![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
30.06.2014 |
Qeydiyyat nömrəsi |
7 |
Adı |
“Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
16.07.2014 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201406300007 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
15.07.2014 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi [1]
QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 12 fevral 2013-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur):
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydalarda dəyişikliyi 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarında dəyişikliklər 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı
|
|
“Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarında dəyişikliklər
1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2. Əsas anlayışlar
2.1 Bazar riski – bazar qiymətlərində olan dəyişikliklərdən yaranan balans və balansdan kənar mövqelər üzrə itki riskləridir;
2.2. Broker müqaviləsi – broker və müştəri arasında bağlanılan broker xidmətləri üzrə müqavilədir;
2.3. Cəmi Kapital Tələbi – brokerin kredit riski, bazar riski, əməliyyat riski və konsentrasiya riskləri üzrə kapital tələbinin cəmidir;
2.4. Daxili uçot sistemi – qiymətli kağızlarla aparılan əməliyyatlar haqqında məlumatların broker tərəfindən öz daxili uçotunda toplanması, ümumiləşdirilməsi və əks olunması sistemidir;
2.5. Eyniləşdirmə nömrəsi – broker tərəfindən hər müştəriyə verilən şəxsi koddur;
2.6. Əməliyyat riski – daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləridir;
2.7. Əmtəə qiymət riski – əmtəə qiymətlərində olan volatillikdən meydana gələn itki riskləridir;
2.8. Hesablaşma və kontragent riski – hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləridir;
2.9. Konsentrasiya riski – brokerin fərdi müştəri və ya müştəri qrupuna qarşı məcmu kapitalının 25%-ni keçən risklərdir;
2.10. Kredit riski – borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləridir;
2.11. Maliyyə institutları – kredit təşkilatları, siğortaçılar və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarıdır;
2.12. Məcmu kapital – bu Qaydalarda müəyyən edilmiş birinci dərəcəli (əsas) və ikinci dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin cəmi ilə onlardan tutulmaların fərqidir;
2.13. Müştəri – broker xidmətlərinin göstərilməsi haqqında brokerlə müqavilə bağlamış fiziki və ya hüquqi şəxsdir;
2.14. Müştərinin aktivləri – müştəriyə məxsus olan və brokerin daxili uçot sistemində nəzərə alınan qiymətli kağızlar və (və ya) pul vəsaitləridir;
2.15. Müştəri hesabı – müştərinin aktivləri və ya öhdəlikləri üçün brokerin daxili uçot sistemində açılmış hesabdır;
2.16. Qısa mövqe – aktivin dəyərinin azalacağı gözlənilərək qiymətli kağızlar, əmtəə və ya valyutanın satışı;
2.17. Səhm qiymət riski – səhm qiymətlərində olan volatillikdən meydana gələn itki riskləridir;
2.18. Spesifik borc aləti qiymət riski – borc alətləri üzrə emitentlə bağlı faktorlardan meydana gələn qiymət fərqi riskidir;
2.19. Spesifik mövqe riski – maliyyə alətinin emitenti ilə bağlı faktorlardan meydana gələn qiymət fərqi riskidir;
2.20. Tapşırıq – qiymətli kağızlarla alqı-satqı əməliyyatlarının aparılması üçün müştərinin brokerə tapşırığıdır;
2.21. Uzun mövqe – Aktivin dəyərinin artacağı gözlənilərək, qiymətli kağızlar, əmtəə və ya valyutanın alışı;
2.22. Ümumi faiz dərəcəsi riski – ümumi bazar xüsusiyyətinə uyğun olaraq faiz dərəcəsində olan dəyişikliklərlə bağlı meydana gələn itki riskləridir;
2.23. Ümumi mövqe riskləri – ümumi bazar xüsusiyyətinə uyğun olaraq səhmlər üzrə bazar qiymətlərində olan hərəkətlərlə bağlı, borc alətləri üzrə isə faiz dərəcəsində olan dəyişikliklərlə bağlı yaranan risklərdir;
2.24. Xarici valyuta riski – xarici valyuta məzənnəsində olan dəyişikliklərlə bağlı investisiyanın dəyərinin dəyişməsi riskidir.”;
2. Aşağıdakı məzmunda 10-19-cu bəndlər əlavə edilsin:
“10. Brokerin təşkilati strukturuna dair tələblər
10.1. Broker fəaliyyətini tənzimləyən, o cümlədən daxili nəzarət sistemi, risklərin idarəedilməsi və daxili auditə dair daxili qaydalar qəbul etməlidir.
10.2. Broker öz strukturunda aşağıdakı funksiyaların təşkilini təmin etməlidir:
10.2.1. Daxili nəzarət;
10.2.2. Risklərin idarəedilməsi;
10.2.3. Daxili audit.
11. Daxili nəzarət funksiyası
11.1. Broker daxili nəzarət funksiyasının düzgün və müstəqil şəkildə həyata keçirilməsi üçün aşağıdakıları təmin etməlidir:
11.1.1. Broker tərəfindən qəbul edilən daxili qaydaların qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi və effektivliyinə nəzarətin həyata keçirilməsi, habelə aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
11.1.2. daxili nəzarət funksiyasının zəruri səlahiyyətlərə, resurs və onlara verilən tapşırıqların icrası üçün zəruri bilik və təcrübəsi və bütün müvafiq məlumatlara giriş imkanı olmalıdır;
11.1.3. daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslər broker tərəfindən daxili əmrlə təyin edilməli və öz vəzifə və öhdəliklərini davamlı əsasda həyata keçirməlidirlər;
11.1.4. daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslər şirkətin icra orqanının üzvü ola bilməz;
11.1.5. daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslər monitorinq etdiyi fəaliyyət və xidmətlərin icrasında iştirak edə bilməzlər;
11.1.6. daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslərin mükafatının müəyyən edilməsi üsulu onların obyektivliyinə şübhə təşkil etməməli və ya şübhələnmə ehtimalı olmamalıdır;
11.1.7. şirkətin əməkdaşlarına keçirilən əməliyyatların mövcud qanunvericiliyə müvafiqliyi ilə bağlı məsləhətlərin verilməsi, habelə əməkdaşlara təlimlərin keçirilməsi;
11.1.8. şirkətin daxili qaydaların hazırlanmasında iştirak etməlidir;
11.2. Brokerin daxili nəzarət funksiyası daxili struktur bölmə və ya məsul şəxs tərəfindən həyata keçirilməlidir. Daxili nəzarət şirkətin digər funksiyalarından müstəqil fəaliyyət göstərməlidir.
11.3. Daxili nəzarət funksiyası şirkətin cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə məsul şəxs tərəfindən icra edilə bilər.
11.4. Daxili nəzarət bölməsi rüblük olaraq şirkətin rəhbərliyinə daxili nəzarət funksiyasına dair hesabatı təqdim etməlidir.
11.5. Bu Qaydaların 11.4-ci bəndində müəyyən edilmiş hesabat Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) tərəfindən tələb olunduqda, həmin hesabat broker tərəfindən 3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.
12. Risklərin idarəedilməsi funksiyası
12.1. Risklərin idarəedilməsi funksiyası brokerin prosesləri və sistemləri ilə bağlı risklərin idarəedilməsi daxili qaydalarının hazırlamasını, fəaliyyəti zamanı qarşılaşdığı risklərin məqbul çərçivəsinin müəyyən edilməsini və risk səviyyəsinə davamlı nəzarət edilməsini təmin etməlidir.
12.2. Risklərin idarəedilməsi funksiyası aşağıdakıları təmin etməlidir:
12.2.1. risklərin idarəedilməsi üzrə daxili qaydalara riayət edilməsini;
12.2.2. brokerin fəaliyyətinə dair risk profilinin müəyyən edilməsinə, məqbul risk çərçivəsinin gözlənilməsinə, riskin idarəedilməsi proseslərinin adekvat və effektiv olmasına və risklərin aradan qaldırılmasına dair şirkətin rəhbərliyinə hesabatlar vermək;
12.2.3. brokerin fəaliyyəti zamanı dövrü olaraq və ya investisiya strategiyasında dəyişikliklər edilməsindən əvvəl risklərin idarəedilməsi sistemlərini qiymətləndirmək.
12.3. Risklərin idarəedilməsi funksiyasının bu Qaydalar ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün zəruri olan səlahiyyətləri, resurs və onların icrası üçün zəruri bilik və təcrübəsi, həmçinin bütün müvafiq məlumatlara giriş imkanı olmalıdır.
12.4. Risklərin idarəedilməsi funksiyası daxili struktur bölmə, məsul şəxs və ya üçüncü şəxsə həvalə edilərək həyata keçirilməlidir. Risklərin idarəedilməsi funksiyası brokerin digər funksiyalarından müstəqil fəaliyyət göstərməlidir.
12.5. Risklərin idarəedilməsi funksiyası üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə rəsmiləşdirilməlidir.
12.6. Risklərin idarəedilməsi bölməsi brokerin əməliyyatları ilə bağlı şirkətin rəhbərliyinə rübdə bir dəfədən az olmamaqla, şirkət gözlənilməyən risklərə məruz qaldıqda isə növbədənkənar hesabat təqdim etməlidir.
12.7. Bu Qaydaların 12.6-cı bəndində müəyyən edilmiş hesabat QKDK tərəfindən tələb olunduqda, həmin hesabat broker tərəfindən 3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.
13. Daxili audit funksiyası
13.1. Brokerin daxili audit funksiyası təsdiq edilmiş audit planına uyğun olaraq bütün əməliyyatlara daxili auditin tətbiq edilməsini, ildən bir dəfədən az olmamaq şərti ilə aşağıdakılar üzrə daxili auditin keçirilməsini təmin etməlidir:
13.1.1. risklərin idarəedilməsi sisteminin tətbiqi və effektivliyinin qiymətləndirilməsi;
13.1.2. fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
13.1.3. həyata keçirilmiş qiymətləndirmə üzrə tövsiyələrin verilməsi və onların icrasına nəzarəti;
13.1.4. korporativ idarəetmə ilə bağlı şirkətin siyasətinin və strateji hədəflərinin tətbiqi;
13.1.5. auditin nəticələrinə dair hesabatların hazırlanması.
13.2. Daxili audit funksiyası brokerin digər funksiyalarından müstəqil fəaliyyət göstərməlidir.
13.3. Broker daxili audit funksiyasını daxili struktur bölmə, audit komitəsi, məsul şəxs vasitəsilə və ya üçüncü şəxsə həvalə edərək yaratmalıdır.
13.4. Daxili audit funksiyası üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə rəsmiləşdirilməlidir.
13.5. Daxili audit bölməsi keçirilən audit yoxlamasına əsasən hesabat hazırlayaraq şirkət rəhbərliyinə təqdim etməlidir.
13.6. Bu Qaydaların 13.5-ci bəndində müəyyən edilmiş hesabat QKDK tərəfindən tələb olunduqda, həmin hesabat broker tərəfindən 3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.
14. Kapital adekvatlığına dair tələblər
14.1. Broker fəaliyyəti müddətində kapital adekvatlığı tələblərinə cavab verməlidir.
14.2. Broker fəaliyyəti ərzində bu Qaydalar ilə müəyyən edilmiş Cəmi Kapital Tələbinə, həmçinin 100 000 AZN-ə bərabər və ya ondan daha yüksək məcmu kapitala malik olmalıdır.
14.3. Brokerin Cəmi Kapital Tələbi onun Kredit riski, Bazar Riski, Əməliyyat riski və Konsentrasiya riskinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.
15. Broker məcmu kapitalı
15.1. Brokerin məcmu kapitalı aşağıdakı komponentlərdən ibarətdir:
15.1.1. Birinci dərəcəli kapital;
15.1.2. İkinci dərəcəli kapital.
15.2. Brokerin məcmu kapitalı birinci və ikinci dərəcəli kapitalın cəmi ilə onlardan tutulmaların fərqinə bərabərdir.
15.3. Birinci və ikinci dərəcəli kapital brokerin fəaliyyəti müddətində qarşılaşa biləcəyi kredit riski, əməliyyat riski və bazar risklərinin idarə oluna bilən səviyyəyədək azaldılmasında istifadə olunur.
15.4. Brokerin ikinci dərəcəli kapitalı onun birinci dərəcəli kapitalından çox ola bilməz.
15.5. Birinci dərəcəli kapital aşağıdakıların cəminə bərabərdir:
15.5.1. ödənilmiş adi səhmlər;
15.5.2. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;
15.5.3. səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər;
15.5.4. ödənilmiş paylar (MMC-lər üçün);
15.5.5. kapital ehtiyatları;
15.5.6. bölüşdürülməmiş mənfəət (zərər);
15.6. Birinci dərəcəli kapitaldan tutulmalar aşağıdakılardır:
15.6.1. geri alınmış səhmlər (paylar);
15.6.2. qeydi-maddi aktivlər;
15.6.3. cari ilin zərəri.
15.7. İkinci dərəcəli kapital aşağıdakıların cəminə bərabərdir:
15.7.1. yenidən qiymətləndirmədən irəli gələn ehtiyatlar;
15.7.2. xüsusi ehtiyatlar;
15.7.3. cari ilin mənfəəti;
15.7.4. subordinasiya borcları.
15.8. Birinci və ikinci dərəcəli kapitalın cəmindən aşağıdakı tutulmalar çıxılaraq məcmu kapital hesablanır:
15.8.1. digər peşəkar iştirakçıların kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);
15.8.2. peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);
15.8.3. digər hüquqi şəxslərin kapitalına (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla) xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda).
16. Kredit riskinin hesablanması
16.1. Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydalar ilə müəyyən olunmuş kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8% həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir.
16.2. Kredit riskləri aşağıdakı kateqoriyalara bölünür:
16.2.1. digər dövlətlərə və mərkəzi banklarına qarşı risklər;
16.2.2. Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı risklər;
16.2.3. yerli orqanlara qarşı risklər;
16.2.4. beynəlxalq təşkilatlara qarşı risklər;
16.2.5. maliyyə institutlarına qarşı risklər;
16.2.6. korporativ təşkilatlara qarşı risklər;
16.2.7. pərakəndə risklər;
16.2.8. təxirə salınmış aktivlərə qarşı risklər;
16.2.9. yüksək riskli sayılan aktivlərə qarşı risklər;
16.2.10. investisiya fondlarına qarşı risklər;
16.2.11. digər aktivlərə qarşı risklər.
16.3. Hər kateqoriya üzrə risk çəkisi risk keyfiyyətindən (xarici kredit qiymətləndirmə institutlarının risk qiymətləndirməsindən) asılı olaraq müəyyən olunur.
16.4. Kredit keyfiyyəti reytinqi digər dövlətlər, mərkəzi banklar, beynəlxalq təşkilatlar, yerli orqanlar, maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondları üçün 1-dən (ən yüksək) 6-dək (ən aşağı) Cədvələ (Əlavə № 4) uyğun olaraq qiymətləndirilir.
16.5. Digər dövlətlərə qarşı risklər uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan ölkələr üçün Cədvələ (Əlavə № 5) uyğun olaraq müəyyən edilir.
16.6. Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan ölkələrə qarşı risk çəkisi 100% olaraq müəyyən edilir.
16.7. Azərbaycan Respublikasının hökumətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir.
16.8. Beynəlxalq təşkilatlar olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı
və Qara Dəniz Ticarət və İnkişaf Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir.
16.9. Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan yerli orqanlara qarşı, habelə maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondlarına qarşı risklər Cədvələ (Əlavə № 6) uyğun olaraq müəyyən edilir.
16.9.1. uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan yerli orqanlara qarşı, habelə maliyyə institutlarına və investisiya fondlarına qarşı risklər borcalanın digər dövlətlərin kredit reytinqindən bir səviyyə aşağı reytinq verilərək;
16.9.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələrə qarşı risklər 20% olaraq;
16.9.3. borcalanın mərkəzi hökumətinin kredit reytinqi mövcud olmadıqda, risk çəkisi 100% olaraq;
16.9.4. kredit qiymətləndirilməsi mövcud olmayan korporativlər üzrə risk çəkisi 100% olaraq və ya təşkilatın mərkəzi hökumətinin kredit qiymətləndirilməsi üzrə risk çəkisi götürülərək, bunlardan böyük olanı;
16.10. maliyyə institutları tərəfindən emissiya edilən səhmlərə və ya digər tənzimləyici kapital alətlərinə edilən investisiyalar şirkətin məcmu kapitalından tutulmadıqda, risk çəkisi 100% olaraq;
16.11. pərakəndə risklər üzrə risk çəkisi aşağıdakı şərtlərə cavab verdikdə, 75% olaraq müəyyən edilir:
16.11.1. risk bir və ya bir neçə fiziki və ya hüquqi şəxsə aid olduqda;
16.11.2. brokerin cəmi riskli məbləği 1 milyon AZN-dən çox olmadıqda;
16.11.3. qiymətli kağızlara investisiya olunmadıqda.
16.12. təxirə salınmış aktivlərə qarşı risk çəkisi 150% olaraq müəyyən edilir ;
16.13. yüksək riskli sayılan aktivlərə, o cümlədən yeni yaranmış və üç ildən az fəaliyyət göstərən yüksək riskli şirkətlərə və özəl sərmayə şirkətlərinə edilən investisiyalara qarşı risk çəkisi 150% olaraq müəyyən edilir;
16.14. digər aktivlərə qarşı risk çəkisi aşağıdakı qaydada müəyyən edilir:
16.14.1. tikili və avadanlıqlar üzrə risk çəkisi 100% olaraq;
16.14.2. verilmiş avanslar və qazanılmamış gəlir üzrə risk çəkisi 100% olaraq;
16.14.3. debitor borcları üzrə risk çəkisi 20%, pul vəsaitləri və ekvivalentləri üzrə risk çəkisi 0% olaraq;
16.4.4. qızıl ehtiyatları üzrə risk çəkisi 0% olaraq.
17. Bazar riskinin hesablanması
17.1. Bazar riski üzrə kapital tələbi broker üçün aşağıdakı risklər üzrə kapital tələbinin cəminə bərabərdir:
17.2. Əmtəə qiymət riski;
17.3. Xarici valyuta riski.
17.4. Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakılar üzrə hesablanır:
17.4.1. Qiymətli metallar, kənd təsərrüfatı məhsulları, faydalı qazıntılar;
17.4.2. Əmtəəyə əsaslanan törəmə alətlər.
17.5. Əmtəə qiymət riski üzrə kapital tələbi hesablanarkən ilk növbədə tək formalı əmtəələr müəyyən edilməlidir.
17.6. Tək formalı əmtəə aşağıdakıları əhatə edir:
17.6.1. Bir-birinə çevrilə bilən alt kateqoriya əmtəə mövqeləri üzrə tutulan mövqelər;
17.6.2. Bir-birini əvəz edə bilən oxşar əmtəələr üzrə mövqe, bu halda əmtəələrin qiymət dəyişikliyi arasında azı son bir il ərzindəki korrelyasiya 0,9-dan az olmamalıdır.
17.7. Əmtəə qiymət riski üzrə kapital tələbi sadələşdirilmiş yanaşma ilə hesablanır. Sadələşdirilmiş yanaşmaya müvafiq olaraq hər bir əmtəə standart ölçü vahidi və cari valyuta kursu ilə göstərilir.
17.8. Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
ƏmRK: Əmtəə qiymət riski üzrə kapital tələbi;
XM: Əmtəə qiymət riski üzrə xalis mövqe;
ÜM: Əmtəə qiymət riski üzrə ümumi mövqe.
17.8.1. Cəmi xalis mövqe hər bir əmtəə və tək formalı əmtəə üçün cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir;
UM: Əmtəə qiymət riski üzrə uzun mövqe;
QM: Əmtəə qiymət riski üzrə qısa mövqe.
17.8.2. Cəmi ümumi mövqe hər bir əmtəə və tək formalı əmtəə üzrə ümumi uzun mövqelər ilə qısa mövqelərin modul qiymətinin cəminə bərabərdir.
17.9. Brokerin xarici valyuta üzrə cəmi xalis mövqeyi onun məcmu kapitalının 2%-dən çox olduqda, xarici valyuta riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır.
MK: Məcmu kapital;
XM: Xarici valyuta riski üzrə xalis mövqe;
XVRK: Xarici valyuta riski üzrə kapital tələbi.
17.10. Cəmi xalis mövqe aşağıdakı qaydada hesablanır:
XUM: Xarici valyuta riski üzrə xalis uzun mövqe;
XQM: Xarici valyuta riski üzrə xalis qısa mövqe;
QzM: Qızıl üzrə xalis mövqe.
17.10.1. Hər bir xarici valyuta və qızıl üzrə xalis mövqelər müəyyən edilir və cari valyuta kursu ilə göstərilir;
17.10.2. Xarici valyutalar üzrə cəmi xalis mövqe uzun mövqelər ilə cəmi xalis qısa mövqelərdən daha böyük olanı müəyyən edilir;
17.10.3. Qızıl üzrə uzun və ya qısa olmasından asılı olmayaraq xalis mövqe müəyyən edilir;
17.11. Aşağıdakı mövqelər xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilir:
17.11.1. Brokerin kapital adekvatlığının xarici valyuta riskindən qorunması üçün tutulan və ticarət məqsədi daşımayan uzunmüddətli mövqelər;
17.11.2. Məcmu kapitalın hesablanması zamanı şirkətin məcmu kapitalından tutulan xarici valyuta riski daşıyan mövqelər.
17.12. Xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilən mövqelər haqqında broker tərəfindən QKDK-ya məlumat verilməlidir.
18. Əməliyyat riskinin hesablanması
18.1. Əməliyyat riskləri üzrə kapital tələbi audit yoxlamasından keçmiş maliyyə bəyanatına əsasən keçmiş üç il üçün müsbət ümumi gəlir götürülərək, aşağıdakı düsturla hesablanır:
ƏRK: Əməliyyat riskləri üzrə hesablanmış kapital tələbi
: ümumi gəlir;
: xalis gəlirin müsbət olduğu illərin sayı.
18.2. Ümumi gəlir, 1 №-li kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının mənfəət və zərər haqqında (xərclərin funksiyası üzrə) hesabatında olan aşağıdakı komponentlərin cəmidir:
- Əsas əməliyyat gəliri;
- Satışın maya dəyəri (-);
- Ümumi mənfəət =;
- Sair əməliyyat gəlirləri;
- Kommersiya xərcləri (-);
- Sair əməliyyat xərcləri (-);
- Maliyyə mənfəəti;
- Maliyyə zərəri (-).
19. Konsentrasiya riskinin hesablanması
19.1. Konsentrasiya riski brokerin fəaliyyətinin davamiyyətinə təhlükə yarada bilən, şirkətin məcmu kapitalının əhəmiyyətli hissəsini təşkil edən müəyyən aktiv və öhdəliklərdən yaranan fərdi müştəri və ya müştəri qrupuna qarşı risklərdir.
19.2. Brokerin konsentrasiya riskləri aşağıda qeyd olunanları əhatə edir:
19.2.1. Fərdi müştəri tərəfindən emissiya edilən bütün maliyyə alətləri üzrə uzun mövqelərin qısa mövqelərdən çox olan hissəsini (müsbət olduqda);
19.2.2. Fərdi müştərinin cəmi debitor borcu ilə bağlı risklər;
19.3. Konsentrasiya riski üzrə kapital tələbinin hesablanmasında aşağıda qeyd olunanlar istisnadır:
19.3.1. Brokerin məcmu kapitalından tutulmalar;
19.3.2. Xarici valyuta ilə əməliyyatlar zamanı iki iş günü ərzində hesablaşma ilə bağlı risklər;
19.4. Brokerin fərdi müştəriyə və ya müştəri qrupuna dair konsentrasiya risk limiti (maliyyə institutları istisna olmaqla) onun məcmu kapitalının 25%-dən çox ola bilməz;
19.5. Broker maliyyə institutlarına dair konsentrasiya risk limitini onun məcmu kapitalının 100%-i keçməmək şərti ilə özü müəyyən edir;
19.6. 0% kredit risk çəkisi daşıyan hökumətlərə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı mövqelər konsentrasiya riski üzrə kapital tələbinin hesablanmasından azad olunur.
19.7. Limitdən artıq risk 10 gün və ya daha az davam etdikdə, konsentrasiya riski üzrə əlavə kapital tələbi spesifik risklər və ya hesablaşma və kontragent riskləri üzrə kapital tələbinin 200%-i məbləğində müəyyən edilir.
19.8. Limitdən artıq risk 10 gündən çox davam etdikdə, broker konsentrasiya riski üzrə əlavə kapital tələbini sözügedən əqdlər üzrə spesifik risk və/ya kontragent/hesablaşma riski üzrə kapital tələbinin cəmini Cədvələ (Əlavə № 7) uyğun olaraq hesablayır.”
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il) ilə ləğv edolmişdir.