“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilsin (3 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 28 aprel 2015-ci il
№ 122
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
|
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin
SİYAHISI
1. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
1.1. hemoqlobinopatiyalar:
1.1.1. böyük beta-talassemiya;
1.1.2. aralıq beta-talassemiya;
1.1.3. drepanotalassemiya;
1.1.4. oraqvari hüceyrəli anemiya;
1.2. İİV/QİÇS;
1.3. sifilis.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
|
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlanmışdır və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.
1.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.
1.3. Bu Qayda nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil edilir.
2. Tibbi müayinələrin təşkili
2.1. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən həyata keçirilir.
[1]
2.2. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
2.3. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.
3. Tibbi müayinələrin keçirilməsi və məsləhətlərin verilməsi
3.1. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri tibbi müayinədən keçirilir.
3.2. Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir.
3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.
3.4. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.
[2]
3.5. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir.
3.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
3.7. Nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yazılı razılıqlarına əsasən cütlüyə həkim məsləhəti verilir.
3.8. Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır.
3.9. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə
təsdiq edilmişdir
3 nömrəli əlavə
|
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması
Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə
A R A Y I Ş № _____
_______________________________________________________________________________
(tibb müəssisəsinin adı)
Verilir _________________________________________________________________________
(soyadı, adı, atasının adı)
________________________________________________________________________________
(şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)
ondan ötrü ki, o Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir.
Arayış qeydiyyat orqanına təqdim etmək üçün verilmişdir.
Tibbi müayinənin keçirilməsinə
məsul həkim ___________________________________________________________________
(soyadı, adı, atasının adı) (imza)
Rəhbər ________________________________________________________________________
(soyadı, adı, atasının adı) (imza)
Verildiyi tarix _______________
Bu arayışın etibarlılıq müddəti 1 (bir) aydır.
M.Y.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 noyabr 2020-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1411)
2.
15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 819)
3.
9 mart 2023-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 noyabr 2020-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1411) ilə 2 nömrəli əlavə - “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
9 mart 2023-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57) ilə “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilmişdir.
[2]
15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 819) ilə 2 nömrəli əlavə - “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 3.4-cü bəndinin birinci cümləsindən “rayon (şəhər)” sözləri çıxarılmışdır.