Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 1.3-cü bəndinin və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 744) ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 5.14-cü bəndə “təsdiq edən sənədin” sözlərindən sonra “aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya” sözləri əlavə edilsin.
2. 5.16-cı bəndə “13.3-cü maddəsinə,” sözlərindən sonra “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 4-cü hissəsinə” sözləri və “müəyyən olunmuş məbləğdə” sözlərindən sonra “müvafiq olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 1 iyul 2015-ci il
№ 250