![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
14.12.2015 |
Qeydiyyat nömrəsi |
32-q |
Adı |
“Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
29.12.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201512140032 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
28.12.2015 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)
Q Ə R A R A A L I R:
1. “Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə (Y.Məmmədov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (K.Əlizadə) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.
Sədr Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Qərar № 32-q 14 dekabr 2015-ci il Sədr _______________ R. Aslanlı |
Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası
1. Ümumi müddəalar
1.1 Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 403-1.2-ci maddəsinə müvafiq olaraq hazırlanmış və törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydasını müəyyən edir.
1.2 Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardan ibarətdir:
1.2.1 törəmə maliyyə aləti – hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir;
1.2.2 baza aktivi – qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.
1.2.3 ilkin marja – baza aktivinin alışı məqsədilə müştəri tərəfindən investisiya şirkətinə nağd ödənilən əməliyyat dəyərinin faiz nisbəti kimi hesablanan minimum məbləğdir;
1.2.4 fond birjası – “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin predmeti törəmə maliyyə alətlərinin ticarətinin təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
2. Törəmə maliyyə alətlərinin yerləşdirilməsi
2.1 Törəmə maliyyə alətlərinin yerləşdirilməsi fond birjasının elektron ticarət sistemində həyata keçirilir.
2.2 Törəmə maliyyə alətinin standartlaşdırılmış formasında aşağıdakılar təsbit olunmalıdır:
2.2.1 baza aktivi;
2.2.2 törəmə maliyyə alətinin növü;
2.2.3 törəmə maliyyə alətinin dəyəri (olduqda);
2.2.4 törəmə maliyyə alətinin tədavül müddəti (ilk və son gün);
2.2.5 törəmə maliyyə alətinin icra günü (olduqda);
2.2.6 törəmə maliyyə alətinin icra üsulu (baza aktivinin çatdırılması və ya hesablaşmalar üsulu ilə);
2.2.7 qiymətin müəyyən edilmə üsulu;
2.2.8 qiymət addımı (müqavilənin qiymətində ən az qiymət dəyişikliyi);
2.2.9 gündəlik qiymət dəyişikliyin hədləri (ən aşağı və ən yuxarı hədd);
2.2.10 ilkin marjanın məbləği;
2.2.11 opsionlar üçün baza aktivini almaq və ya satmaq hüququnun istifadə edilməsi zamanı baza aktivinin qiyməti;
2.2.12 opsionun növü (opsion üzrə verilən hüququ tədavül müddəti ərzində və ya tədavül müddətinin sonunda istifadə etmək imkanı);
2.2.13 opsionun sinfi (opsion üzrə verilən satmaq və ya almaq hüququ);
2.2.14 əməliyyat haqları.
3. Törəmə maliyyə alətlərinin tədavülü
3.1 Törəmə maliyyə alətlərinin tədavülü fond birjasının daxili ticarət qaydalarında müəyyən edilir.
3.2 Fond birjası törəmə maliyyə alətlərindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə hesablaşmaların aparılmasını təmin edən klirinq təşkilatı ilə müqavilə bağlamalıdır.
3.3 Törəmə maliyyə alətlərinin ticarəti zamanı marketmeyker fəaliyyətinin həyata keçirilməsi qaydaları birja tərəfindən müəyyən edilir.
3.4 Törəmə maliyyə alətlərinin alğı-satqısı fond birjasının törəmə maliyyə alətləri bazarının üzvlərinin vasitəçiliyi ilə həyata keçirilir.
3.5 İnvestisiya şirkəti müştəridən sifarişi qəbul etməzdən əvvəl törəmə maliyyə alətləri haqqında mövcud olan risklər barədə ona məlumat verməlidir.
3.6 İnvestisiya şirkəti tərəfindən təqdim edilən məlumat törəmə maliyyə alətlərinə dair risklərin təsviri alətin növünü nəzərə almaqla aşağıdakıları əhatə etməlidir:
3.6.1 törəmə maliyyə aləti ilə bağlı risklər, riskin nəticələri və investisiyanın tamamilə itirilə bilməsi riski barədə məlumat;
3.6.2 törəmə maliyyə alətinin qiymət volatilliyi (dəyişkənliyi) barədə məlumat;
3.6.3 tətbiq edilən marja tələbləri və ya oxşar öhdəliklər.
3.7 Fəaliyyəti dayandırılan və ya ləğv edilən birja üzvlərinin açıq mövqelərinin digər birja üzvlərinə verilməsi birjanın razılığı ilə klirinq təşkilatı tərəfindən həyata keçirilir.
3.8 Törəmə maliyyə alətlərindən irəli gələn hüquqların istifadə edilməsinin əsasları, hədləri birjanın razılığı ilə klirinq təşkilatı tərəfindən müəyyən olunur.