×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.10.2015
QEYDİYYAT NÖMRƏSİ
650
ADI
Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-10-2015, Nəşr nömrəsi: 228), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2015, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1122)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201510190650
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.10.2015
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır.

Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin. [1]

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xüsusi razılıq (lisenziya) verilməsinin aşağıdakı qaydalara uyğun həyata keçirilməsi təmin edilsin: [2]

2.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;

2.2. müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;

2.3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

3.1. aşağıdakı məsələlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1.1. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;

3.1.2. dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;

3.1.3. bu Fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.

3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirsin.

4. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, №2, maddə 117, №7, maddə 486, №9, maddə 1044; 2015, №6, maddə 708, №8, maddə 917) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.18-ci bənd əlavə edilsin:

“5.18. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.”;

4.2. 6-cı hissədə “Nəqliyyat Nazirliyinə,” sözlərindən sonra “İqtisadiyyat və Sənaye Nazirliyinə,” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 oktyabr 2015-ci il

                 № 650

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

  1. 23 aprel 2018-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 686)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci, 3-cü hissələrdən və 2.1-ci, 2.3-cü bəndlərdən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 23 aprel 2018-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 686) ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status