AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
03.12.2015
QEYDİYYAT NÖMRƏSİ
29-q
ADI
“Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.12.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201512030029
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.12.2015
“Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.12.2015

Qeydiyyat nömrəsi

29-q

Adı

“Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201512030029

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.12.2015

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

 

Q Ə R A R A  A L I R:

 

1. “Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. “Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətin (klirinqin) həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 29 avqust tarixli 140 nömrəli Əmr və “Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bəzi normativ aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında” 2004-cü il 2 iyul tarixli 097 nömrəli Əmr ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

 

Sədr                                                                                                                                Rüfət Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 29-q

3 dekabr 2015-ci il

 

Sədr

___________________

R. Aslanlı

 

 

Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları

 

1.    Ümumi müddəalar

 

1.1.                 Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 50.8-ci və 58.7-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır.

1.2.                 Bu Qaydalar qiymətli kağızlar bazarında ticarətsonrası sistemə dair tələbləri, habelə klirinq fəaliyyətinin həyata keçirilməsi qaydasını müəyyən edir və notariat qaydasında icra edilmiş əqdlərə şamil olunmur.

 

2.    Əsas anlayışlar

 

2.1.                 Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakılardır:

2.1.1.           klirinq fəaliyyəti – klirinq prosesinin iştirakçılarının qarşılıqlı öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması və tələblərin əvəzləşdirilməsi fəaliyyətidir;

2.1.2.           nettinq – klirinq üzvlərinin digər üzvlərə göndərdiyi və ya onlardan aldığı köçürmə sifarişlərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsidir;

2.1.3.           mərkəzi kontragent – müqavilə əsasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini öz üzərinə götürməklə hər satıcı üçün alıcı və hər alıcı üçün satıcı kimi çıxış edən klirinq təşkilatıdır;

2.1.4.           hesablaşma – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsidir;

2.1.5.           hesablaşma müddəti – əqdin bağlanıldığı ticarət günü ilə nəzərdə tutulan hesablaşma günü arasındakı müddətdir;

2.1.6.           açıq mövqe əqdin bağlanıldığı ticarət günü ilə əqdin icra olunması anınadək mövcud olan mövqedir.

 

3.    Kollektiv müqavilə

 

3.1.                 Qiymətli kağızların, törəmə maliyyə alətlərinin və pul vəsaitlərinin çatdırılması və onların qəbul edilməsi, ödənişlərin həyata keçirilməsi və ya qəbul edilməsi, öhdəliklərinin yerinə yetirilməsi məqsədilə klirinq təşkilatı fond birjası, mərkəzi depozitar, investisiya fondunun depozitarı, klirinq təşkilatının üzvü olan bank və investisiya şirkətləri ilə kollektiv müqavilə (bundan sonra - kollektiv müqavilə) bağlamalıdır.

3.2.                 Kollektiv müqavilə klirinq təşkilatının ali idarəetmə orqanı tərəfindən təsdiq edilməlidir.

3.3.                 Kollektiv müqavilədə ödənişə qarşı çatdırılmaya dair müddəalar öz əksini tapmalıdır.

3.4.                 Kollektiv müqavilədə hesablaşma müddəti və tərəflərin bu dövrdə olan vəzifə və öhdəlikləri dəqiq müəyyən edilməlidir.

 

4.    Klirinq fəaliyyətinin həyata keçirilməsi

 

4.1.                 Klirinq təşkilatı qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə ticarət edə, onlarla ticarətə və investisiyalara dair məsləhətlər verə və onların üstünlükləri ilə əlaqədar fikir formalaşdıra bilməz.

4.2.                 Klirinq təşkilatının üzvləri tərəfindən əqdlər qiymətli kağız, törəmə maliyyə alətləri və pul vəsaitlərinin mübadiləsi ilə icra edilir.

4.3.                 Klirinq təşkilatı yalnız mərkəzi depozitarda saxlanılan qiymətli kağızlar üzrə əməliyyatlar həyata keçirir.

4.4.                 Klirinq təşkilatı hər ticarət günündə üzvlərinin icra etdiyi hər bir əqd üzrə ayrıca öhdəlikləri hesablamalı və xalis mövqeləri müəyyən etməlidir.

4.5.                 Klirinq təşkilatı öz üzvü olan investisiya şirkətlərinə ticarət məqsədləri üçün gündəlik klirinq pul limitlərini Qanunun 50.6-cı maddəsi ilə nəzərdə tutulmuş təminat üsulları nəzərə alınmaqla müəyyən etməlidir.

4.6.                 Klirinq təşkilatı hər bir üzv üzrə açıq mövqeləri ayrı-ayrılıqda aşağıda göstərilmiş şəkildə hesablamalıdır:

4.6.1.           üzvün öz adından həyata keçirilən birja əqdləri və birjadankənar əqdlər üzrə yaranan açıq mövqelər üçün “şəxsi hesab” üzrə;

4.6.2.           üzvün müştərisinin adından həyata keçirilən birja əqdləri və birjadankənar əqdlər üzrə yaranan açıq mövqelər üçün “müştəri hesabı” üzrə.

4.7.                 Açıq mövqelər üzrə xalis pul vəsaitlərinin yekun hesablaşması klirinq təşkilatının üzvlərinin pul hesabları vasitəsi ilə həyata keçirilir.

4.8.                 Klirinq təşkilatının üzvü olan bank klirinq hesabına hesablaşma günü açıq mövqelərinin hesablaşması üçün tələb olunan pul vəsaitlərinin qəbul edildiyinə dair təminat verməlidir.

4.9.                 Klirinq təşkilatının üzvü olan bank üzvlərin əməliyyatları üzrə tələb edilən pul vəsaitlərinin klirinq təşkilatının hesabına köçürülməsini təmin etməlidir.

4.10.             Klirinq təşkilatının üzvü olan bank klirinq təşkilatının üzvünün ödənişini qəbul etməkdən imtina etdikdə və ya ödənişin qəbul edilməsi digər səbəblərdən mümkün olmadıqda, bu barədə klirinq təşkilatı dərhal xəbərdar edilməlidir.

4.11.             Təyin edilmiş vaxtda hesablaşma üçün tələb olunan vəsaitlər təmin edilmədikdə, klirinq təşkilatının üzvü olan bank klirinq təşkilatının daxili qaydalarında müəyyən edilmiş vaxtdan gec olmayaraq klirinq təşkilatını məlumatlandırmalıdır.

4.12.             Klirinq təşkilatının daxili qaydalarında yekun hesablaşma üzrə aşağıdakı əməliyyatların vaxtı qeyd edilməlidir:

4.12.1.       hesablaşma aparılan qiymətli kağızların son ötürülmə vaxtı;

4.12.2.       xalis açıq mövqeyin pul vəsaitləri üzrə məbləğinin klirinq təşkilatının üzvü olan bankda klirinq hesabına son ötürülmə vaxtı,

4.12.3.       xalis açıq mövqeyin pul vəsaitləri üzrə məbləğin klirinq təşkilatının üzvlərinə son ötürülmə vaxtı.

4.13.             Klirinq təşkilatı daxili qaydalarında aşağıdakıları müəyyən etməlidir:

4.13.1.       tənzimlənən bazarda həyata keçirilən əqdlərin icra olunmasına dair mexanizm;

4.13.2.       birjadankənar bazarda həyata keçirilən əqdlərin icra olunmasına dair mexanizm;

4.13.3.       bu Qaydaların 4.5-ci bəndi ilə müəyyən edilmiş klirinq pul limitlərinin hesablanması və tətbiqi metodları;

4.13.4.       mərkəzi depozitar və fond birjası ilə razılaşdırılmaqla ticarət gününü.

4.14.             Klirinq təşkilatının ən azı 3 (üç) üzvü olmalıdır. Klirinq təşkilatının üzvlərinə, habelə fond birjası və mərkəzi depozitarla münasibətinə dair tələblər klirinq təşkilatının daxili qaydalarında əks olunmalıdır.

4.15.             Klirinq təşkilatı üzvlüyə qəbul etdiyi şəxslər barədə məlumatları 3 (üç) iş günü ərzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) təqdim etməlidir.

4.16.             Klirinq təşkilatının ticarətsonrası sisteminə daxil olan köçürmə tapşırığı geri götürülə bilməz.

4.17.             Klirinq təşkilatının üzvünün müflis elan edilməsi prosesinin başlanmasından öncə ticarətsonrası sistemə daxil edilən bütün klirinq tapşırıqları icra edilməlidir.

4.18.             Klirinq təşkilatının köçürmə tapşırıqları ilə bağlı daxili qaydalarında aşağıdakı məlumatlar əks olunmalıdır:

4.18.1.       klirinq üzvlərinin tapşırıqlarının icrası qaydası;

4.18.2.       ticarətsonrası sisteminə daxil olan köçürmə tapşırıqlarının icra edilməməsi şərtləri;

4.18.3.       klirinq təşkilatının üzərinə götürdüyü öhdəliyin maksimum məbləği;

4.18.4.       klirinq təşkilatı üzvlərinin müflis olması zamanı tərəflərin öhdəliyi.

4.19.             Klirinq təşkilatı öz üzvünün öhdəliklərinin yerinə yetirilməməsi halında əqdlərin icra olunmasını təmin etməlidir.

4.20.             Klirinq təşkilatının üzvünün klirinq və hesablaşma zamanı hesablarında olan vəsaitlər aktivlər üzrə öhdəliklərin icra edilməsi üçün kifayət etmədikdə, klirinq təşkilatının üzvü öz öhdəliklərini icra etməmiş hesab edilir. Bu zaman klirinq təşkilatı dərhal Komitəyə bu barədə məlumat təqdim etməlidir.

4.21.             Öhdəlikləri icra etməyən klirinq üzvünün öz öhdəliklərini icra edənə qədər yeni əməliyyatlar aparmasına yol verilmir.

4.22.             Ticarətsonrası sistemdə klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə aktivlərin zəmanətlə və girovla təmin edilməsi tətbiq edildikdə, həmin zəmanətlər və girov aşağıdakı tələblərə cavab verməlidir:

4.22.1.       klirinq təşkilatının daxili qaydalarında həmin zəmanətin və ya girovun qiymətləndirilməsi üçün şərtlərə əməl olunmalıdır;

4.22.2.       qeyd-şərtsiz, geri götürülən olmamalı və yalnız investisiya şirkəti öhdəliklərini icra etmədikdə istifadə edilməlidir.

4.23.             Klirinq təşkilatının borcları üzrə tələblər klirinq təşkilatının üzvlərinin aktivlərinə yönəldilə bilməz.

 

5.     Ticarətsonrası sistemə dair tələblər

 

5.1.                 Klirinq təşkilatı effektiv və səmərəli xidmətlərin göstərilməsi üçün ticarətsonrası sistemi elektron formada qurmalı və idarə etməlidir.

5.2.                 Klirinq təşkilatı sənəd və məlumatları elektron şəkildə saxlamalıdır. Ticarətsonrası sistemdə keçirilmiş əməliyyatlar barədə məlumatlar gündə bir dəfədən az olmamaqla yedək formatda saxlanmalıdır.

5.3.                 Klirinq təşkilatı informasiya təhlükəsizliyi riskini idarə edən etibarlı məlumat təhlükəsizliyi sisteminə malik olmalıdır. Bu sistemə informasiyanı icazəsiz açıqlamalardan qorumaq, məlumatların dəqiqliyini və tamlığını təmin etmək və klirinq təşkilatının xidmətlərinin mövcudluğuna zəmanət vermək üçün müvafiq mexanizmlər, qayda və prosedurlar daxildir.

5.4.                 Bu Qaydaların 5.3-cü bəndi ilə müəyyən olunan məlumatların təhlükəsizliyi sistemini təmin etmək üçün aşağıdakı üsullar tətbiq edilməlidir:

5.4.1.           sistemə giriş üzrə nəzarət vasitələri;

5.4.2.           müdaxilələr və məlumatlardan sui-istifadə hallarına qarşı vasitələr;

5.4.3.             məlumatların həqiqiliyini və tamlığını qorumaq üçün xüsusi cihaz və vasitələr, eləcə də kriptoqrafik üsullar;

5.4.4.             heç bir nasazlıq olmadan məlumatların dərhal və dəqiq şəkildə ötürülməsi üçün etibarlı şəbəkə və prosedurlar;

5.4.5.             audit jurnalları.

5.5.                 Klirinq təşkilatının ticarətsonrası sistemi və informasiya təhlükəsizliyi sistemi, ildə bir dəfədən az olmamaqla yoxlanılmalı və informasiya texnologiyaları kənar audit qiymətləndirməsindən keçməlidir.

5.6.                 Klirinq təşkilatı ticarətsonrası sistemin etibarlı olmasını, eləcə də öz fəaliyyətlərini və əməliyyatlarını təhlükəsiz və effektiv şəkildə yerinə yetirməsi üçün zəruri olan məlumatların emal edilməsini təmin etməlidir.

5.7.                 Klirinq təşkilatının ticarətsonrası sistemi klirinq təşkilatının əməliyyat ehtiyaclarına və klirinq təşkilatının əməliyyatlarının risklərinə uyğun şəkildə qurulmalı, çevik olmalı və lazım gələrsə, əlavə məlumatları emal etmək üçün genişlənə bilən olmalıdır.

5.8.                 Klirinq təşkilatı hesablaşmanın təmini məqsədilə pul ödəniş sistemlərinə qoşulmalıdır.

5.9.                 Mərkəzi kontragent funksiyalarını yalnız klirinq fəaliyyəti üçün lisenziyaya malik klirinq təşkilatı həyata keçirir. Mərkəzi kontragent fəaliyyəti göstərən təşkilat heç bir funksiyasının icrasını başqa təşkilata ötürə bilməz.

5.10.             Mərkəzi depozitar klirinq fəaliyyəti ilə məşğul olduqda, klirinq fəaliyyətinin icrasına cəlb olunmuş şəxs (şəxslər) eyni zamanda mərkəzi depozitarın funksiyalarını icra edə bilməz.

5.11.             Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş hallar istisna olmaqla, klirinq təşkilatı öz fəaliyyətini həyata keçirməsi ilə bağlı ona məlum olan məlumatları üçüncü şəxslərə açıqlamamalıdır.

 

6.    Risklərin idarəedilməsi sistemi

 

6.1.                 Klirinq təşkilatı tərəfindən risklərin idarəedilməsinin həyata keçirilməsi üçün müvafiq fəaliyyəti həyata keçirəcək struktur bölmə və ya səlahiyyətli şəxslər təyin edilməlidir.

6.2.                 Klirinq təşkilatının risklərinin idarəedilməsi üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə təsdiq edilməlidir.

6.3.                 Klirinq təşkilatında risklərin idarəedilməsini həyata keçirən şəxslərin vəzifələri aşağıdakılardır:

6.3.1.           risklərin idarəedilməsi üzrə daxili qaydalara riayət edilməsinə nəzarət etmək;

6.3.2.           təşkilatın fəaliyyətinə dair risk profilinin müəyyən edilməsinə, məqbul risk çərçivəsinin gözlənilməsinə, riskin idarəedilməsi proseslərinin adekvat və effektiv olmasına və risklərin aradan qaldırılmasına dair şirkətin müşahidə şurasına ildə bir dəfədən az olmamaqla, şirkət gözlənilməyən risklərə məruz qaldıqda isə növbədənkənar hesabat təqdim etmək;

6.3.3.           dövri olaraq və ya investisiya strategiyasında dəyişikliklər edilməsindən əvvəl risklərin idarəedilməsi sistemlərini qiymətləndirmək;

6.3.4.           risklərin aradan qaldırılmasına dair illik və növbədənkənar hesabat hazırlamaq.

6.4.                 Mərkəzi kontragent qismində çıxış edən klirinq təşkilatı riskləri gündəlik əsasda hesablamalıdır.

 

7.    Məlumatların açıqlanması

 

7.1.                 Klirinq təşkilatı aşağıdakılar haqqında məlumatları ictimaiyyətə açıqlanmalıdır:

7.1.1.           klirinq təşkilatının daxili qaydaları;

7.1.2.           illik hesabatları və kənar auditor rəyi;

7.1.3.           klirinq təşkilatının üzvlərinin adları;

7.1.4.           xidmət haqları.

7.2.                 Klirinq təşkilatının daxili qaydalarında dəyişikliklər edildikdə klirinq təşkilatının internet səhifəsində bu barədə məlumatlar açıqlanmalıdır.

 

8.    Klirinq fondu

 

8.1.                 Ticarətsonrası sistemdə klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə klirinq fondu yaradıldıqda, klirinq təşkilatının üzvü olan bütün investisiya şirkətləri klirinq fondunda iştirak etməlidir.

8.2.                 Klirinq fondunu klirinq təşkilatı idarə edir. Klirinq təşkilatı klirinq fondunun idarə edilməsi üzrə məsul şəxsləri Komitəni məlumatlandırmaqla təyin edir.

8.3.                 Klirinq təşkilatı klirinq fondunun idarəedilməsi ilə bağlı daxili qaydalar qəbul etməlidir.

8.4.                 Klirinq fondu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına depozit qismində və ya onun qiymətli kağızlarına yatırılan vəsaitləri 100 faiz, hər bir kommersiya bankına depozit qismində yatırılan vəsaitlər isə 20 faizdən çox ola bilməz.

8.5.                 Klirinq fondu tədavül müddəti bir ilədək olan yüksək likvidli qiymətli kağızlara vəsait yatıra bilər. Klirinq fondu tərəfindən hər bir emitent və ya xarici dövlətlərin qiymətli kağızları və törəmə maliyyə alətlərinə yatırılan vəsait 20 faizdən çox ola bilməz.

8.6.                 Bu Qaydaların 8.5-ci bəndi ilə müəyyən edilmiş yüksək keyfiyyətli likvid qiymətli kağızların aşağıdakı xüsusiyyətlərə cavab verməsi təmin edilməlidir:

8.6.1.           klirinq təşkilatının özü və ya onun əsas və ya törəmə müəssisəsi yaxud əsas təşkilatın digər törəmə müəssisəsi tərəfindən buraxılmamalı;

8.6.2.           qiyməti ictimaiyyət üçün açıq olan nəticələrə əsasən hesablanması asan olan düstur ilə müəyyənləşdirilməli;

8.6.3.           Qanuna əsasən lisenziyalaşdırılan və ya xarici ölkələrin Qanunları ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərən fond birjalarında qeyd olunmalı.

8.7.                 Klirinq fonduna daxil edilən likvid qiymətli kağızların bir hissəsi ildə bir dəfədən az olmamaqla bu aktivlərin bazara giriş imkanını və aktivlərin likvidasiyası prosesinin effektivliyini yoxlamaq məqsədilə satış və ya təkrar satış əməliyyatları vasitəsilə likvidləşdirilir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status