AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.12.2015
QEYDİYYAT NÖMRƏSİ
70-VQD
ADI
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 15-01-2016, Nəşr nömrəsi: 09), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2016, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 34)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201512180070
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.01.2016
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 565; 2000, № 12, maddə 833; 2005, № 10, maddə 876; 2007, № 5, maddə 437; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı komitələri yaradır:

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;

İnsan hüquqları komitəsi;

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;

Aqrar siyasət komitəsi;

Əmək və sosial siyasət komitəsi;

Səhiyyə komitəsi;

Ailə, qadın və uşaq məsələləri komitəsi;

Gənclər və idman komitəsi;

İctimai birliklər və dini qurumlar komitəsi;

Regional məsələlər komitəsi;

Elm və təhsil komitəsi;

Mədəniyyət komitəsi;

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.”.

2. 8-ci maddənin ikinci hissəsinin ikinci abzasından “, müdafiə, təhlükəsizlik” sözləri çıxarılsın, “sahələri üzrə” sözləri “ilə bağlı” sözləri ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda üçüncü və dördüncü abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi ilə birlikdə insan alverinə qarşı mübarizəyə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi ilə birlikdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatına baxır və rəy verir;”.

3. 9-cu maddə üzrə:

3.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”;

3.2. birinci hissədə “Təhlükəsizlik və müdafiə komitəsi dövlətin təhlükəsizlik və müdafiə məsələlərinə dair” sözləri “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə mübarizə sahəsində” sözləri ilə əvəz edilsin;

3.3. ikinci hissənin birinci və ikinci abzasları aşağıdakı redaksiyada verilsin:

“Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi:

fövqəladə vəziyyət rejimi, hərbi vəziyyət rejimi, müdafiə, səfərbərlik, hərbi vəzifə, hərbi xidmətkeçmə, hərbi qulluqçuların statusu və digər məsələlər, dövlət təhlükəsizliyinin əsasları, onun təmin edilməsi üsulları və vasitələri, dövlət sərhəd rejimi, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;”;

3.4. dördüncü hissədə “təhlükəsizlik və müdafiə məsələləri” sözləri “ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə mübarizə” sözləri ilə əvəz edilsin.

4. 10-18-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 10. İnsan hüquqları komitəsi

İnsan hüquqları komitəsi insan hüquqları və azadlıqlarının təmin olunması və qorunması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

İnsan hüquqları komitəsi:

insan hüquqları və azadlıqlarının təmin olunması və qorunmasına, milli və dini azlıqların statusunun müəyyən edilməsi və hüquqlarının təmin olunmasına, qaçqınların və məcburi köçkünlərin, miqrantların statusunun müəyyən edilməsi və hüquqlarının qorunmasına dair qanun layihələrini hazırlayır, Milli Məclisin müzakirəsinə tövsiyə olunan və insan hüquqları və azadlıqlarına toxunan bütün qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə insan alverinə qarşı mübarizəyə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə birlikdə kütləvi informasiya vasitələri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə insan hüquqları və azadlıqlarının təmin edilməsi baxımından rəy verir;

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilmək üçün Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxır və rəy verir;

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə baxır və rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatına baxır və rəy verir;

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənarlaşdırılması barədə məsələlərə baxır və rəy verir;

Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlarının, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxır və bu barədə rəy verir.

Maddə 11. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi təbiətin mühafizəsi, təbii ehtiyatlar və energetika sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi:

ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan və enerji resurslarından istifadə, neft, qaz, energetika, su, meşə təsərrüfatı, ovçuluq və balıqçılıq məsələləri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə ekoloji təhlükəsizlik baxımından rəy verir.

Maddə 12. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi dövlətin iqtisadi siyasətinin, sənaye və sahibkarlıq fəaliyyəti sahəsində siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi:

iqtisadiyyatın dövlət tənzimlənməsi, sənaye, investisiya fəaliyyəti, sahibkarlıq fəaliyyətinin, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı, dövlət-özəl tərəfdaşlığı, iqtisadi təhlükəsizlik, xüsusi iqtisadi zonalar, innovativ inkişaf, o cümlədən innovativ mərkəzlərin, texnoparkların, sənaye parklarının təşkili və fəaliyyəti ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul-kredit, vergi, qiymət siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə, mühasibat, sığorta, valyuta, gömrük tənzimlənməsi, xarici iqtisadi fəaliyyət, mülkiyyət, əmlak münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, qiymətli kağızlar bazarı, antiinhisar siyasəti, statistika, metrologiya və standartlar, istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi ilə birlikdə yerli vergilərə və ödənişlərə, yerli büdcələrə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş layihələrə dair rəy verir;

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri vəzifəyə təyin və vəzifədən azad edilərkən təklif olunan namizədliklərə baxır və onlar barəsində rəy verir;

Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlar, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavini vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir;

dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

dövlət büdcəsinin layihəsinə dair Milli Məclisin digər komitələrinin təkliflərinə baxır və onlar barəsində rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədəuyğunluq baxımından rəy verir.

Maddə 13. Aqrar siyasət komitəsi

Aqrar siyasət komitəsi dövlətin aqrar siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Aqrar siyasət komitəsi:

aqrar sahədə mülkiyyət və sahibkarlıq münasibətlərinin dövlət tənzimləməsi, kəndin təbii potensialı olan torpaq, su, meşə resurslarının, habelə mövcud genofondun mühafizəsi və onun səmərəli istifadəsi, kənddə əhalinin layiqli həyatı və fəaliyyəti üçün müvafiq mühitin yaradılması, aqrar bazarın tənzimlənməsi, aqrar sektorun maliyyələşdirilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsi, aqrar sahədə kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, istehsal və sosial infrastrukturun inkişafı, yerli, sahə, sahələrarası və regional kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı, aqrar elminin və təhsilin inkişafına dair qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

torpaq mülkiyyəti və torpaq münasibətləri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində aqrar məsələlərə dair rəy verir.

Maddə 14. Əmək və sosial siyasət komitəsi

Əmək və sosial siyasət komitəsi dövlətin əmək və sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Əmək və sosial siyasət komitəsi:

sosial inkişaf, əmək, məşğulluq, insanların, o cümlədən sosial müdafiəyə ehtiyacı olan şəxslərin (qaçqın və məcburi köçkünlərin, əlillərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və s.) sosial problemləri, sosial təminat, sosial sığorta sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə birlikdə turizm sahəsi üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində əmək və sosial müdafiə məsələlərinə dair rəy verir.

Maddə 15. Səhiyyə komitəsi

Səhiyyə komitəsi səhiyyə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Səhiyyə komitəsi:

sağlamlığın mühafizəsi, əhalinin sanitariya-epidemioloji salamatlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində səhiyyə ilə bağlı məsələlərə dair rəy verir.

Maddə 16. Ailə, qadın və uşaq məsələləri komitəsi

Ailə, qadın və uşaq məsələləri komitəsi ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Ailə, qadın və uşaq məsələləri komitəsi:

ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ailə, qadın və uşaq məsələlərinə dair rəy verir.

Maddə 17. Gənclər və idman komitəsi

Gənclər və idman komitəsi gənclər və idman sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Gənclər və idman komitəsi:

gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin təhsil, sosial və məişət problemləri, gənclər evləri və mərkəzləri, gənclərin asudə vaxtının təşkili, gənclər və idman təşkilatları, idmanın təşviqi və təbliği, bədən tərbiyəsi, milli idman növlərinın təşviqi və mühafizəsi, idman kompleksləri və qurğuları, idman klubları, idman mərc oyunları, idmanda dopinqə qarşı mübarizə ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində gənclər və idman məsələlərinə dair rəy verir.

Maddə 18. İctimai birliklər və dini qurumlar komitəsi

İctimai birliklər və dini qurumlar komitəsi ictimai birliklər və dini qurumlarla bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

İctimai birliklər və dini qurumlar komitəsi:

qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların), siyasi partiyaların, həmkarlar ittifaqlarının, dini qurumların, o cümlədən dini mərkəz və idarələrin, dini təhsil müəssisələrinin və dini icmaların statusu, təşkili və fəaliyyətinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ictimai birliklərlə və dini qurumlarla bağlı məsələlərə dair rəy verir.”.

5. Aşağıdakı məzmunda 18-1, 18-2, 18-3 və 18-4-cü maddələr əlavə edilsin:

“Maddə 18-1. Regional məsələlər komitəsi

Regional məsələlər komitəsi yerli özünüidarə ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Regional məsələlər komitəsi:

ərazi quruluşu və inzibati ərazi bölgüsü, ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, statusunun və sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, onlara ad verilməsi və adlarının dəyişdirilməsi, ərazi vahidlərinin Dövlət reyestrinin aparılması ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir, habelə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının fəaliyyətinə dair qərar layihələrini hazırlayır;

bələdiyyələrə seçkilər, bələdiyyələrin statusu, onların birləşməsi, ayrılması və ləğv edilməsi, bələdiyyələrin fəaliyyətinin təşkili, bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, bələdiyyələrin Dövlət reyestrinin aparılması məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın öz fəaliyyəti haqqında illik məruzəsinə, bələdiyyələrin öz fəaliyyətləri barəsində hesabatlarına, bələdiyyələrin vaxtından əvvəl buraxılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciətlərinə baxır və rəy verir;

bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri ilə birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir.

Maddə 18-2. Elm və təhsil komitəsi

Elm və təhsil komitəsi elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Elm və təhsil komitəsi:

elm, texnika, təhsil, peşə hazırlığı, ixtiraçılıq və patent hüququ, informatika və informasiyanın mühafizəsi sahələrinə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində elm və təhsil sahələrinə aid məsələlərə dair rəy verir.

Maddə 18-3. Mədəniyyət komitəsi

Mədəniyyət komitəsi mədəniyyət və mədəni sərvətlərin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Mədəniyyət komitəsi:

mədəniyyət, o cümlədən dil, ədəbiyyat, incəsənət, muzey, teatr, kino, dizayn, memarlıq, şəhərsalma, kitabxanaçılıq, arxiv işi, habelə mədəni sərvətlərin mühafizəsi sahələrinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi ilə birlikdə turizmlə bağlı, İnsan hüquqları komitəsi ilə birlikdə kütləvi informasiya vasitələri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində mədəniyyət məsələlərinə dair rəy verir.

Maddə 18-4. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi:

xarici siyasətə, beynəlxalq müqavilələrin təsdiqi, icrası və ləğv edilməsinin qaydalarına, repatriasiyaya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusuna aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi, habelə dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi məsələlərinə baxır və bu barədə rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunluğu barədə rəy verir;

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

xaricdə yaşayan azərbaycanlılarla və onların təşkilatları ilə əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir;

Azərbaycan Respublikası Milli Məclisinin xarici dövlətlərin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarına, habelə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələrinə metodik yardım göstərir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il

70-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status