"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin;
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş gömrük rüsumunun dərəcələrini müəyyən etsin;
qanunvericilik aktlarına valyuta qanunvericiliyinin pozulmasına görə hüquqi və fiziki şəxslərin, eləcə də vəzifəli şəxslərin məsuliyyət növlərini müəyyən edən əlavə və dəyişikliklərin edilməsi barədə müvafiq qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[1]
həmin Qanunun 9-cu maddəsinin 3-cü və 11-ci maddəsinin 4-cü bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[2]
həmin Qanunun 15-ci maddəsinin 3-cü bəndində "Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.
3. Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, üç ay müddətində "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddə"sinin 3-cü bəndinin ikinci abzasında, 9-cu maddəsinin 2-ci və 6-cı bəndlərində, 11-ci maddəsinin 3-cü və 7-ci bəndlərində nəzərdə tutulmuş qaydaları hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, iki ay müddətində Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla Qanunun 9-cu maddəsinin 3-cü bəndində və 11-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş məlumat formasını hazırlayıb təsdiq etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2001-ci il
№ 619
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 aprel 2008-ci il tarixli 742 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 256)
2.
4 avqust 2022-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 862)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 aprel 2008-ci il tarixli 742 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 256) ilə 2-ci bəndinin ikinci abzası çıxarılmışdır, üçüncü və dördüncü abzasları müvafiq olaraq ikinci və üçüncü abzaslar hesab edilmişdir.
[2]
4 avqust 2022-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 862) ilə 2-ci hissənin ikinci abzasında “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.