AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.08.2014
QEYDİYYAT NÖMRƏSİ
275
ADI
“İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-08-2014, Nəşr nömrəsi: 175), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2014, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1009)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.08.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201408130275
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.08.2014
“İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında

“İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 90-IVQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 20 aprel tarixli 423 nömrəli Fərmanının 1.4-cü bəndinin və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 13 avqust 2014-cü il

    № 275

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir;

1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir;

1.2.3. sifarişçi - su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı;

1.2.4. tikinti obyekti - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğu;

1.2.5. yaşayış binası - daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulan yaşayış sahələrindən ibarət və ümumi istifadə sahələrinə birbaşa giriş imkanı olan çoxmənzilli tikili;

1.2.6. yaşayış evi - otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev;

1.2.7. tikinti obyektlərinin STTSAS-a qoşulması (texnoloji qoşulma) - texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən STTSAS-a qoşulma nöqtəsinədək yeni STTSAS-ın layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı qurğularının STTSAS-a fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət;

1.2.8. balans mənsubiyyəti sərhədi - STKM ilə sifarişçi arasında STTSAS-ın balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.9. istismar məsuliyyəti sərhədi - STKM və sifarişçi arasında su təchizatı və kanalizasiya qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.10. balans mənsubiyyəti sərhədi aktı - STKM və sifarişçi arasında balans mənsubiyyəti sərhədini müəyyənləşdirən sənəd;

1.2.11. tərəflərin istismar məsuliyyəti aktı - STKM və sifarişçi arasında su təchizatı və kanalizasiya qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən sənəd;

1.2.12. qoşulma aktı - sifarişçinin tikinti obyektlərinin STKM-in STTSAS-a qoşulmasını təsdiq edən sənəd;

1.2.13. qoşulma nöqtəsi - bu Qaydaların tələblərinə uyğun olaraq, STTSAS-a fiziki qoşulma yeri.

1.3. Bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. Texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. Texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər bütün hallarda əsaslandırılmalıdır.

1.4. Bu Qaydalar qüvvəyə minənədək STTSAS-a normativ sənədlərin tələblərinə uyğun olaraq qoşulmuş (suölçən cihaz quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir.

1.5. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin STTSAS-a qoşulma hüququ vardır.

1.6. Texniki şərtlərin verilməsi ilə əlaqədar heç bir ayrı-seçkiliyə yol verilə bilməz, bu Qaydalarda nəzərdə tutulmadığı hallarda sifarişçinin tikinti obyektlərinin və su təchizatı qurğularının STTSAS-a qoşulması üçün texniki şərtlər verməkdən imtina edilə bilməz.

1.7. Texniki şərtlərin verilməsi üçün haqq ödənilmir.

1.8. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.

1.9. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçilər üçün tikinti layihələrinin mühəndis-kommunikasiya təminatı bölməsində layihələndirmə ilə bağlı STKM tərəfindən əlavə tədbirlər (ehtiyat su anbarının, nasos stansiyasının, müəssisələr üçün yaranan tullantı sularının yol verilən həddə qədər təmizlənməsi üçün lokal təmizləyici qurğuların layihələndirilməsi) müəyyən edilir.

1.10. STKM özünün STTSAS-nı ərazi planlaşdırma sənədlərinə uyğunlaşdırmaq məqsədi ilə gücləndirməyə (genişləndirməyə) borcludur. Tikintiyə icazə verən orqan (qurum) ərazi planlaşdırma sənədlərində nəzərə alınan mühəndis-kommunikasiya sistemləri, bununla bağlı abadlıq, yenidənqurma və tikinti-quraşdırma işləri barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edir. [2]

 

2. Texniki şərtlərin hazırlanması və verilməsi

 

2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

2.2. Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar STKM tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.

2.3. STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

2.4. Sifarişçinin tələblərinə əsasən suyun ümumi buraxılış həcminin artırılması və STTSAS-a qoşulma nöqtələrinin dəyişdirilməsi halları istisna olmaqla, digər hallarda yeni texniki şərtlərin alınması tələb olunmur.

2.5. STKM tərəfindən STTSAS-da edilən dəyişikliklərə görə istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir.

2.6. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir. [3]

2.7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilir. [4]

2.8. Tikintiyə icazə verən orqan (qurum) bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsinin qəbulunu, STKM, tikintiyə icazə verən orqanın (qurumun) sorğusunun və bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsinin qəbulunu elektron qaydada, bu mümkün olmadığı təqdirdə isə poçt rabitəsi vasitəsilə və ya birbaşa həyata keçirirlər. Tikintiyə icazə verən orqan (qurum) və STKM müvafiq olaraq sifarişçinin ərizəsini və tikintiyə icazə verən orqanın (qurumun) sorğusunu qəbul etməkdən imtina edə bilməzlər.

2.9. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin tikintiyə icazə verən orqana (quruma) təqdim etdiyi ərizədə aşağıdakılar göstərilməlidir:

2.9.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər - həmçinin VÖEN-i) barədə məlumatlar, tikinti obyektinin təyinatı və fəaliyyət növü;

2.9.2. tikinti ərazisinin vəziyyət planı, obyektin tikintisinə dair layihənin surətləri, binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə məlumatlar.

2.10. Bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.10.1. fiziki şəxsin - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar;

2.10.2. sifarişçinin STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı;

2.10.3. tələb olunan su sərfiyyatı və tullantı sularının miqdarı (həcmi).

2.11. Texniki şərtlərin verilməsi ilə əlaqədar bu Qaydalarda nəzərdə tutulmayan məlumatlar və sənədlər sifarişçidən tələb edilə bilməz.

2.12. STKM texniki şərtlər almaq üçün təqdim edilmiş tikintiyə icazə verən orqanın (qurumun) sorğusunu və ya sifarişçinin ərizəsini qəbul etdiyi gündə xüsusi kitabda (və elektron bazada) qeydiyyata alır və 1 (bir) iş günündən gec olmayaraq ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış və ya məlumatı müraciət edənə verir.

2.13. Bu Qaydaların 2.20-ci bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin daxil olduğu gündən sonra 10 (on) iş günü müddətində STKM texniki şərtlərin verilməsini təmin etməlidir. Texniki şərtlər verildiyi gündən 2 (iki) il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir.

2.14. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar olduqda, bu barədə STKM tərəfindən tikintiyə icazə verən orqana (quruma) və ya sifarişçiyə 3 (üç) iş günündən gec olmayaraq yazılı məlumat verilir. Bu halda Qaydaların 2.13-cü bəndində göstərilən müddətin axımı dayandırılır. Tikintiyə icazə verən orqan (qurum) və sifarişçi tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin müddətin axımı dayandırıldığı yerdən davam edir. Sifarişçi çatışmazlıq və uyğunsuzluqlar barədə məlumatı aldıqdan sonra 1 (bir) ay müddətində onun tərəfindən lazımi sənədlərin təqdim edilməməsi bu Qaydaların 2.20-ci bəndinə uyğun olaraq texniki şərtlərin verilməsindən imtina üçün əsasdır.

2.15. Texniki şərtlər hazırlanarkən STKM tərəfindən müvafiq ərazidə su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mövcudluğu araşdırılır. Araşdırma nəticəsində belə şəbəkə və qurğular aşkar edildikdə texniki şərtlərdə onların mühafizəsi və ya başqa yerə köçürülməsi barədə müvafiq tələblər irəli sürülür.

2.16. Texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduqda, iki nüsxədə texniki şərtlər tərtib olunur, STKM-in səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilir və texniki şərtlərin bir nüsxəsi müvafiq olaraq tikintiyə icazə verən orqana (quruma) və ya sifarişçiyə rəsmi qaydada təqdim edilir. Tikintiyə icazə verən orqan (qurum) ona ərizə ilə müraciət etmiş sifarişçini bu barədə dərhal rəsmi qaydada məlumatlandırmaqla texniki şərtləri ona təqdim edir.

2.17. Texniki şərtlər bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq birtipli formada tərtib edilir.

2.18. Texniki şərtlərdə aşağıdakılar göstərilir:

2.18.1. STTSAS-a qoşulma yeri;

2.18.2. qoşulmaya aid layihə sənədlərinin razılaşdırılması üzrə tələblər;

2.18.3. qoşulmanın icrasına dair texniki tələblər;

2.18.4. suölçən cihazlara və digər suölçən qovşaqlara (siyirtmələr, süzgəc və s. avadanlıqla təchiz edilmiş kamera) dair texniki tələblər;

2.18.5. texniki şərtlərin qüvvədə olma müddəti.

2.19. Qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır:

2.19.1. çoxmənzilli yaşayış binasında olan mənzillər üçün pilləkən qəfəsində;

2.19.2. tullantı suları üçün tikinti layihəsində müəyyən edilmiş yerlərdə;

2.19.3. yaşayış binasının daxilində yerləşən qeyri-yaşayış sahələri üçün yaşayış binasının girişində;

2.19.4. fərdi yaşayış evləri və ayrılıqda yerləşən qeyri-yaşayış obyektləri üçün paylayıcı şəbəkələrdən fərdi qaydada veriləcək birləşmə nöqtələrində.

2.20. Texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir:

2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması);

2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) - içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması;

2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi;

2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi;

2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması.

2.21. Tikintiyə icazə verən orqan (qurum) sifarişçinin ərizəsinə əsasən sorğu ilə, bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçi isə ərizə ilə STKM-ə təkrar müraciət etmək hüququna malikdir. [5]

2.22. Sifarişçi və ya tikintiyə icazə verən orqan (qurum) verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.

2.23. Tikinti obyektləri inşa edilərkən texniki şərtlərdən kənara çıxma zərurəti yarandıqda, sifarişçi bilavasitə öz ərizəsi və ya tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında texniki şərtləri vermiş STKM ilə həmin dəyişikliyi razılaşdırmalıdır. Bu zaman STKM ərizə və ya sorğu daxil olduğu gündən 10 (on) iş günü müddətində texniki şərtlərdə edilmiş dəyişikliklərə rəsmi münasibətini bildirməlidir. Bu müddətdə cavab verilmədikdə, layihə razılaşdırılmış hesab edilir.

2.24. Texniki şərtlər haqqında sənədi itirmiş sifarişçinin ərizəsinə əsasən STKM əvvəllər verilmiş sənədin dublikatını 3 (üç) iş günü müddətində ona ödənişsiz qaydada təqdim etməlidir.

2.25. Texniki şərtlərin müddəaları yerinə yetirilənədək obyektin tikintisinin başa çatdırılması məqsədi ilə STKM sifarişçini razılaşdırılmış tələbat həddində su təchizatı və tullantı sularının axıdılması xidməti ilə müvəqqəti texniki şərtlər əsasında təmin etməlidir.

2.26. Bu Qaydaların texniki şərtləri üçün nəzərdə tutulmuş müddəaları müvəqqəti texniki şərtlərin verilməsinə də şamil edilir.

2.27. Tikinti obyektlərinin inşası üçün quraşdırılmış müvəqqəti su təchizatı və tullantı sularının axıdılması xəttinə digər sifarişçinin (istehlakçının) qoşulmasına yol verilmir.

2.28. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddəti tikintiyə icazə (obyektin layihələndirilməsi və tikilib başa çatdırılması) üçün müəyyən olunmuş müddətdən az olmamalıdır.

2.29. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddətində STKM ilə sifarişçi (istehlakçı) arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində (bu texniki cəhətdən mümkün olduqda) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq suölçən cihaz quraşdırılır. Tipi təsdiq edilməmiş, standartlara cavab verməyən sayğacların və digər ölçmə vasitələrinin quraşdırılmasına yol verilmir. [6]

2.30. Suölçən cihazın balans mənsubiyyəti sərhədində quraşdırılması texniki cəhətdən mümkün olmadıqda STKM-in və ya sifarişçinin (istehlakçının) təşəbbüsü ilə qarşılıqlı razılıq əsasında əvəzsiz olaraq və ya əvəzi ödənildikdə sifarişçinin (istehlakçının) balansında olan suölçən cihazla qoşulma nöqtəsi arasındakı hissə STKM-in balansına verilməlidir.

 

3. STTSAS-a qoşulma

 

3.1. Sifarişçinin STTSAS-a qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində STKM tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. bu Qaydaların 2.6-cı bəndində göstərilən sifarişçiyə münasibətdə - sifarişçinin vəsaiti hesabına (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilir);

3.1.2. bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sifarişçiyə münasibətdə - STKM-in vəsaiti hesabına.

3.2. Yaşayış binalarının STTSAS-a qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin STTSAS-a qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur.

3.3. STTSAS-a qoşulmaya dair tədbirlər aşağıdakı mərhələlərdə ardıcıllıqla yerinə yetirilir:

3.3.1. texniki şərtlər əsasında qoşulma işlərinin (qoşulma ilə bağlı layihənin hazırlanması və razılaşdırılması da daxil olmaqla) həyata keçirilməsi;

3.3.2. yeni su kəmərləri və qurğularının zərərsizləşdirilməsi və yuyulması;

3.3.3. sifarişçi ilə STKM arasında balans mənsubiyyəti sərhədi, istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması.

3.4. Tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdəlikləri aşağıdakı kimi müəyyən edilir:

3.4.1. sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi;

3.4.2. STKM-in öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi.

3.5. Yeni su kəmərləri və qurğularının zərərsizləşdirilməsi və yuyulması STKM-in nümayəndəsinin iştirakı ilə müvafiq olaraq sifarişçinin vəsaiti hesabına (bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulan halda) və ya STKM-in vəsaiti hesabına (bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan halda) yuyulma işini yerinə yetirən icraçı (su kəməri və qurğularını inşa edən podratçı) tərəfindən həyata keçirilir.

3.6. Zərərsizləşdirilmə və yuyulmaya dair STKM-in və yuyulma işini yerinə yetirən icraçının nümayəndələri tərəfindən akt tərtib edilir. Akt onu tərtib edən şəxslərin, habelə dövlət sanitariya nəzarəti orqanlarının nümayəndələri tərəfindən imzalanır. İçməli su təchizatı sisteminə qoşulan zərərsizləşdirilmiş, yuyulmuş yeni su kəmərləri və qurğularından sanitar-epidemioloji sahədə qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada laboratoriya müayinəsinə götürülmüş içməli suyun kimyəvi və bakterioloji göstəricilərinin dövlət standartlarının tələblərinə cavab verməsi barədə müvafiq dövlət sanitariya-epidemioloji xidmət müəssisəsi tərəfindən xüsusi akt tərtib edilir. [7]

3.7. Sifarişçi ilə STKM arasında qoşulma aktı bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən birtipli formada iki nüsxədə tərtib edilir. Nüsxələrin biri sifarişçidə, digəri isə STKM-də qalır.

3.8. Qoşulma aktının ayrılmaz hissələri olan balans mənsubiyyəti sərhədi aktı və istismar məsuliyyəti aktı müvafiq olaraq bu Qaydaların 3 və 4 nömrəli əlavələrində nəzərdə tutulan birtipli formada hər biri iki nüsxədə tərtib edilirlər. Nüsxələrin biri sifarişçidə, digəri isə STKM-də qalır. Qoşulma aktı yalnız bu aktların hər ikisi imzalandıqdan sonra imzalanır.

3.9. Qoşulma aktı, balans mənsubiyyəti sərhədi aktı və istismar məsuliyyəti aktı imzalandıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada sifarişçi ilə STKM arasında suyun alqı-satqı müqaviləsi bağlanılır və sifarişçiyə (istehlakçıya) su verilir.

3.10. Hər hansı şəxsin STTSAS-a qanunsuz (özbaşına) qoşulmasına və ya bu Qaydaya uyğun mövcud qoşulmanın hər hansı texniki parametrinin STKM ilə razılaşdırmadan dəyişdirməsinə yol verilmir.

3.11. STTSAS-a qanunsuz (özbaşına) qoşulma STKM tərəfindən dərhal ləğv edilir.

3.12. STTSAS-a qanunsuz (özbaşına) qoşulma qanunda nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

 


 

 

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"na

1 nömrəli əlavə

 

 

 

Təsdiq edirəm:

STKM-in məsul nümayəndəsi______________________

 

 

(soyadı, adı, atasının adı)

 

İmza________________________________________

 

         M.Y

 

 

İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün

 

T E X N İ K İ  Ş Ə R T L Ə R

 

 

 

№ __________

“______” _______________ 20 ___il

Müraciət edən _______________________________________________________________________

                             (hüquqi şəxs olduqda - adı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar)

 

Müraciət edənin ünvanı_________________________________________________________

Əlaqə telefonları________________________________________________________________

Obyektin adı___________________________________________________________________

Obyektin ünvanı________________________________________________________________

Müraciət sənədinin nömrəsi və tarixi                 _____________________________________

Müraciət sənədinin daxilolma nömrəsi və tarixi ____________________________________

 

Tələb olunan su sərfiyyatı                         ___________________________________

 

İcazə verilən su sərfiyyatı                          ___________________________________

 

Texniki şərtlərin qüvvədə olma müddəti “_____” “_______________” _______ il

1. Obyektin su və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri:

1.1. İstehlakçının supaylayıcı və kanalizasiya şəbəkələrinə qoşulma nöqtəsi (qoşulma sxemi əlavə olunur) ___________________________________________________________________

________________________________________________________________________________

 

1.2. Qoşulma nöqtəsində suyun təzyiqi

                                                yuxarı həddi _____________________________

                                                aşağı həddi ______________________________

1.3. Nəzarət-ölçü cihazlarına və suölçən qovşaqlarına verilən xüsusi tələblər ________________

1.4. Qoşulma nöqtəsindən obyektə çəkiləcək su və kanalizasiya xətlərinə aid tələblər__________

1.5. Su təchizatı və kanalizasiya qurğularının inşasına qoyulan tələblər______________________

2. Su təchizatı və kanalizasiya sistemlərinin layihəsi "Tikinti Norma və Qaydaları"na əsasən işlənməlidir.

3. Hazırkı texniki şərtlər ____________________________________ xarakter daşıyır.

                                                            (daimi və ya müvəqqəti)

 

4. Layihə sənədləri xüsusi icazəsi (lisenziyası) olan layihə təşkilatı tərəfindən hazırlanmalıdır.

5. Su təchizatı və kanalizasiya sisteminin layihə sənədləri STKM ilə razılaşdırılmalıdır.

6. Su sayğacı və su qurğuları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sertifikatlaşdırılmalı və onların siyahısı təsdiq olunaraq, dövlət reyestrinə daxil edilməlidir.

 

STKM-in nümayəndəsi _______________   ___________________________________

                                                     (imza)                             (soyadı, adı, atasının adı)

 

 

 


 

 

“İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na

2 nömrəli əlavə

 

 

Su təchizatı və kanalizasiya sisteminə qoşulma

AKTI

 

“____” _______________ 20_____ il

 

______________şəhəri (rayonu)

 

 

Biz, aşağıda imza edənlər:

1. Su təchizatı və kanalizasiya müəssisəsinin nümayəndəsi_________________________________

____________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

2. Sifarişçi (və ya nümayəndəsi) ________________________________________________________

____________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 3. Tikinti təşkilatının nümayəndəsi _____________________________________________________

                                                               (vəzifəsi, soyadı, adı, atasının adı)

____________________________________________________________________________________

____________________________________________________________________________________

(tikinti obyektinin yerləşdiyi ünvan)

 

ünvanında yerləşən tikinti obyektinin su təchizatı və kanalizasiya qurğularının texniki sənədlərinə baxdıq və su xətlərinə baxış keçirdik. Su xətləri və qurğularının layihəyə və tikinti normalarına uyğun tikildiyi və su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.

Layihə sənədi №_______________    ___________________tarixində verilmişdir.

Tikinti obyektinin su xətləri ______________ tarixində ______________ nömrəli aktla istismara qəbul olunmuşdur.

Bunları nəzərə alaraq, tikinti obyektinin su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verildi.

Qoşulma başa çatdırıldı ____________________                   __________________

                                                       (tarix)                                                   (saat)

İmzalar:

____________________            _______________________________

                                                              (soyadı, adı, atasının adı)

____________________            _______________________________

                                                              (soyadı, adı, atasının adı)

____________________            _______________________________

                                                              (soyadı, adı, atasının adı)

 

M.Y.

 

 


 

 

“İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na

3 nömrəli əlavə

 

 

Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədi barədə

 

AKT

 

“____” _______________ 20_____ il

 

______________şəhəri (rayonu)

 

 

Biz, aşağıda imza edənlər: _____________________________________________________________

                                           (su təchizatı və kanalizasiya müəssisəsi adından)

____________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində və __________________________________________________________________________

____________________________________________________müəssisəsi (və ya istehlakçı) adından

____________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

şəxsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması sisteminin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:

 

(su təchizatı və tullantı sularının axıdılması sisteminin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

 

İmzalar:

 

_______________________________            _______________________________

_______________________________            _______________________________

              (soyadı, adı, atasının adı)                                   (soyadı, adı, atasının adı)

 

          M.Y.                                                       M.Y.

 

 


 

 

“İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na

4 nömrəli əlavə

 

 

Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin istismar mənsubiyyəti sərhədi barədə

 

AKT

 

“____” _______________ 20_____ il

 

______________şəhəri (rayonu)

 

 

Biz, aşağıda imza edənlər:

____________________________________________________________________________________

(su təchizatı və kanalizasiya müəssisəsi adından)

____________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində və __________________________________________________________________________

____________________________________________________müəssisəsi (və ya istehlakçı) adından

____________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

şəxsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması sisteminin istismar mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:

____________________________________________________________________________________

(su təchizatı və tullantı sularının axıdılması sisteminin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

 

İmzalar:

 

_______________________________            _______________________________

_______________________________            _______________________________

             (soyadı, adı, atasının adı)                                    (soyadı, adı, atasının adı)

 

          M.Y.                                                       M.Y.

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 yanvar 2016-cı il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 fevral 2016-cı il, № 26; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 362)

2.       30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

3.       29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813)

4.       21 fevral 2022-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2022-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 172)

5.       26 fevral 2022-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 185)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə ikinci abzas 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

 

[2] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 1.10-cu bəndin ikinci cümləsində “Müvafiq yerli icra hakimiyyəti orqanı (bundan sonra – MYİHO)” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda 2.6-cı bəndin birinci (hər iki halda), 2.8-ci bəndin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 2.9-cu və 2.12-ci bəndlərdə, 2.14-cü və 2.16-cı bəndlərin birinci cümlələrində, 2.22-ci bənddə və 2.23-cü bəndin birinci cümləsində ismin müvafiq hallarında “MYİHO” akronimi ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 yanvar 2016-cı il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 fevral 2016-cı il, № 26; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 362) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.7-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.7. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilir.

 

[5] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda 2.6-cı bəndin ikinci, 2.8-ci bəndin birinci (birinci halda) və ikinci (birinci halda), 2.14-cü bəndin üçüncü, 2.16-cı bəndin ikinci cümlələrində və 2.21-ci bənddə ismin müvafiq hallarında “MYİHO” akronimi ismin müvafiq hallarında “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.29-cu bəndinin birinci cümləsində və həmin Qaydalara 1 nömrəli əlavədə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

26 fevral 2022-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 185) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.29-cu bəndinin birinci cümləsində və həmin Qaydaların 1 nömrəli əlavəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 fevral 2022-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2022-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 172) ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 3.6-cı bəndinin üçüncü cümləsində sanitar-epidemioloji xidməti qurumu sözləri sanitariya-epidemioloji xidmət müəssisəsi sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status