×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.05.1994
QEYDİYYAT NÖMRƏSİ
176
ADI
Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında

Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası “Təhsil Qanunu”nun 30-cu maddəsinə müvafiq olaraq, Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

 

Baş nazir S.HÜSEYNOV

 

Bakı şəhəri, 5 may 1994-cü il

                  № 176

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

5 may 1994-cü il tarixli 176 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ümumtəhsil internat məktəblərinin nümunəvi

 

ƏSASNAMƏSİ

 

Ümumi müddəalar

 

1. Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir. [1]

2. Ümumtəhsil internat məktəblərinin açılması, tipinin dəyişdirilməsi və fəaliyyətinin dayandırılmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.

3. Ümumtəhsil internat məktəbləri imkan və şərait nəzərə alınmaqla, əsas və ya orta təhsil bazasında təşkil olunur.

4. Ümumtəhsil internat məktəbləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin (bundan sonra yerli təhsili idarəetmə orqanları), habelə Təhsil Nazirliyinin tabeliyində olur. Xüsusi ümumtəhsil internat məktəbləri bilavasitə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. [2]

5. Ümumtəhsil internat məktəbləri öz fəaliyyətində Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Ali Sovetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Təhsil Qanunu”nu, bu Əsasnaməni və başqa normativ aktları rəhbər tutur.

6. Ümumtəhsil internat məktəbləri məqsədindən asılı olaraq, aşağıdakı tiplər üzrə yaradılır:

·         aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri; 1

·         valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri; 2

·         sanator tipli ümumtəhsil internat məktəbləri.

1 — müxtəsər olaraq “Ümumi tipli ümumtəhsil internat məktəbləri”

2 — müxtəsər olaraq “Xüsusi ümumtəhsil internat məktəbləri”

7. Ümumtəhsil internet məktəblərinin sinif və qruplarında şagirdlərin sıxlığı və bir sıra fənlərdən siniflərin iki qrupa bölünməsi müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8. Müvafiq maddi-tədris baza və kadr potensialı olduqda şagirdlərin və valideynlərin arzusu ilə ümumtəhsil internat məktəblərində təmayüllü siniflər təşkil edilə bilər.

 

Ümumtəhsil internet məktəblərinin şagirdləri və onların hüquqları

 

9. Ümumtəhsil internet məktəblərinə aşağıdakılar qəbul olunurlar.

Ümumi tipli ümumtəhsil internet məktəblərinə:

·         çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər;

·         tək anaların (ataların) övladları;

·         səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud digər qanuni nümayəndələrin) uşaqları; [3]

·         qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar.

Xüsusi ümumtəhsil internat məktəblərinə:

·         valideynlərini itirmiş uşaqlar; [4]

·         müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr. Sanator tipli ümumtəhsil internat məktəblərinə:

·         qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr;

·         vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr;

·         tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar.

10. Ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə, xüsusi ümumtəhsil internat məktəblərinə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına, sanator tipli ümumtəhsil internat məktəblərinə isə, uşaq poliklinikaları nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunurlar.

11. Zəruri hallarda müvafiq yerli təhsili idarəetmə orqanının, yaxud polis idarəsinin təqdimatı əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı uşağın xüsusi ümumtəhsil internat məktəbinə qəbulu üçün əsas sayılır. [5]

12. Ümumi tipli ümumtəhsil internat məktəblərindəki təmayüllü siniflərlə, təmayüllü ümumtəhsil internat məktəblərinə şagirdlər müsabiqə yolu ilə qəbul edilirlər.

13. Xüsusi və sanator tipli ümumtəhsil internat məktəblərində şagirdlər tam dövlət təminatında saxlanılırlar.

14. Ümumi tipli ümumtəhsil internat məktəblərində qüvvədə olan qanunlara uyğun olaraq, şagirdlərin saxlanması üçün valideynlərdən müəyyən olunmuş qaydalar üzrə haqq alınır.

15. Ümumtəhsil internat məktəbində müəyyən edilmiş qaydada ərzaq, geyim, tədris ləvazimatı və digər avadanlıqdan mövcud normativlər üzrə istifadə edən, onun təsdiq olunmuş rejiminə tabe olanlar internat məktəbinin şagirdləri hesab edilirlər. İstisna hallarda ərazidə başqa ümumtəhsil məktəbi olmadıqda bəzi şagirdlərin göstərilən imtiyazlardan istifadə etməmək şərtilə ümumi tipli ümumtəhsil internat məktəbə qəbul olunmasına icazə verilir. [6]

16. Ümumtəhsil internat məktəbinin şagirdləri müəyyən edilmiş normativlər və qaydalar üzrə paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar. İnternat məktəbini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat məktəbini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagirdlərə respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir.

17. Xüsusi ümumtəhsil internat məktəblərini bitirən şagirdlərə paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş miqdarda birdəfəlik pul vəsaiti verilir.

18. Xüsusi ümumtəhsil internat məktəblərinin məzunları:

·         istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 ay, onlardan xroniki xəstəlikləri olanlar isə 1 il müddətinə internat məktəbdə saxlanıla bilirlər. Yaşayış sahəsi olmayan məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir; [7]

·         peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra tətil günlərində internat məktəbdə qala bilərlər. Həmin müddətdə onlar yeməklə təmin edilirlər. [8]

19. Ümumtəhsil internat məktəblərinin şagirdləri müəyyən edilmiş normativlər və tibb-metodik tövsiyələr əsasında gün ərzində 4 dəfə yeməklə təmin olunurlar.

20. Bir ailənin uşaqlarının (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan uşaqların eyni internat məktəbinə qəbul edilməsi məqsədə müvafiqdir. Həmin uşaqlardan hansınınsa tibbi göstəriciləri və ya sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, digər müvafiq internat tipli müəssisəyə göndərilir.

21. Xüsusi ümumtəhsil internat məktəbində tərbiyə alan eyni ailənin uşaqlarından hər hansı birinin övladlığa götürülməsi məsələsi ortalığa çıxarsa, uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. [9]

22. Müəyyən olunmuş qaydalar daxilində uşağı xüsusi ümumtəhsil internat məktəbinə qəbul edilmiş valideyn üzürlü səbəb olmadan 6 aydan artıq müddətdə uşağı ilə görüşə gəlməzsə, taleyi ilə maraqlanmazsa, internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.

23. Ərazidə olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsi və xüsusi ümumtəhsil internat məktəblərinə göndərilməsi işinin təşkilində yerli təhsili idarəetmə orqanları, sanator tipli ümumtəhsil internat məktəblərinə göndəriləcək uşaqların aşkara çıxarılmasında isə ərazi üzrə dövlət tibb müəssisələri bilavasitə məsuliyyət daşıyırlar. [10]

24. Yaranmış şəraitə və sağlamlığının vəziyyətinə görə, ümumi tipli və sanator tipli ümumtəhsil internat məktəblərində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, habelə qəyyumluğa (himayəyə) götürülmüş uşaqlar onlar üçün müəyyən olunmuş imtiyazlardan istifadə edirlər.

25. Yay tətili müddətində uşaqlar valideynləri (yaxud digər qanuni nümayəndələr) tərəfindən evə aparıla bilərlər. Bu və ya digər səbəblə bağlı evə aparılmayan uşaqlar üçün internat məktəbində yay-istirahət düşərgəsi təşkil olunur, yaxud putyovka ilə digər düşərgələrə göndərilirlər. Uşaqların yay istirahətinin təşkilində yerləşən yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri internat məktəblərinin rəhbərliyinə hərtərəfli kömək göstərməlidirlər. [11]

26. Yat tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə əsasən, evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların tək, valideynin (yaxud digər qanuni nümayəndənin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.

27. Ümumtəhsil internat məktəbinin şagirdləri, əsasən, internatın yataqxanasında qalmalıdırlar. Müəyyən hallarda (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması zəruridirsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərazisinə əsasən, ümumi və sanator tipli ümumtəhsil internat məktəblərinin bəzi şagirdlərinin yalnız axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedib-gəlməsinə icazə verilmir.

 

Ümumtəhsil internat məktəblərinə şagird qəbulu və şagirdlərin internat məktəblərindən buraxılışı

 

28. Ümumtəhsil internat məktəblərinə şagird qəbulu haqqında mətbuatda və digər kütləvi məlumat vasitələrində elanlar verilir.

29. Ümumtəhsil internat məktəblərinə şagird qəbulu il boyu aparılır.

30. Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

·         Ümumi tipli ümumtəhsil internat məktəblərinə:

·         doğum haqqında şəhadətnamənin əsli;

·         sağlamlıq haqqında arayış;

·         yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;

·         valideynlərin iş yeri və əmək haqqının məbləği barədə arayış;

·         4 ədəd 3x4 ölçüdə foto-şəkil;

·         direktorun adına ərizə.

 

Xüsusi ümumtəhsil internat məktəblərinə:

 

·         doğum haqqında şəhadətnamənin əsli, yaxud həmin sənəd olmadıqda, uşağın yaşının təyin edilməsi barədə tibbi komissiyanın rəyi;

·         sağlamlıq haqqında arayış;

·         valideynləri və ya onları ə vəz edən şəxslər barədə sənədlər (valideynlərin ölümü haqqında şəhadətnamələrin surəti, valideynlik hüququndan məhrum edilmə barədə məhkəmənin qərarı, valideynlərin xəstəliyi, uşaqlarını tərbiyə edə bilməməsi və ya axtarışda olması barədə sənədlər, valideynlərin olmadığını sübut edən digər sənədlər);

·         uşağın bacı və qardaşlarının, yaxın qohumlarının (baba, nənə, əmi, dayı, bibi, xala) yaşayış yeri barədə arayışlar;

·         valideynlərin ölümündən sonra qalmış əmlakın siyahısı və onun saxlanmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat;

·         uşağın adına olan mənzil sahəsi barədə sənədlər;

·         pensiya kitabçası (pensiya alan uşaqlar üçün), aliment ayrılması barədə məhkəmənin qərarı;

·         yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı. [12]

 

Sanator tipli ümumtəhsil internat məktəblərinə:

 

·         doğum haqqında şəhadətnamənin əsli;

·         təlim müvəffəqiyyəti cədvəli (məktəbli uşaqlar üçün);

·         yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; [13]

·         uşağın uçotda olduğu poliklinikanın sahə həkiminin göndərişi, yaxud xəstəlik tarixçəsindən çıxarış;

·         uşağın tibbi dövriyyə vərəqi;

·         internat məktəbinin tibb komissiyasının rəyi;

·         uşağın internat məktəbinə qəbulu haqda valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsi. [14]

31. Santor tipli ümumtəhsil internat məktəblərinə uşaqların göndərilməsi üçün əsas hesab edilən tibbi göstəricilər Səhiyyə Nazirliyinin təsdiq etdiyi müvafiq sənədlərlə müəyyənləşdirilir. [15]

32. Şagirdlərin sanator tipli internat məktəbdə saxlanma müddəti internat məktəbin həkim komissiyası tərəfindən müəyyən olunur. Tibbi göstəricilərə əsasən, şagirdin saxlanma müddətini komissiya uzada bilər.

33. Sanator tipli ümumtəhsil internat məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqları ümumtəhsil məktəbinə qayıdırlar. Burada onlar internat məktəbinin verdiyi sənədlərə əsasən, əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.

34. Xüsusi ümumtəhsil internat məktəblərini bitirən şagirdlərə müvafiq təhsil sənədi ilə yanaşı, doğum haqqında şəhadətnamə, sağlamlıq və internat məktəbində dövlət himayəsində olması barədə arayışlar, yaxın qohumları haqda məlumat, pasport (yetkinlik yaşına çatanlara), mənzil və əmək hüququnu təsdiq edən sənədlər verilir.

 

Təlim-tərbiyə işinin təşkili

 

35. Ümumtəhsil internat məktəblərində təlim-tərbiyə prosesinin təşkili müasir elmi-pedaqoji, metodiki nailiyyətlərə əsaslanır, daim təkmilləşdirilir və şagirdlərin möhkəm bilik zəminində təhsil almasına xidmət edir.

36. Sanator tipli ümumtəhsil internat məktəblərində təlim-tərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə ciddi diqqət verilir. Müalicə-sağlamlıq tədbirləri Səhiyyə Nazirliyinin qüvvədə olan göstərişlərinə əsasən yerinə yetirilir.

37. Təlim-tərbiyə prosesi dövlət standartları səviyyəsində hazırlanmış tədris planları və proqramları əsasında həyata keçirilir. Tədrisin təşkilində mühazirə, seminar, zaçot və s. formalardan istifadə edilə bilər.

38. Ümumtəhsil internat məktəblərində şagirdlər bilik və bacarıq səviyyəsinə görə ayrı-ayrı siniflərdə komplektləşdirilə bilər.

39. Ümumtəhsil internat məktəblərində hər bir şagirdin maraq dairə si, qabiliyyəti diqqətlə öyrənilməli, onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılmalıdır. Bu və ya digər sahə üzrə istedadlı şagird aşkar olunarsa, internat məktəbinin rəhbərliyi onun müvafiq təmayüllü internat məktəbinə, gimnaziyaya və ya litseyə qəbul edilməsi barədə məsələ qaldıra bilər.

40. Ümumtəhsil internat məktəblərində şagirdlərin əmək tərbiyəsinə ciddi diqqət yetirilir, internat məktəbinin rəhbərliyi uşaqların meyl və maraqlarına görə peşə öyrənmələrinə şərait yaratmaq məqsədilə, lazımi tədbirlər görür, bununla əlaqədar müxtəlif təsərrüfatların, istehsalat müəssisələrinin imkanlarından səmərəli istifadə edir.

41. Buraxılış və sinifdən-sinifə keçirmə imtahanları respublika Təhsil Nazirliyinin təsdiq etdiyi Təlimata əsasən həyata keçirilir. Sinifdən-sinifə keçirmə imtahanlarının zəruriliyi pedaqoji şura tərəfindən müəyyən edilir.

42. Ümumtəhsil internat məktəblərində ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına yol verilir. Belə hallarda şagirdlərin bilik səviyyəsinin dövlət proqramları tələblərinə uyğun olub-olmaması müvafiq təhsil orqanları tərəfindən müəyyənləşdirilib rəsmiləşdirilir.

43. Ümumtəhsil internat məktəblərində şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə klublar, studiyalar, dərnəklər, özfəaliyyət kollektivləri, idman bölmələri yaradılır, müntəzəm olaraq gecələr, müsabiqələr, baxışlar, yaradıcı adamlarla görüşlər keçirilir, şagirdlər vaxtaşırı olaraq konsertlərə, teatr tamaşalarına, muzeylərə, ekskursiyalara, gəzintilərə aparılır, ərazinin, eləcə də respublikanın flora və faunasının, tarix və mədəniyyət abidələrinin öyrənilməsi təmin edilir.

44. Təlim-tərbiyə keyfiyyətinin yüksəldilməsində internat məktəbinin müəllim və tərbiyəçiləri eyni dərəcədə məsuliyyət daşıyırlar.

45. Ümumtəhsil internat məktəblərində dərsdənkənar vaxtlarda təşkil olunan iş prosesi şagirdlərin milli ənənələrimizi, vətənpərvərlik ruhunda böyüməsini, dilimizi, tariximizi, mədəniyyətimizi öyrənməsini, saf əqidəli, fiziki cəhətdən sağlam, bədii-estetik duyumlu vətəndaşlar kimi yetişməsini təmin etmək istiqamətində qurulmalıdır.

46. Ümumtəhsil internat məktəblərində müəllim və tərbiyəçilər təlim-tərbiyə işlərini təkmilləşdirmək məqsədilə, qabaqcıl pedaqoji təcrübəni müntəzəm olaraq öyrənməli və öz fəaliyyətlərində tətbiq etməlidirlər. Bununla yanaşı, internat məktəblərinin rəhbərliyi müvafiq təhsil orqanlarının yaxından iştirakı ilə internatın qabaqcıl müəllim və tərbiyəçilərinin iş təcrübəsinin öyrənilməsi, yayılması, habelə pedaqoji işçilərin əməyinin stimullaşdırılması üçün müvafiq əməli tədbirlər həyata keçirir.

 

Ümumtəhsil internat məktəblərinin idarə olunması. Pedaqoji kadrlar.

 

47. Ümumtəhsil internat məktəblərinin ictimaiözünüidarəsinin ali orqanı internat məktəbinin ümumi yığıncağıdır (konfransıdır). Konfrans ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində nəzərdə tutulmuş səlahiyyət və qaydalar daxilində fəaliyyət göstərir.

48. Konfranslar ildə bir dəfədən az olmayaraq keçirilir. Konfranslar arasında ali ictimai özünüidarə orqanı məktəb şurasıdır. Məktəb şurası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq Əsasnaməyə uyğun fəaliyyət göstərir.

49. Ümumtəhsil internat məktəblərində təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək, pedaqoji işçilərin peşə ustalığını, yaradıcılıq meylini artırmaq üçün pedaqoji şura yaradılır və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun fəaliyyət göstərir.

50. Ümumtəhsil internat məktəblərinin bütün kateqoriyadan olan işçilərinin hüquq və vəzifələri, daxili intizam və iş qaydaları bu Əsasnamənin tələbləri baxımından hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Nizamnamə hər bir ümumtəhsil internat məktəbində hazırlanır Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. [16]

51. Təlim-tərbiyə prosesinin idarə edilməsini və internat məktəbinin gündəlik fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor seçkisi “Təhsil Qanunu”na uyğun olaraq aparılır. Özünü doğrultmayan direktor vaxtından əvvəl konfrans tərəfindən geri çağırıla bilər.

52. Ümumtəhsil internat məktəbinin direktoru ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində müəyyən olunmuş hüquq və səlahiyyətlər daxilində fəaliyyət göstərir.

53. Ümumtəhsil internat məktəblərində psixoloji xidmət fəaliyyət göstərir və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir. Psixoloji xidmətin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [17]

54. Ümumtəhsil internat məktəblərində uşaq və gənclərin ictimai təşkilatları mövcud qanunvericiliyə və öz Nizamnaməsinə uyğun yaradılır.

55. Ümumtəhsil internat məktəblərində şagirdlərin ərzaq məhsulları ilə təminatına və iaşə xidmətinin təşkilinə aidiyyatı ticarət təşkilatları, onların yerlərdəki nümayəndələri cavabdehdirlər. İaşə xidmətini yerli dövlət orqanları təmin edir, yeməyin minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirirlər. [18]

56. Ümumtəhsil internat məktəblərinə pedaqoji işçilər təyin edilərkən, onların elmi-nəzəri, metodiki hazırlığı, peşə ustalığı, uşaqlarla işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti, işə yaradıcı münasibəti ciddi surətdə nəzərə alınmalıdır.

 

Tibbi və sanitar-gigiyena xidməti

 

57. Ümumtəhsil internat məktəblərində uşaqların sağlamlığının mühafizəsi, sanitar-gigiyena tələblərinin gözlənməsi vacib şərtlərdən sayılır və internat məktəbinin rəhbərliyi həmin məsələlərin lazımi qaydada həyata keçirilməsi ilə əlaqədar ardıcıl və təsirli tədbirlər görməlidir.

58. Ümumtəhsil internat məktəblərinə tibbi xidməti dövlət tibb müəssisələri göstərirlər. Tibbi xidmətin təşkili yerli dövlət orqanları tərəfindən həyata keçirilir. [19]

59. Şagirdlərin sağlamlığının qorunması və internat məktəbində ciddi sanitar-gigiyena rejimi yaradılması üçün əsas məsuliyyət burada çalışan tibbi xidmət işçilərinin üzərinə düşür.

60. İnternat məktəbinin həkimi:

·         uşaqların il ərzində 2 dəfədən az olmayaraq dərinləşdirilmiş tibbi müayinədən keçirilməsini təşkil edir. Xəstəliklərin qarşısını almaq məqsədilə, profilaktik işlər həyata keçirir və onun səmərəliliyini nəzarətdə saxlayıb ardıcıl yoxlayır;

·         şagirdlərin sağlamlığını vəziyyətinə, fiziki, psixoloji inkişafına nəzarət edir, lazım olan hallarda onların müalicəsi üçün tədbirlər görür;

·         uşaqların sağlamlığının qorunması ilə bağlı əyani-təşviqat xarakterli tədbirlər keçirir, mühazirələr, söhbətlər təşkil edir;

·         uşaqların düzgün qidalanmasına, yeməklərin keyfiyyəti və kalorililiyinə, menyuların mövsümə və milli mətbəxə uyğun tərtibinə nəzarət edir və metodiki tö vsiyələr verir;

·         şagirdlərin fiziki əməklə ba ğlı tədbirlərə və peşəyönümü işlərinə, idma na cəlb edilməsinin onların sağlamlığına uyğun olub-olmaması barədə rəy verir;

·         internat məktəbində epidemioloji və sanitar-gigiyena rejiminə mövcud qaydalara uyğun surətdə əməl olunmasına ardıcıl nəzarət edir.

61. İnternat məktəbinin rəhbərliyi şura iclaslarında direktorun yanında keçirilən müşavirələrdə həkim və tibb bacılarının tibbi xidmətə dair hesabatını dinləyir, onların qaldırdığı məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görür.

 

Ümumtəhsil internat məktəblərinin maddi-tədris bazası, maliyyələşdirilməsi, təsərrüfat və hesabat işləri

 

62. Ümumtəhsil internat məktəblərinin maliyyə vəsaiti normativlər əsasında müəyyən edilən büdcə və büdcədənkənar təxsisatlardan yaranır.

63. Ümumtəhsil internat məktəbləri tabelik qaydasına görə, yerli təhsili idarəetmə orqanları, yaxud Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir. [20]

64. Ümumtəhsil internat məktəblərinin maliyyə fondu, əsasən aşağıdakı mənbələrdən yaranır:

·         büdcədən ayrılmış vəsait;

·         mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat hesabında olan müxtəlif müəssisələrin və təşkilatların vəsait qoyuluşları;

·         idarə və təşkilatların, xeyriyyə cəmiyyətlərinin, vətəndaşların könüllü olaraq verdiyi vəsait;

·         yardımçı təsərrüfatdan, tədris-təcrübə sahəsindən, tədris emalatxanalarında hazırlanan məhsulun satışından əldə edilən gəlir.

65. İnternat məktəblərinin büdcə vəsaiti və müxtəlif mənbələrdən toplanmış gəliri toxunulmazdır. İnternat məktəbinin maliyyə vəsaiti bütünlüklə öz ixtiyarındadır və həmin vəsaiti bölüşdürmək hüququna malikdir.

66. Ümumtəhsil internat məktəblərinin müstəqil mühasibatlığı olmalıdır. Mühasibat uçotunun aparılması həyata keçirilir, maliyyə, vergi və statistik hesabatlar tərtib və təqdim edilir. [21]

67. İnternat məktəbinin ştat cədvəli, işçilərin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq, direktor tərəfindən müəyyən edilir.

68. Ümumtəhsil internat məktəblərinin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində müəyyən edilmiş siyahıya uyğun aparılır.

69. Ümumtəhsil internat məktəblərində tədris prosesinin təşkilində sinif-dərs forması əvəzinə başqa formalardan istifadə olunarsa, əmək haqqı ümumi əmək haqqı fondu hesabına ödənilir.

70. Ümumtəhsil internat məktəbi şagirdlərin təlim-tərbiyəsini, sosial-məişət şəraitini, sağlamlığının mühafizəsini təmin etmək üçün müasir tələblər əsasında təchiz olunmuş fənn kabinetlərinə, laboratoriyalara, sinif və yataq otaqlarına malik tədris və yataqxana binalarına, yeməkxanaya, təsərrüfat qurğularına, hamam, camaşırxana, tir və yardımçı xidmət otaqlarına, gigiyena otağına, tibb məntəqəsinə, akt və kino zalına, istilik və su sistemlərinə, tədris-təcrübə sahəsinə malik olmalıdır.

71. Şagirdlərin gəzintilərə, ekskursiyalara, tamaşalara, mədəni-kütləvi tədbirlərə aparılıb-gətirilməsi, ərzağın, inventar-avadanlığın daşınması üçün internat məktəblərinə avtobus və yaxud yük maşını və s. nəqliyyat vəsaitləri ayrılır. Nəqliyyat vasitələrinin alınması üçün xərclər smetasında qənaət olunmuş vəsaitdən istifadə edilməsinə icazə verilir.

72. Ərzaq, kənd təsərrüfatı məhsulları ilə təminatı yaxşılaşdırmaq və şagirdləri ictimai-faydalı əmək prosesinə cəlb etmək üçün internat məktəblərində mövcud qaydalar üzrə yardımçı təsərrüfat yaradılması məqsədəuyğundur. Belə təsərrüfatların yaradılmasına yerli dövlət orqanları hərtərəfli yardım etməlidirlər.

73. Yardımçı təsərrüfatdan əldə edilən gəliri, habelə, mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat hesablı müəssisə və təşkilatların, eləcə də ayrı-ayrı vətəndaşların köçürdüyü vəsaiti cəmləşdirmək üçün ümumtəhsil internat məktəbinin yerli bank müəssisəsində xüsusi hesabı açılır. Xüsusi hesabda toplanmış vəsait şagirdlərin maddi-məişət şəraitinin yaxşılaşdırılmasına, işçilərə pul mükafatı verilməsinə, imkansız ailələrdən gəlmiş uşaqlara maddi yardım edilməsinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər bu kimi məqsədlərə istifadə olunur.

74. Ümumtəhsil internat məktəblərində mövcud qaydalara əsasən, kargüzarlıq işləri aparılır, tabelik üzrə müvafiq təhsil orqanına hesabat verilir.

75. Ümumtəhsil internat məktəbi hüquqi şəxs səlahiyyətinə malikdir, üzərində respublikanın gerbi olan dəyirmi möhürü, internat məktəbinin və tabe olduğu təşkilatın adı yazılmış ştampı və ünvan lövhəsi vardır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 yanvar 1999-cu il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 48)

2.       18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648)

3.       13 avqust 2015-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 avqust 2015-ci il, № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 963)

4.       17 dekabr 2015-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 dekabr 2015-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1579)

5.       11 aprel 2017-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 628)

6.       25 may 2018-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1147)

7.       22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

8.       28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458)

9.       19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736)

10.    22 fevral 2020-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 210)

11.    9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480)

12.    30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)

13.    17 sentyabr 2021-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2021-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1070)

14.    19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 1-ci hissədə, 6-cı hissənin üçüncü abzasında, 16-cı, 23-cü və 24-cü hissələrdə “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilmişdir.

 

[2] 19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 4-cü hissəsində rayon (şəhər) təhsil şöbələrinin sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin (bundan sonra yerli təhsili idarəetmə orqanları) sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 aprel 2017-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 628) ilə 9-cu hissənin beşinci abzasında “onları əvəz edənlərin” sözləri “digər qanuni nümayəndələrin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 9-cu hissənin səkkizinci abzasında “hər iki valideynini itirmiş yetim” sözləri “valideynlərini itirmiş” sözləri ilə əvəz edilmişdir.

 

[5] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə 11-ci bənddə "təqdimatı" sözü "təqdimatı əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı" sözləri ilə əvəz edilmişdir.

 

19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 11-ci hissəsində rayon (şəhər) təhsil şöbəsinin sözləri yerli təhsili idarəetmə orqanının sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 avqust 2015-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 avqust 2015-ci il, № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 963) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 15-ci hissəsinin ikinci cümləsi çıxarılmışdır.

 

[7] 21 yanvar 1999-cu il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 48) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnamə”sinin 18-ci bəndinin 2-ci abzasına “Yaşayış sahəsi olmayan məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir” sözləri əlavə edilmişdir.

 

[8] 19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 18-ci hissəsinin üçüncü abzasında “texniki-peşə” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[9] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 628) ilə 21-ci bənd yeni redaksiyada verilmişdir.

 

[10] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 23-cü hissəsində “səhiyyə şöbələri” sözləri “ərazi üzrə dövlət tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 23-cü hissəsində yerli təhsil şöbələri sözləri yerli təhsili idarəetmə orqanları sözləri ilə əvəz edilmişdir.

 

[11] 11 aprel 2017-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 628) ilə 25-ci hissədə “onları əvəz edən şəxslər” sözləri “digər qanuni nümayəndələr” sözləri ilə əvəz edilmişdir.

 

30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 25-ci hissəsində “təhsil və səhiyyə orqanları” sözləri “ərazi üzrə dövlət təhsil və tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[12] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə 30-cu bəndin on yeddinci abzası yeni redaksiyada verilmişdir.

 

[13] 17 dekabr 2015-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 dekabr 2015-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1579) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 30-cu hissəsinin beşinci və iyirmi birinci abzaslarında “yerindən” sözü “yeri üzrə qeydiyyat haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[14] 11 aprel 2017-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 628) ilə 10-cu hissədə, 26-cı hissənin birinci və ikinci cümlələrində, 27-ci hissənin üçüncü cümləsində, 30-cu hissənin iyirmi beşinci abzasında “onu əvəz edən şəxsin” sözləri “digər qanuni nümayəndənin” sözləri ilə əvəz edilmişdir.

 

[15] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 31-ci hissəsində “səhiyyə orqanlarının” sözləri “Səhiyyə Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[16] 25 may 2018-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1147) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 50-ci hissəsinin ikinci cümləsində “və tabe olduğu təhsil orqanında təsdiq edildikdən sonra qüvvəyə minir” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir” sözləri ilə əvəz edilmişdir.

 

[17] 28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsi”nin 53-cü hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Psixoloji xidməti internat məktəbinin psixoloqu həyata keçirir və o, statusuna görə pedaqoji işçilərə bərabər tutulur.

22 fevral 2020-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 210) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 53-cü hissəsinə “fəaliyyət göstərir” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilmişdir.

 

[18] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 55-ci hissənin ikinci cümləsində “səhiyyə orqanları” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

17 sentyabr 2021-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2021-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1070) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 55-ci hissəsinin ikinci cümləsində “keyfiyyətinə” sözü “minimum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “nəzarətini” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilmişdir.

 

[19] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 58-ci hissənin birinci cümləsində “Səhiyyə Nazirliyinin müvafiq idarə və” sözləri “dövlət” sözü ilə əvəz edilmişdir.

 

[20] 19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 63-cü hissəsində yerli təhsil orqanları sözləri yerli təhsili idarəetmə orqanları sözləri ilə əvəz edilmişdir.

 

[21] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938) ilə “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 66-cı hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Mühasibat və statistika uçotunun aparılması, xərclər smetasının icrası mövcud qaydalar əsasında internat məktəbinin Nizamnaməsi ilə müəyyənləşdirilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status