“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “Cəmiyyət”) yaradılsın.
[1]
2. Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
[2]
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
3-1. Müəyyən edilsin ki:
[3]
3-1.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3-1.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
3-1.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
3-1.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
3-1.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
3-1.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
3-1.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
3-1.2.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
3-1.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
3-1.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
3-1.2.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Cəmiyyətin Nizamnaməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması məsələsini həll etsin;
4.3. Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin;
4.4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası arasında səmərəli səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il
№ 1121
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
26 fevral 2016-cı il tarixli 1819 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 339)
- 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
- 13 may 2020-ci il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 602)
- 11 fevral 2021-ci il tarixli 2496 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2021-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 161)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissəsdə, 3.2.2-ci yarımbənddə və 3.3-cü bənddə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
11 fevral 2021-ci il tarixli 2496 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2021-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 161) ilə 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri çıxarılmışdır.
[2]
26 fevral 2016-cı il tarixli 1819 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 339) ilə 3.3.1-ci yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunmuşdur.
13 may 2020-ci il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 602) ilə 3.2.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
11 fevral 2021-ci il tarixli 2496 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2021-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 161) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Müəyyən edilsin ki, Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
3.1. Azərbaycan Respublikasının Prezidenti:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
3.1.2. Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi.
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.2.1. Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən olunaraq təsdiq edilməsi;
3.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.
3.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
3.3.1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
3.3.2. Cəmiyyətin Baş direktorunun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3.3.3. Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.3.4. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
3.4.1. Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə razılıq verilməsi.
[3]
11 fevral 2021-ci il tarixli 2496 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2021-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 161) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.