AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.10.1999
QEYDİYYAT NÖMRƏSİ
712-IQ
ADI
"Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-10-1999, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 574)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə

"Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il yanvarın 16-da qəbul olunmuş Avropa Konvensiyasına qoşulsun.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 20 oktyabr 1999-cu il
№ 712-IQ

 

Arxeoloji irsin qorunması haqqında

AVROPA KONVENSİYASI

 

(yenidən baxılmış)

 

PREAMBULA

 

Bu Konvensiyanı imzalamış Avropa Şurasının üzvü olan dövlətlər və Avropa Mədəniyyət Konvensiyasının iştirakçısı olan digər dövlətlər

Avropa Şurasının məqsədinin onun üzvləri arasında, ələlxüsus da onların ümumi irsi olan idealların və prinsiplərin qorunması və gerçəkləşdirilməsi üçün daha sıx birliyə nail olmaqdan ibarət olduğunu hesab edərək,

1954-cü il dekabrın 19-da Parisdə imzalanmış Avropa Mədəniyyət Konvensiyasını, xüsusən də onun 1-ci və 5-ci maddələrini nəzərə alaraq,

1985-ci il oktyabrın 3-də Qranadada imzalanmış Avropa arxitektura irsinin qorunması haqqında Konvensiyanı nəzərə alaraq,

1985-ci il iyunun 23-də Delfada imzalanmış Mədəni Mülkiyyətlə bağlı cinayətlər haqqında Avropa Konvensiyasını nəzərə alaraq,

Parlament Assambleyasının arxeologiyaya dair tövsiyələrini, xüsusən də 848-ci (1978), 921-ci (1981) və 1072-ci (1988) tövsiyələrini nəzərə alaraq,

şəhər və kəndlərin planlaşdırılması üzrə əməliyyatlar kontekstində arxeoloji irsin qorunmasına və artırılmasına dair R (89) 5 №-li Tövsiyəni nəzərə alaraq,

arxeoloji irsin bəşəriyyət tarixi sahəsində bilgilər üçün çox böyük əhəmiyyəti olduğunu xatırladaraq,

qədim tarixə şahidlik edən Avropa mədəni irsinə planlaşdırma sahəsində irimiqyaslı proqramların sayının artması, təbiət riskləri, gizli və ya qeyri-elmi qazıntı işləri nəticəsində ziyan vurula biləcək ciddi təhlükənin olduğunu və bu problemləri ictimaiyyətin lazımınca dərk etmədiyini etiraf edərək,

müvafiq inzibati və elmi nəzarət prosedurlarının hələ mövcud olmadığı yerlərdə onların tətbiqinin son dərəcə mühümlüyünü, şəhər və kəndlərin planlaşdırılması və mədəniyyətin inkişafı sahəsindəki siyasətdə arxeoloji irsin qorunması zərurətinin əks etdirilməli olduğunu bəyan edərək,

arxeoloji irsin qorunması üçün təkcə bilavasitə maraqlı dövlətlərin deyil, həm də bütün Avropa ölkələrinin məsuliyyət daşımalı olduğunu, həmçinin məqsədin arxeoloji irsə ziyan vurulması riskini azaltmaq və ekspertlər mübadiləsinin həvəsləndirilməsi və təcrübənin müqayisəsi yolu ilə onun qorunmasına kömək göstərmək olduğunu vurğulayaraq,

1969-cu il mayın 6-da Londonda imzalanmış Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasında şərh olunan prinsiplərin, Avropa ölkələrində planlaşdırma sahəsindəki siyasətin təkamülü ilə əlaqədar işlənməsinin başa çatdırılmasının zəruriliyini qeyd edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Arxeoloji irsin tərifi

Maddə 1

1) Bu (yenidən baxılmış) Konvensiyanın məqsədi arxeoloji irsin Avropa kollektiv yaddaşının mənbəyi, tarixi və elmi araşdırmalar aləti kimi qorunmasını təmin etməkdən ibarətdir.

2) Bu məqsədlə:

i) qorunması və öyrənilməsi bəşəriyyətin tarixini və onun təbii mühitlə əlaqəsini izləməyə kömək edən;

ii) əsas informasiya mənbələri qazıntılar və ya kəşflər, bəşəriyyətlə və ona aid mühitlə bağlı digər tədqiqat metodları olan; və

iii) Tərəflərin yurisdiksiyası hüdudlarında istənilən hər hansı rayonda yerləşən

bəşəriyyətin keçmiş dövrlərə aid olan bütün qalıqları və obyektləri və hər hansı digər izləri arxeoloji irs elementləri sayılır.

3) Arxeoloji irsə istər quruda, istərsə də su altında tikililər, qurğular, bina ansamblları, istifadə olunmuş yerlər, daşınar obyektlər, digər növ abidələr, eləcə də onları əhatə edən məkan daxildir.

Bu irsin identifikasiyası və onun qorunması tədbirləri

Maddə  2

Hər bir Tərəf bu dövlət üçün yararlı olan vasitələrin köməyi ilə arxeoloji irsin qorunmasının hüquqi sistemini yaratmağı öhdəsinə götürür və aşağıdakıları nəzərdə tutur:

i) onun arxeoloji irs kataloqunun aparılmasını və qorunan abidə və sahələrin müəyyən edilməsini;

ii) gələcək nəsillərin öyrənməsi üçün maddi sübutları qoruyub saxlamaq məqsədi ilə quruda və ya su altında, hətta gözəgörünən qalıqların olmadığı yerlərdə belə arxeoloji qoruqların yaradılmasını;

iii) təsadüfən arxeoloji irs elementləri aşkar edənlərin mütləq səlahiyyətli orqanları xəbərdar etməsini və həmin elementlərin müayinə üçün verilməsini.

Maddə  3

Arxeoloji irsi qoruyub saxlamaqdan və arxeoloji tədqiqatların elmi əhəmiyyətinə təminat yaratmaqdan ötrü hər bir Tərəf öhdəsinə götürür:

i) qazıntılara və arxeoloji fəaliyyətin digər növlərinə icazə verilməsi və nəzarət prosedurlarını elə tətbiq edəcəkdir ki:

a) qanunsuz hər hansı qazıntı aparılmasının, yaxud da arxeoloji irs elementlərinin götürülməsinin qarşısı alınsın;

b) arxeoloji qazıntıların və axtarışların elmi əsasda aparılması aşağıdakı şərtlərlə təmin olunsun:

imkan daxilində hər vaxt dağıdıcı olmayan tədqiqat üsulları tətbiq edilir;

qazıntılar zamanı və onlardan sonra arxeoloji irs elementləri açılmır və mühafizəsiz qalmır və bu zaman onların lazımınca qorunması, salamat saxlanması və istifadəsi üçün tədbirlər görülür;

ii) qazıntıların və digər potensial dağıdıcı metodların yalnız bunun üçün xüsusi icazə almış ixtisaslı mütəxəssislər tərəfindən aparılmasını və tətbiqini təmin etməyi;

iii) arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün metalaxtaranlardan və ya hər hansı digər avadanlıqdan, yaxud prosesdən istifadə edilməsini, dövlətin daxili hüquqları nəzərdə tutduqda bunu qabaqcadan konkret icazə ilə şərtləndirməyi.

Maddə 4

Hər bir Tərəf arxeoloji irsin fiziki mühafizәsi üçün tədbirlər görməyi öhdəsinə götürür, vəziyyət tələb etdikdə bunları nəzərdə tutur:

i) digər müvafiq vəsaitin köməyi ilə dövlət orqanlarının arxeoloji qoruqlar yaradılması üçün nəzərdə tutulmuş sahələri əldə etməsi və ya onların qorunmasının təmin olunması;

ii) in situ saxlanması üstün tutulmaqla, arxeoloji irsin qorunması və ona qulluq üzrə tədbirlər;

iii) ilkin yerləşdiyi yerdən başqa yerə aparılmış arxeoloji qalıqların saxlanması üçün lazımi yerlər.

Arxeoloji irsin kompleks qorunması

Maddə 5

Hər bir Tərəf:

i) arxeoloqların iştirakını təmin etmək yolu ilə arxeologiyanın və inkişaf planlarının müvafiq tələblərini razılaşdırmağa və əlaqələndirməyə can atmağı:

a) arxeoloji maraq doğuran sahələrin qorunması, saxlanılması və artırılmasının yaxşı tarazlaşdırılmış strategiyasını təmin etməli olan planlaşdırma siyasətinin işlənib hazırlanmasında;

b) inkişaf proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinin müxtəlif mərhələlərində;

ii) arxeoloqların, şəhər və region planlaşdırıcılarının müntəzəm olaraq bir-biri ilə məsləhətləşmələrini aşağıdakılara imkan vermək məqsədi ilə təmin etməyi:

a)  arxeoloji irs üçün xoşagəlməz nəticələr verə biləcəyi ehtimal olunan inkişaf planlarının dəyişdirilməsinə;

b)  yerindəcə müvafiq elmi tədqiqatların aparılması və onların nəticələrinin dərci üçün kifayət qədər vaxt və ehtiyatlar ayrılmasına;

iii) ekoloji təsirin qiymətləndirilməsinin və bunun əsasında qəbul edilən qərarların arxeoloji qazıntı yerləri və onları əhatə edən məkanla bağlı mülahizələri tam nəzərdə tutmasını təmin etməyi:

iv) arxeoloji irs elementlərinin inkişaf sahəsindəki fəaliyyət gedişində aşkar edildiyi hallarda, əməli cəhətdən mümkün olduqda onların in situ saxlanması üçün tədbirlər nəzərdə tutulmasını;

v) arxeoloji qazıntı yerlərinin əhali üçün açılmasının, xüsusən də buraya gələn çoxlu adamın qəbulu üçün zəruri olan hər hansı təşkilati tədbirin belə yerlərin və onları əhatə edən məkanın arxeoloji və elmi xarakterinə”mәnfi təsir göstərməməsini təmin etməyi öhdəsinə götürür.

Arxeoloji tədqiqatların və saxlamanın maliyyələşdirilməsi

Maddə 6

Hər bir Tərəf öhdəsinə götürür:

i) müvafiq səlahiyyətləri çərçivəsində milli, regional və yerli orqanların arxeoloji tədqiqatlara dövlət maliyyə yardımmı təmin etməyi;

ii) xilasetmə arxeologiyası üçün ayrılan material resurslarını artırmağı:

a) inkişaf sahəsində irimiqyaslı dövlət proqramlarının, yaxud özəl proqramların hər hansı zəruri arxeoloji əməliyyatlar aparılması üçün bütün xərclərin dövlət və ya özəl sektorun resursları hesabına ödənilməsinin nəzərdə tutulmasının təmin edilməsi üçün münasib tədbirlər görülməsi yolu ilə:

b) büdcənin bu cür proqramlara aid olan hissəsində ekoloji və regional planlaşdırma zamanı ehtiyat tədbirləri ilə şərtlənən təsir araşdırmalarının aparılması üçün olduğu kimi, ilkin arxeoloji tədqiqatlar və axtarışlar aparılması üçün vəsait ayrılması, elmi xülasənin tərtibi, həmçinin onların nəticələrinin tam dərci və rəsmiləşdirilməsi yolu ilə.

Elmi informasiyanın toplanması və yayılması

Maddə  7

Arxeoloji kəşflərin öyrənilməsinə və onlar barədə biliklərin yayılmasına kömək məqsədi ilə hər bir Tərəf:

i) onun yurisdiksiyası hüdudlarında yerləşən sahələrdəki arxeoloji qazıntı yerlərinin müayinəsini aparmağı, kataloqlarını və xəritələrini tərtib etməyi və ya təzələməyi;

ii) arxeoloji əməliyyatlar aparıldıqdan sonra ixtisaslı tədqiqatların nəticələrinin zəruri tam əhatəli nəşrinədək dərc edilməli olan elmi xülasəsinin tərtibinin təmin edilməsi üçün bütün əməli tədbirləri görməyi öhdəsinə götürür.

Maddə 8

Hər bir Tərəf:

i) peşəkar elmi məqsədlərlə arxeoloji irs elementlərinin milli və beynəlxalq mübadiləsinə kömək etməyi, belə bir açıqlamanın bu elementlərin mədəni və elmi dəyərinə qətiyyən ziyan vurmamasını təmin etməkdən ötrü müvafiq tədbirlər görməyi;

ii) aparılan arxeoloji tədqiqatlar və qazıntılar barədə informasiya mübadiləsini həvəsləndirməyi və beynəlxalq tədqiqat proqramlarının gerçəkləşdirilməsinə yardım göstərməyi öhdəsinə götürür.

Bu irsin əhəmiyyətini ictimaiyyətin dərk etməsinə kömək

Maddə 9

Hər bir Tərəf:

i) keçmişi dərk etməkdən ötrü arxeoloji irsin əhəmiyyətini və bu irs üçün təhlükələri ictimaiyyətin dərindən dərk etməsini təmin etmək məqsədi ilə maarifçilik işi aparmağı;

ii) ictimaiyyəti arxeoloji irsin mühüm elementlərinə, xüsusən də qazıntı yerlərinə getməyə həvəsləndirməyi və arxeoloji obyektlərin münasib çeşiddə ictimaiyyətə nümayişinə kömək etməyi öhdəsinə götürür.

Arxeoloji irs elementlərinin qanunsuz dövriyyəsinin qarşısının alınması

Maddə 10

i) müvafiq dövlət orqanlarının və elmi idarələrin aşkar edilmiş hər hansı qanunsuz qazıntılar barədə informasiya mübadiləsi üçün tədbirlər görməyi;

ii) bu Konvensiyanın Tərəflərindən biri olan mənşə dövlətindəki səlahiyyətli orqanları ya qanunsuz qazıntılarla, ya da qeyri-hüquqi rəsmi qazıntılarla bağlılığı şübhə doğuran istənilən təklifdən xəbərdar etməyi və belə bir tәklifin zəruri detallarını təqdim etməyi;

iii) eksponat əldə etmə siyasəti dövlət nəzarəti altında olan muzeylərin və analoji idarələrin nəzarətdənkənar tapıntılarla və ya qanunsuz qazıntılar, yaxud da hüquqa zidd rəsmi qazıntılarla bağlılığı zənn edilən arxeoloji irs elementlərini almamasını təmin etməkdən ötrü zəruri olan addımlar atmağı;

iv) Tәrәfin ərazisində yerləşən, lakin eksponat əldə etmə siyasəti dövlət nəzarəti altında olmayan muzeylərə və analoji idarələrə gəldikdə isə:

a) bu (yenidən baxılmış) Konvensiyanın mətnini onlara göndərməyi;

b)  göstərilən muzey və idarələrin yuxarıdakı 3-cü bənddə şərh edilən prinsiplərə hörmətlə yanaşmasını təmin etməkdən ötrü səylərini əsirgəməməyi;

v) nəzarətdənkənar tapıntılar və ya qanunsuz qazıntılar, yaxud da qeyri-hüquqi rəsmi qazıntılar nəticəsində əldə edilmiş arxeoloji irs elementlərinin verilməsini maarifçilik işi aparmaq yolu ilə, informasiya yaymaqla, sayıqlıq göstərməklə və əməkdaşlıq yaratmaqla məhdudlaşdırmağı öhdəsinə götürür.

Maddə 11

Bu (yenidən işlənmiş) Konvensiyada heç nə arxeoloji irs elementlərinin qanunsuz dövriyyəsi və ya onların qanuni mülkiyyətçisinə qaytarılması ilə bağlı qüvvədə olan və ya gələcəkdə bağlanılacaq ikitərəfli və ya çoxtərəfli müqavilələrə toxunmur.

Qarşılıqlı texniki və elmi yardım

Maddə 12

Tərəflər:

i) arxeoloji irslə bağlı məsələlər üzrə təcrübə və ekspertlər mübadiləsi yolu ilə qarşılıqlı texniki və elmi yardım göstərməyi;

ii) müvafiq milli qanunvericiliyə və ya beynəlxalq sazişlərə uyğun olaraq arxeoloji irsin qorunması sahəsində, gələcəkdə kadr hazırlığı üçün cavabdeh şəxslər də daxil olmaqla, mütəxəssis mübadiləsini həvəsləndirməyi öhdələrinə götürürlər.

(Yenidən baxılmış) Konvensiyanın tətbiqinə nəzarət

Maddə 13

Bu (yenidən baxılmış) Konvensiyanın məqsədləri üçün Avropa Şurası Nizamnaməsinin 17-ci maddəsinin icrası məqsədi ilə Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi Ekspertlər Komitəsi bu (yenidən baxılmış) Konvensiyanın tətbiqinə nəzarət edir, xüsusən də:

i) bu (yenidən baxılmış) Konvensiyanın iştirakçı dövlətlərində arxeoloji irsinin qorunması siyasətinin vəziyyəti və (yenidən baxılmış) Konvensiyada əks olunmuş prinsiplərin həyata keçirilməsi barədə Avropa Şurası Nazirlər Komitəsinə vaxtaşırı məruzələr təqdim edir;

ii) Avropa Şurası Nazirlər Komitəsinə (yenidən baxılmış) Konvensiyanın müddəalarının, o cümlədən çoxtərəfli fəaliyyətin gerçəkləşdirilməsi, (yenidən baxılmış) Konvensiyaya yenidən baxılması, yaxud da onda düzəlişlər edilməsi, (yenidən baxılmış) Konvensiyanın məqsədi barədə ictimaiyyətin məlumatlandırılması üzrə tədbirlər təklif edir;

iii) Avropa Şurasının üzvü olmayan dövlətlərə bu (yenidən baxılmış) Konvensiyaya qoşulmaq barədə dəvət göndərməklə bağlı tövsiyələri Avropa Şurası Nazirlər Komitəsinə təqdim edir.

Yekun müddəaları

Maddə 14

1) Bu (yenidən baxılmış) Konvensiya Avropa Şurasının üzv dövlətlərinin və Avropa Mədəniyyət Konvensiyasının iştirakçıları olan digər dövlətlərin imzalanması üçün açıqdır.

O təsdiq, qəbul edilməli və ya bəyənilməlidir. Təsdiqnamələr, qəbul və ya bəyənmə sənədi saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə təhvil verilir.

2)  1969-cu il mayın 6-da Londonda imzalanmış Arxeoloji irsin qorunması barədə Avropa Konvensiyasının iştirakçısı olan heç bir dövlət göstərilən Konvensiyanı artıq etibarsız elan etməmişsə və ya eyni vaxtda etibarsız elan etməzsə, öz təsdiqnaməsini, qəbul və ya bəyənmə sənədini saxlanılmağa təhvil verə bilməz.

3) Bu (yenidən baxılmış) Konvensiya Avropa Şurasının üzvü olan ən azı üç dövlət daxil olmaqla dörd dövlətin yuxandakı bəndlərin müddəalarına uyğun surətdə bu (yenidən baxılmış) Konvensiya üzrə öhdəliklərlə bağlı olmağa öz razılığını bildirdiyi tarixdən altı ay sonra qüvvəyə minir.

4)  Əgər əvvəlki iki bəndin tətbiqi zamanı 1969-cu il 6 may tarixli Konvensiyanın etibarsız elan edilməsi bu (yenidən baxılmış) Konvensiyanın qüvvəyə minməsi ilə eyni vaxtda qüvvəyə minməzsə, Razılığa Gələn Dövlət öz təsdiqnaməsini, qəbul və ya qoşulma sənədini saxlanmağa verən zaman bəyan edə bilər ki, bu (yenidən baxılmış) Konvensiya qüvvəyə minənədək o, 1969-cu il 6 may tarixli Konvensiyanın tətbiqini davam etdirəcək.

5) Bu (yenidən baxılmış) Konvensiya üzrə öhdəliklərlə bağlı olmağa öz razılığını sonradan bildirmiş hər hansı bir dövlətə münasibətdə bu (yenidən baxılmış) Konvensiya həmin dövlətin təsdiqnaməsinin, qəbul və ya bəyənmə sənədinin saxlanılmaq üçün təhvil verildiyi tarixdən altı ay sonra qüvvəyə minir.

Maddə 15

1) Bu (yenidən baxılmış) Konvensiyanın qüvvəyə minməsindən sonra Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulmuş çoxluğun qəbul etdiyi qərara uyğun olaraq, yaxud da Razılığa Gələn Dövlətlərin Komitədə iclas etmək hüququna malik olan nümayəndələrinin yekdilliklə səs verməsi nəticəsində, Şuranın və Avropa İqtisadi Birliyinin üzvü olmayan hər hansı dövləti bu (yenidən baxılmış) Konvensiyaya qoşulmağa dəvət edə bilər.

2)  Bu (yenidən baxılmış) Konvensiya qoşulma sənədinin saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə təhvil verildiyi tarixdən altı ay sonra hər bir qoşulan dövlət və ya qoşulduğu təqdirdə Avropa İqtisadi Birliyi barədə qüvvəyə minir.

Maddə 16

1) Hər bir dövlət imzalama, yaxud da öz təsdiqnaməsini, qəbul, bəyənmə və ya qoşulma sənədini saxlanılmaq üçün təhvil verən zaman bu (yenidən baxılmış) Konvensiyanın tətbiq edildiyi ərazini və ya əraziləri göstərə bilər.

2) Hər bir dövlət istənilən sonrakı günlərdən birində Avropa Şurası Baş katibinin adına bəyanat göndərmək yolu ilə bu (yenidən baxılmış) Konvensiyanın tətbiqini həmin bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Belə ərazi barədə bu (yenidən baxılmış) Konvensiya Baş katibin belə bir bəyanatı aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

3)  Hər hansı ərazi barədə əvvəlki iki bəndə uyğun olaraq verilmiş hər hansı bəyanat Baş katibin adına bildiriş göndərmək yolu ilə geri çağırıla bilər. Belə geriçağırma Baş katibin bu cür bildiriş aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

Maddə 17

1) Hər bir tərəf istənilən vaxt Avropa Şurasının Baş katibi adına bildiriş göndərmək yolu ilə bu (yenidən baxılmış) Konvensiyanı etibarsız elan edə bilər.

2)  Bu cür etibarsız elan Baş katibin belə bildirişi aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

Maddə 18

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan dövlətlərə, Avropa Mədəniyyət Konvensiyasının üzvü olan digər dövlətlərə və bu (yenidən baxılmış) Konvensiyaya qoşulmuş və ya qoşulmağa dəvət edilmiş hər hansı bir dövlətə və ya Avropa İqtisadi Birliyinə:

i) hər hansı imzalanma;

ii) hər hansı təsdiqnamənin, qəbul, bəyənmə və ya qoşulma sənədinin saxlanmaq üçün təhvil verilməsi barədə;

iii) bu (yenidən baxılmış) Konvensiyanın 14, 15 və 16-cı maddələrinə müvafiq olaraq hər hansı qüvvəyə minmə tarixi barədə;

iv) bu (yenidən baxılmış) Konvensiyaya aid olan hər hansı digər akt, bildiriş və ya məlumat barədə bildirişlər göndərir.

Bunun təsdiqi olaraq, lazımi səlahiyyətlər verilmiş aşağıda imza edənlər bu (yenidən baxılmış) Konvensiyanı imzalamışlar.

1992-ci il yanvar ayının on altıncı günündə Vallettada ingilis və fransız dillərində bir nüsxədə imzalanmışdır, həm də hər iki mətn eyni dərəcədə autentikdir; həmin nüsxə saxlanılmaq üçün Avropa Şurasının arxivlərinə təhvil verilir. Avropa Şurasının Baş katibi təsdiqlənmiş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə, Avropa Mədəniyyət Konvensiyasının iştirakçısı olan digər dövlətlərə və bu (yenidən baxılmış) Konvensiyaya qoşulmağa dəvət edilmiş üzv olmayan hər hansı dövlətə və yaxud Avropa İqtisadi Birliyinə göndərir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status