×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
29.09.2015
QEYDİYYAT NÖMRƏSİ
14-q
ADI
“Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201509290014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.10.2015
“Qiymətli kaǧızlar bazarında marja ticarətinə dair Qaydalar”ın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

29.09.2015

Qeydiyyat nömrəsi

14-q

Adı

“Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydaların təsdiq edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201509290014

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.10.2015

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

 

Q Ə R A R A  A L I R:

 

1.            “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2.            Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.            Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.            Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.            Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                         Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 14-q

“29” “sentyabr” 2015-ci il

 

Sədr

______________________

R. Aslanlı

 

 

Qiymətli kağızlar bazarında marja ticarətinə dair

Qaydalar

 

1.                  Ümumi müddəalar

1.1.            Bu Qaydalar ''Qiymətli kağızlar bazarı haqqında'' Azərbaycan Respublikasının Qanununun 40.3-cü və 40.4-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır.

1.2.            Marja ticarəti bu Qaydalara, fond birjasının daxili qaydalarına və investisiya şirkəti ilə müştəri arasında bağlanmış müqaviləyə uyğun tənzimlənir.

 

2.         Əsas anlayışlar

2.0.            Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.0.1. baza aktivi - qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s;

2.0.2. ilkin marja - baza aktivinin alışı üçün əməliyyat dəyərinin müştəri tərəfindən investisiya şirkətinə nağd ödənilən minimum məbləğdir;

2.0.3. təminat marjası - baza aktivinin alışından sonra müştəri tərəfindən investisiya şirkətinə ödənilən və ticarət gününün sonuna yekun qiymətə uyğun olaraq baza aktivinin cari bazar dəyərinin faizlə hesablanan minimum məbləğdir;

2.0.4. marja çağırışı - bu Qaydalarla müəyyən edilmiş təminat marjasının minimum həddinə çatdırılması məqsədilə əlavə pul vəsaitinin qoyulması barədə investisiya şirkəti tərəfindən müştəriyə edilən tələbdir;

2.0.5. fond birjası - “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziyalaşdırılan və ya xarici ölkələrin Qanunları ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərən hüquqi şəxsdir;

2.0.6. cari bazar dəyəri – baza aktivinin fond birjasının və ya xarici ölkələrin birjalarının  kotirovkasına əsasən son tarixə (vaxta) müəyyən olunan qiymətidir.

 

3.             Marja ticarətinə dair müddəalar

3.1.            Marja ticarətinin təşkil edilməsi məqsədi ilə qurulan elektron sistemə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (Komitə) birbaşa çıxışı təmin olunmalıdır.

3.2.            İnvestisiya şirkəti hər hansı müştəridən əldə etdiyi vəsaitləri digər müştərilər üçün marja əməliyyatları aparmaq və ya öz məqsədləri üçün istifadə etməməlidir.

3.3.            İnvestisiya şirkəti özünün rəhbər şəxslərinin və ya digər əməkdaşlarının, habelə onların yaxın qohumları (əri (arvadı), övladları, övladlığa götürülənləri, valideynləri, övladlığa götürənləri, bacı və ya qardaşları, onların övladları) olan müştərilər üçün marja əməliyyatlarını həyata keçirə bilməz.

3.4.            Aşağıdakı hallarda investisiya şirkəti müştəriyə marja hesabına daxil edilən faizlərin, dividendlərin və ya digər gəlirlərin hesabdan geri götürülməsinə icazə verir:

3.4.1.               hesablarda marja kəsiri yaratmayacaqsa və ya mövcud marja kəsirini artırmayacaqsa;

3.4.2.      baza aktivinin cari bazar dəyərinin 10 (on) faizindən artıq deyildirsə.

3.5.       Müştərilərə marja ticarəti xidməti göstərən investisiya şirkəti marja hesabı kimi fəaliyyət göstərəcək ayrıca hesabının olmasını təmin etməlidir.

3.6.       İnvestisiya şirkəti hər müştərinin hesablarını ayrı aparmalıdır.

3.7.       İnvestisiya şirkəti marja ticarəti üçün istifadə olunan vəsaitlərin təfsilatlarını (mənbələr daxil olmaqla) əks etdirən ayrıca uçotu aparmalıdır.

 

4.      Marja ilə ticarət olunan baza aktivlərinin xüsusiyyətləri

4.1.            Fond birjasında aşağıdakı tələblərə cavab verən qiymətli kağızlar marja ticarətinin baza aktivi kimi qəbul edilir:

4.1.1. qiymətli kağızların altı aydan çox müddətdə listinqdə olması;

4.1.2. ticarətə qəbul olunan qiymətli kağızların sayının 10000-dən (on min) çox olması;

4.1.3. qiymətli kağızların son altı ay ərzində ticarət həcminin, orta aylıq ticarət həcminə (bazarda cəmi ticarət həcminin müvafiq ayların sayına bölünməsi) bərabər və ya ondan çox olması;

4.1.4. fond birjasının daxili qaydalarına əsasən ticarət günlərinin sayının həmin qiymətli kağızların fond birjasında listinqdə olan ticarət günlərinin sayının 80%-nə və ya daha çox hissəsinə bərabər olması;

4.1.5. fond birjasının daxili qaydalarına əsasən riskli qiymətli kağız kimi təyin olunmaması, delistinq prosesində olmaması.

4.2.            Fond birjası bu Qaydalara əsasən müntəzəm olaraq marja ticarəti üçün uyğun olan qiymətli kağızların siyahısını öz internet səhifəsində açıqlayır.

4.3.            Azərbaycan Respublikası ərazisində marja ticarəti üzrə qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında həyata keçirildikdə marja ticarətinə dair tələblər həmin ölkənin müvafiq qanunları və ya fond birjasının daxili qaydaları ilə müəyyən edilir.

4.4.            Marja ticarəti vasitəsilə repo əməliyyatları həyata keçirilə bilməz.

4.5.            Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsi üzrə dəyişiklikləri ilə marja ticarəti aşağıda müəyyən edilmiş tələblərə uyğun olaraq təşkil edilir:

4.5.1.      Azərbaycan Respublikasında fond birjası fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi lisenziyaya malik təşkilatın təqdim etdiyi ticarət platforması vasitəsilə həyata keçirilir;

4.5.2.      Azərbaycan Respublikasında fond birjasının daxili qaydalarında marja ticarətinə dair müddəalar əks olunmalıdır.

 

5.                  Marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər

5.1.      Müştərilərə marja ticarəti xidmətini göstərmək istəyən investisiya şirkəti aşağıdakı tələblərə cavab verməlidir:

5.1.1.      Komitə tərəfindən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, marja ticarəti və müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi xidmətlərini həyata keçirmək üçün verilən lisenziyaya malik olmalı;

5.1.2.      marja ticarətinin aparılması üçün texniki vasitələrə, təhlükələri avtomatik aşkar edən ani xəbərdarlıq sisteminə malik olmalı;

5.1.3.      investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün “Qiymətli kağızlar bazarı haqqında” Qanunla müəyyən edilmiş sayda əməkdaşı ixtisas şəhadətnaməsinə malik olmalı;

5.1.4.      ləğv və ya müflisləşmə prosesində olmamalı;

5.1.5.      mərkəzi depozitarın və klirinq təşkilatının üzvü olmalı;

5.1.6.      xarici fond birjasında marja ilə ticarət etmək istəyən investisiya şirkətinin həmin fond birjasına birbaşa və ya dolayı yolla çıxışı olmalı;

5.1.7.      marja ticarətinin həyata keçirilməsinə dair daxili qaydalara malik olmalıdır.

5.2. İnvestisiya şirkəti marja ticarətini yalnız özünə məxsus olan və ya Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq lisenziyaya malik kredit təşkilatlarından aldığı vəsaitlər hesabına (baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklərlə marja ticarəti xidməti əlavə olaraq Fond Birjasından alınan vəsaitlər hesabına) həyata keçirir.

5.3.  İnvestisiya şirkəti tərəfindən bir müştəriyə marja ticarəti üçün təqdim olunan vəsait həmin investisiya şirkətinin bütün müştərilərinə təqdim etdiyi vəsaitlərin ümumi həcminin 10 (on) faizindən çox ola bilməz.

5.4.            İnvestisiya şirkətinin marja ticarəti üzrə daxili qaydalarında aşağıdakı müddəalar əks olunmalıdır:

5.4.1.           minimum likvidlik tələbləri daxil olmaqla, marja ticarəti vasitəsi ilə maliyyələşən baza aktivlərinin uyğunluq meyarları;

5.4.2.           girov və marja tələbləri, maliyyə riskinə məruz qalma həddi, mövqe üzrə limitlər, bazar qiymətlərinə uyğunlaşma nəticəsində yaranan itkilərin cəmi və depozitlər də (bu şərtlə ki, bütün marjalar, depozitlər və bazar qiymətləndirməsi itkiləri ancaq pul vəsaiti ilə ödəniləcək) daxil olmaqla risklərin idarəedilməsi sistemləri;

5.4.3.           investisiya şirkətinin bir və ya bütün müştərilərinin mümkün maksimum maliyyələşmə həddi;

5.4.4.           marja ticarətinin həyata keçirilməsi ilə bağlı şərtlər;

5.4.5.           marja ticarəti üzrə  sənədlərin saxlanılma qaydası və müddəti;

5.4.6.           marja ticarəti ilə əlaqədar ödənilən xidmət haqları, xərclər və depozitlər;

5.4.7.           marja ticarəti üçün istifadə olunan vəsaitlərin uçotunun aparılması;

5.4.8.           maraqların toqquşması hallarının qarşısının alınması;

5.4.9.           baş verə biləcək risklərin qarşısının alınması;

5.4.10.       marja ticarəti xidmətini göstərən əməkdaşların hüquqları və vəzifələri;

5.4.11.       insan resurslarının idarə edilməsi sistemləri;

5.4.12.       elektron sistemlərin idarə edilməsi;

5.4.13.       marja ticarəti ilə əlaqədar investisiya şirkəti tərəfindən müştərilərə məlumatların verilməsi üsulları.

 

6.                  Marja ticarəti üzrə müqavilə

6.1.            İnvestisiya şirkəti müştəriyə marja ticarəti xidmətini müqavilə əsasında göstərir.

6.2.            Müqavilənin kağız daşıyıcıda və ya elektron formada bağlanması tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.

6.3.            Müqavilə bağlanmazdan əvvəl investisiya şirkəti müştəriyə yazılı şəkildə marja ticarəti üçün təqdim olunan vəsait ilə bağlı risklər haqqında məlumat verməli və müştəridən bu məlumatı aldığını təsdiqləməyini tələb etməlidir.

 

7.        Marja ticarəti üzrə həddlər

7.1.            İlkin marja baza aktivinin cari bazar dəyərinin minimum 40 (qırx) faizi həcmində olmalıdır.

7.2.            Marja ticarəti ilə əldə edilmiş baza aktivi üzrə təminat marjası son ticarət günü üçün yekun bazar qiymətin minimum 20 (iyirmi) faizi həcmində olmalı və yalnız pul vəsaiti ilə ödənilməlidir.

7.3.            Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişiklikləri ilə marja ticarəti fond birjasının təqdim etdiyi ticarət platforması vasitəsilə həyata keçirildikdə marja həddləri fond birjası tərəfindən müəyyən edilir.

7.4.            Təminat marjasının minimum həddi marja müqaviləsində göstərilən həddən aşağı düşdükdə, investisiya şirkəti dərhal marja çağırışını etməlidir.

7.5.            Marja çağırışı edilən müştəriyə investisiya şirkəti tərəfindən baza aktivlərinin bazar qiymətlərində yüksəlməyə görə əlavə marja və ya vəsait verilə bilməz.

 

8.        Marja ticarətinə dair bildirişin təqdim edilməsi

8.1.            İnvestisiya şirkəti hər ay marja ticarəti ilə əlaqədar ödənilməmiş hesabı olan müştəriyə marja ticarətinə dair bildiriş təqdim etməlidir.

8.2.            Bildirişdə baza aktivinə, əməliyyatın növünə, miqdarına, müqavilə qiymətinə, əməliyyatın həyata keçirildiyi tarixə və borc alınmış pulun geri qaytarılması (ödənilməsi) üçün müraciətin son tarixinə dair məlumatlar göstərilməlidir.

8.3.            İnvestisiya şirkəti marja ticarəti üzrə müştəriyə baza aktivlərinin hərəkətinə və qalıqlara nəzarət etmək imkanı yaratmalıdır.

 

9.    Öhdəliklərin pozulması zamanı investisiya şirkəti tərəfindən baza aktivlərinin girovu və ləğv edilməsi

9.1.             Marja ticarəti zamanı investisiya şirkətinin investora verdiyi vəsaitlər hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, investisiya şirkəti girovsaxlayan, investor isə girovqoyan hesab edilir.

9.2.            İnvestisiya şirkəti tərəfindən baza aktivlərinin girovu aşağıdakı hallarda ləğv edilir:

9.2.1.      müştəri investisiya şirkətinin marja çağırışına 1 (bir) iş günü ərzində əməl etmədikdə;

9.2.2.      baza aktivinin dəyəri bu Qaydaların 7.2-ci bəndində göstərilən tələbə əməl etməklə tərəflərin müqavilədə razılaşdırdığı həddə çatdıqda;

9.2.3.      müştəri marja ticarəti məqsədilə borc alınmış məbləği ödədikdə.

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status