Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar 2015-ci il aprelin 8-də Bakı şəhərində və avqustun 31-də Monreal şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
[1]
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatına bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2015-ci il
№ 688
Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(BMAT- ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit
Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar
ANLAŞMA MEMORANDUMU
Təşkilatın başlıca məqsədinin əvvəlki kimi bütün dünya üzrə beynəlxalq mülki aviasiyada uçuşların təhlükəsizliyinin təmin edilməsi olduğunu nəzərə alaraq,
ICAO Assembleyasının 32-ci sessiyasının A32-11 Qətnaməsində Şuraya ICAO tərəfindən uçuşların təhlükəsizliyinin vəziyyətinin mütəmadi, məcburi, sistematik və razılaşdırılmış yoxlamalarının aparılmasını, uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə universal proqramın bütün Razılığa gələn dövlətlərə tətbiq edilməsini və yoxlamaların nəticələrinin şəffaflığının və aşkarlığının yüksək səviyyəsinin təmin edilməsini nəzərdə tutan Uçuşların Təhlükəsizliyinə Nəzarətin Universal Yoxlama Proqramı (UTNUYP) formalaşdırmağı həvalə etdiyini nəzərə alaraq,
ICAO Assembleyasının 32-ci sessiyasının bütün Razılığa gələn dövlətlərin Təşkilatla, ICAO-nun təşəbbüsü ilə, lakin həmişə yoxlama aparılan dövlətin razılığı ilə, yerinə yetirilən və belə yoxlamaların həyata keçirilməsi qaydalarını özündə ehtiva edən ikitərəfli Anlaşma Memorandumu imzalamağı təkidlə tövsiyə etdiyini nəzərə alaraq,
DGCA/06 Konfransının (Mülki Aviasiya Hakimiyyətləri Başçılarının 2006-cı ildə keçirilmiş Konfransı) uçuşların təhlükəsizliyinə nəzarət yoxlamalarına dair müvafiq məlumatların ictimaiyyət tərəfindən əldə edilməsinə icazə verilməsini tövsiyə etdiyini və UTNUYP çərçivəsində uçuşların təhlükəsizliyi sahəsində müəyyən edilmiş mühüm problemlərin (SSC) tez bir şəkildə həll edilməsinin əlavə mexanizminin işlənib hazırlanmasını nəzərə alaraq,
Assambleyanın 36-cı sessiyasının Baş katibə, 2010-cu ildən sonra davamlı monitorinq mexanizminin (DMM) qəbul edilməsi imkanı da daxil olmaqla, UTNUYP-nin davam etdirilməsi yollarını tədqiq etməyi həvalə etdiyini nəzərə alaraq,
Assambleyanın 37-ci sessiyasının Baş katibə uçuşların təhlükəsizliyi üçün risk amillərinin təhlilini özündə ehtiva edəcək və nəzarətin yerinə yetirilməsi üzrə dövlətlərin imkanlarını qiymətləndirmək məqsədi ilə universal əsaslarla tətbiq ediləcək UTNUYP-ni DMM istiqamətində tədricən inkişaf etdirməyə başlamağı həvalə etdiyini nəzərə alaraq,
Assambleyanın 37-ci sessiyasının DMM-yə Əlavə 1 - “Aviasiya heyətinə şəhadətnamələrin verilməsi”, Əlavə 6 - “Hava gəmilərinin istismarı”, Əlavə 8 - “Hava gəmilərinin uçuşa yararlılığı", Əlavə 11 - “Hava hərəkətinə xidmət”, Əlavə 13 - "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” və Əlavə 14-də - “Aerodromlar" əks olunan uçuşların təhlükəsizliyi üzrə əsas müddəaları başlıca element olaraq saxlamasını təmin etməyi Baş katibə həvalə etdiyini nəzərə alaraq,
Assambleyanın 37-ci sessiyasının bütün Razılığa gələn dövlətlərə UTNUYP-nin DMM-ni səmərəli tətbiqini təmin etmək məqsədi ilə Təşkilat tərəfindən tələb edilən bütün məlumatların və sənədlərin vaxtlı-vaxtında ICAO-ya təqdim edilməsini və daim yenilənməsini təkidlə tövsiyə etdiyini nəzərə alaraq,
Assambleyanın 37-ci sessiyasının bütün Razılığa gələn dövlətlərə ICAO ilə əməkdaşlıq etməyi və UTNUYP-nin DMM-in arasıkəsilmədən fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə yoxlamalar və təsdiq missiyaları daxil olmaqla, praktiki cəhətdən mümkün olduğu dərəcədə, Təşkilat tərəfindən planlaşdırılmış davamlı monitorinq tədbirlərinin yerinə yetirilməsi ilə razılaşmağı təkidlə tövsiyə etdiyini nəzərə alaraq,
Assambleyanın 37-ci sessiyasının Baş katibə uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi ilə bağlı UTNUYP-nin DMM-dən əldə edilən bütün məlumatların UTNUYP-nin məhdud istifadə edilən internet səhifəsi vasitəsi ilə Razılığa gələn dövlətlər tərəfindən istifadə edilməsinə şərait yaratmağı həvalə etdiyini nəzərə alaraq,
Assambleyanın 37-ci sessiyasının Baş katibə müntəzəm yoxlamalar və ya inspeksiyalarla şərtləşdirilmiş dövlətlərin yükünü və monitorinq ilə bağlı olan fəaliyyətin təkrarlanmasını azaltmaq məqsədi ilə uçuşların təhlükəsizliyi ilə əlaqədar məxfi məlumatlar mübadiləsini həyata keçirmək üçün UTNUYP və uçuşların təhlükəsizliyi ilə bağlı olan digər təşkilatların yoxlama proqramları arasında koordinasiya və əməkdaşlığın inkişafına köməyi davam etməyi həvalə etdiyini nəzərə alaraq,
uçuşların təhlükəsizliyi ilə bağlı məlumatın şəffaflığının və belə məlumat mübadiləsinin təhlükəsiz hava nəqliyyatı sisteminin başlıca prinsipləri sırasına aid olduğunu yada salaraq,
dövlətlər arasında qarşılıqlı inamın, eyni zamanda ictimaiyyətin hava daşımalarının təhlükəsizliyinə əminliyinin uçuşların təhlükəsizliyi ilə bağlı adekvat məlumat əldə edə bilməklə bağlı olmasını qəbul edərək,
aşağıdakılar kimi razılığa gəldilər:
I HİSSƏ
UTNUYP-nin DMM çərçivəsində tədbirlər (ümumi müddəalar)
1. Assembleyanın A37-5 Qətnaməsinə uyğun olaraq, bundan sonra AZƏRBAYCAN adlandırılacaq Azərbaycan Respublikası bununla, UTNUYP-nin DMM çərçivəsində bütün tədbirlərdə iştirak etmək və daimi əsaslarla, mümkün olduğu təqdirdə DMM onlayn sistemindən istifadə etməklə, uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi ilə bağlı öz sisteminin yaradılması və tətbiq edilməsinə aid olan məlumatların daimi əsaslarla verilməsi öhdəliyini öz üzərinə götürməklə UTNUYP-nin DMM-də tam olaraq iştirak etməyə dair razılaşır. UTNUYP- nin DMM çərçivəsində tədbirlər Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo, 1944-cü il) və uçuşların təhlükəsizliyi ilə bağlı onun Əlavələrinin müddəalarına uyğun olacaqdır.
2. AZƏRBAYCAN və ICAO bununla razılaşırlar ki, UTNUYP-nin DMM çərçivəsində Tərəflərin bütün fəaliyyəti və ya həyata keçirdikləri tədbirlər Uçuşların təhlükəsizliyinə nəzarətin təşkil edilməsinin universal yoxlama proqramı çərçivəsində davamlı monitorinq üzrə Təlimatın (ICAO sənədi - Doc 9735) üçüncü nəşrində qeyd edilən tövsiyə və prinsiplərə uyğun olaraq yerinə yetiriləcək.
3. AZƏRBAYCAN lazımi ixtisasa malik olan davamlı monitorinq üzrə daimi milli koordinatorlar (NCMC) kimi bir və ya bir neçə şəxs təyin etmək yolu ilə UTNUYP-nin DMM-in həyata keçirilməsinə yardım göstərməyə dair razılaşır. NCMC-lər UTNUYP-nin DMM ilə əlaqədar bütün prosesləri və tədbirləri ilə bağlı vasitəçilər və əlaqə saxlanılan əsas şəxslər kimi çıxış edirlər. Müvafiq yeniliklərin və məlumatların nüsxələrinin ICAO-ya təqdim edilməsi və ya məlumatların birbaşa UTNUYP-nin DMM onlayn sisteminə daxil edilməsi yolu ilə NCMC daimi əsaslarla yeniliklərin və məlumatların ICAO-ya təqdim edilmsinə görə məsuliyyət daşıyırlar.
4. UTNUYP-nin DMM onlayn sistemi ilə NCMC tərəfindən müntəzəm təqdim ediləcək və yenilənəcək məlumatlar özünə dövlətin aviasiya fəaliyyəti ilə bağlı sual vərəqəsinə (DAFSV) daxil olan suallara cavabları, UTNUYP-nin protokol sualları (PQ) ilə bağlı vəziyyəti, ICAO tərəfindən məcburi məlumat sorğularına (MİR) cavabları, uçuşların təhlükəsizliyi sahəsində mühüm problemlərə (SSC) dair məlumatları; çatışmazlıqların aradan qaldırılması üzrə dövlət tədbirləri planında (CAP) yenilikləri (onun yerinə yetirilməsi ilə bağlı məlumat da daxil olmaqla) və mümkün olduğu təqdirdə, uçuşların təhlükəsizliyi ilə bağlı ICAO tərəfindən tələb edilən hər hansı başqa müvafiq məlumatları daxil edəcək. NCMC rolu və UTNUYP-nin DMM onlayn sistemi ilə informasiyanın təqdim edilməsi haqqında məlumatlar ICAO Doc 9735 sənədində əks olunmuşdur.
5. AZƏRBAYCAN Çikaqo Konvensiyasının müvafiq Əlavələrinin konkret müddəalarının yerinə yetirilməsi ilə bağlı məlumatları özündə ehtiva edən müddəalara uyğunluğun yoxlama siyahısını doldurmağa və daim yeniləməyə dair razılaşır. Mümkün olduğu təqdirdə, dövlət bu məlumatları fərqliliklərin elektron üsulla göndərilməsi (EFOD) sistemi vasitəsi ilə təqdim edəcəkdir.
6. UTNUYP-nin DMM onlayn sistemindən istifadə etməklə əldə olunan məlumatlar əsasında ICAO-nun Baş qərargahı AZƏRBAYCANA tətbiq edilən MIR, nəticələr və tövsiyələr və/və ya SSC dərc edə bilər. Belə MIR, nəticələr və tövsiyələr və/və ya SSC UTNUYP-nin DMM onlayn sistemi və ya məktub vasitəsi ilə dövlətin nəzərinə çatdırılacaq və dövlət onlar əsasında hazırkı Anlaşma Memorandumunun III hissəsində göstərilən vaxt məhdudiyyətinə müvafiq olaraq tədbirlər görəcəkdir.
7. UTNUYP-nin DMM çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində təqdim edilən uçuşların təhlükəsizliyi ilə bağlı bütün məlumatlardan UTNUYP- nin DMM onlayn sistemi vasitəsi ilə ICAO-ya üzv olan bütün dövlətlər istifadə edə biləcəklər. AZƏRBAYCANLA bağlı uçuşların təhlükəsizliyinə nəzarət sisteminin tətbiq edilməsinin səmərəlilik səviyyəsinə dair Şuranın təsdiq etdiyi standartlaşdırılmış hesabat ICAO-nun ümumi istifadədə olan internet səhifəsi vasitəsi ilə əldə edilə biləcəkdir.
8. Əgər uçuşların təhlükəsizliyinə nəzarət üzrə regional təşkilat (RSOO) və ya hər hansı başqa təşkilat AZƏRBAYCANIN adından uçuşların təhlükəsizliyi ilə bağlı fəaliyyətləri yerinə yetirirsə, ICAO AZƏRBAYCANIN razılığı ilə dövlətin monitorinqinin sadələşdirilməsi üçün müvafiq olaraq bu RSOO və ya təşkilatla işçi müqaviləsi bağlaya bilər.
II HİSSƏ
UTNUYP-nin DMM çərçivəsində yerlərdə fəaliyyət
9. UTNUYP-nin DMM çərçivəsində yerlərdə yerinə yetirilən tədbirlərə UTNUYP-nin hərtərəfli sistem yanaşması (HSY) xətti üzrə yoxlamalar, eyni zamanda ICAO tərəfindən koordinasiya edilən təsdiq missiyaları (IVCM) və uçuşların təhlükəsizliyinin vəziyyətinə dair yoxlamalar daxildir. Uçuşların təhlükəsizliyinin vəziyyətinə dair yoxlamalar AZƏRBAYCANIN müraciəti əsasında xərclərin ödənilməsi yolu ilə həyata keçirilir. AZƏRBAYCAN tərəfindən müraciət olduqda IVCM, eyni zamanda, xərclərin ödənilməsi yolu ilə yerinə yetirilə bilər.
10. AZƏRBAYCAN tərəfindən xərclərin ödənilməsi əsasında həyata keçirilən IVCM və uçuşların təhlükəsizliyinin vəziyyətinə dair yoxlamalarla bağlı ödənilən bütün xərclər istisna olmaqla, ICAO qrup üzvlərinin AZƏRBAYCANA gəlməsi və qayıtmasına, eyni zamanda gündəlik xərclərin ödənilməsinə görə məsuliyyət daşıyacaqdır.
11. Doc 9735 sənədinə uyğun olaraq UTNUYP-nin DMM çərçivəsində yerlərdə yerinə yetirilən tədbirlərin dövri cədvəli dərc ediləcək, bununla belə uçuşların təhlükəsizliyinin vəziyyətinin yoxlanılması tarixləri hər bir hal üçün ayrılıqda ICAO və müvafiq dövlətlər arasında razılaşdırılacaqdır.
12. Tərəflər arasında alternativ müddətlərin qarşılıqlı razılaşdırılması üçün əsaslandırılmış səbəb olmadıqda, AZƏRBAYCAN tərəfindən yerlərdə tədbirlərin qrafikə uyğun olaraq yerinə yetirilməsi nəzərdə tutulur.
13. UTNUYP-nin DMM çərçivəsində yerlərdə tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlıq ICAO tərəfindən ən azı 120 təqvim günü əvvəl bildirişlə dövlətə göndəriləcəkdir. Lazım gəldikdə və ya məqsədəuyğun hesab edildikdə, AZƏRBAYCAN və ICAO UTNUYP- nin DMM çərçivəsində yerlərdə hər hansı tədbirin yerinə yetirilməsi üçün qarşılıqlı olaraq əvvəlcədən bildiriş göndərilməsinə dair qısaldılmış müddət barəsində razılığa gələ bilərlər.
14. Əgər ICAO Şurasının Prezidentinə nəzərdən keçirilmək üçün təqdim edilmiş inandırıcı əsaslar mövcud olmazsa, dövlətdə yoxlamanın başlanması tarixinə 90 təqvim günündən az müddət qaldıqda UTNUYP-nin DMM çərçivəsində yoxlama dövri qrafikində heç bir dəyişiklikliyə və IVCM başlama tarixinə 60 təqvim günündən az müddət qaldıqda planlaşdırılmış ICVM həyata keçirilməsində hər hansı dəyişiklik edilməsinə icazə verilməyəcək. Uçuşların təhlükəsizlik vəziyyətinin planlaşdırılmış yoxlamalarının müddətlərinə dövlət tərəfindən edilmiş hər hansı dəyişiklik fərdi qaydada nəzərdən keçiriləcəkdir, bir şərtlə ki, tarixlərin dəyişdirilməsi və ya yoxlamaların ləğv edilməsi ilə bağlı xərclər müvafiq dövlət tərəfindən ödənilsin.
15. UTNUYP-nin DMM çərçivəsində yerlərdə yerinə yetirilən bütün tədbirlərin miqyası yığılmış məlumatlara uyğun olaraq İCAO tərəfindən müəyyən ediləcək və ICAO Doc 9735 sənədində göstərilən müddətlərə uyğun olaraq əvvəlcədən dövlətin nəzərinə çatdırılacaqdır.
16. Bütün ICAO və ICVM qruplarının tərkibinə yoxlama və ya ICVM üzrə bütün istiqamətlərdən olan mütəxəssislər daxil olacaq. Qrupun tərkibi haqqında məlumatlar (adlar, soyadlar və ixtisaslaşma sahələri) UTNUYP-nin DMM yoxlamaları və ya ICVM başlamazdan ən azı 45 təqvim günü əvvəl dövlətə təqdim ediləcək. Uçuşların təhlükəsizliyinin vəziyyətinin yoxlanılması halında, yoxlama başlamazdan ən azı 45 gün əvvəl dövləti qrupun tərkibi haqqında məlumatlandırmaq üçün bütün tədbirlərin görülməsi üçün səy göstəriləcək; lakin konkret vəziyyətlərdən asılı olaraq bu müddətlər dəyişə bilər.
17. UTNUYP-nin DMM çərçivəsində yerlərdə həyata keçirilən tədbirlər dövlətin müraciətinə əsasən ingilis, fransız və ya ispan dilində aparılacaqdır. Əgər dövlətin ICAO-ya bildirdiyi dil ICAO-nun yerdə qalan digər üç işlək dilindən biridirsə, o zaman UTNUYP-nin DMM çərçivəsində yerlərdə tədbirlər həyata keçirən qrupunun üzvlərindən ən azı birinin ICAO-nun həmin işlək dilini bilən şəxs olmasını təmin etmək üçün bütün səylər göstəriləcəkdir.
18. ICAO qrupu AZƏRBAYCANDA hər bir UTNUYP-nin DMM çərçivəsində yerlərdə həyata keçirilən tədbir üçün planlaşdırılmış fəaliyyətin yerinə yetirilməsi haqqında məlumatları özündə əks etdirən konkret dövlətə aid olan tədbirlər planını hazırlayacaq. Əməkdaşlığın və koordinasiyanın təşkil edilməsinin sadələşdirilməsi məqsədi ilə tədbirin həyata keçirilməsindən əvvəl bu plan NCMC-yə göndəriləcəkdir. Konkret dövlətə aid olan tədbirlər planına hər hansı dəyişiklik açılış müşavirəsində ICAO və dövlət arasında razılaşdırıla bilər.
19. AZƏRBAYCAN aşağıda göstərilən yollarla UTNUYP-nin DMM çərçivəsində yerlərdə tədbirlərin yerinə yetirilməsinə kömək göstərməyə dair razılaşır:
a) mülki aviasiya fəaliyyəti ilə məşğul olan seçilmiş təşkilatlara və rəhbərlik və ya heyətə şəhadətnamələrin verilməsi, avianəqliyyat daşımaları, hava gəmisinin texniki xidməti və uçuşa yararlılığı, aeronaviqasiya xidmətləri, aerodrom əməliyyatları, eyni zamanda aviasiya hadisələri və insidentlərinin araşdırılması, təhlükəli yüklərin idarə edilməsi və onların hava ilə daşınması və Çikaqo Konvensiyasına dair uçuşların təhlükəsizliyi ilə bağlı Əlavələrin müddəaları ilə tələb edilən hər hansı digər müvafiq fəaliyyət;
b) ICAO qrupu tərəfindən bütün müvafiq sənədlərin, faylların və məlumatların istifadə edilməsinə imkan yaratmaq; və
c) hava hərəkəti xidmətinin, aerodromların və yoxlamaların və IVCM yerinə yetirilməsi nəzərdə tutulan digər yerlərin məhdud zonalarına və obyektlərə icazə verilməsi.
20. AZƏRBAYCAN aşağıda göstərilən yollarla UTNUYP-nin DMM çərçivəsində yerlərdə tədbirlərin yerinə yetirilməsinə dəstək göstərməyə dair razılaşır:
a) yerlərdə tədbirlərin görülməsi müddəti ərzində və ya ICAO qrupu tərəfindən istənilən müddətdə şifahi tərcüməçi xidmətlərinin təqdim edilməsi;
b) yerlərdə tədbirlərin görülməsi müddəti ərzində ICAO qrupunun yaşayış yerləri ilə təmin edilməsi;
c) konkret dövlətə aid olan tədbirlər planı çərçivəsində dövlət daxilində müxtəlif yerlərə getmə ilə bağlı nəqliyyat xərclərinin ödənilməsi;
d) ICAO qrupu üçün ayrıca iş yerlərinin təmin edilməsi;
e) mövcud olduğu halda çap, fotokopiya, skaner və faksimiledən istifadəyə icazənin təmin edilməsi; və
f) mövcud olduğu halda internetə çıxışın təmin edilməsi.
21. HSY çərçivəsində yoxlamaların və ya uçuşların təhlükəsizliyinin vəziyyətinə dair yoxlamaların həyata keçirilməsi zamanı ICAO qrupu dövlətin qanunvericilik və tənzimləmə müddəalarını nəzərdən keçirəcək, qeydləri və sənədləºmələri tədqiq edəcək, obyektləri, avadanlıqları və alətləri yoxlayacaq, eyni zamanda, ICAO-nun standartlarının və Tövsiyə olunan təcrübəsinin (SARPs) və Aeronaviqasiya xidmətləri üçün Prosedurların (PANS) tətbiq edilməsi də daxil olmaqla, uçuşların təhlükəsizliyinə nəzarət sisteminin yaradılmasından və səmərəli tətbiq edilməsindən, həmçinin təlimat materiallarının və belə materialda istinad edilən aviasiya sənayesində uçuşların təhlükəsizliyi ilə bağlı ümumi qəbul edilmiş müvafiq təcrübələrin tətbiq edilməsindən əmin olmaq məqsədi ilə müsahibələr keçirəcəkdir.
22. ICVM həyata keçirilməsi zamanı ICAO qrupu uçuşların təhlükəsizliyinə nəzarətin, təmin edilməsi sahəsində müəyyən edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində dövlətin nail olduğu inkişafın təsdiqini sadələşdirmək məqsədi ilə 21-ci paraqrafda qeyd edilən bütün növ fəaliyyətləri yerinə yetirə bilər.
23. UTNUYP-nin DMM çərçivəsində yerlərdə həyata keçirilən tədbirin yerinə yetirilməsindən sonra ICAO qrupu yekun müşavirə keçirərək, fəaliyyətin yekun nəticələrini NCMC tərəfindən müəyyən edilən rəsmi nümayəndələrə təqdim edəcəkdir. Bu rəsmi şəxslərə tədbirin əhatə etdiyi sahələrə görə məsuliyyət daşıyan mülki aviasiya hakimiyyəti orqanının (MAHO) və başqa dövlət orqanlarının nümayəndələrinin yüksək rəhbərliyi daxil ola bilər. ICAO qrupu eyni zamanda, UTNUYP-nin DMM prosesinin növbəti mərhələləri haqqında qısa icmal təqdim edəcək. Lazım gəldikdə və məqsədəuyğun hesab edildikdə, yekun müşavirədən eyni zamanda, əvvəlcədən hər hansı SSC haqqında dövlətə bildiriş göndərmək üçün istifadə edilə bilər.
24. HSY çərçivəsində yoxlamalara və uçuşların təhlükəsizliyinin vəziyyətinə dair yoxlamalara münasibətdə ICAO qrupu dövləti tərk etmədən dövlətə nəticələr və təkliflər layihəsi təqdim edəcək. Həyata keçirilən tədbirlərin gedişində aşkar edilmiş hər hansı SSC haqqında rəsmi bildiriş yekun müşavirənin keçirilməsindən sonra 15 təqvim günü müddətində AZƏRBAYCANA təqdim ediləcəkdir.
25. ICAO UTNUYP-nin DMM çərçivəsində yerlərdə həyata keçirilən hər hansı tədbirin yekun hesabat layihəsinin yekun müşavirə bitdikdən sonra 90 təqvim günü müddətində AZƏRBAYCANA təqdim edilməsi ilə bağlı öz üzərinə öhdəlik götürür. Əgər dövlətdə istifadə edilən ICAO-nun işlək dili həyata keçirilən tədbirin gedişində istifadə edilən dildən fərqlənərsə, yekun hesabatın layihəsi həmin dilə tərcümə ediləcək, müddətlər isə müvafiq şəkildə düzəldiləcəkdir. AZƏRBAYCAN hesabatı aldıqdan sonra, 45 təqvim günü müddətində, seçdiyi ICAO-nun işlək dilində, yekun hesabat layihəsi haqqında öz rəylərini ICAO-ya təqdim etməyə görə məsuliyyət daşıyır. Əldə edilmiş bütün rəylər ICAO tərəfindən nəzərdən keçirildikdən sonra yekun hesabata daxil ediləcəkdir.
26. Yekun müşavirə başa çatdıqdan sonra 165 təqvim günü müddətində ICAO yekun hesabatı AZƏRBAYCANA təqdim edəcəkdir. Lakin əgər dövlətdə istifadə edilən ICAO-nun işlək dili həyata keçirilən tədbirin gedişində istifadə edilən dildən fərqlənərsə, bu müddət müvafiq şəkildə düzəldiləcəkdir. Sonra yekun hesabat istifadə üçün ən azı ingilis dilində UTNUYP-nin DMM onlayn sistemi vasitəsi ilə ICAO-nun bütün üzv dövlətlərinə təqdim ediləcəkdir.
27. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış təsisatı kimi ICAO-ya və onun heyətinə tətbiq edilən digər imtiyazlara və toxunulmazlığa xələl gətirmədən, UTNUYP-nin DMM çərçivəsində yerlərdə tədbirləri həyata keçirilən bütün üzvləri etdikləri şifahi və yazılı bəyanatlara və öz vəzifə borclarını həyata keçirən zaman yerinə yetirdikləri bütün hərəkətlərə münasibətdə məhkəmə icraatından azad olunacaqlar.
III Hissə
Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəldici tədbirlər
28. Əgər AZƏRBAYCAN UTNUYP-nin DMM çərçivəsində yerlərdə həyata keçirilən tədbirlərdən sonra və ya istənilən başqa bir vaxtda hər hansı SSC barəsində bildiriş alırsa, ICAO təxirəsalınmaz düzəldici tədbirlər vasitəsilə bu SSC-nin aradan qaldırılması üçün AZƏRBAYCANA qısa vaxt müddəti təqdim edir. Əgər müəyyən edilmiş müddətin sonunda SSC aradan qaldırılmazsa, ICAO-nun bütün üzv dövlətləri, UTNUYP-nin DMM onlayn sistemi vasitəsilə bu SSC haqqında məlumatlandırılacaqlar.
29. Hər hansı çatışmazlığın aşkar edilməsi halında, AZƏRBAYCAN UTNUYP-nin DMM onlayn sistemi vasitəsilə nəticələr və tövsiyələrin göndərilməsindən və ya nəticə və tövsiyələrin yekun hesabat layihəsi vasitəsilə bildirilməsindən somu 45 təqvim günü müddətində təklif edilən CAP-ı ICAO-ya təqdim etməklə bağlı öz üzərinə öhdəlik götürür. CAP-da konkret fəaliyyətlər və nəzərdə tutulan icra müddətləri, eyni zamanda nəticə və tövsiyələrdə qeyd olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbir görməyə görə məsuliyyət daşıyan orqan göstərilməlidir. Əgər CAP təqdim edilməzsə, ICAO CAP-ın təqdim edilməməsi səbəblərini müəyyən etmək üçün AZƏRBAYCANLA əlaqə saxlayacaq və müəyyən etdiyi çatışmazlıqlar barəsində Şuraya hesabat verəcəkdir.
30. ICAO təqdim edilən hər hansı CAP-ın qəbul oluna bilməsi haqqında AZƏRBAYCANA öz rəyini bildirəcək. Əgər təklif edilən düzəldici tədbirlər əlaqəli olduqları nəticə və tövsiyələri tam olaraq əhatə etmirsə, dövlət bu barədə müvafiq şəkildə məlumatlandırılacaqdır.
IV HİSSƏ
Mübahisələrin həlli
31. Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fərqlilik və ya mübahisə Tərəflər arasında danışıqlar yolu ilə həll olunur.
V HİSSƏ
Qüvvəyəminmə
32. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün müvafiq daxili prosedurların başa çatması barədə Azərbaycan tərəfinin yazılı bildirişinin alındığı tarixdə qüvvəyə minir.
33. Bakı şəhərində 8 aprel 2015-ci il tarixində və Monreal şəhərində 31 avqust 2015-ci il tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, 2 (iki) əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası
|
Beynəlxalq Mülki Aviasiya Təşkilatı
|
adından
|
adından
|
Xələf XƏLƏFOV,
|
FANG LIU,
|
xarici işlər nazirinin müavini
|
Baş katib
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)
2.
31 may 2022-ci il tarixli 1705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 473)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 2-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 1705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 473) ilə 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.