Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycan Respublikasında bu istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasını tələb edir. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülmüş, nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, müvafiq təcrübə toplamışlar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşımışdır. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.
2. “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.1.3. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
[2]
2.1.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:
2.2.1. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
[3]
2.2.3. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.2.4. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, habelə törəmə müəssisələrin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2.5. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
[4]
2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə müəssisələrin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
3. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. iki ay müddətində
4.1.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.1.2. Cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;
4.1.3. Cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.4. Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək əmlakın siyahısını müəyyən edərək verilməsini təmin etsin;
4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;
4.3. Cəmiyyətin yaradılması ilə əlaqədar:
4.3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cəmiyyətin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirsin.
8. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsini təmin etsin.
[5]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2014-cü il
№ 442
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
26 fevral 2016-cı il tarixli 1827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 3 mart 2016-cı il, № 49; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 347)
2.
11 mart 2019-cu il tarixli 1030 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 469)
3.
13 may 2020-ci il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 602)
4.
5 avqust 2022-ci il tarixli 3413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 914)
5.
3 mart 2023-cü il tarixli 3780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 mart 2019-cu il tarixli 1030 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 469) ilə adına, 1-ci hissəsinə və2.2-ci bəndinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.
[2]
26 fevral 2016-cı il tarixli 1827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 3 mart 2016-cı il, № 49; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 347) ilə 2.1.4-cü yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunmuşdur.
[3]
13 may 2020-ci il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 602) ilə 2.2.2-ci yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
[4]
5 avqust 2022-ci il tarixli 3413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 914) ilə 2.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
[5]
3 mart 2023-cü il tarixli 3780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50) ilə 8-ci hissəsində “Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilmişdir.