AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
13.06.2014
QEYDİYYAT NÖMRƏSİ
05
ADI
Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 4 mart tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.06.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201406130005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.06.2014
Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsinin Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 4 mart tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

13.06.2014

Qeydiyyat nömrəsi

05

Adı

Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 4 mart tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.06.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.120.180

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201406130005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.06.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.3-cü yarımbəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Energetika Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamının 2.4-cü bəndinin və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi qərara alır:

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi” təsdiq edilsin (Əlavə 1).[1]

2. “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin  təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 4 mart tarixli 1 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə ləğv edilsin.

3. Hüquqi münasibətlər şöbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir                                                                                        Natiq Əliyev


 

 

Azərbaycan Respublikasının Energetika Nazirliyi 2014-cü il 13 iyun tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Əlavə 1

 

Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) dövlət qaz nəzarətini həyata keçirən qurumudur və əsas vəzifəsi neft və qaz yataqlarının işlənməsində, energetika məhsullarının hasilatında, qaz təchizatında (istehsalı, emalı, saxlanması, nəqli, paylanması, mayeləşdirilməsi və istifadəsi), satışında, sənaye və məişət qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və digər obyektlərinin layihələndirilməsində və yenidən qurulmasında (bundan sonra - müvafiq sahədə) qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinə, həmçinin Azərbaycan Respublikasının qanunlarının, qazdan istifadə qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin əmr, sərəncam və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və özünün adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.

2. İdarənin fəaliyyət istiqamətləri

 

2.1 İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən qazdan səmərəli istifadənin və etibarlı istismarın təmin edilməsinə nəzarət edir;

2.1.2. müvafiq sahədə Azərbaycan Respublikası qanunlarının, qazdan istifadə qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət edir və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görür;

2.1.3. tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadə üzrə ekspertizasını həyata keçirir;

2.1.4. qaz təchizatı subyektləri ilə istehlakçılar arasında yaranan mübahisəli məsələləri araşdırır və müvafiq tədbirlər görür.

 

3. İdarənin vəzifələri

 

3.1. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. İdarə müvafiq sahədə aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

3.1.1.1. müvafiq sahədə normativ hüquqi aktların, o cümlədən qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl edilməsinə;

3.1.1.2. müvafiq sahənin qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və qaz paylayıcı şəbəkələrin   layihələndirilməsinə  və  yenidən  qurulmasına  texniki şərtlərin verilməsi, tikintisi, təmiri, sazlanması və istismara qəbulu üzrə tələblərə əməl edilməsinə;

3.1.1.3. neft və qaz yataqlarının işlənməsinin, energetika məhsullarının hasilatının, qaz təchizatının və satışının qaz qurğularında, avadanlıqlarında, kəmərlərində və qaz paylayıcı şəbəkələrdə  baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlıqların sıradan çıxması hallarının qeydiyyatının aparılmasına, araşdırılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

3.1.1.4. qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) müəyyən edilmiş dövlət standartlarına uyğunluğuna, həmçinin qazın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə;[2]

3.1.1.5. qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun aparılmasına;

3.1.1.6. müəssisə və təşkilatlarda qazdan istifadə üzrə müəyyən edilmiş istehlak limitlərinə əməl edilməsinə;

3.1.1.7. istehlak olunan qaza görə hesablaşmaların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları vasitəsilə aparılmasına;

3.1.1.8. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən qaza qənaət üzrə qəbul edilmiş tələblərə, qaz itkilərinə, texnoloji sərf və daxili istehlak limitlərinə əməl olunmasına və azaldılmasına yönələn təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə;

3.1.1.9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu və qazdan istifadə qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada istehlakçılara qazın verilməsinin  dayandırmasına;

3.1.1.10. qaza olan tələbatın tam ödənilməsini təmin etmək üçün təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

3.1.1.11. qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi lisenziyası və ya icazəsi olan şəxslərin ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə;[3]

3.1.2. müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması üzrə işçi komissiyalarının işində iştirak edir;

3.1.3. buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akta əsasən sənaye qaz qurğularının istismara buraxılmasına icazə verir;[4]

3.1.4. sənaye qaz qurğusu olan istehlakçıların qaza olan tələbatında dəyişiklik baş verməsi ilə əlaqədar qaz sayğacının dəyişdirilməsinə zərurət yarandığı hallarda, qaz sayğacının dəyişdirilməsində iştirak edir; [5]

3.1.5. neft və qaz yataqlarının işlənməsini, energetika məhsullarının hasilatını və qaz təchizatını həyata keçirən müəssisələr tərəfindən qaz istehlakı barədə təqdim olunan hesabatlar əsasında təhlillər aparır və nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

3.1.6. elektrik və istilik enerjisinin istehsalında, həmçinin sənaye qaz qurğuları olan istehlakçılar tərəfindən istehsal edilən məhsulun, göstərilən xidmətin və görülən işə sərf edilən qazın miqdarı barədə hesabatları alır, təhlil edir və nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;[6]

3.1.7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamalar aparır;

3.1.8. müvafiq sahəyə aid olan məsələlər üzrə hüquqi akt layihələrini hazırlayır və müvafiq qaydada baxılmaq məqsədilə göndərilən hüquqi akt layihələri barədə rəy və təkliflərini Nazirliyə təqdim edir;

3.1.9. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı, qaz təchizatı və satışı obyektlərinin qurğularında, avadanlıqlarında, kəmərlərində baş vermiş qəza, yanğın və qaz sızması ilə bağlı olan hadisələrin araşdırılmasını həyata keçirən komissiyalarda iştirak edir;

3.1.10. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.1.11. bu Əsasnamə ilə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Nazirliyə təqdim edir;

 

4. İdarənin hüquqları

 

4.1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahəyə dair qanunvericilik normalarına riayət edilməsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş  “Qazdan istifadə Qaydaları”nın tələblərinin yerinə yetirilməsinə (qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi hissəsində) dövlət nəzarətini həyata keçirmək;

4.1.2. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq qaz təchizatı obyektlərinə, eləcədə qazlaşdırılmış obyektlərə müvafiq bildiriş göndərilməklə, daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqəni təqdim etməklə daxil olmaq;

4.1.3. səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müvafiq sahədə fəaliyyət göstərən subyektlərə (hüquqi, vəzifəli və fiziki şəxslərə):

4.1.3.1. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər vermək;

4.1.3.2. qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatları, məlumatları almaq;

4.1.3.3. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı və qaz təchizatı sahəsində texnoloji itkilərin və sərfin azaldılması barədə hesabatları almaq;

4.1.3.4. inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat vermək;

4.1.4. İnzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinə aid olan inzibati  xətalar haqqında işlər üzrə icraat başlamaq və işlərə baxmaq;

4.1.5. qaz qurğularının istifadəsi nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər  vurduğunu müəyyən etdikdə, qaz qurğularının istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlər görmək, o cümlədən işin hallarından asılı olaraq inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq;

4.1.6. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər almaq;

4.1.7. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı, qaz təchizatı və satışı subyektləri tərəfindən qaz qurğularında, avadanlıqlarında, kəmərlərində müvafiq sahəyə aid normativ hüquqi aktların, o cümlədən qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl olunmadığı hallarda müvafiq materialları tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim etmək;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.9. qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi lisenziyası və ya icazəsi olan şəxslər tərəfindən müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək müvafiq tədbirlərdən ibarət ətraf mühitin qorunmasını təmin edən planı almaq;[7]

4.1.10. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmədə iddiaçı, cavabdeh və üçüncü şəxs qismində iştirak etmək;

4.1.11. müqavilə əsasında fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək.

 

5. İdarənin fəaliyyətinin təşkili

 

5.1. İdarə bilavasitə Nazirliyə tabedir.

5.2. İdarə sektorlardan və yerli bölmələrdən ibarətdir. İdarə öz fəaliyyətini bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

5.3. İdarənin yerli bölmələrinin əsasnamələri Azərbaycan Respublikasının Energetika Naziri (bundan sonra - Nazir) tərəfindən təsdiq edilir.

5.4. İdarənin və yerli bölmələrin strukturu və ştat cədvəli Nazir tərəfindən müəyyən edilir.

5.5. İdarəyə Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. İdarə rəisi idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.6. İdarə rəisinin Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini var.

5.7. İdarənin baş mühasibi, yerli bölmələrin rəhbərləri və onların müavinləri Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir;

5.8. İdarənin inzibati vəzifə tutan dövlət qulluqçuları Nazirlə razılaşdırmaqla, yardımçı vəzifə tutan dövlət qulluqçuları isə birbaşa İdarə rəisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.

5.9. İdarə rəisi:

5.9.1. İdarənin işini təşkil edir və ona rəhbərlik edir;

5.9.2. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr, sərəncam yazılı göstərişlər verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.9.3. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan göstərişlərini ləğv edir;

5.9.4. İdarənin fəaliyyəti ilə bağlı illik iş planını təsdiq edir;

5.9.5. İdarənin icraatında olan inzibati xətalar haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır;

5.9.6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərində İdarənin işçiləri tərəfindən aparılan yoxlamaların yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olunan sənədlərə) baxılmasının nəticələri üzrə qərarlar çıxarır;

5.9.7. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.9.8. İdarənin və yerli bölmələrinin dövlət qulluqçularının vəzifə təlimatlarını təsdiq edir;

5.9.9. İdarənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür və müvafiq sahədə xüsusi fərqlənən işçilərin fəxri adlarla təltif edilməsi üçün Nazirə təkliflər verir;

5.9.10. İdarəni təmsil edir.

5.10. İdarə rəisinin müavini ona idarə rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.11. İdarə rəisinin müavini İdarənin icraatında olan inzibati xətalar haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır.

5.12. İdarə rəisi eyni zamanda Azərbaycan Respublikasının qaz nəzarəti üzrə baş dövlət müfəttişidir. İdarə rəisinin müavini Azərbaycan Respublikasının qaz nəzarəti üzrə baş dövlət müfəttişinin müavinidir. İdarənin tərkibində olan sektorların müdirləri, yerli bölmələrin rəhbərləri və onların müavinləri qaz nəzarəti üzrə böyük dövlət müfəttişləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi inzibati vəzifələri tutan digər əməkdaşları isə qaz nəzarəti üzrə dövlət müfəttişləridirlər.

5.13. Qaz nəzarəti üzrə böyük dövlət müfəttişləri və qaz nəzarəti üzrə dövlət müfəttişləri:

5.13.1. təsdiq edilmiş illik iş planına və müvafiq iş bölgüsünə əsasən müvafiq sahədə fəaliyyət göstərən subyektlərdə yoxlamalar aparır və nəticələrini aktla rəsmiləşdirir;

5.13.2. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər verir və onların icrasını təmin etmək üçün tədbirlər görür;

5.13.3. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər alır;

5.13.4. inzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edir;

5.13.5. bu Əsasnamədən irəli gələn və səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5.14. İdarənin vəzifəli şəxslərinin verdiyi yazılı göstərişlərə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, qaz təchizatı subyektləri (hüquqi, vəzifəli və fiziki şəxslər) tərəfindən əməl edilməlidir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                    02 may 2016-cı il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il)

2.                    07 dekabr 2016-cı il tarixli 06 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612071006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il)

3.                    5 mart 2018-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2018-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2018-ci il) ilə Qərarın 1-ci hissəsi ləğv edilmişdir.

 

[2] 02 may 2016-cı il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”nin 3.1.1.4-cü abzasda “göstəricilərinin” sözündən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilmişdir.

 

[3] 07 dekabr 2016-cı il tarixli 06 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612071006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”nin 3.1.1.11-ci abzasında “xüsusi” sözü “lisenziyası və ya” sözləri ilə əvəz edilmişdir.

 

[4] 02 may 2016-cı il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”nin 3.1.3-cü yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilmişdir.

 

[5] 02 may 2016-cı il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”nin 3.1.4-cü yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilmişdir.

 

[6] 02 may 2016-cı il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”nin 3.1.6-cı yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilmişdir.

 

[7] 07 dekabr 2016-cı il tarixli 06 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612071006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi”nin 4.1.9-cu yarımbəndində “xüsusi” sözü “lisenziyası və ya” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status