×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.05.2001
QEYDİYYAT NÖMRƏSİ
94
ADI
Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2001, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 344)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.05.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında

Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

 «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin  2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Təhlükə potensiallı obyektlərin Siyahısı» təsdiq edilsin (əlavə olunur).

 2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 Bakı şəhəri, 10 may 2001-ci il

№ 94

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Təhlükə potensiallı obyektlərin

SİYAHISI

 

 Bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan  Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına  əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və  zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və  sosial təyinatlı obyektləri müəyyən edir.

 Təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:

 1. Partlayıcı, pirotexnik, zəhərləyici, yüksək zəhərləyici, tezalovlanan, tezalışan, oksidləşən və ətraf mühit üçün təhlükəli maddələr üzrə ammonyakın,  ammonium nitratın (tərkibində ammonium nitratdan azot kütləsinin 28%-dən çox olduğu ammonium-nitrat və ammonium qarışığı,  ammonium-nitrat konsentratı kütləsinin 90%-dən çox olduğu ammonium-nitratın su məhsulu), akrilonitrilin, xlorun, etilen-oksidin,  tərkibində sian olan hidrogenin, tərkibində ftor olan hidrogenin, tərkibində sulfid olan hidrogenin, kükürd dioksidin, kükürd trioksidin,  alkillərin, fosgenin, sinilin və nitrilakril turşusunun, metilisianatın, qeyri-üzvi məhsulların, neft və digər karbohidrogen qazlarının və  qazaoxşarların, kimyəvi reaktivlərin, azotun və fosforun, əsas kimya və kimyəvi mühafizə məhsullarının, dərman preparatlarının,  mikrobioloji məhsulların, yağ-piy məhsullarının, qəfildən çürümə meyilli xüsusiyyət daşıyan maye və ya bərk məhsulların, efir-yağ və sintetik  ətirli maddələrin, havanın bölünmə məhsullarının, suyun elektrolizi məhsullarının, uran və ya torium filizlərinin və konsentratlarının, uran  filizlərinin və konsentratlarının, torium filizlərinin və konsentratlarının, kimyəvi radioaktiv elementlərin və radioaktiv izotopların (bölünən  və təkrar istehsal olunan kimyəvi elementlər və izotoplar daxil olmaqla) və onların birləşmələrinin, təbii uranın və onun birləşmələrinin,  Uran-235 ilə zənginləşdirilmiş uranın və onun birləşmələrinin, plutoniumun və onun birləşmələrinin, Uran-235 ilə kasadlaşdırılmış uranın və  onun birləşmələrinin, toriumun və onun birləşmələrinin, radioaktiv elementlərin, izotopların və radioaktiv birləşmələrin, nüvə reaktorlarının  istifadə olunmuş (işlənmiş) yanacaq elementlərinin, ağır suyun (deyteri oksidi) və s. alınması, istifadə edilməsi, emal olunması, düzəldilməsi,  saxlanılması, nəql olunması və məhv edilməsi ilə məşğul olan obyektlər. [1]

 2. Təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 1150S rejimdə işləyən avadanlıqlarla təchiz olunmuş  müəssisələrin işçi təzyiqi 0,07 meqapaskaldan (0,7 kqq/kv.sm) çox olan buxar qazanları, buxar kəmərləri və təzyiq altında işləyən tutumları,  temperaturu 1150S-dən çox olan suqızdırıcı qazanları və isti su kəmərləri.

 3. Stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmləri, eskalatorları, kanat yolları, mexanikləşdirilmiş attraksionları, funikulyorları və liftləri, o cümlədən  körpülü, portal və qülləli kranları, vışkaları, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yolları olan obyektlər. [2]

 4. Qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması üzrə:

 4.1. dəmir filizi xammalının, koksun (karbonla zənginləşdirilmə, kokslama, kokslamanın kimyəvi məhsullarının tutulması və emalı),  çuqunun, poladın (poladın və dəmirin birbaşa alınması da daxil edilməklə), lyünkeritlərin və ekzotermik qarışıqların, ferroərintilərin,  tökmə və odadavamlı materialların istehsalı obyektləri;

 4.2. giltorpaq (bişirmə və alüminium zavodlarında kalsiumlaşdırma), alüminium (kriolitin flotasiyası və regenerasiyası da daxil  olmaqla), kristal silisium, elektrotermik silumin, nikel, kobalt, mis, sink, qurğuşun, qalay, titan, maqnezium, molibden, civə,  yarımkeçirici materiallar (silisium, germanium), bərk ərintilər, nəcib metallar, kükürd, toz halında olan metallar (dəmir, manqan,  alüminium, maqnezium, volfram, molibden, niobium, tantan, nikel, kobalt, sink, titan, sirkonium) istehsal olunan obyektlər;

 4.3. zavodlararası kommunikasiya xətləri daxil olmaqla, yuxarıda adları çəkilən istehsal sahələrində istifadə edilən hidrogenin, xlorun,  ammoniumun, havanın bölünmə məhsullarının alınması, emalı, paylanması və saxlanması obyektləri;

 4.4. qaz təsərrüfatı (qazın təzyiqini artırma və qaz kompressor stansiyaları, domna, koks, konvertor, ferroərinti, təbii qaz və onların  qarışıqlarının zavodlararası, sexlərarası və sex qaz kəmərləri), istehlakçı sexlərin qaz avadanlıqları, yuxarıda adları çəkilən  istehsalatlarda qaztəmizləmə, toztutma, aspirasiya və ventilyasiya obyektləri.

 5. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması üzrə:

 5.1. daş kömürün, briketlərin, okatışların və daş kömürdən alınan oxşar bərk yanacaq növlərinin, liqnitin, aqlomerasiya edilmiş və ya  aqlomerasiya edilməmiş qonur kömürün, aqlomerasiya edilmiş və ya aqlomerasiya edilməmiş torfun (torf tullantıları daxil olmaqla),  daş kömürdən, liqnitdən və ya torfdan koks və yarımkoksun, aqlomerasiya edilmişinin və ya aqlomerasiya edilməmişinin, retorta  edilmiş kömürün, daş kömürün, suyun, generator qazının və oxşar qazların (neft qazlarından və digər karbohidrogen qazlarından  başqa), daş kömürün, liqnitin və torf qətranlarının və digər susuzlaşdırılmış və ya susuzlaşdırılmamış mineral qətranların, yaxud  qismən distillə edilən məhsulların, o cümlədən bərpa olunmuşların, daş kömür qətranının yüksək temperaturda distillə edilməsinin  digər məhsullarının, daş kömür qətranından və digər mineral qətranlardan alınmış pek və pek koksunun hasilatı, alınması, emalı,  saxlanılması və istifadəsilə məşğul olan şaxtalar, mədənlər, karxanalar, sulu duz mədənləri, duz mədənləri, zənginləşdirmə və digər  təyinatlı obyektlər;

 5.2. toztörədən texnoloji obyektlər, bərk dispers məhsulların nəqli obyektləri, partlayış təhlükəli toz-hava qarışığının yaranması  ehtimalı olan istehsal obyektləri;

 5.3. müalicə və təsərrüfat əhəmiyyətli mayemineral resursların hasilatı və istifadəsi obyektləri, mineral məhsulların emalı obyektləri;

 5.4. şlam, faydalı qazıntılar və digər məhsulların saxlanılması üçün anbarlar;

 5.5. sənaye əhəmiyyətli partlayış işləri aparılan obyektlər, partladıcı materiallar saxlanılan anbarlar və onları daşıyan nəqliyyat vasitələri;

 5.6. su tərkibli və sadə dənəvərlənmiş partlayıcı maddələrin istehsalı və sənaye partlayış məmulatları hazırlayan obyektlər;

 5.7. partladıcı materiallardan və məmulatlardan elm, tədris, təcrübi və digər bu tipli məqsədlər üçün istifadə edən elmi-tədqiqat  institutlarının laboratoriyaları.

 6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri üzrə:

 6.1. geoloji kəşfiyyat işlərində istifadə olunan dağ-mədən kompleksləri;

 6.2. neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma  obyektləri;

 6.3. neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının işlənilməsi ilə bağlı qazma,  istismar, geofiziki tədqiqatlar və lay təzyiqinin saxlanılması obyektləri;

 6.4. mədəndaxili və mədənlərarası neft, qaz və lay suyunun yığılması, hazırlanması və nəqli obyektləri;

 6.5. qaz emalı və helium istehsalı zavodları, neft və qazın kompleks hazırlanması və separasiyası məntəqələri, nasos və kompressor  stansiyaları, rezervuar-çən parkları, dənizdə neftçıxarma kompleksləri;

 6.6. magistral neft-qaz boru kəmərlərinin istismarı ilə əlaqədar neftvurma və qaz kompressor stansiyaları, kondensatın saxlanması və  qazsızlaşdırılması üçün çənlər, neftin və neft məhsullarının, kondensatın və maye karbohidrogenlərin yeraltı anbarları, kompressor və  qazpaylayıcı stansiyalar, neft və neft məhsullarının qızdırılma məntəqələri.

 7. Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması üzrə:

 7.1. təhlükəli yüklərin dəmir yolu vasitəsilə daşınmasında istifadə olunan sisternlər, vaqonlar və konteynerlər;

 7.2. təhlükəli yüklərin doldurulma və boşaldılma məntəqələri;

 7.3. təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sisternlərin və konteynerlərin yuyulması və təmizlənməsi obyektləri;

 7.4. hava limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması obyektləri;

 7.5. dəniz donanması vasitəsilə təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan gəmi növləri;

 7.6. dəniz limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, boşaldılması və doldurulması obyektləri;

 7.7. avtonəqliyyat vasitəsi ilə təhlükəli yüklərin daşınması ilə məşğul olan nəqliyyat vasitələri və yükləmə-boşaltma məntəqələri.

 8. Elevatorlu unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi ilə əlaqədar fəaliyyətdə olan taxılın elevator siloslarında saxlanılması və emalı  obyektləri, qarışıq yem və gübrə formasında ammonium-nitratın (ammonium-nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində  ammonium-nitratdan azot kütləsinin 28%-dən çox olduğu mürəkkəb gübrələr (mürəkkəb gübrələrin tərkibində fosfat və (və ya) kalium ilə  birlikdə ammonium-nitrat var) istehsalı, saxlanması, daşınması və istifadəsi obyektləri.

 9. Neft-kimya, neft emalı və qaz təchizatı sahələri üzrə:

 9.1. neft qazlarının, digər karbohidrogen qazlarının və digər qazaoxşarların, neft koksunun, neft bitumunun və neft emalının digər  qalıqlarının, o cümlədən bitumlu süxurlardan alınanların, təbii bitumun və asfaltın, bitumlu və neftli şistlərin və bitumlu qumların,  asfaltitlərin və asfalt süxurlarının, təbii asfalta, təbii bituma, neft bitumuna, mineral qətranlarla və ya mineral qətran peklərinə  əsaslanan bitumlu qarışıqların (bitumlu mastikalar, asfalt yol örtükləri), yağların yüksək temperaturda distillə edilməsindən alınan  digər məhsulların, ətirli tərkib hissələri kütləsinin ətirsiz tərkib hissələri kütləsindən artıq olan oxşar məhsulların (benzolun, toluolun,  ksilolun, naftalinin, digər ətirli karbohidrogen qarışıqlarının, fenolların, kreozot yağlarının və digərləri), neft-qaz emalının və  neft-kimya məhsullarının digər növlərinin, əsas üzvi maddələrin sintezinin və üzvi xlor məhsullarının, kauçuk, şin, texniki-rezin, şistlərin  və texniki karbonun, kimyəvi liflərin, polimer materialların və plastik kütlələrin, sintetik rəngləyicilərin, kimyəvi əlavələrin və digər incə  üzvi sintez məhsullarının, lakrəngləyicilərin, məişət kimya məhsullarının istehsalı obyektləri;

 9.2. qəza vaxtı tezalışan qaz püskürmələrinin (buxarlarının) yaranması ehtimalı olan texnoloji obyektlər, neft məhsulu anbarları,  doldurma-boşaltma stansiyaları, tezalışan sıxılmış qazların nəqliyyat sistemləri;

 9.3. partlayış xüsusiyyəti daşıyan maye və ya bərk məhsulların alınması və emalı ilə bağlı obyektlər;

 9.4. insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan zərərli maddələrin istehsalı və emalı üzrə obyektlər;

 9.5. neft məhsulları tullantılarının təkrar emalı, təmizlənməsi və qaz halı alan tullantıları yandıran və utilizasiya (yenidən istifadə) edən  yerli və ümumzavod obyektləri;

 9.6. ayrıca yerləşən və sexyanı nasos, kompressor və soyuducu stansiyalar;

 9.7. xammal, yarımməhsul və hazır məhsul anbarları;

 9.8. təmizləyici qurğular, sənaye kanalizasiyası və təkrar su təminatı obyektləri;

 9.9. şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin istismarda olan xarici qaz xətləri (qəsəbələrarası birləşdirici qaz kəmərləri daxil  olmaqla), qaz tənzimləyici qurğuları olan məntəqələr və ölçü qovşaqları;

 9.10. təzyiqi 1,2 meqapaskaldan (12 kqq/kv.sm) çox olmayan təbii qazdan (qaz və neft yataqlarının) və təzyiqi 1,6 meqapaskaldan (16  kqq/kv.sm) çox olmayan mayeləşdirilmiş karbohidrogen qazından yanacaq kimi istifadə edən qaz kəmərləri və qaz avadanlıqları olan  sənaye və kənd təsərrüfatı obyektləri;

 9.11. qazdoldurucu stansiyalar və məntəqələr, stasionar avtomobil qazdoldurma stansiyaları, mayeləşdirilmiş qazın çən və qrup  halında balonlarda saxlanılması və istifadəsi obyektləri, qazın istehsalı və emalı müəssisələri, qaz məhsullarının saxlanılması, sıxılmış və  maye qazın satışı məntəqələri.

 

* “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində göstərilən bir və ya artıq əlamətlərə (tәhlükәlilik əlamətlərinə) malik olan müəssisə və ya onun sexi, sahəsi, meydançası, həmçinin digər obyektlərin nəzərdə tutulur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430)

 

 

QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə «Təhlükə potensiallı obyektlərin Siyahısı»nın 1-ci bəndində «Partlayıcı,» sözündən sonra «pirotexnik,» sözü əlavə edilmişdir.

 

[2] 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə «Təhlükə potensiallı obyektlərin Siyahısı»nın 3-cü bəndində «kanat yolları,» sözlərindən sonra «mexanikləşdirilmiş attraksionları,» sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status