AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.10.1999
QEYDİYYAT NÖMRƏSİ
167
ADI
Torpaq bazarı ilə bağlı bəzi məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-10-1999, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 601)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.10.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Torpaq bazarı ilə bağlı bəzi məsələlər haqqında

Torpaq bazarı ilə bağlı bəzi məsələlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İnzibati-ərazi vahidləri üzrə xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. (Qüvvədən düşüb) [1]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 19 oktyabr 1999-cu il
                         № 167

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 19 oktyabr tarixli 167 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

İnzibati-ərazi vahidləri üzrə xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi
QAYDASI

 

Bu Qayda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq intizabi-ərazi vahidləri üzrə xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi qaydalarını tənzimləyir.

1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və qüvvədə olan digər qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış və alqı-satqı predmeti olan torpaq sahələri torpaq bazarında alqı-satqı obyekti ola bilər.

2. İnzibati-ərazi vahidləri üzrə xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddi inzibati ərazi vahidinin özəlləşdirilə bilən torpaq ehtiyatlarından, əhalinin sıxlığından, torpaqdan istifadənin yerli xüsusiyyətlərindən, torpaqların məqsədli təyinatından, hüquqi rejimindən, keyfiyyətindən, ərazinin şəhərsalma sənədləri əsasında inkişaf perspektivindən, orta torpaq normasından və digər şəraitdən asılı olaraq, aşağıdakı ölçülərdə müəyyən edilir:

xüsusi mülkiyyətdə olan torpaqların alqı-satqısında inzibati-ərazi vahidi üzrə özəlləşən torpaqlara görə, adambaşına düşən orta torpaq normasının 500 mislinədək;

bələdiyyənin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan ərazilərində yerləşmiş kənd təsərrüfatına yararlı torpaq sahələrindən həyətyanı sahələr, fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, fərdi və kooperativ qarajların tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin alqı-satqısında həmin inzibati-ərazi vahidi üzrə özəlləşən torpaqlara görə, adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı və torpaq ehtiyatının miqdarı və Qanunla müəyyən edilmiş hədləri nəzərə alınmaqla, müvafiq bələdiyyə orqanlarının müəyyən etdiyi ölçüdə; [2]

bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarının alqı-satqısı zamanı: torpaq sahələri az yararlı olduqda, inzibati-ərazi vahidi üzrə özəlləşən torpaqlara görə, adambaşına düşən orta torpaq normasının 500 mislinədək, torpaq sahələri yararsız olduqda isə 600 mislinədək;

xüsusi şəhərsalma əhəmiyyətinə malik ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktur sahələrinin yaradılması üçün nəzərdə tutulan bələdiyyə torpaqlarının alqı-satqısında yuxarı hədd layihələrdə (texniki-iqtisadi əsaslandırmalarda) göstərilən ölçülərə görə müəyyənləşdirilir.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 116)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 371)

3.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2001-ci il tarixli 184 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 724)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 371) ilə 2-ci bənd qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2. "Dövlət rüsumunun dərəcələri və ödənilməsi qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyul tarixli 156 nömrəli Qərarının 1-ci bölməsinin 3-cü bəndinin a) yarımbəndində "qurğuların, tikililərin" sözlərindən sonra "torpaqların sözü əlavə edilsin.

 

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 116) ilə "İnzibati-ərazi vahidləri üzrə xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi Qaydası"nın 2-ci bəndinin 3-cü abzasından "rayon, şəhər" sözləri çıxarılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2001-ci il tarixli 184 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 724) ilə "İnzibati-ərazi vahidləri üzrə xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi Qaydası"nın 2-ci bəndinin 3-cü abzasında «torpaq ehtiyatının miqdarı» sözlərindən sonra «və Qanunla müəyyən edilmiş hədləri» sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status