![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
29.09.2015 |
Qeydiyyat nömrəsi |
09-q |
Adı |
“Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
13.10.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201509290009 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
12.10.2015 |
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)
Q Ə R A R A A L I R:
1. “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair Qaydalar”ın təsdiq olunması haqqında” 2012-ci il 14 dekabr tarixli 19 nömrəli Qərarın birinci hissəsi ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Qərar № 09-q “29” “sentyabr” 2015-ci il
Sədr ______________________ R. Aslanlı
|
Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında
Qaydalar
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci və 82.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar qiymətli kağızlar bazarında sui-istifadələrin müəyyən edilməsi və qarşısının alınması qaydasını, insayd məlumatın açıqlanmasını və təqdim edilməsini, insayder siyahısının tərtib edilməsinə dair tələbləri, insayderlərin qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış aid olduğu emitentlərin (bundan sonra - emitent) səhmləri ilə və ya baza aktivinin həmin səhmlərdən ibarət olan törəmə maliyyə alətləri ilə bağladığı əqdlər barədə məlumatın açıqlanması və insayder tərəfindən bağlanmış əqdlər haqqında məlumatın təqdim edilməsi qaydalarını müəyyən edir.
1.3. Bu Qaydalar aşağıdakılara şamil edilmir:
1.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankının və ya digər dövlət orqanlarının pul, dövlət borc və valyuta tənzimi siyasətinin həyata keçirilməsi məqsədi ilə keçirdiyi əməliyyatlara;
1.3.2. Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 105-1-ci maddəsinə uyğun olaraq qiymətli kağızların qiymətinin sabitləşdirilməsi və emitent tərəfindən qiymətli kağızların geri alınması üzrə keçirilən əməliyyatlara.
1.4. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar:
1.4.1. qiymətli kağızlar bazarında sui-istifadə - insayd məlumatın istifadəsi ilə qiymətli kağızlar bazarında əqdlərin bağlanması və manipulyasiyalardır.
1.4.2. insayd məlumat - açıqlanmamış, birbaşa və ya dolayı yolla bir və ya bir neçə emitentə, qiymətli kağıza və ya törəmə maliyyə alətinə aid olan və açıqlandığı təqdirdə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq xarakterli məlumatdır;
1.4.3. İnsayderlərə aşağıdakı şəxslər aid edilir:
1.4.3.1. emitentin orqanlarının və audit komitəsinin üzvləri;
1.4.3.2. benefisiarlar;
1.4.3.3. insayd məlumatı tutduğu vəzifəyə, müqaviləyə əsasən yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxs;
1.4.3.4. emitentin icra orqanının səlahiyyətlərini müqaviləyə əsasən həyata keçirən şəxs;
1.4.3.5. emitentin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla malik olan şəxs;
1.4.3.6. insayd məlumatı qeyri-qanuni yolla əldə etmiş şəxs;
1.4.3.7. insayd məlumatı müqavilə əsasında, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxs;
1.4.3.8. bu Qaydaların 1.4.3.4-cü və 1.4.3.5-ci yarımbəndlərində göstərilən şəxslər hüquqi səxs olduqda, onun hesabına əqdin bağlanması qərarının verilməsində iştirak edən şəxs;
1.4.3.9. bu Qaydaların 1.4.3.1-ci və 1.4.3.5-ci yarımbəndlərində göstərilən şəxslərin yaxın qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri, qardaşları və bacıları).
2. İnsayd məlumatın açıqlanması
2.1. Emitentlər onlara məxsus insayd məlumatların həmin məlumatlar yarandığı andan dərhal “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında Məlumatların Elektron Açıqlanması Sistemi”ndə və öz internet səhifəsində (olduqda) açıqlanmasını təmin edir.
2.2. İnsayd məlumat bu Qaydaların 2.1-ci bəndində göstərilən qaydada açıqlandıqdan sonra emitent tərəfindən digər kütləvi informasiya vasitələrində açıqlana bilər.
2.3. Açıqlanan insayd məlumatda aşağıdakılar əks edilir:
2.3.1. açıqlamanın tarixi və nömrəsi;
2.3.2. “İnsayd məlumatın açıqlanması” qeydi;
2.3.3. açıqlanan insayd məlumatın başlığı;
2.3.4. insayd məlumatın məzmunu;
2.3.5. emitent haqqında məlumat (tam adı, hüquqi və faktiki ünvanı, veb saytının və elektron poçtunun ünvanı, əlaqə nömrələri).
2.4. Emitent tərəfindən açıqlanan məlumat dəqiq və səlis ifadə olunmalıdır. Natamam, qeyri-dəqiq, təhrif edilmiş və ikimənalı məlumatın açıqlanmasına yol verilməməlidir.
2.5. Emitent insayd məlumatın açıqlanmasına, açıqlanmış məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.
2.6. Açıqlanmış məlumatda dəyişikliklər baş verdikdə, emitent dərhal ilkin məlumatın açıqlandığı mənbələrdə bu barədə məlumatın açıqlanmasını təmin edir.
2.7. Emitent insayd məlumatların qorunması, açıqlanması və əldə edilməsinə dair daxili qaydaları qəbul edir.
2.8. İnvestisiya şirkəti Azərbaycan Respublikasının Qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müştəri tərəfindən ona təqdim edilmiş və ya icra prosesində olan sifariş haqqında məlumatları digər şəxslərə təqdim etməməlidir.
2.9. İnvestisiya şirkəti müştəri tərəfindən ona təqdim edilmiş sifarişdə olan məlumatları öz maraqları üçün istifadə etməməlidir.
2.10. Emitent insayd məlumatın açıqlanmasını marketinq fəaliyyəti ilə əlaqələndirə bilməz.
3. İnsayd məlumatın açıqlanmasının təxirə salınması
3.1. Emitent öz qanuni maraqlarının qorunmasını və mümkün olan zərərin qarşısının alınması üçün məsuliyyəti öz üzərinə götürməklə, insayd məlumatın açıqlanmasını çaşqınlıq yaratmamaq və həmin məlumatın konfidensiallığını təmin etmək şərti ilə aşağıdakı hallarda müvəqqəti təxirə salır:
3.1.1. məlumatın açıqlanması aparılan danışıqların gedişatına və ya nəticəsinə ciddi təsir edə bildikdə;
3.1.2. məlumatın açıqlanması nəticəsində emitentin maliyyə vəziyyətinin ağırlaşması təhlükəsi olduqda və ya iflas prosesində olmayan emitentin maliyyə vəziyyətinin uzunmüddətli bərpasını təmin etmək üzrə aparılan danışıqların nəticəsinə təsir etməklə, onun investorlarının mənafelərini təhlükə altına sala bildikdə;
3.1.3. emitentin orqanı tərəfindən qəbul edilmiş qərar və ya imzalanmış müqavilənin qüvvəyə minməsi üçün emitentin digər orqanının razılığı tələb edildikdə.
3.2. Emitent bu Qaydaların 3.1.3-cü yarımbəndində göstərilən qərar və ya müqavilə haqqında məlumatı açıqladıqda, məlumatda həmin qərarın və ya müqavilənin qüvvəyə minməsi üçün emitentin digər orqanının razılığının gözlənildiyi barədə qeyd etməlidir.
3.3. Emitent bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş hallarda insayd məlumatının açıqlanmasının təxirə salınması haqqında qərar qəbul etdikdə, bu barədə dərhal səbəbləri göstərilməklə Komitəyə elektron və ya sənəd formasında məlumat təqdim etməlidir. Komitə məlumatların açıqlanmasının təxirə salınması səbəblərinin Qaydaların 3.1-ci bəndinə uyğun olmadığını müəyyən etdikdə 3 (üç) iş günü ərzində həmin məlumatın emitent tərəfindən açıqlanmasını tələb edir.
3.4. Açıqlanması təxirə salınmış insayd məlumat təxirəsalma səbəbləri aradan qaldırıldığı andan dərhal bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq açıqlanır və bu barədə Komitəyə məlumat verilir.
3.5. Açıqlanması təxirə salınmış insayd məlumat emitent və ya birbaşa, yaxud dolayı yolla onun adından çıxış edən şəxs tərəfindən üçüncü şəxsə təqdim edildikdə, həmin məlumat emitent tərəfindən dərhal bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq açıqlanmalıdır.
3.6. Açıqlanması təxirə salınmış insayd məlumat müqavilə əsasında onun qorunmasını təmin etmək öhdəliyi olan digər şəxsə təqdim edildikdə, bu məlumatın açıqlanması tələb olunmur.
4. İnsayder siyahısı
4.1. Emitent insayd məlumatı əldə etmək imkanına malik olan şəxslər haqqında məlumatları əks etdirən “İnsayder siyahısı”nı (Əlavə №1) tərtib etməlidir.
4.2. “İnsayder siyahısı”nda əks edilən məlumatlarda dəyişikliklər baş verdikdə, “İnsayder siyahısı”nda dərhal qeyd edilir.
4.3. İnsayd məlumatı əldə etmək imkanına malik olan şəxslər həmin hüququ əldə etdikləri andan emitent tərəfindən dərhal “İnsayder siyahısı”na daxil edilir.
4.4. Emitent hər hansı bir şəxsi “İnsayder siyahısı”na daxil etdikdə və ya siyahıdan çıxardıqda bu barədə həmin şəxsi məlumatlandırır.
4.5. Emitent “İnsayder siyahısı”nın tərtib edilməsi üzrə məsul şəxsi müəyyən edir.
4.6. Emitent “İnsayder siyahısı”nı tərtib edildiyi tarixdən, siyahıda dəyişikliklər baş verdikdə isə son dəyişiklik edildiyi tarixdən 5 (beş) il müddətində saxlanılmasını təmin edir.
4.7. Emitent “insayder siyahısı”nı Komitənin sorğusu əsasında sorğu alınan gündən sonra 1 (bir) iş günü ərzində elektron və ya sənəd formasında təqdim etməlidir.
5. İnsayderlər tərəfindən bağlanmış əqdlər barədə məlumatların təqdim edilməsi və açıqlanması
5.1. Bu Qaydaların 1.4.3.1-1.4.3.4-cü yarımbəndlərində göstərilən şəxslər aid olduğu emitentin səhmləri ilə və ya baza aktivi həmin səhmlər olan törəmə maliyyə alətləri ilə əqd bağladıqda, “İnsayder əqdi haqqında məlumat”ı (Əlavə № 2) əqdin bağlandığı tarixdən etibarən bir iş günü ərzində Komitəyə və həmin emitentə təqdim edir. Emitent məlumatı aldığı gündən sonra 4 (dörd) iş günü ərzində bu Qaydaların 2-ci hissəsi ilə müəyyən olunmuş qaydada həmin məlumatın açıqlanmasını təmin edir.
5.2. Bu Qaydaların 1.4.3.5-cü yarımbəndində göstərilən şəxslər aidiyyəti olduğu emitentin səhmləri ilə və ya baza aktivi həmin səhmlər olan törəmə maliyyə alətləri ilə əqd bağladıqda, bu barədə məlumatı Qanunun 76-ci maddəsinə uyğun olaraq açıqlayır.
6. Şübhəli əqdlər barədə məlumatların təqdim edilməsi
6.1. İnsayd məlumatdan istifadə ilə qiymətli kağızlar bazarında əqdlər bağlanması və manipulyasiya halları barədə şübhə olduqda, investisiya şirkəti və fond birjası bu barədə Komitəyə dərhal elektron və ya yazılı formada məlumat təqdim etməlidirlər. Həmin məlumatın üçüncü şəxslərə açıqlanmasına yol verilmir.
6.2. Şübhəli əqd barədə məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
6.2.1. tapşırığın (sifarişin) və ya əqdin şübhəli hesab edilməsi üçün əsas verən səbəblər;
6.2.2. investisiya şirkətinə tapşırığı verən şəxs haqqında məlumat (fiziki şəxs olduqda: adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri, depo hesab nömrəsi, hüquqi şəxs olduqda: tam adı, VÖEN, hüquqi ünvanı, depo hesab nömrəsi);
6.2.3. fond birjasının ticarət sisteminə sifarişi verən investisiya şirkəti haqqında məlumat (tam adı, investisiya şirkətinin birjanın ticarət sistemindən istifadə hüquqlarını həyata keçirən, səlahiyyətli nümayəndəsinin adı, soyadı, atasının adı və investisiya xidmətlərinin göstərilməsi üçün ixtisas şəhadətnaməsinin nömrəsi).
6.2.4. şübhəli əqdin öyrənilməsi üçün mühüm olan digər məlumatlar;
6.2.5. məlumatı təqdim edən şəxsin adı, soyadı və imzası;
6.2.6. məlumatın təqdim edilmə tarixi.
7. Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair tədbirlər
7.1. Qiymətli kağızlar bazarında sui-istifadə hallarına yol verilmir.
7.2. Qiymətli kağızlar bazarında sui-istifadələrin baş verməməsi üçün aşağıdakıların həyata keçirilməsinə yol verilmir:
7.2.1. qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin bağlanış qiymətlərinə təsir göstərmək məqsədi ilə ticarət gününün (sessiyanın) sonunda qəsdən alqı-satqı əqdlərinin bağlanmasına;
7.2.2. qiymətli kağızların və törəmə maliyyə alətlərinin qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış təəssüratın yaradılması məqsədi ilə əvvəlki sifarişlərdən fərqlənən qiymətlə tapşırıqların və ya sifarişlərin verilməsinə və sonradan ləğv edilməsinə;
7.2.3. Azərbaycan Respublikasının Qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bir şəxs və ya gizli razılaşma əsasında bir neçə şəxs tərəfindən eyni qiymətli kağızların bir vaxtda eyni həcm və qiymətlə alınması və satılması üzrə tapşırıq və ya sifarişlərin verilməsinə;
7.2.4. qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin benefisiarının dəyişməsi ilə nəticələnməyən və ya bu dəyişikliyin birgə və ya gizli razılaşma əsasında fəaliyyət göstərən şəxslər arasında baş verməsi ilə nəticələnən əqdlərin bağlanmasına;
7.2.5. əldə edilmiş qiymətli kağızların qiymətinin artırılması və sonradan yüksək qiymətlə satılması məqsədilə, həmin qiymətli kağızlar üzrə əlavə alış əqdlərinin bağlanması və (və ya) yanlış müsbət məlumatların yayılmasına;
7.2.6. kütləvi təklif üsulu ilə yerləşdirmə zamanı qiymətli kağızları əldə etmiş şəxslər tərəfindən, qiymətli kağızların qiymətinin süni səviyyəyə qaldırılması və digər investorların həmin kağızlara olan marağının artırılması məqsədi ilə, emitentin həmin növ qiymətli kağızları üzrə ticarət başlandığı andan gizli razılaşma əsasında alış əqdlərinin bağlanmasına;
7.2.7. insayd məlumat əsasında digər şəxsləri qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınmasına (satılmasına) və ya alınmasından (satılmasından) imtina edilməsinə təhrik edilməsinə və ya tövsiyələrin verilməsinə;
7.2.8. insayd məlumatdan istifadə etməklə, öz və ya digər şəxslərin hesabına birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısına və ya belə əqdlərin keçirilməsinə cəhd edilməsinə;
7.2.9. kütləvi informasiya və ya hər hansı digər vasitələr ilə qiymətli kağızlara dair yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin və digər məlumatların yayılmasına;
7.2.10. birbaşa və ya dolayı yolla fayda və ya gəlirin əldə edilməsi üçün jurnalistlər tərəfindən öz peşə vəzifələrini həyata keçirərkən bu Qaydaların 7.2.9-cu yarımbəndində əks edilən məlumatların yayılmasına;
7.2.11. xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar insayd məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatın ötürməyə.
7.3. Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslər qiymətli kağızlar və ya törəmə maliyyə alətləri barədə məlumatları yaydıqda, həmin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərində öz maraqları və ya maraqlar münaqişəsi olduqda, bu barədə məlumatı açıqlamalıdırlar.
7.4. Bu Qaydaların 7.2.8-ci yarımbəndi insayd məlumata malik olmadan əvvəl bağlanmış müqavilədən irəli gələn qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınması və ya satılması üzrə öhdəliklərin icra edilməsi üçün həyata keçirilən əqdlərə şamil edilmir.
7.5. Fond birjası sui-istifadə hallarının aşkar edilməsi və qarşısının alınması üçün daxili qaydaları qəbul etməlidir.
7.6. Qiymətli kağızlar bazarında sui-istifadə halları aşkar edildikdə, Komitə Məcəllə və Qanunla müəyyən edilmiş tədbirləri görür.
“Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar”a Əlavə № 1 “İnsayder siyahısı” |
Fiziki şəxsin AAS, Hüquqi şəxsin tam adı |
Şəxsin “insayder siyahısı”na daxil edildiyi tarix |
Şəxsin “insayder siyahısı”na daxil edilməsi və ya siyahıdan çıxarılması barədə həmin şəxsin məlumatlandırması tarixi |
Şəxsin “insayder siyahısından çıxarıldığı tarix |
Şəxsin siyahıya daxil edilmə və ya siyahıdan çıxarılma səbəbi |
Fiziki şəxs |
Hüquqi şəxs |
||||
Vəzifəsi |
Ünvan və şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi |
Emitentin nizamnamə kapitalında iştirak payı |
VÖEN |
Hüquqi şəxsin adından çıxış edən və insayd məlumata malik olan şəxs (adı, soyadı, ata adı) |
Emitentin nizamnamə kapitalında iştirak payı |
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar”a Əlavə № 2
“İnsayder əqdləri haqqında məlumat”
|
1. |
Emitentin tam adı |
|
2. |
Əqdi bağlayan fiziki şəxs olduqdqa - adı, soyadı, atasının adı; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı |
|
3. |
Məlumat vəkil edilmiş şəxs tərəfindən təqdim edildikdə - fiziki şəxs olduqda - adı, atasının adı, soyadı; hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı və onun adından çıxış edən şəxsin adı, atasının adı, soyadı |
|
4. |
Məlumatın təqdim edilməsi səbəbi |
|
5. |
Qiymətli kağızın və ya törəmə maliyyə alətinin növü |
|
6. |
Qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı |
|
7. |
Bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti |
|
8. |
Əqdin məbləği |
|
9. |
Əqdin istiqaməti (alqı və ya satqı) |
|
10. |
Əqdin bağlanma tarixi və yeri |
|
11. |
Əqdin bağlanmasından sonra şəxsin mülkiyyətində olan həmin emitentin qiymətli kağızlarının sayı və emitentin nizamnamə kapitalında payı (faizlə) |
|
12. |
Məlumatın təqdimedilmə tarixi |
|
İmza ___________ Tarix __________