AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
17.11.2014
QEYDİYYAT NÖMRƏSİ
7
ADI
Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.11.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201411170007
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.11.2014
Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

17.11.2014

Qeydiyyat nömrəsi

7

Adı

Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.11.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.120.180

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201411170007

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.11.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.5-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).

2. Hüquqi münasibətlər şöbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

energetika naziri

 

 

Natiq Əliyev

 

 

 

Azərbaycan Respublikasının Energetika Nazirliyinin Kollegiyasının 2014-cü il 17 noyabr tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Əlavə 1

 

 

Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin (bundan sonra - İdarə) yerli bölmələri (bundan sonra - yerli bölmə), Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq inzibati ərazi vahidləri üzrə dövlət qaz nəzarətini həyata keçirən yerli qurumudur və əsas vəzifəsi qaz təchizatında (istehsalı, emalı, saxlanması, nəqli, paylanması, mayeləşdirilməsi və istifadəsi), satışında, sənaye və məişət qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və digər obyektlərinin layihələndirilməsində və yenidən qurulmasında (bundan sonra - müvafiq sahədə) qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinə, həmçinin Azərbaycan Respublikasının qanunlarının, qazdan istifadə qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

1.2. Yerli bölmə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) əmr, sərəncam və qərarlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi”nin Əsasnaməsini, əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Yerli bölmə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Yerli bölmələr üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin, Dövlət Qaz Nəzarəti idarəsinin və özünün adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Yerli bölmənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Yerli bölmənin fəaliyyət istiqamətləri

 

2.1 Yerli bölmənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən qazdan səmərəli istifadənin və etibarlı istismarın təmin edilməsinə nəzarət edir;

2.1.2. müvafiq sahədə Azərbaycan Respublikası qanunlarının, qazdan istifadə qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət edir və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görür;

2.1.3. tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadə üzrə ekspertizasını həyata keçirir;

2.1.4. qaz təchizatı subyektləri ilə istehlakçılar arasında yaranan mübahisəli məsələləri araşdırır və müvafiq tədbirlər görür.

 

3. Yerli bölmənin vəzifələri

 

3.1. Yerli bölmə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Yerli bölmə müvafiq sahədə aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

3.1.1.1. müvafiq sahədə normativ hüquqi aktların, o cümlədən qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl edilməsinə;

3.1.1.2. müvafiq sahənin qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və qaz paylayıcı şəbəkələrin layihələndirilməsinə və yenidən qurulmasına texniki şərtlərin verilməsi, tikintisi, təmiri, sazlanması və istismara qəbulu üzrə tələblərə əməl edilməsinə;

3.1.1.3. qaz təchizatının və satışının qaz qurğularında, avadanlıqlarında, kəmərlərində və qaz paylayıcı şəbəkələrdə baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlıqların sıradan çıxması hallarının qeydiyyatının aparılmasına, araşdırılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

3.1.1.4. qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) müəyyən edilmiş dövlət standartlarına uyğunluğuna, həmçinin qazın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə; [2]

3.1.1.5. qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun aparılmasına;

3.1.1.6. müəssisə və təşkilatlarda qazdan istifadə üzrə müəyyən edilmiş istehlak limitlərinə əməl edilməsinə;

3.1.1.7. istehlak olunan qaza görə hesablaşmaların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları vasitəsilə aparılmasına;

3.1.1.8. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən qaza qənaət üzrə qəbul edilmiş tələblərə, qaz itkilərinə, texnoloji sərf və daxili istehlak limitlərinə əməl olunmasına və azaldılmasına yönələn təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə;

3.1.1.9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu və qazdan istifadə qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada istehlakçılara qazın verilməsinin dayandırmasına;

3.1.1.10. qaza olan tələbatın tam ödənilməsini təmin etmək üçün təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

3.1.2. müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması üzrə işçi komissiyalarının işində iştirak edir;

3.1.4. sənaye qaz qurğusu olan istehlakçıların qaza olan tələbatında dəyişiklik baş verməsi ilə əlaqədar qaz sayğacının dəyişdirilməsinə zərurət yarandığı hallarda, qaz sayğacının dəyişdirilməsində iştirak edir; [3]

3.1.5. qaz təchizatını həyata keçirən müəssisələr tərəfindən qaz istehlakı barədə təqdim olunan hesabatlar əsasında təhlillər aparır və nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

3.1.6. elektrik və istilik enerjisinin istehsalında, həmçinin sənaye qaz qurğuları olan istehlakçılar tərəfindən istehsal edilən məhsula, göstərilən xidmətə və görülən işə sərf edilən qazın miqdarı barədə hesabatları alır, təhlil edir və nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür; [4]

3.1.7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamalar aparır;

3.1.8. qaz təchizatı və satışı obyektlərinin qurğularında, avadanlıqlarında, kəmərlərində baş vermiş qəza, yanğın və qaz sızması ilə bağlı olan hadisələrin araşdırılmasını həyata keçirən komissiyalarda iştirak edir;

3.1.9. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.1.10. bu Əsasnamə ilə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını İdarəyə təqdim edir.

 

4. Yerli bölmənin hüquqları

 

4.1. Yerli bölmə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahəyə dair qanunvericilik normalarına riayət edilməsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinin yerinə yetirilməsinə (qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi hissəsində) dövlət nəzarətini həyata keçirmək;

4.1.2. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq qaz təchizatı obyektlərinə, eləcədə qazlaşdırılmış obyektlərə müvafiq bildiriş göndərilməklə, daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqəni təqdim etməklə daxil olmaq;

4.1.3. səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müvafiq sahədə fəaliyyət göstərən subyektlərə (hüquqi, vəzifəli və fiziki şəxslərə):

4.1.3.1. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər vermək;

4.1.3.2. qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatları, məlumatları almaq;

4.1.3.3. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı və qaz təchizatı sahəsində texnoloji itkilərin və sərfin azaldılması barədə hesabatları almaq;

4.1.3.4. inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat vermək;

4.1.4. İnzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinə aid olan inzibati xətalar haqqında işlər üzrə icraat başlamaq və işlərə baxmaq;

4.1.5. qaz qurğularının istifadəsi nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən etdikdə, qaz qurğularının istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlər görmək, o cümlədən işin hallarından asılı olaraq inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq;

4.1.6. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər almaq;

4.1.7. qaz təchizatı və satışı subyektləri tərəfindən qaz qurğularında, avadanlıqlarında, kəmərlərində müvafiq sahəyə aid normativ hüquqi aktların, o cümlədən qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl olunmadığı hallarda müvafiq materialları tədbir görülməsi üçün İdarə ilə razılaşdırmaqla aidiyyəti dövlət orqanlarına təqdim etmək;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.9. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmədə iddiaçı, cavabdeh və üçüncü şəxs qismində iştirak etmək;

 

5. Yerli bölmənin fəaliyyətinin təşkili

 

5.1. Yerli bölmə İdarəyə tabedir.

5.2. Yerli bölmənin adı, strukturu, ştat cədvəli, həmçinin dövlət qaz nəzarətinin həyata keçirildiyi inzibati ərazi vahidlərinin dairəsi Azərbaycan Respublikasının Energetika Naziri (bundan sonra - Nazir) tərəfindən müəyyən edilir.

5.3. Yerli bölməyə Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. Yerli bölmənin rəisi yerli bölməyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Yerli bölmənin rəisinin Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini var.

5.5. Yerli bölmənin rəisinin müavini ona yerli bölmə rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.6. Yerli bölmənin inzibati vəzifə tutan dövlət qulluqçuları (rəis və rəis müavini istisna olmaqla) Nazirlə razılaşdırmaqla, yardımçı vəzifə tutan dövlət qulluqçuları isə birbaşa İdarə rəisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.

5.7. Yerli bölmənin rəisi:

5.7.1. Yerli bölmənin işini təşkil edir və ona rəhbərlik edir;

5.7.2. qanunvericiliyə uyğun olaraq əmr, sərəncam yazılı göstərişlər verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.7.3. Yerli bölmənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan göstərişlərini ləğv edir;

5.7.4. Yerli bölmənin fəaliyyəti ilə bağlı illik iş planını İdarə ilə razılaşdırmaqla təsdiq edir;

5.7.5. Yerli bölmənin icraatında olan inzibati xətalar haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır;

5.7.6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərində Yerli bölmənin işçiləri tərəfindən aparılan yoxlamaların yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olunan sənədlərə) baxılmasının nəticələri üzrə qərarlar çıxarır;

5.7.7. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.7.8. Yerli bölmənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün İdarəyə təqdimatlar verir;

5.7.9. Yerli bölməni təmsil edir.

5.8. Yerli bölmənin rəisinin müavini yerli bölmənin icraatında olan inzibati xətalar haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır.

5.9. Yerli bölmənin rəisi və onun müavini qaz nəzarəti üzrə böyük dövlət müfəttişləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi inzibati vəzifələri tutan digər əməkdaşları isə qaz nəzarəti üzrə dövlət müfəttişləridirlər.

5.10. Qaz nəzarəti üzrə böyük dövlət müfəttişləri və qaz nəzarəti üzrə dövlət müfəttişləri:

5.10.1. təsdiq edilmiş illik iş planına və müvafiq iş bölgüsünə əsasən müvafiq sahədə fəaliyyət göstərən subyektlərdə yoxlamalar aparır və nəticələrini aktla rəsmiləşdirir;

5.10.2. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər verir və onların icrasını təmin etmək üçün tədbirlər görür;

5.10.3. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər alır;

5.10.4. inzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edir;

5.10.5. bu Əsasnamədən irəli gələn və səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5.11. Yerli bölmənin vəzifəli şəxslərinin verdiyi yazılı göstərişlərə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, qaz təchizatı subyektləri (hüquqi, vəzifəli və fiziki şəxslər) tərəfindən əməl edilməlidir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       02 may 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il)

2.       5 mart 2018-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2018-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2018-ci il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2014-cü il 17 noyabr tarixli 7 nömrəli Qərarı ləğv edilmişdir.

 

[2] 02 may 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə”nin 3.1.1.4-cü abzasda “göstəricilərinin” sözündən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilmişdir.

 

[3] 02 may 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilmişdir.

 

[4] 02 may 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605020002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 may 2016-cı il) ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə”nin 3.1.6-cı yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status