AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.10.1999
QEYDİYYAT NÖMRƏSİ
731-IQ
ADI
"Birgə kino istehsalı haqqında" Avropa Konvensiyasına qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1999, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 615)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Birgə kino istehsalı haqqında" Avropa Konvensiyasına qoşulmaq barədə

"Birgə kino istehsalı haqqında" Avropa Konvensiyasına qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası "Birgə kino istehsalatı haqqında" 1992-ci il 2 oktyabr tarixli avropa Konvensiyasına qoşulsun.

2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 28 oktyabr 1999-cu il
                      № 731-IQ

 

Birgə kino istehsalı haqqında

Avropa KONVENSİYASI

 

Strasburq, 2.X.1992

 

Preambula

 

 Avropa Şurasına üzv olan dövlətlər və Mədəniyyət üzrə Avropa Konvensiyasının iştirakçısı olan digər dövlətlər aşağıda qeyd olunanlara  tərəfdar çıxaraq,

 Avropa Şurasının məqsədinin onun üzvləri arasında onların ümumi irsini təşkil edən ideal və prinsipləri qorumaq və inkişaf etdirmək  üçün güclü bir birliyə nail olmaqdan ibarət olduğunu nəzərə alaraq;

 yaradıcılıq azadlığının və ifadə etmək azadlığının bu prinsiplərin fundamental elementlərini təşkil etdiyini nəzərə alaraq;

 çoxsaylı Avropa ölkələrinin rəngarəng mədəniyyətinin inkişafının müdafiəsinin Mədəniyyət üzrə Avropa Konvensiyasının əsas  məqsədlərindən biri olduğunu nəzərə alaraq;

 rəngarəng mədəniyyətlərin yaradıcılıq və ifadə vasitəsi olan birgə kinematoqrafiya istehsalının Avropa miqyasında daha da  gücləndirilməsini nəzərə alaraq;

 kino və audio-video sahəsi üzrə Nazirlər Komitəsinin tövsiyəsini və xüsusilə də Avropada audio-video istehsalının inkişafı üzrə R (86)3  saylı Tövsiyəni əsas tutaraq bu prinsiplərin inkişaf etdirilməsini müəyyən edərək;

 yaradıcı kinematoqrafiyanın və audio-video əsərlərinin, Eurimicizin birgə istehsalının və yayılmasının müdafiəsi üzrə Avropa fondunun  yaradılmasının genişlənməkdə olan Avropa kinematoqrafiyası birgə istehsalının inkişafına yeni bir qüvvə verilməsini nəzərə çatdıraraq;

 birgə səylərin nəticəsi kimi istehsalı artırmaqla Mədəniyyət sahəsində bu məqsədə çatmaq və bütünlükdə Avropa çoxşaxəli  kinematoqrafiya birgə istehsalına uyğunlaşan qaydaları müəyyən etməyi qərara alaraq;

 ümumi qaydaların qəbul edilməsinin məhdudiyyətlərin azaldılmasına və kinematoqrafiya birgə istehsalı sahəsində Avropada  əməkdaşlığın genişləndirilməsinə gətirib çıxarmasını nəzərdə tutaraq;

 aşağıdakıları qərara almışlar:

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Konvensiyanın məqsədi

 Bu Konvensiyanın iştirakçıları aşağıdakı təminatlara uyğun surətdə Avropa kinematoqrafiya birgə istehsalının inkişafına təkan verilməsini  təmin etməyi qərara almışlar.

 

Maddə 2. Fəaliyyət dairəsi

 1. Bu Konvensiya Tərəflərin ərazisində yaranan çoxtərəfli birgə istehsal sahəsində Tərəflər arasındakı münasibətləri tənzimləyəcək.

 2. Bu Konvensiya tətbiq olunur:

 a) Konvensiyanın üç müxtəlif Tərəfi ərazisində yaradılmış, ən azı üç birgə istehsalçının iştirak etdiyi birgə istehsala; və

 b) Konvensiyanın üç müxtəlif Tərəfi ərazisində yaradılmış, ən azı üç birgə istehsalçının iştirak etdiyi birgə istehsala və bu Tərəflərin  ərazisində yaradılmayan bir və ya daha çox birgə istehsalçını əhatə edən birgə istehsal prosesinə. Konvensiyanın iştirakçısı olmayan  dövlətlərdə əsası qoyulmuş birgə istehsalçıların yardımının ümumi həcmi istehsalın ümumi dəyərinin 30%-dən artıq ola bilməz.

 Bütün hallarda bu Konvensiya yalnız o şərtlə tətbiq oluna bilər ki, birgə istehsal əsəri 3-cü maddənin 3-cü bəndində müəyyən olunan  Avropa Kinematoqrafiya əsərinin tərifinə uyğun gəlsin.

 3. Konvensiyanın Tərəfləri arasında bağlanmış ikitərəfli sazişlərin müddəaları ikitərəfli birgə istehsala tətbiq olunmaqla davam edəcəkdir.

 Çoxtərəfli birgə istehsalın həyata keçirildiyi təqdirdə, bu Konvensiyanın müddəaları, onun Tərəfləri arasındakı ikitərəfli sazişdən üstün  tutulur. İkitərəfli birgə istehsalla bağlı olan müddəalar bu Konvensiyanın müddəalarına zidd olmadıqda qüvvədə qalır.

 4. Konvensiyanın iki iştirakçısı arasındakı ikitərəfli birgə istehsal münasibətlərini tənzimləyən hər hansı sazişin olmadığı təqdirdə, əgər 20-ci  maddənin şərtlərinə uyğun olaraq Tərəflərdən biri tərəfindən qeyd-şərt edilməyibsə, Konvensiya yenə də ikitərəfli birgə istehsala müraciət  edəcəkdir.

Maddə 3. Anlayışlar

 Bu Konvensiyanın məqsəd və məramlarına uyğun olaraq:

 a) «kinematoqrafiya əsəri» termini hər hansı uzunluq və ölçüdə olan bədii film, cizgi filmi və sənədli film kimi, kinematoqrafiya əsəri  mənasını daşıyır, hər bir İştirakçı Tərəfin ərazisindəki kino sənayesinin qüvvədə olan müddəalarına uyğun gəlir və kinoteatrda nümayiş  etdirmək üçün hazırlanır;

 b) «birgə istehsalçılar» məfhumu Tərəflərin ərazisində yaradılan və birgə istehsal müqaviləsi əsasında gerçəkləşən kinematoqrafiya  istehsal şirkəti və ya istehsalçısı mənasını verəcəkdir;

 c) «Avropa kinematoqrafiya əsəri» termini elə bir kinematoqrafiya əsəri mənasını verəcəkdir ki, o, Konvensiyanın ayrılmaz tərkib  hissəsi olan II Əlavədə qeyd olunmuş şərtlərə uyğun olsun;

 d) «çoxtərəfli istehsal» yuxarıda 2-ci maddənin 2-ci bəndində müəyyən olunduğu kimi ən azı üç birgə istehsalçı tərəfindən istehsal  olunan kinematoqrafiya əsəri mənasını verəcəkdir.

 

II fəsil

Bİrgə İstehsala tətbİq olunan qaydalar

Maddə 4. Milli filmlərlə eyni hüquqa malik olma

 1. Çoxtərəfli birgə istehsal məhsulu olan və bu Konvensiyanın fəaliyyət dairəsinə daxil olan Avropa kinematoqrafiya əsərləri birgə istehsalda  iştirak edən hər bir Konvensiya Tərəfinin ərazisi daxilində qüvvədə olan qanunverici və tənzimləyici təminatlar çərçivəsində milli filmlərin  təltif olunduğu mükafatları qazanmaq hüququna malikdir.

 2. Mükafatlar həmin iştirakçının ərazisində qüvvədə olan qanunverici və tənzimləyici təminatlar vasitəsi ilə yaradılan müvafiq şərtlər və  məhdudiyyətlər çərçivəsində və Konvensiyanın təminatlarına müvafiq surətdə iştirakçı Tərəf tərəfindən onun ərazisində yaradılan hər bir  birgə istehsalçıya veriləcəkdir.

 

Maddə 5. Birgə istehsal statusunu almaq üçün şərtlər

 1. Hər hansı birgə istehsal məhsulu olan kinematoqrafiya işi birgə istehsalçıların aid olduğu Tərəflərin səlahiyyətli orqanları tərəfindən  təqdim olunmalıdır ki, bu da səlahiyyətli orqanlar arasında I Əlavədə nəzərdə tutulan prosedurlar da nəzərə alınmaqla məsləhətləşmələr  aparıldıqdan sonra həyata keçirilir. Bu Əlavə Konvensiyanın ayrılmaz tərkib hissəsini təşkil edəcəkdir.

 2. Birgə istehsal statusu almaq üçün ərizələr I Əlavədə nəzərdə tutulmuş ərizəvermə proseduruna uyğun surətdə təsdiq üçün səlahiyyətli  orqanlara təqdim olunacaqdır. Bu təsdiqləmə, bədii, maliyyə və ya texniki məsələlərlə əlaqədar ilkin öhdəliklərin yerinə yetirilməsinə imkan  olmadığı hallar istisna olmaqla, son qərar xarakteri daşıyır.

 3. Zorakılığı və ya açıq surətdə insan şərəfinin alçaldılmasını təbliğ edən açıq-aşkar pornoqrafik xüsusiyyətli layihələrə birgə istehsal statusu  tətbiq edilə bilməz.

 4. Birgə istehsalçı statusunun verdiyi üstünlüklər adekvat texniki və maliyyə təşkilatları olan və müvafiq professional səviyyəyə malik olan  birgə istehsalçılara təqdim olunacaqdır.

 5. Müqavilədə tərəf kimi çıxış edən hər bir dövlət imzalanma vaxtı və ya təsdiq etmə, qəbul etmə, bəyənilmə və ya əlavə olunma zamanı  hazırlanmış bəyannamə vasitəsi ilə 2-ci bənddə xatırladılan səlahiyyətli orqanları müəyyənləşdirir. Bu bəyannamə başqa hər vaxt dəyişdirilə  bilər.

 

Maddə 6. Birgə istehsalçıların qoyduğu məbləğlərin qarşılıqlı nisbəti

 1. Çoxtərəfli birgə istehsal zamanı birgə istehsalçı tərəfindən qoyulan məbləğin həcmi kinematoqrafiya əsərlərinin ümumi istehsal dəyərinin  10%-dən az və 70%-dən çox hissəsini təşkil edə bilməz. Minimal məbləğ 20% az olduqda maraqlı Tərəf milli istehsalın dəstəklənməsi  layihələrinin əldə olunmasına qarşı fəaliyyəti azaltmaq və ya müəyyən həddə saxlamaqla bağlı müəyyən ölçülər götürə bilər.

 2. Bu Konvensiyanın qüvvəsi iki iştirakçı dövlət arasındakı sazişə yönəldikdə 2-ci maddənin 4-cü bəndinin təminatlarına uyğun olaraq birgə  istehsalçı tərəfindən qoyulan məbləğin həcmi kinematoqrafiya əsərinin ümumi istehsal dəyərinin 20%-dən az və 80%-dən çox ola bilməz.

 

Maddə 7. Birgə istehsalçıların hüquqları

 1. Birgə istehsal müqaviləsi hər bir birgə istehsalçıya orijinal şəkillər və səs neqativlərinin şərikli sahibliyinin təminatını verməlidir. Bu  müqavilədə neqativ hər şərikin razılaşdığı yerdə saxlanılmasını və hər birinin bu yerə rahat gəlişini təmin edən müddəa nəzərdə tutulmalıdır.

 2. Birgə istehsal müqaviləsi hər bir birgə istehsalçıya, həmçinin interneqativ və ya hər hansı digər dublikasiya vasitəsinə olan hüququn  təminatını verməlidir.

 

Maddə 8. Texniki və bədii iştirak

 1. Birgə istehsalçıların hər birinin qoyduğu məbləğə effektiv texniki və bədii iştirak daxildir. Prinsipcə Tərəfləri bir-birinə bağlayan  beynəlxalq öhdəliklərə uyğun olaraq birgə istehsalçıların yaradıcı, texniki və bədii heyət, çəkiliş heyəti və xidmətə müvafiq surətdə qoyduğu  məbləğlər onların sərmayələrinə proporsional olmalıdır.

 2. İştirakçıların beynəlxalq öhdəlikləri və əsərin çəkilişində istifadə olunmuş ssenari, texniki heyət və sənətkarların tərkibini birgə istehsalatda  tərəf-müqabil olan dövlətlərin vətəndaşları təşkil etməlidir və hazır məhsul normal olaraq həmin dövlətlərdə realizə olunmalıdır.

 

Maddə 9. Maliyyə birgə istehsalı

 1. 8-ci maddənin müddəalarında və iştirakçı dövlətlərdə qüvvədə olan qanun və qaydalarda qeyd olunmuş spesifik şərtlərə və  məhdudiyyətlərə baxmayaraq, birgə istehsalçılara aşağıdakı şərtləri ödədikdə bu Konvensiyanın müddəalarına müvafiq surətdə birgə  istehsalçı statusu verilə bilər:

 a) bir və ya daha çox azhəcmli və özü də maliyyə yardımlarını birgə istehsal müqaviləsinə uyğun olaraq hər bir dövlətin payının  istehsalının ümumi dəyərinin 10%-dən az və ya 25%-dən çox olmaması şərti ilə daxil etmiş olsun;

 b) effektiv texniki və bədii yardımlar edən və ölkəsində milli əsər kimi tanınması üçün kinematoqrafiya əsərinə xüsusi şərait yarada  bilən daha çox birgə istehsalçıları daxil etmiş olsun;

 c) Avropa mənsubiyyətinin təkamülünə kömək etmiş olsun;

 d) istehsal hazır məhsulun yayılmasına dair müddəaların daxil olduğu birgə istehsal müqavilələrinin tərkib hissəsini təşkil etmiş olsun.

 2. Birgə istehsalın maliyyə aspektləri o zaman birgə istehsal statusu ala bilər ki, səlahiyyətli orqanlar hər bir ayrıca fərdi işlə bağlı öz  razılıqlarını, xüsusilə də 10-cu maddənin müddəalarını nəzərə almaqla vermiş olsunlar.

 

Maddə 10. Ümumi tarazlıq

 1. İştirakçı dövlətlərin kinematoqrafiya sahəsində qurduqları münasibətlərdəki ümumi tarazlıq həm sərmayənin ümumi həcminə, həm də  birgə istehsal prosesində iştirak edən bədii və texniki heyətə münasibətdə qorunmalıdır.

 2. Məqsədyönlü şəkildə müəyyən olunmuş müddətdə hər hansı bir iştirakçı dövlət bir və ya bir neçə iştirakçı ilə qurduğu birgə istehsal  münasibətlərində çatışmazlıq qeydə alarsa, öz mədəni mənsubiyyətini qorumaq məqsədi ilə tarazlaşdırılmış kinematoqrafiya münasibətləri  iştirakçı dövlətlər tərəfindən bərpa olunanadək müvafiq birgə istehsalın bəyənilməsi qüvvədən düşmüş hesab olunacaqdır.

 

Maddə 11. Səfər və fəaliyyət iqamətgahı

 Qüvvədə olan qanun və qaydalara və beynəlxalq öhdəliklərə müvafiq olaraq hər bir iştirakçı dövlət öz ərazisində birgə istehsalda iştirak  edən digər iştirakçı dövlətlərdən olan texniki və bədii heyətin işləməsinə icazə təqdim etdiyi kimi səfər etmək və fəaliyyət göstərmək üçün  olan iqamətgah məsələlərini həll etməlidir.

 

Maddə 12. Birgə istehsalçı dövlətlərin kreditləri

 1. Birgə istehsalçı dövlətlər birgə istehsal olunan kinematoqrafiya işlərinə kreditlər ayıracaqlar.

 2. Bu ölkələrin adları kredit sənədlərinin başlıqlarında, bütün təbliğat vasitələrində və yardım materialında və kinematoqrafiya əsəri nümayiş  etdirildikdə aydın surətdə qeyd olunmalıdır.

 

Maddə 13. İxrac

 Birgə istehsal olunmuş kinematoqrafiya əsərləri kinematoqrafiya əsərlərinin idxalını müəyyən həddə həyata keçirən ölkəyə ixrac olunduqda  və birgə istehsalçı olan iştirakçı dövlətdən biri idxal edən ölkəyə öz kinematoqrafiya əsərlərinin sərbəst daxil olması üçün hüquqa malik  deyildirsə:

 a) kinematoqrafiya əsəri normal olaraq geniş sayda iştirakçıya malik olan dövlətin payına əlavə ediləcəkdir;

 b) müxtəlif ölkələrdən bərabər iştirakı ehtiva edən kinematoqrafiya əsəri ilə əlaqədar olan hallarda isə kinematoqrafiya əsəri idxal edən  ölkəyə ən yaxşı ixrac imkanlarına malik ölkənin hesabına əlavə olunacaqdır;

 c) yuxarıda a və b bəndlərində qeyd olunan müddəalar əsasında fəaliyyət göstərməsi qeyri-mümkün olduqda kinematoqrafiya əsəri  direktoru təqdim etmiş Tərəfin hesabına daxil ediləcəkdir.

 

Maddə 14. Dillər

 Birgə istehsal statusuna müvafiq surətdə iştirakçı dövlətin səlahiyyətli orqanı onun ərazisində əsası qoyulmuş birgə istehsalçıdan  kinematoqrafiya əsərinin yekun variantını həmin Tərəfin dillərindən birində tələb edə bilər.

 

Maddə 15. Festivallar

 Birgə istehsalçılar başqa şəkildə müəyyən etmədikləri təqdirdə, birgə istehsal olunmuş kinematoqrafiya əsərini əksər birgə istehsalçıların  yaratmış olduğu Tərəf, bərabər maliyyə iştirakı zamanı isə direktoru təqdim edən Tərəf bütün festivallarda nümayiş etdirməlidir.

III fəsil

Yekun müddəaları

Maddə 16. İmzalama, təsdiq etmə, qəbul etmə, bəyənmə

 1. Bu Konvensiya öz razılıqlarını aşağıdakı öhdəlikləndirmə vasitələri ilə bildirən Avropa Şurasının üzv dövlətləri və Mədəniyyət üzrə  Avropa Konvensiyasının digər iştirakçı dövlətləri tərəfindən imza atmağa açıq olacaqlar:

 a) qeyd-şərtsiz təsdiq etmə, qəbul etmə və bəyənmə formasında imzalama; və ya

 b) sonradan təsdiq etmə, qəbul etmə və ya bəyənmə ilə nəticələnən, təsdiq etmə, qəbul etmə və bəyənmə üçün predmet olan imzalama.

 2. Təsdiqnamə, qəbul etmə və ya bəyənmə sənədi Avropa Şurasının Baş Katibliyinə saxlanmağa veriləcəkdir.

 

Maddə 17. Qüvvəyə minmə

 1. Bu Konvensiyanın Avropa Şurasının üzv dövlətlərindən ən azı dördünün daxil olduğu beş dövlətin 16-cı maddənin müddəalarına uyğun  surətdə bu Konvensiyanın öhdəliklərini qəbul etməyə razılıqlarını bildirdikləri tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci  günü qüvvəyə minir.

 2. Konvensiyanın öhdəliklərinə öz razılığını bildirən hər hansı imza atan dövlətə münasibətdə bu Konvensiya imzalama və ya  təsdiqnamənin, qəbul etmə və bəyənmə sənədlərinin saxlanmağa verildiyi tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü  qüvvəyə minir.

 

Maddə 18. Üzv olmayan dövlətlərin qoşulması

 1. Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurası Statutunun 20 d maddəsində qeyd olunduğu tərzdə əksəriyyət tərəf və Nazirlər  Komitəsində təmsil olunmaq hüququna malik müqaviləni imzalayan dövlətlərin nümayəndələrinin yekdil səsverməsi əsasında qəbul olunan  qərar vasitəsi ilə Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasının və eləcə də Avropa İqtisadi Birliyinin üzvü olmayan hər hansı  Avropa dövlətini bu Konvensiyaya qoşulmağa dəvət edə bilər.

 2. Hər hansı qoşulan dövlət və ya Avropa İqtisadi Birliyinə münasibətdə bu Konvensiya ona qoşulma haqqında sənədin Avropa Şurasının  Baş Katibliyində saxlanmağa verildiyi tarixdən 3 aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 19. Ərazi

 1. İstənilən dövlət imzalama və ya təsdiq etmə, qəbul etmə, bəyənmə və ya qoşulma sənədinin saxlanılmağa verildiyi vaxt bu Konvensiyanın  yönələcəyi ərazi və əraziləri dəqiq müəyyənləşdirə bilər.

 2. Hər hansı iştirakçı istənilən sonrakı tarixdə Avropa Şurasının Baş Katibliyinə ünvanlanmış bəyannamə ilə Konvensiyanın yönəldiyi  ərazini genişləndirə bilər. Bu əraziyə münasibətdə Konvensiya Baş katib tərəfindən belə bir bəyannamənin əldə olunduğu tarixdən 3 aylıq  müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minəcəkdir.

 3. İki əvvəlki bənddə göstərildiyi kimi hazırlanmış hər hansı bəyannamə orada müəyyən olunmuş hər hansı əraziyə münasibətdə Baş  Katibliyə ünvanlanmış bildiriş əsasında qüvvədən salına bilər.

 Qüvvədən düşmə belə bir bildirişin Baş Katiblik tərəfindən alındığı tarixdən 3 aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü  qüvvəyə minəcəkdir.

 

Maddə 20. Qeyd-şərtlər

 1. İstənilən dövlət imzalama və ya təsdiq etmə, qəbul etmə, bəyənmə və ya qoşulma vaxtı 4-cü maddənin onun bir və ya bir neçə iştirakçı  dövlətlə qurduğu ikitərəfli birgə istehsal münasibətlərinə yönəlmədiyini elan edə bilər.

 Bundan başqa, o, 9-cu maddənin 1-ci a bəndində qeyd olunandan fərqli surətdə maksimum iştirakçı payını müəyyən etmək hüququnu  özündə saxlaya bilər. Bundan başqa heç bir qeyd-şərt edilə bilməz.

 2. Yuxarıdakı bənddə qeyd olunduğu tərzdə qeyd-şərt edən istənilən iştirakçı dövlət Avropa Şurasının Baş Katibliyinə ünvanlanmış bildiriş  vasitəsi ilə həmin qeyd-şərti bütövlükdə və ya müəyyən hissədə qüvvədən sala bilər. Bu qüvvədən salma Baş Katiblik tərəfindən belə bir  notifikasiyanın əldə olunduğu tarixdən etibarən qüvvəyə minəcəkdir.

 

Maddə 21. Müqaviləyə xitam verilməsi

 Hər hansı iştirakçı dövlət istənilən vaxt Avropa Şurasının Baş Katibliyinə ünvanlanmış bildiriş vasitəsi ilə bu Konvensiyaya birtərəfli  qaydada xitam verə bilər.

 Belə bir xitam vermə bildirişi Baş Katiblik tərəfindən əldə olunduğu tarixdən altı aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü  qüvvəyə minir.

 

Maddə 22. Bildirişlər

 Avropa Şurasının Baş Katibliyi bu Konvensiyaya qoşula bilən və ya aşağıdakı şəkildə hərəkət etməyə dəvət oluna bilən Şuranın üzv  dövlətlərini, o cümlədən hər hansı digər dövlət və Avropa İqtisadi Birliyini aşağıdakılar barədə xəbərdar edə bilər:

 a) hər hansı imzalama;

 b) təsdiqnamənin, qəbul etmə, bəyənmə və ya qoşulma sənədinin saxlanmağa verilməsi;

 c) 17, 18 və 19-cu maddələrə müvafiq olaraq Konvensiyanın qüvvəyə minməsinin hər hansı tarixi;

 d) 5-ci maddənin 5-ci bəndinə müvafiq surətdə hazırlanmış hər hansı bəyannamə;

 e) 21-ci maddəyə müvafiq surətdə elan olunan xitam vermə;

 f) Bu Konvensiya ilə əlaqədar olan bildiriş və ya məlumatlandırma formasında hər hansı digər akt.

 Təsdiqləmək məqsədi ilə aşağıda imza atanlar bu Konvensiyanı səlahiyyətli olaraq imzalamışlar.

 Strasburqda, 2 oktyabr 1992-ci ildə ingilis və fransız dillərində, hər iki mətni eyni qüvvəyə malik olan bir nüsxədə imzalanmışdır, həmin  nüsxə saxlanılmaq üçün Avropa Şurasının arxivinə təhvil verilir. Avropa Şurasının Baş Katibliyi 16-cı maddənin 1-ci bəndində qeyd olunan  dövlətləri, o cümlədən hər hansı digər dövləti və Avropa İqtisadi Birliyini, bu Konvensiyaya qoşulmağa dəvət oluna bilən qurumlar kimi  nəzərdə tutaraq, təsdiq olunmuş nüsxələri onlara təqdim etməlidir.

 

Əlavə 1

 

 Ərizə vermə proseduru

 

 Bu Konvensiyanın təminatlarından faydalanmaq üçün iştirakçı dövlətlərdə yaranmış birgə istehsalçılar fəaliyyətə başlamazdan 2 ay əvvəl  birgə istehsal almaq üçün ərizəni təqdim etməli və aşağıda siyahısı verilmiş sənədləri daxil etməlidir. Bu sənədlər səlahiyyətli orqanlara onlara  müvafiq sayda çatdırılmalıdır ki, fəaliyyətə başlamazdan ən azı 1 ay əvvəl digər Tərəflərin müvafiq orqanlarına da təqdim edilməsi mümkün  olsun:

 müəlliflik hüququnun alınması haqqında müqavilənin və ya əsərin kommersiya məqsədli istismarı üçün müəlliflik hüququnun alınması  haqqında hər hansı digər sübutedici sənədin surəti;  təfsilatlı ssenari;  cəlb olunmuş ölkələrin hər biri tərəfindən texniki və bədii yaradıcıların siyahısı;  dəqiq hesablanmış və təfsilatlı maliyyə planı;  kinematoqrafiya əsərinin istehsal cədvəli;  birgə istehsalçılar arasında bağlanmış birgə istehsal müqaviləsi, bu müqavilə ölkələr arasında ərazi məsələləri və məhsulun yayılmasını  nizamlayan bəndləri əhatə etməlidir.

 Ərizə və digər sənədlər mümkünsə təqdim olunan səlahiyyətli orqanların mənsub olduğu dildə verilməlidir.

 Səlahiyyətli milli orqanlar digərlərinə ərizə və daxil olmuş digər sənədlər alındıqca göndərilməlidir. Kiçik həcmdə maliyyə vəsaiti ilə iştirakçı  olan dövlətin səlahiyyətli orqanı yalnız böyük həcmli maliyyə vəsaiti ilə iştirakçı olan dövlətin səlahiyyətli orqanı öz münasibətini  bildirdikdən sonra bəyənməyə dair münasibətini müəyyənləşdirə bilər.

 

Əlavə 2

 

 1. Kinematoqrafiya işi aşağıda göstərilmiş Avropa elementlərinin cədvəlinə uyğun olaraq mümkün ümumi 19 əlamətdən ən azı 15-ni  ödədikdə 3-cü maddənin 3-cü bəndinin məğzinə əsasən Avropa əsəri kimi qiymətləndirilir.

 2. Ssenarinin tələblərinə cavab verdikdə səlahiyyətli orqanlar birgə məsləhətləşdikdən və əsərin Avropa mənsubiyyətini əks etdirdiyi  qənaətinə gəldikdən sonra tələb olunan 15 normal əlamətdən az əlamətə malik olduqda, belə əsərə birgə istehsal statusu verə bilərlər.

 

Avropa elementləri                                                       Əlamətlər

 

Yaradıcı qrup

Direktor                                                                           3

Ssenari müəllifi                                                               3

Bəstəkar                                                                           1

                                                                                         7

 

İştirakçı qrup

1-ci rol                                                                             3

2-ci rol                                                                             2

3-cü rol                                                                            1

                                                                                         6

 

Texniki sənətkar qrupu

Kameraçı                                                                         1

Səsyazan                                                                         1

Rejissor                                                                            1

İncəsənət direktoru                                                         1

Studiya və kino çəkilişi ərazisi                                       1

Son istehsal ərazisi                                                          1

                                                                                         6

 N.B

 a) 1-ci, 2-ci və 3-cü rollar iş günlərinin sayına uyğun müəyyən olunur.

 b) 8-ci maddəyə müvafiq mənalar daşıyır. «Bədii» dedikdə yaradıcı və iştirakçı qrup nəzərdə tutulur. «Texniki» termini isə texniki və  sənətkarlar qrupunu nəzərdə tutur.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status