AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.10.2014
QEYDİYYAT NÖMRƏSİ
354
ADI
“Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2014, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1324)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.10.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2014
«Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları»nın və «Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı»nın təsdiq edilmə

“Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur RASİZADƏ

 

Bakı şəhəri, 24 oktyabr 2014-cü il

                   № 354

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı

 

PROQRAMLARI

 

1. Bu proqramlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı və onlar arasında idmanın texniki və hərbi-tətbiqi növlərinin inkişafı, bədən tərbiyəsi kompleksinin normativlərinə əsasən onların Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə hazırlanması məqsədini daşıyır. [1]

2. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı onlarda fiziki keyfiyyət və qabiliyyətlərin inkişafına yönəldilməli və ümumi təhsil pilləsinin dövlət standartına və proqramlarına uyğun olaraq təmin edilməlidir.

3. Ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tədris proqramlarına sağlamlığın möhkəmləndirilməsi, fiziki inkişaf, hərəkət fəallığına tələbatın ödənilməsi, çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlıq səviyyələrinin artırılması məqsədi ilə fiziki hazırlıq məşğələləri daxil edilməlidir. [2]

4. Təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi vasitələrini, idman və hərəkət fəallığı növlərini dövlət təhsil standartları və fiziki hazırlıq normativləri əsasında yerli şəraiti və təhsilalanların maraqlarını nəzərə almaqla müəyyən etməlidir.

5. “Ümumi təhsil pilləsində dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarına uyğun olaraq, ümumi təhsil pilləsində “Fiziki tərbiyə” fənninin tədrisinin aşağıda göstərilən tələblərə cavab verməsi təmin edilməlidir:

5.1. təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;

5.2. təhsilin məzmununu nəticəyönlülük, şəxsiyyətyönlülük, şagirdyönlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;

5.3. təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla, onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ bacarıqların aşılanmasını təmin etmək;

5.4. təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məsələlərin daxil edilməsinə yol verməmək.

6. Ümumi orta təhsili başa vurmuş şagird “Fiziki tərbiyə” fənni üzrə aşağıdakıları bacarmalıdır:

6.1. fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl etməyi, birgə fəaliyyət bacarıqlarını nümayiş etdirməyi;

6.2. ayrı-ayrı hərəki qabiliyyətlərinin inkişafı üçün hərəkətlər kompleksini seçməyi və onları müvafiq rejim və üsullarla yerinə yetirməyi;

6.3. fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün vasitə və tədbirlər müəyyənləşdirib icra etməyi, hərəki qabiliyyətləri üzrə müəyyən edilmiş normativləri yerinə yetirməyi;

6.4. hərəki fəaliyyət prosesində müvafiq təhlükəsizlik qaydalarına, tibbi-gigiyenik tələblərə, gün rejiminə əməl etməyi;

6.5. fərdi, yaxud komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlılıq, dözümlülük, mübarizlik, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini nümayiş etdirməyi;

6.6. fiziki hazırlığın və sağlamlığın möhkəmləndirilməsi ilə bağlı zəruri vasitələri seçməyi və tətbiq etməyi.

7. Təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanılan müqavilələr əsasında həyata keçirilməlidir.

8. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təhsildən ayrılmamaqla, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.18-1-ci bəndinə uyğun olaraq hazırlanmış idman növləri üzrə proqram və normativlərə müvafiq olaraq aparılmalıdır.

9. Şagird və tələbələrin hərbi-fiziki hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, gənclər təşkilatları və “Hərbi vətənpərvərlik və mütəxəssislərin hazırlığı mərkəzi” MMC ilə birlikdə həyata keçirilməlidir. [3]

10. Çağırışaqədər yaş həddində olan vətəndaşların fiziki hazırlığı məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramına uyğun olaraq aşağıdakı idman növləri üzrə dərs saatları ayrılmalıdır:

10.1. ümumi təhsil müəssisələrinin 10-cu və 11-ci siniflərində hər bir sinif üçün gimnastika, atletika, idman oyunları və kross qaçışı;

10.2. peşə təhsili müəssisələrində əsas təhsil bazasında ümumi orta təhsil almaqla, mütəxəssislərin hazırlanması üçün tədris planında gimnastika, atletika, idman oyunları və kross qaçışı;

10.3. orta ixtisas təhsili müəssisələrində əsas təhsil bazasında təhsil alan tələbələr üçün gimnastika, atletika, idman oyunları.

11. Ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrindən kənarda çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı məqsədi ilə:

11.1. təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti, qayğını daha da artırmaq və ümumi təhsil müəssisələrinin şagirdlərini hərbi-idman oyunlarına cəlb etmək, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərmək üçün müxtəlif hərbi-idman oyunları keçirilir;

11.2. çağırışaqədər yaş həddində olan vətəndaşlarla və çağırışçılarla məktəbdənkənar bədən tərbiyəsi və idman işi aparılır, asudə vaxtlarında və tətil zamanı onlar fəal bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilirlər.

12. “Cəsurlar” hərbi-idman və turizm oyunu və “Şahin” hərbi-idman oyunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Respublika Veteranlar Şurası tərəfindən birgə təsdiq edilən Əsasnaməyə uyğun olaraq keçirilməlidir. [4]

13. “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə yarışlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən birgə təsdiq edilən Əsasnaməyə müvafiq olaraq keçirilməlidir.

14. “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə yarışların keçirilməsində məqsəd aşağıdakılardan ibarətdir:

14.1. ümumi təhsil müəssisələrinin işini fəallaşdırmaq, təkmilləşdirmək və “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü təbliğ etmək;

14.2. çağırışaqədər və çağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək;

14.3. gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına və tətbiqi vərdişlərinin yaranmasına nail olmaq;

14.4. gənclərin Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmək üçün hazırlıq səviyyəsini müəyyən etmək və artırmaq.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin

 

SİYAHISI

 

1. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növləri aşağıdakılardan ibarətdir:

1.1. sıra təlimləri;

1.2. marş yürüşü;

1.3. atletikanın növləri:

1.3.1. 60-100 metr məsafəyə qaçış;

1.3.2. 200-400 metr məsafəyə qaçış;

1.3.3. 1000 metr məsafəyə qaçış;

1.3.4. 2000-3000 metr məsafəyə qaçış;

1.3.5. turnikdə dartınmaq;

1.3.6. yerindən uzunluğa tullanmaq;

1.3.7. qaçaraq uzunluğa tullanmaq;

1.3.8. qaçaraq hündürlüyə tullanmaq;

1.4. ayaqların köməyi ilə kəndirlə dırmanmaq;

1.5. paralel qollarda əllərlə dayaqlanıb qolları büküb-açmaq;

1.6. yerdə əllər üstə uzanaraq qolları büküb-açmaq;

1.7. qumbara atmaq;

1.8. atıcılıq;

1.9. maneələri dəf etməklə qaçış;

1.10. gimnastika;

1.11. üzgüçülük;

1.12. səmti müəyyən etmək.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

2.       19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741)

3.       26 oktyabr 2020-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1308)

4.       05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 973)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 1-ci hissəsində və 14.4-cü bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

 

[2] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741) ilə “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 3-cü və 8-ci hissələrində, 10.2-ci bəndində və 11-ci hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[3] 05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 973) ilə “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 9-cu hissəsinə “yerli” sözündən sonra “baş idarə, sözləri əlavə edilmişdir.

 

[4] 26 oktyabr 2020-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1308) ilə “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 12-ci hissəsində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status