AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.08.2014
QEYDİYYAT NÖMRƏSİ
292
ADI
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-08-2014, Nəşr nömrəsi: 185), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2014, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1024)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.08.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201408260292
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.08.2014
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 avqust 2014-cü il

       № 292

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 26 avqust tarixli 292 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun (bundan sonra - Qanun) 45.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və qeyri-hökumət təşkilatları (bundan sonra - QHT) tərəfindən mədəniyyət sahəsində Qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

1.2. QHT-nin mədəniyyət sahəsində layihələri Qanunun 21-ci maddəsində göstərilən təşkilati tədbirlər vasitəsilə həyata keçirilir.

1.3. Dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən həyata keçirilən mədəniyyət tədbirləri Qanunun 4-cü maddəsi ilə müəyyən edilən mədəniyyət sahəsində dövlət siyasətinin prinsiplərinə uyğun olmalıdır.

1.4. Dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik) ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir. [1]

 

2. Nazirlik tərəfindən müəyyən edilən tədbirlər

 

2.1. Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyən edilir. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 (üç) iş günü müddətində Nazirliyin rəsmi elektron saytında dərc edilir. [2]

2.2. Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim edirlər:

2.2.1. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.2.2. tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

2.2.3. tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

2.2.4. tədbirin keçiriləcəyi yer və tarix;

2.2.5. tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

2.2.6. tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

2.3. Ərizələr Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və təqdim edilmiş sənədlərin düzgünlüyünün və tamlığının yoxlanılması üçün müvafiq şöbəyə təqdim edilir.

2.4. Sənədlərdə çatışmazlıqlar aşkar etdikdə, 5 (beş) gün müddətində bu barədə QHT-lərə məlumat verilir. QHT-lər göstərilən çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin qəbulu üçün müəyyən olunmuş müddətdə onları yenidən təqdim edə bilərlər.

2.5. Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır.

2.6. Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın 3 üzvü mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-lər tərəfindən irəli sürülmüş namizədlər, digər 6 üzvü isə Nazirlik tərəfindən irəli sürülmüş namizədlər sırasından Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən təyin edilir.

2.7. Komissiyanın üzvlüyünə namizədlər ali təhsilli, mədəniyyət sahəsində nüfuza və yüksək mənəvi dəyərlərə malik olan şəxslər olmalıdırlar.

2.8. Komissiyanın hər bir üzvü onun iclaslarında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, bu barədə Komissiyanı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir. Belə əsaslar olduqda, Komissiyanın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.

2.9. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır, qərarları sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Komissiya öz iş qaydasını müəyyən edir.

2.9-1. Komissiya bu qaydanın 2.1-ci bəndində göstərilən qaydaya uyğun olaraq, müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə məlumatları rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təqdim edir. [3]

2.10. Komissiya QHT-lərin təkliflərini 15 (on beş) gün müddətində qiymətləndirərək mədəniyyət sahəsi üzrə qalibləri və ikinci yer tutanları müəyyən edir. Komissiya təklifləri qiymətləndirərkən ilk növbədə ən aşağı maliyyə tutumu olan və müsabiqə şərtlərində müəyyən olunan tələblərə cavab verən təkliflərə üstünlük verir.

2.11. Müsabiqə qaliblərinin siyahısı Nazirliyin rəsmi elektron saytında dərc edilir və onlara müqavilələrin bağlanılması üçün 5 (beş) gün müddətində yazılı dəvət göndərilir.

2.12. Müsabiqənin qalibi müqaviləni 5 (beş) iş günü müddətində imzalamadıqda və ya imzalamaqdan imtina etdikdə, ikinci yeri tutan iştirakçı ilə müqavilə bağlanılır.

 

3. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlər

 

3.1. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək bu Qaydanın 2.2.1-2.2.6-cı yarımbəndlərində göstərilən müvafiq sənədlərlə birgə Nazirliyə təqdim edilir.

3.2. Ərizələrin qəbulu və aşkar edilən çatışmazlıqların aradan qaldırılması bu Qaydanın 2.3-2.4-cü bəndlərinə müvafiq olaraq həyata keçirilir.

3.3. Qəbul edilən ərizələr barədə məlumat onların qəbul edildiyi tarixdən etibarən 1 gün sonra Nazirliyin rəsmi elektron saytında dərc edilir.

3.4. QHT-lərin təklifləri Komissiya tərəfindən ərizələrin qəbulu müddəti başa çatandan sonra 15 gün müddətində qiymətləndirilir. Qiymətləndirmə aparılarkən QHT-lərin bu sahədə təcrübəsi, təqdim edilən layihənin ictimai əhəmiyyəti, təkrarolunmazlığı, müvafiq mədəniyyət sahəsinin inkişafının təmin edilməsi, cəmiyyətin həssas üzvlərinin (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlilliyi olan şəxslər tənha ahıl vətəndaşlar və s.) həmin tədbirdə iştirakı meyarları əsas götürülür, habelə onun maliyyə tutumu nəzərə alınır. [4]

3.5. Komissiya QHT-nin təklifini müsbət qiymətləndirdikdə, onun maliyyə təminatı ilə bağlı xərclərin növbəti ilin dövlət büdcəsi layihəsində proqnozlaşdırılması barədə qərar qəbul edir. Həmin qərar bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

3.6. Komissiyanın qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.

 

4. Maliyyələşdirmə və nəzarət

 

4.1. Növbəti ildə QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi barədə Nazirliyin təklifi cari ilin iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir.

4.2. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçiriləcək tədbirlərlə bağlı xərclər hər il dövlət büdcəsində Nazirliyin mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

4.3. QHT-lər tərəfindən mədəniyyət sahəsində tədbirlərin keçirilməsi üçün ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsinə Nazirlik nəzarət edir.

4.4. QHT-nin mədəniyyət sahəsində keçirdiyi tədbirlər, o cümlədən ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi barədə müsabiqə şərtlərində müəyyən edilmiş forma və qaydada Nazirliyə hesabat təqdim edilir.

4.5. QHT-lər tərəfindən mədəniyyət sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər baş tutmadıqda və ya onların keçirilməsi üçün ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadıqda və ya ayrılmış vəsaitə qənaət edildikdə, bu vəsait təxirəsalınmadan Nazirliyə qaytarılır.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 fevral 2016-cı il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 598)

2.       7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)

3.       14 mart 2019-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 527)

4.       26 oktyabr 2020-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1308)

5.       13 sentyabr 2021-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1064)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 oktyabr 2020-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1308) ilə “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 1.4-cü bəndindən “və Turizm” sözləri, 2.6-cı bəndinin ikinci cümləsindən “və turizm” sözləri çıxarılmışdır.

 

[2] 22 fevral 2016-cı il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 598) ilə “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci bəndin birinci cümləsinə “tərəfindən” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra - Şura) ilə razılaşdırıldıqdan sonra” sözləri əlavə edilmişdir.

14 mart 2019-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 527) ilə “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilmişdir.

13 sentyabr 2021-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1064) ilə “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura)” sözləri və 2.9-1-ci bənddə “Şuraya” sözü “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 fevral 2016-cı il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 mart 2016-cı il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 598) ilə “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na yeni məzmunda 2.9-1-ci bənd əlavə edilmişdir.

 

[4] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517) ilə “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3.4-cü bəndinin ikinci cümləsində “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar,” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status