×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.10.1999
QEYDİYYAT NÖMRƏSİ
730-IQ
ADI
"Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Avropa Konvensiyasına qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1999, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 614)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Avropa Konvensiyasına qoşulmaq barədə

"Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Avropa Konvensiyasına qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" 1979-cu il 19 sentyabr tarixli Avropa Konvensiyasına qoşulsun.

2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 28 oktyabr 1999-cu il
                    № 730-IQ

 

 

Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında

Avropa Konvensİyası

 

Bern, 19.IX.1979

 

Gİrİş

 

 Avropa Şurasına üzv olan Dövlətlər və bu sənədi imzalayan digərləri,

 Avropa Şurasının məqsədinin təbiətin qorunması sahəsində onun  üzvləri arasında birliyin yaradılması olduğunu nəzərə alaraq;

 Avropa Şurasının təbiətin qorunması sahəsində başqa dövlətlərlə əməkdaşlıq etmək arzusunu nəzərə alaraq;

 yabanı bitkilərin və vəhşi heyvanların gələcək nəsillərə çatdırılmalı və qorunmasına ehtiyacı olan estetik, elmi, mədəni, əyləndirici,  iqtisadi və daxili dəyərlərdən ibarət təbii nəsil təşkil etdiyini başa düşərək;

 yabanı bitkilərin və vəhşi heyvanların bioloci balansın saxlanılmasında əhəmiyyətli rol oynadığını başa düşərək;

 yabanı bitkilərin və vəhşi heyvanların bir çox növlərinin ciddi şəkildə azalmaqda olduğunu və onların bəzilərinin nəslinin kəsilməsi  qorxusu olduğunu qeyd edərək;

 təbii məskunlaşma yerlərinin qorunmasının yabanı bitkilərin və vəhşi heyvanların müdafiəsi və qorunmasının mühüm tərkib hissəsi  olduğunu bilərək;

 yabanı bitkilərin və vəhşi heyvanların qorunmasının dövlətlər tərəfindən öz milli məqsəd və proqramlarında nəzərə alınmalı olduğunu  və xüsusilə onların yerli köçəri növlərini qorumaq üçün beynəlxalq əməkdaşlıq yaratmaq lazım olduğunu başa düşərək;

 dövlətlər və ya beynəlxalq orqanlar tərəfindən ümumi fəaliyyət üçün edilən geniş yayılmış tələblər, xüsusilə 1972-ci ildə İnsanların Ətraf  Mühiti mövzusuna həsr edilən Birləşmiş Millətlər Konfransı və Avropa Şurasının Məsləhətçi Assambleyası tərəfindən ifadə edilən  tələbləri nəzərə alaraq;

 ətraf mühitin qorunması üzrə İkinci Avropa Hökumətləri Konfransının qəbul etdiyi 2 №-li qərarın tələblərinə, xüsusilə canlı təbiətin  qorunması sahəsində, riayət etməyi arzulayaraq,

 aşağıda göstərilən məsələlər üzrə razılığa gəlmişlər:

 

I fəsil

Ümumİ müddəalar

Maddə  1

1.                 Bu Beynəlxalq Sazişin məqsədi yabanı bitkiləri və vəhşi heyvanları və onların təbii məskunlaşmış yerlərini, xüsusilə qorunması bir neçə  Hökumətin əməkdaşlığını tələb edən növlərini və məskunlaşma yerlərini qorumaq və bu cür əməkdaşlığa kömək etməkdən ibarətdir.

2.                 Təhlükə altında olan və zəif növlərə, bu cür köçəri növlər daxil olmaqla, xüsusi diqqət yetirilir.

Maddə  2

 Razılaşan Tərəflər iqtisadi və əyləndirici tələbləri və riskli yerlərdə vəhşi heyvanları və yabanı bitkiləri, onların subnövlərini, müxtəlifliyini və  ya formalarını nəzərə alarkən, yabanı bitkilərin və vəhşi heyvanların populyasiyasını və ya onu, xüsusilə ekoloci, elm və mədəniyyət  tələblərinə uyğun səviyyədə qorumaq və ya həmin səviyyəyə uyğunlaşdırmaq üçün lazımi tədbirlər görür.

Maddə  3

1.                 Hər bir Razılaşan Tərəf bu Beynəlxalq Sazişin müddəalarına uyğun olaraq, təhlükə altında olan və zəif növlərə, xüsusilə endemik növlərə  və təhlükə altında olan məskunlaşma yerlərinə xüsusi diqqət yetirərək vəhşi heyvanlar və yabanı bitkilər və təbii məskunlaşma yerlərinin  qorunması üçün dövlət siyasətinə kömək etmək üçün addımlar atır.

2.                 Hər bir Razılaşan Tərəf öz işinin planlaşdırılmasında və inkişaf prinsiplərində və ətraf mühitin çirkləndirilməsinə qarşı nəzərdə tutulan  tədbirlərdə yabanı bitkilərin və vəhşi heyvanların qorunması istiqamətində iş aparacağına öhdəlik götürür.

3.                 Hər bir Razılaşan Tərəf yabanı bitkilər və vəhşi heyvanların növləri və onların məskunlaşdığı yerlərə dair biliklər əldə edilməsinə kömək  edir və onların qorunmasına olan ehtiyac barədə ümumi məlumat yayır.

II fəsil

Məskunlaşma yerlərİnİn qorunması

Maddə  4

1.               Hər bir Razılaşan Tərəf yabanı bitkilərin və vəhşi heyvanların növlərinin, xüsusilə I və II Əlavələrdə müəyyənləşdirilən növlərin  məskunlaşdığı yerlərin qorunmasını və təhlükə altında olan təbii məskunlaşma yerlərinin qorunmasını təmin etmək üçün müvafiq və lazımi  qanunvericilik və inzibati tədbirlər görür.

2.               Razılaşan Tərəflər öz işlərinin planlaşdırılması və inkişaf prinsiplərində əvvəlki bənddə nəzərdə tutulan sahələrin qorunması tələblərinin  həyata keçirilməsini nəzərə alır ki, bu cür sahələrin pisləşməsini aradan qaldırsın və ya bu vəziyyəti mümkün qədər minimuma endirsin.

3.               Razılaşan Tərəflər II və III Əlavələrdə müəyyənləşdirilən heyvanların köçəri növləri üçün əhəmiyyətli olan və müvafiq olaraq onların  qışlaması, yerləşməsi, artması və ya tük tökmək/qabıqdan çıxması üçün istifadə etdikləri köçmə marşrutları ilə əlaqəli olan ərazilərin  qorunmasına xüsusi diqqət yetirəcəyinə öhdəlik götürür.

4.               Razılaşan Tərəflər bu maddədə nəzərdə tutulan təbii məskunlaşma yerləri sərhəd zonalarında yerləşdiyi halda onları qorumaq üçün öz  səylərini müvafiq şəkildə əlaqələndirməyi öhdəsinə götürür.

III fəsil

Flora və fauna növlərİnİn qorunması

Maddə  5

 Hər bir Razılaşan Tərəf I Əlavədə müəyyənləşdirilən yabanı bitki növlərinin xüsusi olaraq qorunmasını təmin etmək üçün müvafiq və lazımi  qanunvericilik və inzibati tədbirlər görür. Bu cür bitkilərin bilə-bilə yığılması, toplanması, kəsilməsi, kökündən çıxarılması qadağan edilir.  Hər bir Razılaşan Tərəf müvafiq şəkildə həmin növlərə malik olmağı və ya onların satışını qadağan edir.

Maddə  6

 Hər bir Razılaşan Tərəf II Əlavədə müəyyənləşdirilən vəhşi heyvan növlərinin xüsusi olaraq qorunmasını təmin etmək üçün müvafiq və  lazımi qanunvericilik və inzibati tədbirlər görür. Həmin növlər üçün aşağıda göstərilənlər xüsusilə qadağan edilir:

 a) bütün növlərin bilərəkdən ovlanması və saxlanması və bilərəkdən öldürülməsi;

 b) nəsil artırma və istirahət sahələrini bilə-bilə zədələmək və ya dağıtmaq;

 v) vəhşi heyvanların, xüsusilə nəsil artırma, böyütmə və qış yuxusu/yay yuxusu zamanı bilə-bilə narahat edilməsi;

 q) vəhşi heyvanların yumurtalarının bilə-bilə sındırılıb-dağıdılması və ya onlardan götürülməsi və ya onların hətta boş olmasına  baxmayaraq saxlanması;

 ğ) bu maddənin müddəalarının səmərəliliyini artıra bilən hallarda, heyvanlara, canlı və ya ölü halda, içi doldurulmuş və canlıya  oxşadılmış heyvanlar, onların hissə və ya törəmələri daxil olmaqla, sahib olmaq və ya onlardan daxili ticarət məqsədi ilə istifadə etmək.

Maddə  7

1.                Hər bir Razılaşan Tərəf III Əlavədə müəyyənləşdirilən vəhşi heyvan növlərinin xüsusi olaraq qorunmasını təmin etmək üçün müvafiq və  lazımi qanunvericilik və inzibati tədbirlər görür.

2.                III Əlavədə müəyyənləşdirilən hər hansı vəhşi heyvanlardan istifadə 2-ci maddənin tələblərini nəzərə alaraq heyvan populyasiyasını  təhlükədən uzaq etmək məqsədi ilə tənzimlənir.

3.                Görüləcək tədbirlərə aşağıdakılar daxildir:

 a) istifadəni tənzimləyən qadağan edilmiş fəsillər və/və ya başqa üsullar;

 b) artım səviyyəsinin lazımi dərəcədə bərpa edilməsi məqsədi ilə istifadənin müvafiq olaraq müvəqqəti və ya qismən qadağan edilməsi;

 v) müvafiq olaraq canlı və ya ölü heyvanların satışı, satış üçün saxlanması, satış üçün daşınması və ya satış üçün təklif edilməsinin  tənzimlənməsi.

Maddə  8

 III Əlavədə müəyyənləşdirilən vəhşi heyvan növlərinin ovlanması və ya öldürülməsi ilə əlaqədar və 9-cu maddəyə uyğun olaraq II Əlavədə  göstərilən növlərə istisnalar tətbiq edilən hallarda, Razılaşan Tərəflər heyvanların ovlanması və ya öldürülməsinin bütün hüquq  bərabərliyinin pozulması vasitələrinin, heyvan növləri populyasiyasının qismən yox olmasına və ya onların narahatçılığına təsir edən  vasitələrin və xüsusilə IV Əlavədə göstərilən vasitələrin istifadəsini qadağan edir.

Maddə  9

1.                 Hər bir Razılaşan Tərəf 4, 5, 6, 7-ci maddələrin müddəalarına və ya 8-ci maddədə göstərilən vasitələrin istifadəsinə qoyulan qadağanlara  istisnalar edə bilər, bir şərtlə ki, bu məsələnin başqa kifayətləndirici həlli yoxdur və bu istisna nəzərdə tutulan populyasiyanın yaşamasına  təsir etmir. Həmin istisnalar aşağıdakı məqsədlər üçün edilə bilər:

  flora və faunanın qorunması üçün;

  məhsul, ev heyvanları, meşələr, balıq vətəgələri, əmlakın su və digər formalarının ciddi zərərlərdən qorunması;

  insanların sağlamlığı və təhlükəsizliyi, atmosferin təhlükəsizliyi və ya ictimaiyyətin başqa artan maraqları üçün;

  tədqiqat və təhsil, populyasiyanın yenidən artırılması, yenidən törədilməsi və lazımi şəkildə nəslini artırmaq məqsədi ilə;

  ciddi nəzarət şəraitində, seçmə ilə və məhdud dərəcədə müəyyən vəhşi heyvanların və bitkilərin az sayda götürülməsi, saxlanması və ya  başqa məqsədəuyğun istifadəsinə icazə vermək üçün.

2.                 Hər bir Razılaşan Tərəf hər iki ildən bir Rəhbər Komitəyə əvvəlki bəndlərdə edilən istisnalar barədə məlumat verir. Həmin məlumatlarda  aşağıdakılar göstərilməlidir:

 istisnalara məruz qalan və ya artıq məruz qalmış populyasiyalar və lazımi vaxtda cəlb edilən nümunələrin sayı;

  öldürülməsi və ya ovlanması üçün icazə verilmiş vasitələr;

  bu cür istisnaların verildiyi risk şəraiti, vaxt və yer ilə əlaqədar şərtlər;

  bu şərtlərin yerinə yetirildiyi barədə elan etmək, istifadə edilə bilən vasitələr, onlarla əlaqədar mövcud məhdudiyyətlər və onların həyata  keçirilməsi ilə əlaqədar qərarların qəbul edilməsi üçün verilən səlahiyyət;

  həyata keçirilən nəzarət.

IV fəsil

Köçərİ növlər üçün nəzərdə tutulan xüsusİ müddəalar

Maddə  10

 1. Razılaşan Tərəflər 4, 6, 7 və 8-ci maddələrdə müəyyənləşdirilən tədbirlərə əlavə olaraq II və III Əlavələrdə göstərilən, onların ərazilərində  yayılan köçəri növlərin qorunması üçün səylərini əlaqələndirmək üzrə öhdəlik götürür.

 2. Razılaşan Tərəflər 7-ci maddənin 3a bəndində müəyyənləşdirilmiş qadağan edilmiş fəsillər və/və ya digər istifadəni tənzimləyən qaydaların  III Əlavədə müəyyənləşdirilən köçəri növlərə dair tələblərinə uyğun olduğu və müvafiq olaraq həmin qaydaların hazır olmasını təmin etmək  barədə öhdəlik götürür.

V fəsil

Əlavə müddəalar

Maddə  11

1.                  Razılaşan Tərəflər bu Beynəlxalq Sazişin müddəalarını həyata keçirərkən aşağıda göstərilənlər üzrə öhdəlik götürür:

a)                  müvafiq vaxtlarda, xüsusilə bu Beynəlxalq Sazişin digər maddələrinə uyğun olaraq nəzərdə tutulan tədbirlərin səmərəliliyini  artırmağın mümkün olduğu hallarda əməkdaşlıq etmək;

b)                  bu Beynəlxalq Sazişin məqsədləri ilə əlaqədar olan tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq və ya əlaqələndirmək.

 2. Hər bir Razılaşan Tərəf aşağıda göstərilənlər üzrə öhdəlik götürür:

a)                  təhlükə altında olan növlərin qorunmasına kömək edə biləcək hallarda yabanı bitki və vəhşi heyvanların yerli növlərinin yenidən  yaradılmasını stimullaşdırmaq, o şərtlə ki, bu cür tədqiqat hər şeydən əvvəl yenidən yaradılmanın səmərəli və qəbul edilməsi  mümkünlüyünü müəyyənləşdirmək sahəsində digər Razılaşan Tərəflərin təcrübəsinə əsasən aparılsın;

b)                  yerli olmayan növlərin yaradılması üzərində ciddi nəzarətin həyata keçirilməsi.

2.                  Hər bir Razılaşan Tərəf öz ərazisində tam şəkildə qorunan və I və II Əlavələrə daxil edilməmiş növləri barədə Rəhbər Komitəyə məlumat  verir.

Maddə  12

 Razılaşan Tərəflər bu Beynəlxalq Sazişdə flora və faunanın və onların məskunlaşdığı yerlərin qorunması ilə əlaqədar nəzərdə tutulan  tədbirlərə nisbətən daha ciddi tədbirlər görə bilər.

VI fəsil

Rəhbər komİtə

Maddə  13

1.       Bu Beynəlxalq Sazişin həyata keçirilməsi məqsədi ilə Rəhbər Komitə yaradılır.

2.       Hər bir Razılaşan Tərəf Rəhbər Komitədə bir və ya daha artıq nümayəndə ilə təmsil oluna bilər. Hər bir nümayəndə bir səsə malikdir.  Avropa İqtisadi Birliyi özünün səlahiyyəti olan sahələrdə özünün bu Beynəlxalq Sazişin Razılaşan Tərəfləri olan üzv Dövlətlərinin sayına  bərabər miqdarda səslə səs vermək hüququnu həyata keçirir.

3.       Avropa Şurasına üzv olan, lakin Beynəlxalq Sazişin Razılaşan Tərəfi olmayan hər hansı Dövlət Rəhbər Komitədə müşahidəçi kimi təmsil  oluna bilər.

 Rəhbər Komitə birgə qərarla Avropa Şurasına üzv və Beynəlxalq Sazişin Razılaşan Tərəfi olmayan hər hansı Dövləti öz iclaslarının birində  müşahidəçi tərəfindən təmsil olunmağa dəvət edə bilər.

 Yabanı bitkilər və vəhşi heyvanlar və onların məskunlaşdığı ərazilərin müdafiəsi, qorunması və ya idarə edilməsi sahəsində texniki hazırlığı  olan və aşağıda göstərilən kateqoriyaların birinə aid olan hər hansı orqan və ya idarələr:

 a) beynəlxalq idarə və ya orqanlar, hökumət və ya qeyri-hökumət və milli hökumət idarələri və orqanları;

 b) onların yerləşdiyi Hökumət tərəfindən bu məqsədlə təsdiq edilən milli qeyri-dövlət idarələri və orqanları,

 Avropa Şurasının Baş katibinə Komitə iclasından ən azı üç ay əvvəl həmin iclasda müşahidəçi kimi təmsil olunmağı arzu etdiyi barədə  məlumat verə bilər. Onlar Razılaşan Tərəflərin üçdə bir hissəsinin iclasdan ən azı bir ay əvvəl Baş katibə öz etirazı barədə məlumat  verilmədiyi halda qəbul edilirlər.

4.       Rəhbər Komitəni Avropa Şurasının Baş katibi təşkil edir. Onun birinci iclası Beynəlxalq Sazişin qüvvəyə mindiyi tarixdən bir il  müddətində keçirilir. Rəhbər Komitə sonralar ən azı iki ildə bir dəfə və Razılaşan Tərəflərin əksəriyyətinin tələb etdiyi hər hansı bir vaxtda  görüşür.

5.       Razılaşan Tərəflərin əksəriyyəti Rəhbər Komitə iclasının keçirilməsi üçün kvorum yaratmalıdır.

6.       Rəhbər Komitə bu Beynəlxalq Sazişin müddəalarına uyğun olaraq öz İş Qaydalarını hazırlayır.

Maddə  14

1.               Rəhbər Komitə bu Beynəlxalq Sazişin aşağıda göstərildiyi kimi həyata keçirilməsi üçün məsuliyyət daşıyır.

 O, xüsusilə bunları edə bilər:

 bu Beynəlxalq Sazişin bütün müddəalarının həyata keçirilməsini, onun əlavələri daxil olmaqla, nəzarət altında saxlamaq və lazımi hər  hansı dəyişiklikləri yoxlamaq;

  bu Beynəlxalq Sazişin məqsədləri üçün tədbirlərin görülməsi ilə əlaqədar Razılaşan Tərəflərə təkliflər vermək;

  ictimaiyyəti bu Beynəlxalq Saziş çərçivəsində öhdəyə götürülən işlər haqqında məlumatla təmin etmək məqsədi ilə müvafiq tədbirləri  təklif etmək;

  Bu Beynəlxalq Sazişə dəvət olunmalı Avropa Şurasına üzv olmayan Dövlətlərə dair təklifləri Nazirlər Komitəsinə təqdim etmək;

  Bu Beynəlxalq Sazişin səmərəliliyini artırmaq üçün, Beynəlxalq Sazişin Razılaşan Tərəfləri olmayan Dövlətlərlə yabanı bitkilər və vəhşi  heyvanların və ya onların növ qruplarının qorunması səmərəliliyini artıra bilən sazişlərin bağlanmasına dair təkliflər daxil olmaqla, hər  hansı təklifləri irəli sürmək.

2.               Rəhbər Komitə öz funksiyalarını yerinə yetirmək üçün xüsusi təşəbbüsü ilə ekspert qruplarının iclaslarını təşkil edir.

Maddə  15

 Rəhbər Komitə hər bir iclasdan sonra Avropa Şurasının Nazirlər Komitəsinə öz işi və Beynəlxalq Sazişin həyata keçirilməsi vəziyyəti barədə  hesabat verir.

VII fəsil

Düzəlİşlərİn edİlməsİ

Maddə  16

1.     Razılaşan Tərəf və ya Nazirlər Komitəsi tərəfindən bu Beynəlxalq Sazişin hər hansı maddəsinə edilən düzəlişlər Avropa Şurasının Baş  katibinə təqdim edilir və onun tərəfindən Rəhbər Komitə iclasından ən azı iki ay əvvəl 19-cu maddənin müddəalarına uyğun olaraq Avropa  Şurasının üzv olan Dövlətlərə, hər hansı imzaçıya, hər hansı Razılaşan Tərəfə, bu Beynəlxalq Sazişi imzalamaq məqsədi ilə təklif olunan hər  hansı Dövlətə və 20-ci maddəyə uyğun olaraq bu Sazişə daxil edilməsi üçün dəvət olunan hər hansı Dövlətə göndərilir.

2.     Əvvəlki paraqrafın müddəalarına uyğun olaraq təklif edilən hər hansı düzəliş Rəhbər Komitə tərəfindən yoxlanılır. Rəhbər Komitə:

 a) 1 və 12-ci maddələrə edilən düzəlişlər üçün Razılaşan Tərəflərin dörddə üç səs çoxluğu ilə qəbul edilən mətni bəyənilməsi üçün  Razılaşan Tərəflərə təqdim edir;

 b) 13 və 24-cü maddələrə edilən düzəlişlər üçün dörddə üç səs çoxluğu ilə qəbul etdiyi mətni təsdiq edilmək üçün Nazirlər Komitəsinə  təqdim edir;

 mətn təsdiq ediləndən sonra qəbul edilmək üçün Razılaşan Tərəflərə göndərilir.

3.                 Hər hansı düzəliş bütün Razılaşan Tərəflər onu qəbul etdiyi barədə Baş katibə məlumat verəndən sonra 30-cu gün qüvvəyə minir.

 1, 2a və 3-cü maddələrin müddəaları bu Beynəlxalq Sazişə yeni əlavələr qəbul etmək üçün tətbiq edilir.

Maddə  17

1.                Razılaşan Tərəf və ya Nazirlər Komitəsi tərəfindən bu Beynəlxalq Sazişin əlavələrinə edilən düzəlişlər Avropa Şurasının Baş katibinə  göndərilir və onun tərəfindən Rəhbər Komitənin iclasından ən azı iki ay əvvəl 19-cu maddənin müddəalarına uyğun olaraq Avropa  Şurasına üzv olan Dövlətlərə, hər hansı imzaçıya, hər hansı Razılaşan Tərəfə, bu Beynəlxalq Sazişi imzalamaq məqsədi ilə təklif edilən hər  hansı Dövlətə və 20-ci maddəyə uyğun olaraq bu Sazişə daxil edilməsi üçün dəvət olunan hər hansı Dövlətə göndərilir.

2.                Əvvəlki bəndin müddəalarına uyğun olaraq təklif edilən, Razılaşan Tərəflər tərəfindən onların üçdə iki səs çoxluğu ilə qəbul edilə bilən  düzəliş Rəhbər Komitə tərəfindən yoxlanılır. Qəbul edilən mətn Razılaşan Tərəflərə göndərilir.

3.                Rəhbər Komitə tərəfindən qəbul edildikdən üç ay sonra və Razılaşan Tərəflərin üçdə bir hissəsi öz etirazlarını bildirmədiyi halda hər hansı  düzəliş həmin düzəlişə etiraz etməyən Razılaşan Tərəflər üçün qüvvəyə minir.

VIII fəsil

Mübahİsələrİn həllİ

Maddə  18

1.               Rəhbər Komitə bu Beynəlxalq Sazişdən irəli gələ bilən hər hansı çətinliyin səmimi həllini sürətləndirmək üçün bütün imkanlardan istifadə  edir.

2.               Razılaşan Tərəflər arasında bu Beynəlxalq Sazişin şərhi və ya tətbiqi ilə əlaqədar mövcud olan, əvvəlki bəndin müddəalarına əsasən və ya  aidiyyəti olan tərəflər arasında danışıqlar yolu ilə həllini tapmamış hər hansı mübahisə, tərəflər başqa şəkildə razılaşa bilmədiyi halda,  onların birinin tələbi ilə arbitrac məhkəməsinə verilir. Hər bir tərəf bir hakim müəyyən edir və həmin iki hakim üçüncü bir hakimi  müəyyənləşdirir. Bu maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq tərəflərdən biri arbitrac məhkəməsinə verilməsi barədə təklif  veriləndən sonra üç ay müddətində öz hakimi təyin etmədiyi halda həmin hakim sonrakı üç ay müddətində digər tərəfin tələbi ilə İnsan  Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyənləşdirilir. Seçilən iki hakim onların müəyyənləşdirildiyi vaxtdan sonra üç ay  müddətində üçüncü hakimin müəyyənləşdirilməsi ilə əlaqədar razılığa gələ bilmədiyi halda eyni qayda tətbiq edilir.

3.               Razılaşan Tərəflər arasında, biri Avropa İqtisadi Birliyinin üzv Dövləti və ikincisi özü Razılaşan Tərəf olaraq, mübahisə yarandığı  təqdirdə Razılaşan Tərəflərdən biri arbitrac məhkəməsinin işə cəlb edilməsi tələbi ilə həm üzv Dövlətə, həm də Birliyə müraciət edir. Onların  hər ikisi birlikdə tələb aldıqdan sonrakı iki ay müddətində üzv Dövlətin və ya Birliyin və ya həm üzvün, həm də Birliyin bu mübahisədə  iştirak edib-etməməsi barədə məlumat verir. Göstərilən vaxt hüdudunda bu cür bildiriş olmadığı təqdirdə həm üzv Dövlət, həm də Birlik  arbitrac məhkəməsinin qanun və qaydalarını rəhbər tutan müddəaların tətbiqi ilə əlaqədar mübahisənin həllində iştirak edən bir və eyni tərəf  hesab edilir. Üzv Dövlət və Birliyin hər ikisi birlikdə özlərini mübahisənin həllində iştirak edən tərəf kimi təqdim etdiyi halda onlar yenə də  bir və eyni tərəf hesab edilir.

4.               Arbitrac məhkəməsi özünün şəxsi Fəaliyyət Qaydalarını hazırlayır. Onun qərarları səs çoxluğu ilə qəbul edilir. Məhkəmənin qərarı son və  məcburidir.

5.               Mübahisədə iştirak edən tərəflərin hər ikisi onlar tərəfindən təyin edilən hakimlərə aid xərcləri özləri çəkir və tərəflər üçüncü hakimin  xərclərini, həmçinin arbitrac məhkəməsi ilə əlaqədar yaranmış ödənişləri bərabər şəkildə bölüşdürürlər.

IX fəsil

Son müddəalar

Maddə  19

1.               Bu Beynəlxalq Sazişi onun hazırlanmasında iştirak edən Avropa Şurasına üzv Dövlətlər, üzv olmayan Dövlətlər və Avropa İqtisadi  Birliyi imzalaya bilər.

 Beynəlxalq Sazişin qüvvəyəminmə tarixinə qədər ona Nazirlər Komitəsi tərəfindən dəvət olunan hər hansı digər Dövlətlər də imza ata bilər.

 Beynəlxalq Saziş ratifikasiya, qəbul və təsdiq edilməlidir. Ratifikasiya, qəbul edilmə və ya təsdiq edilmə barədə sənədləri Avropa Şurasının  Baş katibi təqdim edir.

2.               Beynəlxalq Saziş Avropa Şurasına üzv olan ən azı dörd Dövlət daxil olmaqla beş Dövlətin əvvəlki bəndin müddəalarına uyğun olaraq  Beynəlxalq Saziş barədə öz razılığını ifadə etdiyi tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

3.               Bu Beynəlxalq Sazişlə əlaqədar sonralar razılığını bildirən hər hansı imzaçı Dövlət və ya Avropa İqtisadi Birliyi üçün bu Saziş onun  ratifikasiya, qəbul edilməsi və təsdiq edilməsi barədə sənədlər təqdim edildiyi tarixdən üç aylıq müddət keçdikdən sonra gələn birinci günü  qüvvəyə minir.

Maddə  20

1.                 Bu Beynəlxalq Saziş qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi Razılaşan Tərəflərlə razılaşdıqdan sonra 19-cu  maddənin müddəalarına uyğun olaraq Sazişi imzalamaq üçün dəvət edilmiş, lakin bunu hələ etməmiş Şuranın üzvü olmayan hər hansı  Dövləti və hər hansı digər qeyri-üzv Dövləti dəvət edə bilər.

2.                 Beynəlxalq Saziş razılaşan hər hansı Dövlət üçün Avropa Şurasının Baş Katibi tərəfindən daxil olma barədə sənəd təqdim edilən tarixdən  üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Maddə  21

 Hər hansı Dövlət Sazişin imzalanması vaxtı və ya onun ratifikasiyası, təqdim edilməsi, təsdiq edilməsi və ya qəbul edilməsi ilə əlaqədar sənədi  təqdim edəndə həmin bənddə bu Beynəlxalq Sazişin tətbiq ediləcəyi ərazi və ya ərazilərini göstərir.

 Hər hansı Razılaşan Tərəf Sazişin ratifikasiyası, təqdir edilməsi, təsdiq edilməsi və ya qəbul edilməsi ilə əlaqədar sənədi təqdim edəndə və ya  hər hansı sonrakı tarixdə Avropa Şurasının Baş katibinə müraciət edilən bəyannamə vasitəsi ilə bu Beynəlxalq Sazişi bəyannamədə  göstərilən hər hansı başqa əraziyə tətbiq edə bilər, belə ki, həmin ərazilər o ərazilərdir ki, Razılaşan Tərəf onların beynəlxalq əlaqələri üçün  məsuliyyət daşıyır və ya onların adından öhdəliklər götürmək səlahiyyətinə malik olur.

 Əvvəlki bəndə uyğun olaraq verilən hər hansı bəyannamə həmin bəyannamədə göstərilən hər hansı ərazi ilə əlaqədar Baş katibə ünvanlanan  bildirişlə geri alına bilər. Bu cür geri alınma Baş katib tərəfindən bildiriş alınan tarixdən altı aylıq müddət keçdikdən sonra gələn ayın birinci  günü qüvvəyə minir.

Maddə  22

1.               Hər hansı Dövlət Sazişi imzaladığı vaxt və ya onun ratifikasiyası, təqdir edilməsi, təsdiq edilməsi və ya qəbul edilməsi ilə əlaqədar sənədi  təqdim edəndə I və II Əlavələrdə göstərilən müəyyən növlər üçün bir və ya daha çox yerlər ayıra və/və ya həmin yer və yerlərdə IV Əlavədə  göstərilən heyvanların öldürülməsi, ovlanması və başqa cür istifadə yolları və ya metodlarını qeyd edə bilər.

2.               21-ci maddənin 2-ci bəndinə aid olan bəyannamədə göstərilən ərazi ilə əlaqədar bu Beynəlxalq Sazişin tətbiqini genişləndirən hər hansı  Razılaşan Tərəf aidiyyəti olan ərazi ilə əlaqədar əvvəlki bəndin müddəalarına uyğun olaraq əvvəlcədən bir və ya daha artıq yer ayıra bilər.

3.               Digər yer ayırmaları həyata keçirilə bilməz.

4.               Bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq qabaqcadan yer ayırmış hər hansı Razılaşan Tərəf onu Avropa Şurasının Baş katibinə  ünvanlanan bildiriş vasitəsi ilə tam və ya qismən geri ala bilər. Bu cür geri alma Baş katib bildiriş alan gündən qüvvəyə minir.

Maddə  23

1.                 Hər hansı Razılaşan Tərəf istənilən vaxt Avropa Şurasının Baş katibinə ünvanlanan bildiriş vasitəsi ilə bu Beynəlxalq Sazişi ləğv edə bilər.

2.                 Bu cür ləğvetmə Baş katib tərəfindən bildiriş alınan tarixdən altı aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Maddə  24

 Avropa Şurasının Baş katibi Avropa Şurasına üzv Dövlətlərinə, hər hansı imzaçı Dövlətə, bu Beynəlxalq Sazişin imzaçısı olduğu halda  Avropa İqtisadi Birliyinə və hər hansı Razılaşan Tərəfə aşağıda göstərilənlər barədə məlumat verir:

 a) hər hansı imza;

 b) hər hansı ratifikasiya, təqdir etmə, təsdiq etmə və ya qəbul etməyə dair sənədin verilməsi;

 v) 19 və 20-ci maddələrə uyğun olaraq bu Beynəlxalq Sazişin qüvvəyə mindiyi hər hansı tarix;

 q) 13-cü maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq təqdim edilən hər hansı məlumat;

 ğ) 15-ci maddənin müddəalarına uyğun olaraq hazırlanmış hər hansı hesabat;

 d) 16 və 17-ci maddələrə uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş və ya hər hansı yeni əlavə və düzəliş və yeni əlavənin qüvvəyə  mindiyi tarix;

 e) 21-ci maddənin 2 və 3-cü paraqraflarına uyğun olaraq edilən hər hansı bəyannamələr;

 ə) 22-ci maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq edilən hər hansı yer ayırma;

 c) 22-ci maddənin 4-cü bəndinin müddəalarına uyğun olaraq həyata keçirilən hər hansı ayrılmış yeri geri almaq;

 z) 23-cü maddənin müddəalarına uyğun olaraq edilən hər hansı bildiriş və ləğv etmənin baş verdiyi tarix.

 Deyilənləri nəzərə alaraq aşağıda imza edənlər buna lazımi səlahiyyətə malik olan şəxslər kimi həmin Beynəlxalq Sazişi imzalamışlar.

 1979-cu il sentyabr ayının 19-u günü Berndə ingilis və fransız dillərində tərtib edilən bərabər hüquqlu hər iki mətn bir nüsxədə Avropa  Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi Sazişin təsdiq edilmiş nüsxələrini Avropa Şurasına üzv Dövlətlərin hər birinə, hər  hansı Dövlətə, imzaçı olduğu təqdirdə Avropa İqtisadi Birliyinə və bu Beynəlxalq Sazişi imzalamaq və ya onu qəbul etmək üçün dəvət  edilmiş hər hansı Dövlətə göndərir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status