1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülsün.
2. 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tövsiyə edilsin:
[1]
3.1. 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər;
3.2. istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar.
3-1. Müəyyən edilsin ki, hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ödənilir.
[2]
4. Müəyyən edilsin ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi bu qərarın 3-cü hissəsində göstərilən dövlət orqanları üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
[3]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 dekabr 2014-cü il
№ 399
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2.
26 may 2017-ci il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1008)
3.
18 oktyabr 2017-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1917)
4.
11 dekabr 2017-ci il tarixli 549 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2497)
5.
25 avqust 2022-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1019)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 3-cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə,” sözləri ilə əvəz edilmişdir.
11 dekabr 2017-ci il tarixli 549 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2497) ilə 3-cü hissəyə “tapşırılsın” sözündən sonra “, Azərbaycan Respublikasının Ali Məhkəməsinə” sözləri əlavə edilmişdir.
25 avqust 2022-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1019) ilə 3-cü hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.
[2]
11 dekabr 2017-ci il tarixli 549 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2497) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.
[3]
26 may 2017-ci il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1008) ilə 4-cü hissəsinə “vəsaitlər hesabına” sözlərindən sonra “yalnız nağdsız qaydada” sözləri əlavə edilmişdir.
18 oktyabr 2017-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1917) ilə 4-cü hissəsində “yalnız nağdsız qaydada” sözləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.