AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.01.2016
QEYDİYYAT NÖMRƏSİ
731
ADI
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-01-2016, Nəşr nömrəsi: 09), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2016, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 53)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201601140731
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.01.2016
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 yanvar 2016-cı il

    № 731

 


Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti (bundan sonra - Tərəflər) “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi niyyəti ilə çıxış edərək;

“İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasına dair Çin tərəfinin irəli sürdüyü təşəbbüsü nəzərə alaraq, “İpək Yolu İqtisadi Kəməri” boyunca yerləşən dövlətlər arasında qarşılıqlı əlaqə və qarşılıqlı mübadilə vasitəsilə sülh, əməkdaşlıq, şəffaflıq, dözümlülük, qarşılıqlı fayda və ümumi marağa əsaslanan Böyük İpək Yolu ruhunun inkişaf etdirilməsinə və müasir şəraitdə ona yeni məzmun verilməsinə səy göstərərək;

ticarət dövriyyəsinə, texniki mübadiləyə, valyuta dövriyyəsinə, insanlar arasında əlaqə və yaxınlaşmaya, sosial-iqtisadi inkişafın təşviqinə, ətraf mühitin və dövlətlərin mədəniyyətlərinin inkişafına və onların birgə tərəqqisinə, o cümlədən müxtəlif sivilizasiyaların dialoqunun təşviq edilməsinə dəstək vermək məqsədi ilə;

“İpək Yolu İqtisadi Kəməri”nin yaradılması prosesinin birgə təşviq edilməsinə dair razılığa əsaslanaraq, hazırkı kəmərlə milli inkişaf strategiyaları arasında təmas edən məsələlərin birlikdə axtarılıb tapılması, siyasi əlaqələndirmə və praktiki əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsi, dinc və birgə inkişafı təmin etməyə dair qərar qəbul edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Əməkdaşlığın məqsədi və rəhbər əsasları

 

1. Tərəflər hər iki ölkənin birgə inkişafına, üstünlüklərdən siyasi münasibətlərdə istifadə edilməsinə, iqtisadi qarşılıqlı tamamlamaya, praktiki əməkdaşlıq və ölkələrin davamlı inkişafı məqsədi ilə humanitar əlaqələrə, həmçinin dost siyasi əlaqələrin gücləndirilməsinə, hər iki ölkənin xalqlarının mənafeyi naminə iqtisadi və humanitar əlaqələrə yönəldilmiş “İpək Yolu İqtisadi Kəməri”nin formalaşdırılması üzrə əməkdaşlığı birgə inkişaf etdirəcəklər.

Tərəflər, bununla yanaşı, regionlararası qarşılıqlı əlaqələri və təmasları gücləndirmək, maraqlı ölkələrlə çoxsəviyyəli əməkdaşlığa dəstək və onun dərinləşdirilməsi və açıqlıq, dözümlülük, balanslaşdırma, sülh və regionun inkişafı naminə ümumi rifahla xarakterizə olunan iqtisadi qarşılıqlı əlaqə strukturunu birlikdə yaratmaq məqsədi ilə “İpək Yolu İqtisadi Kəməri” boyunca böyük məkanda yerləşən dövlətlər arasında əməkdaşlığa səy göstərməyə hazır olduqlarını bəyan edirlər.

2. Tərəflər aşağıdakı əsaslarda əməkdaşlıq edəcəklər:

- geniş məsləhətləşmələr, birgə töhfə və ortaq fayda prinsiplərinə əsasən, bir-birinin mühüm maraqlarına hörmət etmək və əsas narahatlıqlarını nəzərə almaq, qarşılıqlı etimadı və faydalı əməkdaşlığı dərinləşdirmək, birgə inkişafı və çiçəklənməni həyata keçirmək;

- Tərəflərin öz üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olaraq, hər iki ölkənin milli qanunvericiliklərinə riayət etmək, sosial-iqtisadi inkişafına yeni güc vermək;

- mahiyyəti inkişaf və qarşılıqlı fayda olan “İpək Yolu İqtisadi Kəməri” konsepsiyasına və təşəbbüsünə riayət etməklə, Tərəflərin iştirakçısı olduqları qüvvədə olan ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin potensiallarından və effektiv regional əməkdaşlıq platformalarından tam istifadə etmək, əməkdaşlığı gücləndirmək, bir-birlərini dəstəkləmək.

 

Maddə 2

Əməkdaşlığın məzmunu

 

Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:

- siyasi əlaqələr. Milli inkişafın əsas strategiyaları, proqramı və siyasəti üzrə müntəzəm dialoq və mübadilə aparmaq. Makrosiyasətə əhəmiyyətli düzəliş, eləcə də Tərəflərin strategiyalarının uzlaşdırılması üzrə əlaqə və koordinasiyanı gücləndirmək;

- infrastruktur əlaqələri. Mövcud avtomobil və dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi və genişləndirilməsi, mülki aviasiyanın, dəniz limanlarının, logistikanın, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və mühüm qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin təşviqi üzrə qarşılıqlı əlaqələri gücləndirmək; standartların uyğunlaşdırılması və informasiya resurslarından birgə istifadə edilməsi istiqamətində səylər göstərmək; nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın səmərəliliyinin artırılması və gücləndirilməsi üçün səy göstərmək. Çin Xalq Respublikasından Azərbaycan Respublikasının ərazisindən keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcminin artırılması yolu ilə beynəlxalq daşımaların inkişaf etdirilməsi sahəsində birgə tədbirlər görmək. Bununla əlaqədar olaraq, razılaşdırılmış tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəddən keçmə prosedurlarının sadələşdirilməsi, fasiləsiz, təhlükəsiz və effektiv nəqliyyat daşımalarının təşkili və həyata keçirilməsi istiqamətində birgə tədbirləri dəstəkləmək və həyata keçirmək;

- ticarətin inkişafı. Bir-birinə qarşı açıqlıq səviyyəsini artırmaq; ikitərəfli ticarəti genişləndirmək; investisiya mühitinin yaxşılaşdırılması və investisiya prosedurlarının sadələşdirilməsi və onun təhlükəsizliyinin təmin edilməsi sahəsində Tərəflərin əməkdaşlığını təşviq etmək və gömrük, giriş-çıxışa nəzarət, təftiş və karantin standartları sahələrində Tərəflərin beynəlxalq əməkdaşlığını inkişaf etdirmək; sertifikatlaşdırma işləri üzrə əlaqələri gücləndirmək;

- maliyyələşdirmə sahəsində qarşılıqlı əlaqələr. İkitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın tələblərinə uyğun olaraq, milli valyutalarda mübadilə və hesablama üzrə əməkdaşlığı həyata keçirmək imkanlarını araşdırmaq; maliyyə müəssisələrini ticarət və investisiya əməkdaşlığına maliyyə dəstəyi və xidmət göstərməyə təşviq etmək; maliyyə riskləri və böhranlarının profilaktikası, eləcə də onların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı fəaliyyəti həyata keçirmək, kredit-məlumat şöbələri arasında əməkdaşlığı və əlaqələri, həmçinin maliyyə müəssisələrinin investorları arasında əlaqələri gücləndirmək;

- xalqların yaxınlaşması. Humanitar əməkdaşlığa, ortamüddətli və uzunmüddətli mədəni əlaqələr modelinin formalaşdırılmasına kömək göstərmək; qardaşlaşmış şəhərlər şəbəkəsini yaratmaq, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və turizm sahələrində əməkdaşlıq haqqında sazişləri razılaşdırmaq və imzalamaq, beyin mərkəzləri, tələbələr və gənclər arasında əlaqələri və əməkdaşlığı gücləndirmək;

- şəraitə uyğun olaraq ikitərəfli əməkdaşlıq proqramını birgə hazırlamaq;

- Tərəflərin razılaşdırdıqları əməkdaşlığın digər formalarını həyata keçirmək.

 

Maddə 3

Əməkdaşlıq formaları

 

1. Tərələr əməkdaşlığı aşağıdakı formalarda həyata keçirəcəklər:

- rəhbərlərin qarşılıqlı səfərləri, rəsmi və xalq əlaqələri kimi qüvvədə olan əməkdaşlıq mexanizmləri əsasında məlumat mübadiləsi üçün çoxtərəfli platforma yaratmaq;

- hər iki Tərəfin ümumi tələblərinə cavab verərək, ümumi analiz, kooperativ planlaşdırma, texniki-iqtisadi qarşılıqlı fəaliyyət, bilik mübadiləsi və potensialın artırılması vasitəsilə beynəlxalq, bazar və peşəkar standartlar üzrə əhəmiyyətli nümunəvi layihələr hazırlayacaq, birgə tədqiqatları, kadrların mübadiləsini və hazırlanmasını təşkil edəcək, “İpək Yolu İqtisadi Kəməri”nin birgə yaradılmasına müvafiq ölkələri və beynəlxalq təşkilatları cəlb edəcəklər;

- Tərəflər “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın uyğun modellərini geniş şəkildə tətbiq edəcək və infrastruktur tikintisi, daşıma proseslərində və nəqliyyat əməliyyatlarında logistika texnologiyalarının tətbiqinin stimullaşdırılmasma, sənaye parklarına, istehsal gücünün birləşdirilməsinə yönəldilmiş böyük layihələrin işlənilib hazırlanmasını və həyata keçirilməsini dəstəkləyəcək və bazar əməliyyatları, kömək qismində vasitələr, beynəlxalq və sosial kapital, eləcə də qarışıq hökumət və sosial kapital hesabına böyük layihələrin maliyyələşdirilməsini təşviq edəcək, mübadilə və əməkdaşlığı gücləndirəcək, layihələrin təhlükəsizliyini təmin edəcəklər.

2. Tərəflər bəzi spesifik sahələrdə müvafiq sənədlərin imzalanması yolu ilə əməkdaşlıq edə bilərlər.

 

Maddə 4

Əməkdaşlıq mexanizmi ;

 

Tərəflər “İpək Yolu İqtisadi Kəməri”nin tikintisinin təşviqi üçün qüvvədə olan ikitərəfli hökumətlərarası və idarələrarası mexanizmlərdən istifadə edəcək, əməkdaşlıq üçün yeni imkanları birgə nəzərdən keçirəcək, onları ortaya çıxaracaq, ikitərəfli əməkdaşlıq zamanı əsas məsələlərin həlli üzrə işi tənzimləyəcək və əlaqələndirəcəklər.

 

Maddə 5

Dəyişiklik və əlavələr

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdirilən və 7-ci maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.

 

Maddə 6

Fikir ayrılıqlarının həlli

 

Bu Anlaşma Memorandumunun təfsiri və tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 7

Qüvvəyəminmə və ləğvedilmə

 

1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

2. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun qüvvəsini ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yuxanda göstərilmiş müddətin bitməsinə ən azı 3 (üç) ay qalmış digər Tərəfi məlumatlandırmadığı təqdirdə, Anlaşma Memorandumu avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

3. Bu Anlaşma Memorandumunun ləğv olunması həyata keçirilməkdə olan layihələrə təsir etmir.

Pekin şəhərində 10 dekabr 2015-ci il tarixində, hər biri Azərbaycan, Çin və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir. Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri zamanı fikir ayrılıqları yarandığı təqdirdə, Tərəflər rus dilindəki mətndən istifadə edəcəklər.

 

Azərbaycan Respublikası

Çin Xalq Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status