İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin və normativ hüquqi aktın hazırlanması məqsədi ilə qərara alıram:
1. “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
[1]
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görsünlər.
[2]
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2016-cı il
№ 745
|
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
İnvestisiya təşviqi sənədinin verilməsi
QAYDASI
1. Bu Qayda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.
2. İnvestisiya təşviqi sənədi bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
[3]
3. İnvestisiya təşviqi sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:
3.1. investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
3.2. investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
3.3. investisiya layihəsinin həyata keçiriləcəyi ərazilər və zonalar.
[4]
3-1. İnvestisiya təşviqi sənədi almaq üçün təqdim edilən strateji investisiya layihələri aşağıdakı meyarlar əsasında müəyyən olunur:
[5]
3-1.1. minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manatdır;
3-1.2. investisiya layihəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olması.
4. Bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir.
[6]
5. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
5.1. bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
5.2. bu Qaydanın 3.2-ci və ya 3-1.1-ci bəndlərində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;
[7]
5.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
5-1. “İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət”, “Mehmanxanalarda və digər yerləşmə vasitələrində xidmət göstərilməsi”, “Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi”, habelə “Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi” iqtisadi fəaliyyət sahələri üzrə Nazirlik investisiya layihəsinin turizmin inkişafına dair strateji planlara, turizm və rekreasiya zonalarının baş inkişaf planlarına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəyini alır.
[8]
6. Sahibkar, bu Qaydanın 3.2-ci və ya 3-1.1-ci bəndlərində nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.
[9]
7. Nazirlik bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır. İnvestisiya layihəsi bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilmiş meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda Nazirlik investisiya təşviqi sənədinin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada sahibkara məlumat verir. Sahibkar tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Nazirliyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd sahibkar tərəfindən Nazirliyə təqdim edildikdən sonra investisiya təşviqi sənədi 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Nazirliyə təqdim edilmədikdə, investisiya təşviqi sənədi Nazirlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətindən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
[10]
8. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.
[11]
9. Nazirlik investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.
[12]
10. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi ərazilər və zonalar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunur.
[13]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 5 sentyabr 2016-cı il tarixli 1025 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2016-cı il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1462)
- 31 yanvar 2017-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2017-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 65)
- 31 iyul 2017-ci il tarixli 1564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1374)
- 29 yanvar 2021-ci il tarixli 1266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2021-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 36)
- 29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404)
- 2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847)
- 20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 sentyabr 2016-cı il tarixli 1025 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2016-cı il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1462) ilə 3.2-ci bənd ləğv edilmişdir.
[2]
2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847) ilə 4-cü hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.
[3]
29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 2-ci hissəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 2-ci hissənin birinci cümləsində və 5.1-ci bənddə “hissəsində” söz “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilmişdir və “tam” sözü çıxarılmışdır.
[4]
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 3.3-cü bəndində və 10-cu hissəsində “inzibati ərazi vahidləri” sözləri “ərazilər və zonalar” sözləri ilə əvəz edilmişdir.
[5]
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.
[6]
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 4-cü və 9-cu hissələrində “hissəsində” sözü “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilmişdir.
[7]
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5.2-ci bəndində “bəndində” sözü “və ya 3-1.1-ci bəndlərində” sözləri ilə əvəz edilmişdir.
[8]
31 yanvar 2017-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2017-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 65) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na yeni məzmunda 5-1-ci hissə əlavə edilmişdir.
31 iyul 2017-ci il tarixli 1564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1374) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsində “ərizələrə bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulan sənədlərlə yanaşı,” sözləri “Nazirlik tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 19.7-ci maddələrinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında” sözləri ilə, “əlavə olunur” sözləri isə “alınır” sözü ilə əvəz edilmişdir.
29 yanvar 2021-ci il tarixli 1266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2021-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 36) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5-1. "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğun olaraq “Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi” iqtisadi fəaliyyət sahəsi üzrə Nazirlik tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 19.7-ci maddələrinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında investisiya layihəsinin turizmin inkişafı üzrə strateji planlara, turizm və rekreasiya zonalarının Baş inkişaf planlarına, turizm xidmətlərinin təsnifatına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəyi alınır.
[9]
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 6-cı hissəsində “bəndində” sözü “və ya 3-1.1-ci bəndlərində” sözləri ilə, “hissəsində” sözü “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilmişdir.
[10]
29 dekabr 2021-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1404) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 7-ci hissənin ikinci cümləsində “sənədini sahibkara” sözləri “sənədinin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada sahibkara məlumat” sözləri ilə əvəz olunmuşdur və həmin hissəyə yeni məzmunda üçüncü – beşinci cümlələr əlavə edilmişdir.
20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti 21 dekabr 2022-ci il, № 279) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 7-ci hissənin ikinci cümləsindən “tam” sözü çıxarılmışdır, həmin cümlədə “hissəsində” sözü “və ya 3-1-ci hissələrində” sözləri ilə əvəz edilsin və “halda” sözündən əvvəl “, habelə sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı” sözləri əlavə edilmişdir.
[11]
2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 8-ci hissədən “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və” sözləri çıxarılmışdır.
[12]
2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 9-cu hissədən “, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri çıxarılmışdır.
[13]
5 sentyabr 2016-cı il tarixli 1025 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2016-cı il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1462) ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmişdir.