AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.04.2015
QEYDİYYAT NÖMRƏSİ
503
ADI
Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-04-2015, Nəşr nömrəsi: 91), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2015, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 382)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.240.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201504290503
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2015
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 10.2.4-cü yarımbəndinə uyğun olaraq dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) yaradılsın.

2. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

3.1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etsin;

3.2. informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etsin;

3.3. informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etsin.

4. Yerli icra hakimiyyəti orqanları:

4.1. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görsünlər;

4.2. informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin etsinlər;

4.3. informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi:

5.1. informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin etsin;

5.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin etsin. [1]

6. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

6.1. yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

6.2. informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görsün.

7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 aprel 2015-ci il

                № 503

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşların) müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” və bu Qaydalar əsasında fəaliyyət göstərir. [2]

1.2. Bu Qaydalar məxfi sənədlərə şamil olunmur.

1.3. İnformasiya sistemi ilə iş sistemin istifadəçiləri tərəfindən digər növ kargüzarlıq işlərindən ayrı aparılır.

1.4. İnformasiya sistemi yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinin qeydiyyatının aparılmasını, onlara dair müxtəlif təhlillərin hazırlanmasını, statistik məlumatların və hesabatların əldə olunmasını, eləcə də müraciətlərin icrasına nəzarətin həyata keçirilməsini təmin edir.

1.5. İnformasiya sisteminin təsisçi-administratoru Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, sistemin operatoru Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, məsul şəxsləri yerli icra hakimiyyətinin başçılarıdır.

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

2.0.1. yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi – yerli icra hakimiyyəti orqanlarına bilavasitə vətəndaşlardan və ya vətəndaşların müraciətlərinə baxan subyektlərdən daxil olan təklif, ərizə və şikayətlərin qeydiyyat-nəzarət vərəqəsində qeydə alınmasını, onların icrasını və arxivləşdirilməsini təmin edən elektron məlumat bazası və proqram-texniki vasitələrin məcmusu;

2.0.2. informasiya sisteminin təsisçi-administratoru – informasiya sisteminin fəaliyyətinə, düzgün istismarına, təkmilləşdirilməsinə və digər təşkilati məsələlərə nəzarəti həyata keçirən subyekt;

2.0.3. informasiya sisteminin operatoru – məlumat bazasının və proqram-texniki vasitələrin fasiləsiz fəaliyyətini və təkmilləşdirilməsini təmin edən subyekt;

2.0.4. informasiya sisteminin məsul şəxsləri – informasiya sisteminin fəaliyyətinin yerli icra hakimiyyəti orqanlarında təşkilinə, istifadəsinə və təhlükəsizliyinə cavabdeh olan yerli icra hakimiyyətinin başçısı və ya onun səlahiyyət verdiyi digər vəzifəli şəxsləri;

2.0.5. informasiya sisteminin istifadəçiləri – informasiya sisteminin məsul şəxslərinin qərarı əsasında həmin sistemlə işləməyə buraxılmış və sistemə daxil edilən məlumatların dəqiqliyinə, tamlığına və etibarlılığına cavabdeh olan şəxslər;

2.0.6. identifikasiya kodu – informasiya sisteminə daxil olmaq üçün sistemin istifadəçisinə verilən istifadəçi adı və şifrə.

 

3. İnformasiya sisteminin fəaliyyətinin prinsipləri

 

3.0. İnformasiya sisteminin fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. informasiya sistemindən eyni zamanda çoxsaylı istifadəçinin istifadə etməsinin mümkünlüyü;

3.0.2. informasiya sistemində informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların, formatların, protokolların və proqram-texniki vasitələrin tətbiq edilməsi;

3.0.3. sistemin iştirakçıları tərəfindən yalnız sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi;

3.0.4. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi;

3.0.5. sistemin fəaliyyəti zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi.

 

4. İnformasiya sisteminin quruluşu

 

4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:

4.1.1. informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığı;

4.1.2. informasiya sistemi istifadəçilərinin iş yerləri;

4.1.3. mühafizə olunan rabitə kanalları.

4.2. İnformasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin server otaqlarında yerləşdirilir.

4.3. İnformasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığının texniki vasitələrinə serverlər, yaddaş sistemləri, kommunikasiya avadanlığı, informasiyanı mühafizə vasitələri, fasiləsiz enerji mənbəyi və digər proqram-texniki vasitələr aiddir.

4.4. İnformasiya sisteminin ehtiyat mərkəzi yaradılır və sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Mərkəz operatorun nəzarəti altında fəaliyyət göstərir.

4.5. İnformasiya sistemi istifadəçilərinin iş yerlərinin texniki vasitələrinə kompüter dəsti, çap qurğusu, skaner daxildir. Bu texniki vasitələrin mühafizəsini, həmçinin informasiya sisteminə daxil edilən məlumatların təhlükəsizliyini təmin etmək üçün onlar informasiya sisteminin məsul şəxsləri tərəfindən ayrılmış xüsusi otaqlarda yerləşdirilməlidir.

4.6. İnformasiya sistemi istifadəçilərinin sayının artırılması, həmin saya uyğun texniki vasitələrin yerləşdirilməsi və (və ya) onların yerinin dəyişdirilməsi tələb olunduqda, rabitə kanallarının çəkilməsi, avadanlığın və proqram təminatının alınması üzrə kompleks işlər informasiya sisteminin məsul şəxslərinin maliyyə vəsaiti hesabına sistem operatoru tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə həyata keçirilir. [3]

 

5. İnformasiya sisteminin təsisçi-administratorunun, operatorunun, məsul şəxslərinin və istifadəçilərinin əsas funksiyaları

 

5.1. İnformasiya sisteminin təsisçi-administratorunun əsas funksiyaları aşağıdakılardır:

5.1.1. informasiya sisteminin fəaliyyətinin bu Qaydaların 1.1-ci bəndində göstərilən normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə nəzarət etmək və həmin tələblər pozulduqda sistemin fəaliyyətini dayandırmaq;

5.1.2. informasiya sisteminin məsul şəxsləri və istifadəçiləri barədə məlumatları yerli icra hakimiyyəti orqanlarından almaq, ümumiləşdirmək və mütəmadi yeniləməklə təhlükəsizlik tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etmək;

5.1.3. informasiya sisteminin təşkilati və metodiki təminatını həyata keçirmək;

5.1.4. informasiya sistemi istifadəçiləri tərəfindən sistemdə işin aparılmasını müşahidə etmək;

5.1.5. informasiya sisteminin operatoru tərəfindən informasiya sistemi istifadəçilərinin sayının artırılmasına, həmin saya uyğun texniki vasitələrin yerləşdirilməsinə və (və ya) onların yerinin dəyişdirilməsinə razılıq vermək;

5.1.6. operatorun iştirakı ilə informasiya sisteminin istifadəçiləri üçün təlimlər təşkil etmək;

5.1.7. informasiya sisteminin proqram təminatının təkmilləşdirilməsinə dair operatora təkliflər vermək.

5.2. İnformasiya sisteminin operatorunun əsas funksiyaları aşağıdakılardır:

5.2.1. informasiya sisteminə aid olan proqram-texniki vasitələrin fasiləsiz işini təmin etmək;

5.2.2. informasiya sisteminə aid proqram-aparat vasitələrinin monitorinqini aparmaq;

5.2.3. informasiya sistemində yaranan xətaları qeydə almaq və onları operativ həll etmək;

5.2.4. informasiya sisteminin təsisçi-administratorunun təklifləri əsasında sistemin proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək;

5.2.5. təsisçi-administratora informasiya sistemi istifadəçiləri tərəfindən sistemdə işin aparılmasını müşahidə etmək üçün texniki şərait yaratmaq;

5.2.6. informasiya sisteminə aid olan avadanlığın yenilənməsini təmin etmək;

5.2.7. informasiya sisteminin istifadəçiləri üçün təlimlərin keçirilməsində iştirak etmək.

5.3. İnformasiya sisteminin məsul şəxslərinin əsas funksiyaları aşağıdakılardır:

5.3.1. yerli icra hakimiyyəti orqanlarında informasiya sisteminin fəaliyyətini bu Qaydalarda müəyyən edilmiş tələblərə uyğun təşkil etmək, sistemin istifadəsinə və təhlükəsizliyinin qorunmasına nəzarət etmək;

5.3.2. informasiya sistemi istifadəçilərini müəyyən etmək və müntəzəm olaraq yeniləməklə onlar barədə məlumatları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək;

5.3.3. yerli icra hakimiyyəti orqanında informasiya sistemi istifadəçilərinin sayının artırılması, həmin saya uyğun texniki vasitələrin yerləşdirilməsi və (və ya) onların yerinin dəyişdirilməsi ilə bağlı təsisçi-administratora müraciət etmək;

5.3.4. informasiya sistemi istifadəçilərinin fəaliyyətinə nəzarət etmək;

5.3.5. informasiya sistemi istifadəçiləri üçün təlimlərin keçirilməsinə şərait yaratmaq;

5.3.6. informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınmasını və lazımi iş şəraitinin yaradılmasını təmin etmək.

5.4. İnformasiya sistemi istifadəçilərinin funksiyaları aşağıdakılardır:

5.4.1. informasiya sistemindən bu Qaydalarda müəyyən edilmiş tələblərə uyğun istifadə etmək;

5.4.2. vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı digər məlumatları informasiya sistemində vaxtında və düzgün qeydiyyatdan keçirmək;

5.4.3. vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı yekun arayışları skan edərək sistemə daxil etmək;

5.4.4. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin etmək;

5.4.5. informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini və bacarıqlarını mütəmadi təkmilləşdirmək;

5.4.6. informasiya sistemindən istifadə zamanı sistemdəki məlumatların, o cümlədən fərdi identifikasiya kodlarının qorunması və onların yayılmasının qarşısının alınması məqsədi ilə kənar şəxslərin sistemə icazəsiz girişinə yol verməmək;

5.4.7. informasiya sisteminə qoşulan kompüter avadanlığının virus və digər zərərverici proqramlardan qorunması məqsədi ilə yaddaş kartları, elektron daşıyıcılar və digər kənar avadanlıqdan təhlükəsiz istifadə olunmasını təmin etmək;

5.4.8. informasiya sisteminin fəaliyyətini ləngidəcək, ona zərər gətirəcək və ya onun fəaliyyətinin dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək.

 

6. İnformasiya sisteminin fəaliyyətinin təşkili

 

6.1. İnformasiya sistemi istifadəçilərinin sistemə qoşulması aşağıdakı qaydada həyata keçirilir:

6.1.1. informasiya sisteminin məsul şəxsləri informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına qoşulmaq üçün təsisçi-administratora müraciət edirlər;

6.1.2. informasiya sisteminin təsisçi-adminsitratoru informasiya sistemi istifadəçilərinin iş yerlərinin mərkəzləşdirilmiş server avadanlığına qoşulmasını operatorun texniki tələblərə uyğunluğa dair rəyi əsasında təmin edir;

6.1.3. informasiya sisteminin operatoru mərkəzləşdirilmiş server avadanlığının qurulmasını, onun fəaliyyətini, proqram-texniki vasitələrin istifadəsini və tələbata uyğun təkmilləşdirilməsini təmin edir.

6.2. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yerli icra hakimiyyəti orqanlarında istifadəçilərin iş yerlərinin mərkəzi serverlərlə əlaqələndirilməsi üçün mühafizə olunan rabitə kanallarının qurulmasını, vahid şəbəkədə birləşdirilməsini və həmin şəbəkənin təhlükəsizliyini təmin edir.

6.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi informasiya sisteminin proqram təminatının işlənilməsini, quraşdırılmasını, təkmilləşdirilməsini təmin edir və informasiya sisteminin fəaliyyətini təmin etmək üçün istifadəçilərə identifikasiya kodunun və ya elektron imza sertifikatlarının verilməsini təmin edir. [4]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 may 2016-cı il tarixli 897 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 858)

2.       14 iyul 2016-cı il tarixli 994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1265)

3.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

4.       31 may 2022-ci il tarixli 1704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 472)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 5.2-ci bəndə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

31 may 2022-ci il tarixli 1704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 472) ilə 5.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 may 2016-cı il tarixli 897 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 858) ilə “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə “vətəndaşların” sözündən sonra “, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşların)” sözləri əlavə edilmişdir və həmin bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanunu” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunu” sözləri ilə əvəz edilmişdir.

 

14 iyul 2016-cı il tarixli 994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1265) ilə “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşların) müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” və bu Qaydalar əsasında fəaliyyət göstərir.

 

[3] 31 may 2022-ci il tarixli 1704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 472) ilə “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nın 4.6-cı və 6.3-cü bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz  edilmişdir.

 

[4] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nın 4.6-cı və 6.3-cü bəndlərinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status