. qəbul edən dövlətdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin həmin dövlətin Azərbaycan Respublikasında təhsil alan tələbələri və məzunları ilə əlaqələrin yaradılmasında iştirak edir;
2.1.5. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla mədəni əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir.
III. Mərkəzin funksiyaları
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq, öz səlahiyyətləri daxilində aşağıdakı funksiyaları yerinə yetirir:
3.1.1. Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə konfranslar, kollokviumlar, görüşlər, tamaşalar, konsertlər, təqdimatlar, sərgiləri və digər tədbirləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məqsədlər üçün ayrılmış vəsaitlər dairəsində təşkil edir;
3.1.2. Azərbaycan Respublikasının və qəbul edən dövlətin mədəniyyət və turizm, elm, təhsil orqanları, təşkilatları və qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) arasında əlaqələrin və əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə yardım edir;
3.1.3. mədəniyyət, elm, təhsil, turizm və informasiya əlaqələri sahəsində əməkdaşlıq proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.4. mədəniyyət, elm, təhsil və turizm sahəsində məlumat və təşviqedici material mübadiləsini həyata keçirir;
3.1.5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış vəsaitlər dairəsində film və audiovizual sənədlərin nümayiş etdirilməsini təşkil edir;
3.1.6. qəbul edən dövlətdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin həmin dövlətin Azərbaycan Respublikasında təhsil alan tələbə və məzunlarının klub və birliklərinin yaradılmasına şərait yaradır, onların Azərbaycan Respublikası ilə mütəmadi olaraq əlaqə saxlamalarına kömək edir;
3.1.7. qəbul edən dövlətin ali təhsil müəssisələrində və Mədəniyyət Mərkəzində Azərbaycan dilinin tədrisinə şərait yaradır;
3.1.8. Azərbaycan Respublikasının və qəbul edən dövlətin şəhərləri və regionları arasında dostluq, qardaşlıq münasibətlərinin yaradılmasına, inkişafına yardım edir.
IV. Mərkəzin hüquqları
4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində aşağıdakı hüquqlara malikdir:
4.1.1. qəbul edən dövlətin rəsmi və ya qeyri-rəsmi mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əlaqələr yaratmaq və bu əlaqələrin inkişaf etdirilməsində iştirak etmək;
4.1.2. üçüncü dövlətlərin mədəniyyət mərkəzləri ilə əlaqələr yaratmaq və əməkdaşlıq etmək;
4.1.3. Azərbaycan Respublikasının dövlət orqanlarından müəyyən olunmuş qaydada sənədlər, məlumat və digər xarakterli materiallar almaq;
4.1.4. Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə konfranslar, kollokviumlar, görüşlər, tamaşalar, konsertlər, təqdimatlar, sərgilər təşkil etmək;
4.1.5. Mərkəzin yerləşdiyi binanın və keçirdiyi tədbirlərin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görmək;
4.1.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər hüquqları həyata keçirmək.
V. Mərkəzin fəaliyyətinin təşkili
5.1. Mərkəzə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir. Mərkəzin ştatında nəzərdə tutulan digər işçilər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər. Mərkəzin ştat sayı və ştat cədvəli Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir. Mərkəzin direktoru və digər işçilər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ezam olunur və geri çağırılırlar.
[2]
5.2. Mərkəzin direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının müvafiq ölkədə fəaliyyət göstərən səfirinin aylıq vəzifə maaşının 75 faizi məbləğində müəyyən edilir.
5.3. Mərkəzin ştatında nəzərdə tutulan işçilərin yaşayış yeri ilə təminat normaları, nəqliyyat vasitələri üçün aylıq yürüş həddi normaları, yüklərinin daşınması, məzuniyyət, təhsil və tibbi sığorta xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsinin yuxarı həddi mərkəzin direktoru üçün 50 kv.m, direktorun müavini üçün 40 kv.m, digər işçilər üçün isə 35 kv.m müəyyən edilir.
[3]
5.4. Mərkəzin ştatında nəzərdə tutulan işçilərin əməkhaqqının əvvəlki iş yeri üzrə hesablanan əməkhaqqı (mərkəzi icra hakimiyyəti orqanlarının aparatında şöbə müdiri müavininin əməkhaqqından çox olmamaqla) məbləğinə bərabər olan hissəsi məcburi dövlət sosial sığortasına cəlb olunur. Bu məqsəd üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Mədəniyyət və incəsənət sahəsində fəaliyyət” köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
[4]
5.5. Mərkəzin direktoru və onunla birlikdə gedən arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və 18 yaşına çatmış ərdə olmayan qızı ezamiyyətdə olduğu müddətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasportla təmin olunurlar.
[5]
5.6. Mərkəzin ştatında nəzərdə tutulan işçilərin əmək funksiyaları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır və müvafiq qanunvericiliyə uyğun olaraq, onunla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında ezamiyyətdə olduğu müddət üçün əmək müqaviləsi bağlanılır.
[6]
5.7. Mərkəzin direktoru öz səlahiyyətləri daxilində Mərkəzin fəaliyyətini təmin edir və rəhbərliyi həyata keçirir. O, öz fəaliyyətini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə müvafiq qaydada razılaşdırır. Mərkəzin direktoru Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların icrası ilə bağlı səfirə və Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinə hesabat verir.
5.8. Mərkəzin işi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş iş planı əsasında təşkil olunur.
5.9. Mərkəz öz fəaliyyəti ilə bağlı dövri hesabatı Səfirlik vasitəsilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir.
5.10. Mərkəzin xərclər smetası Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.
5.11. Mərkəzin vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar, fəaliyyətindən əldə olunan büdcədənkənar daxilolmalar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
5.12. Mərkəz büdcədən ayrılan təxsisatlardan əlavə, fəaliyyətindən əldə etdiyi digər gəlirlər və daxilolmalar üzrə xərcləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş smetaya uyğun həyata keçirir.
5.13. Mərkəzdə mühasibat uçotu Səfirlikdəki maliyyə məsələləri üzrə attaşe tərəfindən aparılır. Mərkəzin bankdakı hesabına daxil olan vəsaitlərin xərclənməsi həmin Səfirliyin maliyyə məsələləri üzrə attaşesinin və Mərkəzin direktorunun birgə imzası ilə həyata keçirilir və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müvafiq qaydada maliyyə hesabatları təqdim edilir.
[7]
5.14. Müvafiq əmək müqavilələri imzalanmaqla Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərində aparılan işin həcmi və xüsusiyyətlərində olan fərqlilik nəzərə alınaraq, mədəniyyət mərkəzində mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən səfirliyin maliyyə məsələləri üzrə attaşelərinə onların aylıq əməkhaqlarının əlli faizi məbləğində əlavə əməkhaqqı ödənilir.
[8]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 fevral 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 193)
2.
5 sentyabr 2013-cü il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1129)
3.
8 aprel 2014-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 443)
4.
26 oktyabr 2020-ci il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1306)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 oktyabr 2020-ci il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1306) ilə “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin 1.1-ci, 1.2-ci (hər iki halda), 1.5-ci bəndlərindən, 3.1.1-ci yarımbəndindən, 3.15-ci, 5.1-ci (hər üç halda) bəndlərindən, 5.4-cü bəndin ikinci cümləsindən, 5.6-cı bəndindən, 5.7-ci bəndin ikinci cümləsindən, 5.8-5.10-cu, 5.12-ci bəndlərindən, 5.13-cü bəndin ikinci cümləsindən “və Turizm” sözləri və 5.7-ci bəndin üçüncü cümləsindən “və turizm” sözləri çıxarılmışdır.
[2]
18 fevral 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 193) ilə 5.1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.1. Mərkəzə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir. Mərkəzin direktoru Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ezam olunur və geri çağırılır.
[3]
18 fevral 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 193) ilə 5.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.3. Mərkəzin direktoru fəaliyyət göstərdiyi dövrdə diplomatik xidmət əməkdaşları üçün müəyyən edilən imtiyaz və immunitetlərdən istifadə edir, onun yaşayış yeri ilə təminat normaları, nəqliyyat vasitələri üçün aylıq yürüş həddi normaları, yüklərinin daşınması, məzuniyyət, təhsil və tibbi sığorta xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq müəyyən edilir.
[4]
18 fevral 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 193) ilə 5.4-cü bənddə “Mərkəzin direktoru vəzifəsinə təyin olunmuş şəxsin” sözləri “Mərkəzin ştatında nəzərdə tutulan işçilərin” sözləri ilə əvəz edilmişdir.
[5]
5 sentyabr 2013-cü il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1129) ilə “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"nin 5.5-ci bəndinə “arvadı (əri)” sözlərindən sonra “, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları” sözləri əlavə edilmişdir.
[6]
18 fevral 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 193) ilə 5.6-cı bənddə “Mərkəzin direktorunun” sözləri “Mərkəzin ştatında nəzərdə tutulan işçilərin” sözləri ilə əvəz edilmişdir.
[7]
8 aprel 2014-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 443) ilə 5.13-cü bəndin birinci cümləsində “mühasib” sözü “maliyyə məsələləri üzrə attaşe” sözləri ilə, ikinci cümləsində “mühasibinin” sözü “maliyyə məsələləri üzrə attaşesinin” sözləri ilə əvəz edilmişdir.
[8]
8 aprel 2014-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 443) ilə 5.14-cü bənd əlavə edilmişdir.