×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.05.2014
QEYDİYYAT NÖMRƏSİ
160
ADI
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 08-05-2014, Nəşr nömrəsi: 95), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2014, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 473)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.05.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.150.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201405070160
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.05.2014
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir.

Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılsın.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 may 2014-cü il

                № 160

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli və xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

1.4. Fondun müstəqil balansı, xəzinə və bank hesabları, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştamp və blankları vardır.

1.5. Fond Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və bu Nizamnamədə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Fond Bakı şəhərində yerləşir.

1.7. Fond fəaliyyətini illik plan əsasında həyata keçirir. Fondun illik fəaliyyət planı Fondun Himayəçilik Şurasının təqdimatı əsasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı tərəfindən təsdiq olunur.

1.8. Fond illik fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Milli Elmlər Akademiyasına hesabat təqdim edir.

1.9. Fondun illik fəaliyyətinin nəticələri Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında müzakirə olunur.

 

2. Fondun əsas məqsədi və vəzifələri

 

2.1. Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq Fondun əsas məqsədidir.

2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;

2.2.2. Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;

2.2.3. azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;

2.2.4. şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;

2.2.5. gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək;

2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;

2.2.7. Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;

2.2.8. Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq;

2.2.9. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;

2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək;

2.2.11. bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

 

3. Fondun hüquqları

 

3.0. Fondun öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

3.0.1. əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını həyata keçirmək;

3.0.2. vəzifələrini yerinə yetirmək məqsədi ilə müxtəlif qurumlar (bilik evləri, dərnəklər və s.) yaratmaq;

3.0.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.0.4. Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallar yaratmaq və nümayəndəliklər açmaq;

3.0.5. dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək;

3.0.6. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.0.7. məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.0.8. təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, rəy və təkliflər vermək;

3.0.9. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.0.9.10. xeyriyyə marafonları və mədəni-kütləvi tədbirlər keçirmək;

3.0.10. məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, mətbu nəşrlər təsis etmək;

3.0.11. bu Nizamnaməyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

 

4. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

 

4.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;

4.1.2. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, könüllü ianələr;

4.1.3. "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qrantlar;

4.1.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

4.1.5 sərgilərdən, konsertlərdən, konfranslardan və məqsədlərinə uyğun digər tədbirlərdən əldə etdiyi gəlirlər;

4.1.6. təsis etdiyi təşkilatların fəaliyyətindən əldə olunan gəlirlər;

4.1.7. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər mənbələr.

4.2. Fond sərəncamındakı vəsaitdən bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun istifadə edir.

4.3. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

4.4. Fondun vəsaitindən istifadə haqqında məlumat hər maliyyə ilinin sonunda kütləvi informasiya vasitələrində dərc edilir.

 

5. Fondun idarə edilməsi

 

5.1. Fondun fəaliyyətinin istiqamətləndirilməsini, onun fəaliyyətinə ümumi nəzarəti Fondun Himayəçilik Şurası (bundan sonra - Şura) həyata keçirir.

5.2. Şura doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır.

5.3. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə görə Şuranın sədridir. Fondun icraçı direktoru vəzifəsinə görə Şura sədrinin müavinidir.

5.4. Şuranın yeddi üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur.

5.5. Şuranın sədri və sədr müavini istisna olmaqla, Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şura üzvü ola bilməz.

5.6. İkili vətəndaşlığı olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olan, ağır cinayətlərə görə məhkum edilmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər Şuranın üzvü ola bilməzlər.

5.7. Şuranın üzvləri Şuranın işində ictimai əsaslarla fəaliyyət göstərir.

5.8. Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun, Şura sədrinin və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır.

5.9. Şura:

5.9.1. Fondun cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir, onun fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş təkliflər hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.9.2. Fondun fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir;

5.9.3. Fondun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

5.9.4. Fonda əlavə vəsait cəlb edilməsinin strategiyasını hazırlayır və həyata keçirilməsinə nəzarət edir;

5.9.5. Fondun fəaliyyət istiqamətlərinə uyğun layihə və tədbirlərin həyata keçirilməsi üçün dəstəyin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə. təkliflərini Fondun İcraçı direktoruna təqdim edir;

5.9.6. Fondun İcraçı direktorunun təqdimatına əsasən Fondun illik xərclər smetasının layihəsinə baxır və rəy verir;

5.9.7. Fondun İcraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitindən istifadə edilməsinin əsas istiqamətlərini təsdiq edir və Fondun balansına baxır;

5.9.8. Fondun vəsaitindən istifadə edilməsi ilə bağlı Fondun İcraçı direktorunun illik hesabatlarına baxır və rəy verir;

5.9.9. Fondun filiallarının yaradılması və nümayəndəliklərinin açılması barədə təkliflər hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.9.10. məqsədlərinə uyğun digər vəzifələri həyata keçirir.

5.10. Şura üzvləri aşağıdakı hüquqlara malikdirlər:

5.10.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

5.10.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;

5.10.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;

5.10.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;

5.10.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.

5.11. Şura üzvləri:

5.11.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;

5.11.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

5.11.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;

5.11.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.

5.12. Şuranın sədri:

5.12.1. Şuranın işini təşkil edir;

5.12.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslarını çağırır və iclaslarında sədrlik edir;

5.12.3. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.

5.13. Şuranın sədri vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini Şura sədrinin müavini həyata keçirir.

5.14. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.

5.15. Şura üzvünün (Şuranın sədri və sədr müavini istisna olmaqla) səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

5.15.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

5.15.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

5.15.3. səhhətinə görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;

5.15.4. ardıcıl olaraq 3 dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;

5.15.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

5.15.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

5.15.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.

5.16. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün (Şuranın sədri və sədr müavini istisna olmaqla) yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Nizamnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.

 

6. Fondun fəaliyyətinin təşkili

 

6.1. Fondun fəaliyyətinə rəhbərlik Fondun icraçı direktoru (bundan sonra - icraçı direktor) tərəfindən həyata keçirilir.

6.2. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

6.3. İcraçı direktor:

6.3.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;

6.3.2. Fondun strukturunu təsdiq edir;

6.3.3. Fondun illik fəaliyyət planını hazırlayır;

6.3.4. Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını idarə edir, Fond adından mövcud qanunvericiliyin tələbləri gözlənilməklə müqavilələr bağlayır, səlahiyyətləri çərçivəsində əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir;

6.3.5. işçiləri müqavilə əsasında işə qəbul edir, işdən azad edir, onlar barəsində həvəsləndirmə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq intizam tənbehi tədbirləri tətbiq edir;

6.3.6. Fondun daxili intizam qaydalarını, əməkdaşların davranış kodeksini təsdiq edir;

6.3.7. Fondun xərclər smetasının layihəsini baxılmaq, vəsaitinindən istifadə edilməsinin əsas istiqamətlərinə dair təklifləri təsdiq edilmək üçün Şuraya təqdim edir;

6.3.8. Fond tərəfindən maliyyələşdirilən layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəzarəti həyata keçirir;

6.3.9. Fondun vəsaitindən istifadə olunmasının vəziyyəti barədə illik hesabat hazırlayır, Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

6.3.10. Fondun kargüzarlıq işlərini təşkil edir;

6.3.11. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

6.3.12. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;

6.3.13. Fondun illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc edilməsini təmin edir;

6.3.14. bu Nizamnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

6.4. Fondun işçilərinin say həddini və Fondun icraçı direktorunun aylıq vəzifə maaşını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

 

7. Fondun yenidən təşkili və ləğvi

 

7.1. Fondun yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

7.2. Fond ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status