×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
18.09.2015
QEYDİYYAT NÖMRƏSİ
622
ADI
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-09-2015, Nəşr nömrəsi: 205), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2015, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1009)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.09.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201509180622
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.09.2015
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

1.2. 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

2.1.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

2.2.1. bu Sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

3.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;

3.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;

3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;

3.5. Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur;

3.6. dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər və tətbiq edilən güzəştli əmsallar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir;

3.7. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir;

3.8. Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir;

3.9. əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1-1. Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını, dəmir yolu nəqliyyatı haqqında nizamnaməni, dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimatı, dəmir yolu nəqliyyatının siqnalizasiya təlimatını, dəmir yolu nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını, dəmir yolu nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını, dəmir yolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını, dəmir yolu keçidlərinin istismarı qaydalarını 2020-ci il iyulun 1-dək, ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; [1]

2.2. dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan dəmir yolunun 2019−2023-cü illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [2]

2.3. Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq daşınan neft və neft məhsullarının həcminin artırılması məqsədi ilə mövcud yükaşırma terminallarından səmərəli istifadə olunması və onların dəmir yolu ilə koordinasiyalı iş rejiminin təşkili ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. tranzit daşımaları, xüsusilə də nəqliyyat növünün dəyişməsi ilə müşayiət olunan tranzit yük daşımaları üzrə sərhəd, gömrük və vergi prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması və kreditor borclarının restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin dəmir yolu infrastrukturunda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə tədbirlər görsün;

2.6-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dəmir yolu nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) aktual qrafik təsvirinin 2020-ci il iyulun 1-dək müəyyənləşdirilməsini təmin etsin. [3]

2.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.9. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2-1. Müəyyən edilsin ki, dəmir yolu nəqliyyatında texniki istismar və hərəkətin təhlükəsizliyinə dair qaydaları (bu Fərmanın 2.1-1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmalı hallar istisna edilməklə) Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. [4]

2-2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti:

2-2.1. dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının hazırda mövcud olmalı hüdudları barədə məlumatları üç ay müddətində, bu Fərmanın 2.6-1-ci bəndinə əsasən müəyyən ediləcək qrafik təsvirin bəzi hissələrində dəyişiklik edilməsinə əsas olan hallar baş verdiyi gündən belə dəyişiklik barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2-2.2. bu Fərmanın 2-1-ci hissəsinə uyğun olaraq dəmir yolu nəqliyyatında texniki istismar və hərəkət təhlükəsizliyinin təşkili ilə bağlı təkliflərini mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 sentyabr 2015-ci il

     № 622

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 fevral 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 220)

2.       13 sentyabr 2019-cu il tarixli 832 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №9, maddə 832)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 fevral 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 220) ilə 2-ci hissəyə yeni məzmunda 2.1-1-ci və 2.6-1-ci bəndlər əlavə edilmişdir.

13 sentyabr 2019-cu il tarixli 832 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №9, maddə 832) ilə 2.1-1-ci bəndinə “dəmir yolu keçidlərinin istismarı qaydalarını” sözlərindən sonra “2020-ci il iyulun 1-dək” sözləri əlavə edilmişdir.

 

[2] 7 fevral 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 220) ilə 2.2-ci bənddə “2016−2020-ci” sözləri “2019−2023-cü” sözləri ilə əvəz edilmişdir.

 

[3] 13 sentyabr 2019-cu il tarixli 832 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №9, maddə 832) ilə 2.6-1-ci bəndində “altı ay müddətində” sözləri “2020-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir.

 

[4] 7 fevral 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 220) ilə yeni məzmunda 2-1-ci və 2-2-ci hissələr əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status