AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
29.09.2015
QEYDİYYAT NÖMRƏSİ
11-q
ADI
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201509290011
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.10.2015
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

29.09.2015

Qeydiyyat nömrəsi

11-q

Adı

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201509290011

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.10.2015

 

 

 “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

 

Q Ə R A R A  A L I R:

 

1.                  “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

2.                  Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.                  Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.                  Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.                  Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                                                         Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 11-q

 “29” sentyabr 2015-ci il

 

Sədr

_______________

R. Aslanlı

 

Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar

 

 

1.      Ümumi müddəalar

 

1.1.            Bu Qaydalar Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 61.14-cü maddəsinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir.

1.2.            Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1.           kənar auditor – investisiya şirkətində, fond birjasında, klirinq təşkilatında və investisiya fondunun depozitarında kənar auditi həyata keçirən auditor təşkilatıdır;

1.2.2.           mütəxəssis – kənar auditorun ştatda olan işçisi - fiziki şəxsdir;

1.2.3.           audit subyektləri – kənar auditor tərəfindən yoxlanılan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarıdır;

1.2.4.           məsul işçi – yoxlamanın obyektinə birbaşa və mühüm təsir göstərə biləcək işçidir;

1.2.5.           beynəlxalq mühasiblik dərəcəsi – İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən verilən Sertifikatlaşdırılmış Diplomlu Mühasib, Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (CPA) dərəcəsi və ya bu dərəcələrə bərabər tutulan digər beynəlxalq dərəcələrdir;

1.2.6.           müstəqil fikir – peşəkar mülahizəyə təsir göstərə biləcək amillərdən azad fikir bildirmək və şəxsin düzgün, obyektiv olmaq, habelə ehtiyatla hərəkət etmək bacarığıdır;

1.2.7.           müstəqil görüntü – müvafiq məlumatı olan üçüncü tərəfin kənar auditorun düzgünlüyü, obyektivliyi, həmçinin peşəkarlığı baxımından etibardan düşməsi qənaətinə gəlməsinə səbəb ola bilən mühüm faktların və şərtlərin olmamasıdır.

 

2.                  Kənar auditora dair tələblər

 

2.1.            Audit subyektlərinin kənar auditoru aşağıdakı tələblərə cavab verməlidir:

2.1.1.           Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” Qanununa uyğun olaraq auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olmalıdır;

2.1.2.           audit subyektlərinin aidiyyəti şəxsi olmamalıdır;

2.1.3.            ən azı iki mütəxəssisi aşağıdakı tələblərə cavab verməlidir:

2.1.3.1.         beynəlxalq mühasiblik dərəcəsinə malik olmalı;

2.1.3.2.         audit fəaliyyəti üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olmalıdır.

2.2.            Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır.

2.3.            Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır.

2.4.            Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:

2.4.1.           şəxsi mənafeyi güdmə təhlükəsi – kənar auditorun audit subyektlərində maliyyə maraqlarından və ya həmin audit subyektlərinin maraqlarına zidd olmasından faydalana biləcəyi təqdirdə əmələ gəlir;

2.4.2.           özünü yoxlama təhlükəsi – audit yoxlamasının nəticələrini əldə etmək üçün əvvəlki nəticələri və mülahizələri yenidən qiymətləndirmək lazım gəldikdə və ya mütəxəssisin keçmişdə audit subyektlərinin məsul işçisi olduğu təqdirdə yaranır;

2.4.3.           təşviq etmə təhlükəsi – audit subyektlərinə qarşı mövqeyin və ya həmin audit subyektləri haqqında rəyin obyektivliyini təhlükə qarşısında qoyan kənar auditorun təşviqedici fəaliyyəti nəticəsində yaranır;

2.4.4.            yaxınlıq təhlükəsi – audit subyektləri, onun aidiyyəti şəxsləri və ya işçiləri ilə yaranmış yaxın münasibətlər maraqlar münaqişəsinə səbəb olduqda yaranır;

2.4.5.           hədələnmə təhlükəsi – audit subyektlərinin aidiyyəti şəxsləri və ya işçiləri tərəfindən kənar auditor hədə-qorxulara məruz qaldıqda və ya məruz qalacağı güman edildikdə onun obyektivliyinin itirilməsinə səbəb olacağı təqdirdə yaranır.

2.5.            Kənar auditor auditi həyata keçirərkən audit subyekti haqqında əldə etdiyi kommersiya sirri və qanunla mühafizə edilən digər məlumatları qorumalıdır.

 

3.      Kənar auditorun seçilməsi və əvəz edilməsi

 

3.1.       Audit subyektləri kənar auditoru seçməkdə sərbəstdirlər. Audit subyektləri kənar auditordan aşağıdakılar barədə məlumatı əldə etməlidir:

3.1.1. auditor xidməti ilə məşğul olmaq üçün qüvvədə olan xüsusi razılığın (lisenziyanın) mövcud olması;

3.1.2. kənar auditdə iştirak edəcək mütəxəssislərin adları, onların təhsilləri və iş təcrübələri;

3.1.3. beynəlxalq mühasiblik dərəcəsinə sahib olan mütəxəssislərinin adları, onların sertifikatları;

3.1.4. kənar auditorun fəaliyyət müddəti və bu müddət ərzində yoxlanılmış subyektlərin adları;

3.1.5. kənar auditorun və onun işçilərinin audit subyektləri və onların aidiyyəti şəxsləri ilə son üç ildə mövcud olan əlaqələri.

3.2.       Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorun dəyişdirilməsi maliyyə ilinin bitməsinə ən geci bir ay qalmış həyata keçirilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status