“Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə
AZƏRBAYCAN RESPUBLiKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının xarici ölkələrlə çoxsahəli əlaqələrinin genişlənməsini və həmin əlaqələrin konsulluq təminatının səmərəliliyinin gücləndirilməsi, vətəndaşların və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasının lazımi səviyyədə həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1-ci bəndində göstərilən Əsasnamənin tətbiq edilməsi ilə əlaqədar lazımi tədbirləri həyata keçirsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 1997-ci il
№ 575
|
Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 21 aprel tarixli, 575 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında
ƏSASNAMƏ
I fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun fəaliyyətinin təşkili
1.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu istər Azərbaycan Respublikasının vətəndaşı və ya istərsə də xarici dövlətin vətəndaşı ola bilər.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə müəyyən ictimai vəzifə tutan, lazımi şəxsi keyfiyyətlərə malik olan və ona həvalə olunmuş konsulluq funksiyalarını lazımınca yerinə yetirə bilən şəxs təyin olunur.
1.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının dövlət qulluğunda deyildir.
1.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq dairəsində Azərbaycan Respublikasının, onun hüquqi şəxslərinin və vətəndaşlarının hüquq və mənafelərini müdafiə edir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətlə dostluq münasibətlərinin inkişafına, iqtisadi, ticarət, elmi-texniki, mədəniyyət, turizm və idman sahələrində əlaqələrin genişlənməsinə, Azərbaycan Respublikasının iştirakı ilə təşkilatların və şirkətlərin yaradılmasına və fəaliyyət göstərməsinə yardım edir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu konsulluq dairəsində yerləşən qəbul edən dövlətin hakimiyyət orqanlarına öz konsulluq fəaliyyətinə dair məsələlər barədə müraciət edə bilər.
1.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu bu Əsasnamədə nəzərdə tutulan funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin göstərişi ilə bu Əsasnamədə nəzərdə tutulmayan, Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunvericiliyinə zidd olmayan bəzi digər funksiyaları da yerinə yetirə bilər.
1.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz funksiyalarını yerinə yetirərkən, Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının və qəbul edən dövlətin iştirak etdiyi beynəlxalq müqavilələri və eləcə də beynəlxalq adətləri, bu Əsasnaməni rəhbər tutur.
1.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tabe olub Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğunun, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir.
1.7. Ştatdankənar (fəxri) konsulun dəftərxanasının və iqamətgahının yeri, onun dərəcəsi və konsulluq dairəsi qəbul edən dövlətlə razılaşdırılmaqla müəyyənləşdirilir.
1.8. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikasının Dövlət gerbini və Azərbaycan dilində ştatdankənar (fəxri) konsulun adını əks etdirən möhürü vardır.
1.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun yerləşdiyi binaya Azərbaycan dilində və qəbul edən dövlətin dilində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş lövhə vurmaq hüququ vardır.
1.10. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun öz iqamətgahı da daxil olmaqla, yerləşdiyi binada və eləcə də öz funksiyalarının icrası ilə bağlı digər hallarda öz nəqliyyat vasitələrində Azərbaycan Respublikasının Dövlət bayrağını qaldırmaq hüququ vardır.
1.11. 1.9-cu və 1.10-cu bəndlərdə göstərilən hüquqlar həyata keçirilərkən, Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunları, digər qaydaları və adətləri nəzərə alınmalıdır.
1.12. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulları aşağıdakı dərəcələrə ayrılırlar:
a) ştatdankənar (fəxri) baş konsul;
b) ştatdankənar (fəxri) konsul;
v) ştatdankənar (fəxri) vitse-konsul;
q) ştatdankənar (fəxri) konsulluq agenti.
II fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun təyin edilməsi və onun fəaliyyətinə xitam verilməsi qaydaları
2.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin və konsulluğunun təklifi ilə həmin dövlətin müvafiq hakimiyyət orqanlarının razılığı ilə (təyin olunarkən) Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun təyin edilməsi və fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələlərin qəbul edən dövlətlə razılaşdırılması diplomatik kanallarla həyata keçirilir.
2.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə təyin edilərkən, tam ad və familiyasını, vətəndaşlığını, konsulluq dərəcəsini, vəzifələrini icra edəcəyi konsulluq dairəsini, ştatdankənar (fəxri) konsulun olduğu yeri, onun səlahiyyətlərini təsdiq edən şəhadətnamə alır.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun şəhədətnaməsi Azərbaycan Respublikasının xarici işlər naziri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır.
2.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu qəbul edən dövlətin razılığını (ekzekvaturasını) aldıqdan sonra öz funksiyalarının icrasına başlayır.
Ekzekvaturanın və ya onu əvəz edən sənədin Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna verildiyi tarix və onun öz vəzifəsinə başladığı tarix haqqında Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə ştatdankənar (fəxri) konsul tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilir.
2.4. Əgər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu hər hansı bir səbəbdən öz funksiyalarını müvəqqəti olaraq yerinə yetirə bilmirsə, onun vəzifələri qəbul edən dövlətin razılığı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən başqa konsulluq dairəsində fəaliyyət göstərən digər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna həvalə edilə bilər.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq dairəsində müvəqqəti olmayacağı bütün hallarda bu barədə əvvəlcədən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyini və ya konsulluğunu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini xəbərdar edir.
2.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz funksiyalarına aşağıdakı hallarda xitam verir:
a) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun başçısı, və ya Azərbaycan Respubiikasının xarici işlər naziri tərəfindən qəbul edən dövlətin hakimiyyət orqanlarına ştatdankənar (fəxri) konsulun səlahiyyətlərinə xitam verilməsi barədə məlumat verildikdə;
b) ekzekvatura ləğv edildikdə ;
v) qəbul edən dövlətin müvafiq hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qəbul edən dövlətin həmin şəxsi artıq Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu kimi tanımadığı bildirildikdə;
q) Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulun funksiyalarına onun Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə əsaslandırılmış şəkildə göndərdiyi şəxsi vəsatəti əsasında da xitam verilə bilər.
2.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə təyin olunmuş şəxs ona həvalə edilmiş konsulluq funksiyalarını qüsursuz yerinə yetirəcəyi və əmək haqqı, digər mükafat tələb etməyəcəyi barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə yazılı şəkildə öhdəlik təqdim edir.
2.7. Vəzifəyə təyin edilərkən və ya vəzifədən azad edilərkən Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu gerbli möhürü, ştampları, kassanı, konsulluq rüsumları markalarını, arxivi və başqa konsulluq rekvizitini Azərbaycan Respublikasının qəbul edən dövlətdəki nümayəndəliyindən və ya konsulluğundan akt əsasında qəbul edir və ya ona təhvil verir.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun başçısı, və ya Azərbaycan Respublikasının xarici işlər naziri qəbul edən dövlətin hakimiyyət orqanlarına Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulun funksiyalarına xitam verilməsini bildirir.
III fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu funksiyalarının yerinə yetirilməsi qaydaları
3.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu ona həvalə olunmuş funksiyaları şəxsən yerinə yetirir.
3.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının və xarici ölkələrin konsulluq dairəsindən kənarda yerləşən idarə və təşkilatları ilə, habelə bu dairədən kənarda ayrı-ayrı şəxslərlə yalnız rəhbərliyi altında fəaliyyət göstərdiyi Azərbaycan Respublikası diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə əlaqə saxlaya bilər. Qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadığı halda həmin əlaqələr Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla saxlanılır.
3.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qüvvədə olan təlimatlarına uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun köməyi ilə kargüzarlığı və konsulluq arxivinin saxlanmasını təşkil edir, onun mühafizəsini və təhlükəsizliyini təmin edir.
3.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunu qeydiyyat jurnalları, ştamplar və s. lazımi konsulluq rekviziti (ləvazimatları) ilə onun fəaliyyətinə bilavasitə rəhbərlik edən Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu təmin edir.
3.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu kommersiya və öz peşə fəaliyyəti ilə məşğul ola bilər.
3.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu ildə bir dəfədən az olmayaraq öz konsulluq dairəsinin ərazisini gəzməlidir.
3.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun hərəkətləri barədə şikayətlərə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tabeçilik qaydasında baxır.
IV fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikasının hüquqi şəxslərinə və vətəndaşlarına münasibətinin əsasları
4.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onun fəaliyyətinə rəhbərlik edən Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin və ya konsulluğunun, və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin köməyi ilə Azərbaycan Respublikasının onun konsulluq dairəsində olan hüquqi şəxslərinə və vətəndaşlarına qəbul edən dövlətin qanunvericiliyi əsasında verilən, Azərbaycan Respublikası ilə həmin dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə nəzərdə tutulan və eləcə də beynəlxalq adətlərdən irəli gələn bütün hüquqlardan onların tam həcmdə istifadə etmələri üçün tədbirlər görür və həmvətənlərə lazımi yardım göstərir.
4.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu konsulluq dairəsində olan Azərbaycan Respublikası hüquqi şəxslərinin və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün müvafiq tədbirlər görür.
4.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq dairəsinin ərazisində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparır, onlara lazımi konsulluq yardımı göstərir.
[1]
4.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu konsulluq dairəsinin ərazisində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına qəbul edən dövlətin qanun və qərarları, adət və ənənələri barədə məlumat verir.
4.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının vətəndaşları və həmvətənlər üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə yardım edir.
4.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, qəbul edən dövlətin idarələrində onları təmsil etmək hüququ vardır. Bu təmsilçilik təmsil edilənlər öz vəkillərini təyin edənədək və ya hüquq və mənafelərinin müdafiəsini öz üzərlərinə götürənədək davam edir.
V fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikası vətəndaşlarının himayəçilik, qəyyumluq və əmlak məsələləri ilə əlaqədar funksiyaları
5.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına çatmamış, valideynlərin himayəsindən məhrum olmuş Azərbaycan Respublikası vətəndaşlarının və habelə yetkinlik yaşında olan, səhhətinə görə öz hüquqlarını həyata keçirə bilməyən və öz vəzifələrini yerinə yetirə bilməyən Azərbaycan Respublikası vətəndaşlarının himayəçiliyə və qəyyumluğa götürülməsi üçün tədbirlər görür.
5.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının vətəndaşı öldükdə, bu barədə təxirəsalınmadan Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verir və onunla razılaşdırmaqla, Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra qalmış əmlakın mühafizəsi üçün və ya əgər qalmış əmlak tamamilə, yaxud qismən xarab olmağa başlamışsa, yaxud da saxlanması çox baha başa gəlirsə, onun satılması üçün tədbirlər görür. Satışdan əldə edilmiş pul aidiyyəti üzrə göndərilməlidir.
5.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra saxlamaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan pulu, qiymətli əşyaları, sənədli qiymətli kağızları və sənədləri qəbul edə bilər.
[2]
5.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası dövlətinə, hüquqi şəxslərinə və vətəndaşlarına hədiyyə olunan pulun, qiymətli əşyaların və əmlakın keçirilməsini rəsmiləşdirməkdə, xarici ölkələrin vətəndaşlarına və təşkilatlarına yardım edə bilər.
VI fəsil. Azərbaycan Respublikasının itkin düşmüş, tutulub saxlanılan, həbsdə olan, başqa şəkildə azadlıqdan məhrum edilən və ya cəza çəkən vətəndaşları ilə əlaqədar Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun funksiyaları
6.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onun konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan itkin düşmüş Azərbaycan Respublikası vətəndaşının axtarışına yardım edilməsi üçün qəbul edən dövlətin səlahiyyətli hakimiyyət orqanlarına müraciət edə bilər.
6.2. Azərbaycan Respublikasının vətəndaşı tutulub saxlanıldıqda, həbs və ya başqa formada azadlıqdan məhrum edildikdə, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verir və onların göstərişlərinə uyğun olaraq hərəkət edir.
6.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla həbsdə olan və ya şübhəli şəxs kimi tutulub saxlanılan, yaxud Azərbaycan Respublikası vətəndaşının azadlığını məhdudlaşdıran başqa tədbirlərə məruz qalan, yaxud da azadlıqdan məhrum edilməklə cəza çəkən, habelə başqa inzibati və ya məhkəmə tədbirlərinə məruz qalan Azərbaycan Respublikasının vətəndaşı barəsində yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə həmin dövlət arasındakı müqavilələrə əməl olunmasına nəzarət edir.
Qanun pozuntusu müəyyən edildikdə o, bu barədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verir.
VII fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun pasport-viza sənədləri, sənədlərin tələb edilməsi və notariat məsələləri ilə əlaqədar funksiyaları
7.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının vətəndaşlarının pasportlarının vaxtını artıra və bu pasportlarda dəyişikliklər edə bilər.
7.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasından sənədlərin tələb edilməsi üçün ərizələri və vəsatətləri qəbul edib onları baxılmaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərir, onların tapşırığı ilə Azərbaycan Respublikasında yerləşən təşkilatların və fiziki şəxslərin vəsatəti əsasında məhəlli xarakterli sənədlərin tələb edilməsi ilə bağlı məsələlərlə məşğul olur.
7.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı notariat əməliyyatlarını həyata keçirə bilər:
a) vəsiyyətnamələrin təsdiqi;
b) miras qalmış əmlakın qorunması üçün tədbirlərin görülməsi;
v) sənədlərin surətlərinin və onlardan çıxarışların düzgünlüyünün təsdiq edilməsi;
q) sənəddəki imzanın həqiqiliyinin təsdiq edilməsi;
d) bir dildən başqa dilə olunmuş tərcümənin düzgünlüyünün təsdiq edilməsi;
e) vətəndaşın sağ olması faktını və ya vətəndaşın müəyyən yerdə olmasının təsdiq edilməsi;
c) sənədlərin təqdim edilmə vaxtının təsdiq edilməsi;
z) dəniz protestlərinin verilməsi.
7.4. Notariat əməliyyatları Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun dəftərxanasında yerinə yetirilir. Lazımi hallarda bu işlər dəftərxanadan kənarda da görülə bilər.
7.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu apardığı notariat əməliyyatlarının sirrini saxlamalıdır.
7.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu notariat əməliyyatlarını yerinə yetirərkən, «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
7.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu tərəfindən görülmüş notariat əməliyyatları haqqında arayışlar və sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən verilir.
7.8. Notariat qaydasında təsdiq edilən ərizələr və digər sənədlər ştatdankənar (fəxri) konsulun yanında imzalanır. Əgər ərizə və ya digər sənəd Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun yanında imzalanmayıbsa, imza edən, imzanın ona məxsus olduğunu şəxsən təsdiq etməlidir.
Notariat əməliyyatlarını aparan Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələrini onlara izah etməli, aparılan notariat əməliyyatlarının nəticələri haqqında xəbərdarlıq etməlidir ki, hüquqi məlumatsızlıqdan və bu kimi başqa hallardan onların zərərinə istifadə olunmasın.
7.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz adına və öz adından, arvadının (ərinin) adına və ya arvadının (ərinin) adından, qohumlarının adına və ya qohumlarının adından notariat əməliyyatları görə bilməz.
7.10. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan, məzmun etibarilə Azərbaycan Respublikasının mənafeyinə və onun vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirə bilən notariat əməliyyatlarını aparmaqdan imtina edir.
Notariat əməliyyatlarının aparılmasından imtina edilməsi səbəbləri haqqında əlaqədar şəxslərə onların xahişi ilə məlumat verilir və bu barədə şikayət verilməsi qaydaları izah edilir.
7.11. Əgər Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xeyrinə vərəsəlik açıldığı Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna məlum olarsa, o, bu vərəsəliyə dair və ehtimal olunan vərəsələr haqqında ona bəlli olan bütün məlumatı dərhal Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərir.
7.12. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun notariat və digər kargüzarlığı Azərbaycan dilində (və ya beynəlxalq münasibətlərdə ümumiliklə qəbul edilmiş dildə) və ya qəbul edən dövlətin dilində aparılır.
VIII fəsil. Konsulluq rüsumları və konsulluq funksiyalarının yerinə yetirilməsi ilə bağlı faktiki xərclərin ödənilməsi
8.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu görülən konsulluq əməliyyatları müqabilində Azərbaycan Respublikasının konsulluq rüsumları tarifinə uyğun olaraq, yerləşdiyi dövlətin valyutası ilə konsulluq rüsumu tutur.
Konsulluq rüsumları Azərbaycan Respublikasının büdcəsinə keçirilir.
8.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə razılaşdırmaqla, özünün yerinə yetirdiyi konsulluq əməliyyatlarının aparılması ilə bağlı faktiki xərclərin ödənilməsi üçün haqq almalıdır. Alınan pul vəsaiti ştatdankənar (fəxri) konsulun sərəncamına daxil olur.
8.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu tutduğu konsulluq rüsumları barədə tabe olduğu diplomatik nümayəndəliyə və ya konsulluğa, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hesabat verir.
8.4. Ərizələrində göstərilən səbəblər üzürlü sayılarsa, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna ayrı-ayrı şəxslərdən konsulluq rüsumlarının azaldılması və ya heç tutulmaması hüququ verilir.
8.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu aşağıdakı hallarda konsulluq rüsumu tutmur:
a) konsulluq rüsumlarının qarşılıqlı surətdə tutulmaması haqqında Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi beynəlxalq müqavilə olduqda;
b) Azərbaycan Respublikasının vətəndaşlarının vətənə qaytarılmasına aid işlərdə;
v) vətəndaşların əmək stajına, sosial təminatına, aliment işlərinə aid sənədlər leqallaşdırıldıqda və ya tələb edildikdə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
IX fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikasının dəniz və hava gəmiləri ilə əlaqədar funksiyaları
9.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə qarşılıqlı əlaqədə qəbul edən dövlətin müvafiq hava və dəniz limanlarında, ərazi və daxili sularında və ya öz konsulluq dairəsinin hüdudlarındakı digər məntəqələrində qəbul edən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrə, yerli adətlərə uyğun olaraq, Azərbaycan Respublikasının dəniz və hava gəmilərinə köməklik və konsulluq yardımı göstərir, onlara tam həcmdə hüquq və immunitetlər verilməsinə nəzarət edir.
9.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu məntəqənin sanitariya vəziyyəti, limanın və hava limanının qaydaları, gəmi komandiri, kapitanı və ya heyət üzvləri tərəfindən icrası məcburi sayılan liman qaydaları, yerli qanunlar və adətlər haqqında, habelə gəmi kapitanına və ya komandirinə yerli hakimiyyət orqanları ilə əlaqəyə girmək üçün zəruri olan məlumat verir.
9.3. O, Azərbaycan Respublikasından gələn Azərbaycan Respublikası gəmisinə baş çəkə, zəruri olduqda isə qəbul edən dövlətin vəzifəli şəxslərinin yanına gedərkən gəmi kapitanını (komandirləri) müşayiət edə bilər.
9.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının gəmi kapitanlarına və komandirlərinə Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə əlaqə yaradılmasında yardım edir. O, dəniz və ya hava gəmilərinin qəbul edən dövlətin dəniz və ya hava limanlarına gəldiyini kapitanın, yaxud komandirin ona bildirməsinə nəzarət edir və bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verir.
9.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının gəmi kapitanından gəminin üzmə vəziyyəti ilə bağlı məlumat alır.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun tapşırığı ilə ştatdankənar (fəxri) konsul gəmi heyətindəki dəyişikliklərin qeydiyyatını apara bilər.
9.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun:
a) Azərbaycan Respublikasının dəniz və ya hava gəmisinin dəniz və ya hava limanına daxil olmasına, dayanmasına və limandan çıxmasına yardım etmək;
b) gəminin kapitanı və ya komandiri ilə gəmi heyəti üzvləri, qəbul edən dövlətin liman və digər yerli təşkilatları, şirkətləri, polis, gömrük və s. idarələri arasında yaranmış mübahisəli məsələlərin həll edilməsinə kömək etmək;
v) gəmi heyətinin istirahəti üçün mədəni və idman tədbirlərinin təşkilinə və həyata keçirilməsinə yardım etmək;
q) Azərbaycan Respublikası gəmiləri ilə əlaqədar deklarasiyaları və digər sənədləri qəbul etmək və bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna məlumat vermək hüququ vardır.
9.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu lazım gəldikdə və Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, dəniz və hava gəmilərinin şəxsi heyəti üzvlərinin, sərnişinlərin müalicəsini və Azərbaycan Respublikasına göndərilməsini təşkil edir.
Gəmi heyəti üzvləri və ya Azərbaycan Respublikasının vətəndaşı olan sərnişin öldükdə, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra mərhumun cəsədinin, sənədlərinin və şəxsi əşyalarının Azərbaycan Respublikasına göndərilməsi üçün tədbirlər görür.
9.8. Azərbaycan Respublikasının gəmisinin batdığı, qəzaya uğradığı halda, ştatdankənar (fəxri) konsul Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu barədə dərhal məlumat verib, sərnişinlərin, heyət üzvlərinin, gəminin və yükün xilas edilməsi üçün ondan asılı olan bütün tədbirləri görməlidir.
O, zərərçəkənlərə tibbi yardım göstərilməsini təşkil etməkdə, adamların Azərbaycan Respublikasına göndərilməsində, dəniz protesti aktının və digər sənədlərin hazırlanmasında gəmi kapitanına və ya komandirinə lazımi kömək göstərir.
9.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun dəniz və hava gəmiləri kapitanı və ya komandirinin xahişinə əsasən gəminin gəlməsi və getməsi, kapitanın və ya komandirin ştatdankənar (fəxri) konsulun dəftərxanasına gəldiyi gün, sərnişinlərin sayı və habelə yükün sayı, növü və çatacağı yeri göstərən şəhadətnamə vermək hüququ vardır.
9.10. Əgər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunda olan məlumata əsasən gəminin hər hansı limana daxil olması təhlükəli, yaxud qeyri-mümkün olduqda, o bu barədə gəminin kapitanını və ya komandirini xəbərdar etməlidir.
X fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun avtomobil, dəmiryolu nəqliyyat vasitələri ilə əlaqədar funksiyaları
10.1. Avtomobil, dəmir yolu nəqliyyat vasitələrinə konsulluq funksiyalarını yerinə yetirərkən, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu bu Əsasnamənin III hissəsinin müddəalarını rəhbər tutur.
XI fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun sanitariya mühafizəsi ilə əlaqədar funksiyaları
11.1. Karantin və başqa yoluxucu, xüsusilə tropik, QİÇS və bəzi digər yoluxucu xəstəliklərin əvvəllər bu xəstəliklərdən azad olan ərazilərdə meydana çıxdığı zaman Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu xəstəliyin yayıldığı rayonu, yoluxma hallarının sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal bu barədə məlumat verir.
11.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasına gəlmək icazəsi almış şəxslərə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən, peyvənd olunduğu barədə beynəlxalq sertifikatın və digər müvafiq sənədlərin təqdim edilməsi zərurətini bildirir.
XII fəsil. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun fitosanitariya və baytarlıq mühafizəsi ilə əlaqədar funksiyaları
12.1. Kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ziyanvericilər meydana çıxdığı zaman, habelə mal-qara və quşların kütləvi xəstələndikləri hallarda, yaxud insan və heyvanlar üçün ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu barədə dərhal məlumat verir.
12.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasına gəlmək icazəsi almış şəxslərə Azərbaycan Respublikasına daxil olarkən, aparılan xammal, heyvanlar, heyvan mənşəli ərzaqlar barədə baytarlıq sertifikatının təqdim edilməsi zərurətini bildirir, toxumların, bitkilərin, təzə meyvə və tərəvəzlərin gətirilməsi qaydaları haqqında məlumat verir.
XIII fəsil. Konsulluq korrespondensiyasının qorunub saxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun funksiyaları və hesabatı
13.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun istifadəsində olan şeylər — Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi, konsulluq sipəri, rəsmi möhürü və ştampı, habelə konsulluq arxivi Azərbaycan Respublikasının mülkiyyətidir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onların qorunub saxlanması və toxunulmazlığını təmin etmək üçün tədbirlər görür və bunun üçün şəxsi məsuliyyət daşıyır.
13.2. Konsulluq korrespondensiyaları, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun xidməti fəaliyyətinə aid olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ona verilmiş rəsmi kitablar və nəşrlər Azərbaycan Respublikasının mülkiyyətidir.
Azərbaycan Respublikası ştatdankənar (fəxri) konsulunun korrespondensiyası Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin və ya konsulluğunun, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi razılığı olmadan çap oluna və ya üçüncü şəxslərə verilə bilməz.
13.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər il yanvar ayının 31-dək özünün ötən ilki konsulluq fəaliyyəti barədə hesabat verməlidir.
İllik hesabatda, xüsusilə konsulluq dairəsində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasının iştirakı ilə yaradılmış təşkilat və şirkətlər, konsulluq dairəsinə gələn dəniz və hava gəmiləri heyəti ilə əlaqədar Azərbaycan Respublikası ştatdankənar (fəxri) konsulunun fəaliyyəti, görülmüş konsulluq əməliyyatları, qəbul edən dövlətin konsulluq fəaliyyətinə dair yeni qanunvericilik aktları barədə və habelə konsulluq dairəsinin ticarət iqtisadi və mədəni həyatında baş vermiş hadisələr haqqında məlumatlar verilir.
13.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ötən il ərzində konsulluq əməliyyatları və xidmətlərinə görə alınmış konsulluq rüsumlarının məbləği, konsulluq əməliyyatlarını həyata keçirərkən, faktiki xərclər daxil olmaqla, konsulluq funksiyalarının icrası ilə əlaqədar xərclər barədə maliyyə hesabatı təqdim edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 11 sentyabr 2014-cü il tarixli 265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1045)
- 21 yanvar 2023-cü il tarixli 1987 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 75)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 sentyabr 2014-cü il tarixli 265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1045) ilə “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnamə”nin 4.3-cü bəndində “qeydiyyatını” sözü “uçotunu” sözü ilə əvəz edilmişdir.
[2]
21 yanvar 2023-cü il tarixli 1987 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 75) ilə “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnamə”nin 5.3-cü bəndinə “əşyaları,” sözündən sonra “sənədli” sözü əlavə edilmişdir.