Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, mikro, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir;
[1]
1.2. sənaye məhəllələrinin yaradılması haqqında qərarı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir;
[2]
1.3. sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) həyata keçirir;
[3]
1.4. sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) həvalə edilir.
[4]
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti) sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.
[5]
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
4.1. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər;
4.2. bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2014-cü il
№ 288
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
2.
21 may 2019-cu il tarixli 705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 857)
- 13 sentyabr 2019-cu il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 sentyabr 2019-cu il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1490)
- 22 yanvar 2021-ci il tarixli 1256 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 yanvar 2021-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 26)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 may 2019-cu il tarixli 705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 857) ilə preambulasının ikinci hissəsinin ikinci cümləsinə və 1.1-ci bəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilmişdir.
[2]
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1.2-ci və 1.3-cü bəndlərdən, 3-cü və 4-cü hissələrdən “və Sənaye” sözləri çıxarılmışdır.
[3]
13 sentyabr 2019-cu il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 sentyabr 2019-cu il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1490) ilə 1.3-cü bəndə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[4]
13 sentyabr 2019-cu il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 sentyabr 2019-cu il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1490) ilə 1.4-cü bəndə “Açıq Səhmdar Cəmiyyətinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
22 yanvar 2021-ci il tarixli 1256 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 yanvar 2021-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 26) ilə 1.4-cü bənddə “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilmişdir.
[5]
13 sentyabr 2019-cu il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 sentyabr 2019-cu il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1490) ilə 3-cü hissəyə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti)” sözləri əlavə edilmişdir.