AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
03.02.2016
QEYDİYYAT NÖMRƏSİ
15-q
ADI
“Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201602030015
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.02.2016
“Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

15-q

Adı

Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

10.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030015

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

09.02.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

Q Ə R A R A  A L I R:

1.                  Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları” təsdiq edilsin (Əlavə olunur).

2.                  Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.                  Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.                  Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.                  Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

Sədr                                                                                                  Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 15-q

“03” fevral 2016-cı il

 

Sədr

______________________

Rüfət Aslanlı

 

Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması

 

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 77.7-ci və 77-8-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər (bundan sonra – emitentlər) tərəfindən Qanun ilə açıqlanması müəyyən edilmiş məlumatların (bundan sonra - Məlumatlar) dairəsini, açıqlanması vasitələrini və müddətlərini, Məlumatların Elektron Açıqlanması Sisteminin (bundan sonra - MEAS) funksiyalarını müəyyən edir.

1.3. MEAS Məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

1.4. MEAS-ın saxlanılma və fəaliyyət xərcləri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) aparatının saxlanılması üzrə vəsait çərçivəsində dövlət büdcəsi və qanunla müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. MEAS-ın yaradılması, fəaliyyətinin təşkili və idarə olunması Komitə tərəfindən təmin edilir.

1.6. Emitentlər Məlumatları yalnız bu Qaydalara uyğun açıqladıqda, Məlumatların açıqlanması üzrə öhdəliklərini icra etmiş hesab edilir.

 

2.Emitentlər tərəfindən açıqlanan məlumatların dairəsi

 

2.1. Emitentlər bu Qaydalara uyğun olaraq aşağıdakı Məlumatları açıqlayır:

2.1.1. qiymətli kağızların buraxılışı ilə bağlı Məlumatlar:

2.1.1.1. emissiya prospekti və ya informasiya memorandumu;

2.1.1.2. emissiyanın yekunları haqqında hesabat;

2.1.1.3. emissiyanın dayandırılması haqqında məlumat;

2.1.1.4. emissiyanın baş tutmaması haqqında məlumat;

2.1.1.5. Emissiya prospektində edilmiş dəyişikliklər;

2.1.1.6. borc alınması məqsədilə qiymətli kağızların buraxılması bərədə məlumat;

2.1.1.7. daşınmaz əmlak sertifikatlarının buraxılış şərtləri;

2.1.2. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı Məlumatlar:

2.1.2.1. istiqrazların geri çağırılması barədə məlumat;

2.1.2.2. qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat;

2.1.2.3. insayder əqdi barədə məlumat;

2.1.2.4. emitentin qiymətli kağızlarında və ya törəmə maliyyə alətlərində təsbit edilmiş hüquqlarda baş vermiş hər hansı dəyişikliklər barədə məlumat;

2.1.2.5. istiqraz üzrə təminatın predmetinin əvəz edilməsi barədə məlumat;

2.1.3. emitentin fəaliyyəti ilə bağlı Məlumatlar:

2.1.3.1. emitentin təsis sənədləri;

2.1.3.2. emitentin illik və yarımillik hesabatları;

2.1.3.3. səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat;

2.1.3.4. emissiya prospektində və ya informasiya memorandumunda göstərilən kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitlərin istifadəsində baş vermiş dəyişikliklər barədə məlumat;

2.1.3.5. xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar;

2.1.3.6. insayd məlumat;

2.1.3.7. əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlar;

2.1.3.8. nizamnamə kapitalının 5 (beş) faizindən artıq məbləğdə təminatın verilməsi barədə məlumat.

 

3. Məlumatların açıqlanması vasitələri

 

3.1. Məlumatlar bu Qaydalara və Məlumatın növünə uyğun olaraq aşağıdakı vasitələrdə açıqlanır:

3.1.1. MEAS;

3.1.2. emitentin internet səhifəsi;

3.1.3. emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı fond birjasının internet səhifəsi (bundan sonra - fond birjasının internet səhifəsi).

3.2. Məlumatlar MEAS-da yerləşdirildikdən sonra emitentin internet səhifəsində (olduqda) açıqlanır. Bu Qaydaların 2.1.1.1-ci, 2.1.1.3-cü, 2.1.1.4-cü və 2.1.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş Məlumatlar MEAS-da yerləşdirildikdən sonra,  2.1.3.2-ci yarımbəndi ilə müəyyən edilən Məlumat isə MEAS-da açıqlandıqdan sonra, emitentin saytından əlavə, həmçinin fond birjasının internet səhifəsində açıqlanır.

3.3. MEAS-da, emitentin və fond birjasının internet səhifəsində açıqlanan Məlumatlar açıqlandığı tarixdən 5 (beş) il və artıq müddətdə saxlanılır.

3.4. Qiymətli kağızların dövriyyə müddəti 5 ildən artıq olduqda, bu Qaydaların 2.1.1.1-ci, 2.1.1.6-cı və 2.1.1.7-ci yarımbəndləri ilə müəyyən edilmiş Məlumatlar, həmin qiymətli kağızların dövriyyə müddətinin sonuna qədər MEAS-da, fond birjasının və emitentin internet səhifəsində saxlanılır.

 

4. Məlumatların MEAS-da yerləşdirilməsi və açıqlanması

 

4.1. MEAS-da Məlumatların yerləşdirilməsi və açıqlanması www.disclosure.az ünvanında yerləşən internet səhifə (bundan sonra – internet səhifə) vasitəsi ilə həyata keçirilir.

4.2.       Məlumatların açıqlanması üçün MEAS-da yerləşdirilməsi və açıqlanmış Məlumatların əldə edilməsi ödənişsiz qaydada həyata keçirilir.

4.3.       MEAS-da yerləşdirilmiş Məlumatlar açıqlananadək, Komitə həmin Məlumatların qorunmasını təmin edir.

4.4.       Məlumatların tamlığının təmin edilməsi üçün, emitent tərəfindən açıqlanmaq üçün təqdim edilən Məlumatlar həmin məzmunda açıqlanır.

4.5. Məlumatların MEAS-da yerləşdirilməsi emitentin bu Qaydaların 5.1-ci bəndi ilə müəyyən edilmiş avtorizasiya prosesini keçməsindən sonra, həmin Məlumatların MEAS-ın internet səhifəsinin müvafiq bölməsinə yüklənilməsi ilə həyata keçirilir.

4.6. Emitent MEAS-ın müvafiq bölməsindən Məlumatın növünü, Məlumatla bağlı qiymətli kağızın dövlət qeydiyyat nömrəsini seçdikdən və məlumat barədə qısa xülasəni daxil etdikdən sonra Məlumatı “PDF” fayl formatında MEAS-da yerləşdirir.

4.7. Məlumat MEAS-da yerləşdirildikdən sonra emitentin “MEAS-da qeydiyyat forması”nda (Əlavə №1) qeyd edilən elektron poçt ünvanına Məlumatın MEAS-da yerləşdirilməsi haqqında bildiriş göndərilir. Bildirişdə aşağıdakı məlumatlar əks etdirilir:

4.7.1. emitentin adı;

4.7.2. Məlumatla bağlı qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

4.7.3. Məlumatın növü;

4.7.4. Məlumatın MEAS-da yerləşdirilməsi tarixi və vaxtı.

4.8.            İş günləri saat 16:00-dək MEAS-da yerləşdirilmiş Məlumatlar (emitentin illik və yarımillik hesabatları istisna olmaqla) həmin gün, 16:00-dan sonra yerləşdirilmiş Məlumatlar isə növbəti iş günü MEAS-da açıqlanır.

4.9.            Emitentlərin illik və yarımillik hesabatlarında Komitə tərəfindən nöqsanlar aşkar edilmədikdə, həmin hesabatlar MEAS-da yerləşdirildiyi tarixdən etibarən 15 (on beş) iş günü ərzində açıqlanır. İllik və yarımillik hesabatlar “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”la müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud hesabatlarda nöqsanlar aşkar edildikdə, həmin nöqsanların aradan qaldırılması barədə emitentin elektron poçt ünvanına tələbnamə göndərilir və hesabatlar MEAS-da açıqlanmır.

4.10.        Emitent tələbnamə ilə müəyyən edilmiş nöqsanları aradan qaldırdıqdan sonra illik və ya yarımillik hesabatları bu Qaydaların 4.6-cı bəndinə uyğun olaraq MEAS-da yerləşdirir. İllik və yarımillik hesabatlar MEAS-da yerləşdirildikdən sonra bu Qaydaların 4.9-cu bəndinin birinci cümləsinə uyğun olaraq açıqlanır.

4.11.    Məlumat MEAS-da açıqlandıqdan sonra emitentin elekton poçt ünvanına Məlumatın açıqlanması haqqında bildiriş göndərilir. Bildirişdə aşağıdakı məlumatlar əks edilir:

4.11.1. bu Qaydaların 4.7.1-4.7.3 -cü yarımbəndləri ilə müəyyən edilən məlumatlar;

4.11.2. Məlumatın MEAS-da açıqlanma tarixi və vaxtı;

4.11.3. açıqlanmış Məlumata hiperistinad.

4.12. MEAS-da yerləşdirilmiş Məlumatın növü və ya Məlumatla bağlı olan qiymətli kağızların dövlət qeydiyyat nömrəsi səhv göstərildikdə, Məlumat MEAS-da açıqlanmır və emitentin elektron poçt ünvanına, bu barədə səbəbləri göstərilməklə bildiriş göndərilir.

4.13. Açıqlanmış Məlumatda emitent tərəfindən nöqsanlar aşkar edildikdə, emitent dərhal bu barədə məlumatı, 3 (üç) iş günü ərzində isə dəqiqləşdirilmiş Məlumatı və dəqiqləşdirmənin səbəbləri barədə məlumatı açıqlanmaq üçün bu Qaydaların 4.6-cı bəndinə uyğun olaraq MEAS-da yerləşdirir.

4.14.        MEAS-da açıqlanmış dəqiqləşdirilmiş Məlumatda aşağıdakılara hiperistinad verilir:

4.14.1.       nöqsanlar aşkar edilmiş Məlumata;

4.14.2.  dəqiqləşdirmənin səbəbləri haqqında məlumata.

4.15.        Nöqsanlar aşkar edilmiş Məlumat digər mənbələrdə açıqlandığı halda, həmin mənbələrdə bu Qaydaların 4.14.1-ci və 4.14.2-ci yarımbəndləri ilə müəyyən edilmiş məlumatlara istinad verilir.

4.16.    MEAS-da açıqlanmış Məlumatlar kütləvi informasiya vasitələrində yayıldıqda MEAS-a istinad edilməlidir.

4.17.    MEAS-da yaranan texniki nasazlıqlar nəticəsində Məlumatların yerləşdirilməsi mümkün olmadıqda, həmin Məlumatlar (bu Qaydaların 2.1.3.2-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat istisna olmaqla) emitent tərəfindən fond birjasının və öz internet səhifəsində (olduqda) açıqlanır, bu Qaydaların 2.1.3.2-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat isə kağız daşıyıcıda Komitəyə təqdim edilir.

 

5. MEAS-da avtorizasiya

 

5.1. MEAS-da avtorizasiya Komitədən əldə edilmiş unikal istifadəçi adı və parol və ya ASAN imza əsasında həyata keçirilir.

5.2. Unikal istifadəçi adını və parolu əldə etmək üçün emitent Komitəyə “MEAS-da qeydiyyat forması”nı elektron formada və ya kağız daşıyıcıda təqdim edir.

5.3. MEAS-da avtorizasiya üçün unikal istifadəçi adı və parol avtomatik qaydada yaradılır və MEAS-da qeydiyyat forması Komitəyə təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq emitentin poçt ünvanına göndərilir.

5.4. MEAS-da avtorizasiya üçün təqdim edilən unikal parol emitent tərəfindən MEAS vasitəsi ilə dəyişdirilə bilər.

5.5. MEAS-da qeydiyyat forması bu Qaydalara uyğun tərtib edilmədikdə və ya natamam, qeyri-dürüst məlumatların əks olunduğu aşkar edildikdə, Komitə tərəfindən unikal istifadəçi adı və parolun verilməsindən imtina edilir və bu barədə səbəbləri göstərilməklə emitentə yazılı bildiriş təqdim edilir.

5.6. MEAS-da qeydiyyat formasında əks edilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, emitent bu barədə 3 (üç) iş günü ərzində Komitəyə məlumat təqdim edir.

5.7. Emitent Komitə tərəfindən ona təqdim edilmiş unikal istifadəçi adı və parolun qorunmasını təmin edir.

 

6. Məlumatların emitentin internet səhifəsində açıqlanması

 

6.1. Emitent açıqlanan Məlumatların hər bir şəxs tərəfindən asanlıqla əldə edilməsini təmin etmək üçün Məlumatı və ya onun yerləşdiyi bölmə və ya səhifəyə hiperistinadı öz internet səhifəsinin əsas hissəsində yerləşdirir.

6.2. Emitent öz internet səhifəsində açıqlanmış Məlumatların əldə edilməsi üçün haqq tələb edə və ya hər hansı məhdudiyyət tətbiq edə bilməz.

 

7. Məlumatların fond birjasında açıqlanması

 

7.1. Bu Qaydaların 2.1.1.1-ci, 2.1.1.3-cü, 2.1.1.4-cü və 2.1.1.5-ci yarımbəndləri ilə müəyyən edilən Məlumatlar MEAS-da yerləşdirildikdən sonra, bu Qaydaların 2.1.3.2-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat isə MEAS-da açıqlandıqdan sonra, emitent həmin Məlumatları fond birjasına təqdim edir.

7.2. Fond birjası emitent tərəfindən açıqlanmaq üçün təqdim edilən Məlumatların bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq öz internet səhifəsində açıqlanmasını təmin edir.

7.3. Fond birjası açıqlanan Məlumatların hər bir şəxs tərəfindən asanlıqla əldə edilməsini təmin etmək üçün Məlumatı və ya ona hiperistinadı öz internet səhifəsində Məlumatların açıqlanması üçün nəzərdə tutulan müvafiq bölmədə yerləşdirir.

7.4. Fond birjası öz internet səhifəsinda emitentlər tərəfindən açıqlanmış Məlumatların əldə edilməsi üçün haqq tələb edə və ya hər hansı məhdudiyyət tətbiq edə bilməz.

 

8. Emitentlər tərəfindən Məlumatların açıqlanması müddətləri

 

8.1. Bu Qaydaların 2.1.1.1-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumatlar, səhmlər üzrə kütləvi təklif üsulu ilə yerləşdirilmənin başlanmasına azı 15 (on beş) iş günü, istiqrazlar üzrə isə azı 5 (beş) iş günü qalmış açıqlanır.

8.2. Bu Qaydaların 2.1.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, həmin hesabat təsdiq edildiyi tarixdən etibarən 7 (yeddi) gündən gec olmayaraq açıqlanır.

8.3. Bu Qaydaların 2.1.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş məlumat, emissiyanın dayandırılması barədə qərar qəbul edildikdən sonra dərhal açıqlanır.

8.4. Bu Qaydaların 2.1.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş Məlumat, emissiyanın baş tutmamış hesab edilməsi haqqında Komitənin qərarının emitentə təqdim edildiyi tarixdən sonra 1 (bir) iş günü ərzində açıqlanır.

8.5. Bu Qaydaların 2.1.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş məlumat, emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən 5 (beş) iş günü ərzində açıqlanır.

8.6. Bu Qaydaların 2.1.1.6-cı yarımbəndi ilə müəyyən edilmiş Məlumat, qiymətli kağızların buraxılmasına 5 (beş) iş günü qalmış açıqlanır.

8.7. Bu Qaydaların 2.1.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, daşınmaz əmlak sertifikatlarının buraxılmasına 5 (beş) iş günü qalmış açıqlanır.

8.8. Bu Qaydaların 2.1.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, istiqrazların geri çağırılması barədə qərar qəbul edildiyi tarixdən sonra 1 (bir) iş günü ərzində açıqlanır.

8.9. Bu Qaydaların 2.1.2.2-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, Komitə tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində açıqlanır.

8.10. Bu Qaydaların 2.1.2.3-cü yarımbəndi ilə müəyyən edilmiş məlumat, əqdin bağlandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində açıqlanır.

8.11. Bu Qaydaların 2.1.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş məlumat, dərhal açıqlanır.

8.12. Bu Qaydaların 2.1.2.5-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, təminat predmetinin əvəz edilməsi barədə sərəncamçı ilə razılıq əldə edildikdən sonra 1 (bir) iş günü ərzində açıqlanır.

8.13. Bu Qaydaların 2.1.3.1-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, emissiya prospekti və ya informasiya memorandumu ilə birlikdə, bu Qaydaların 8.1-ci bəndi ilə müəyyən edilmiş müddətlərdə açıqlanır.

8.14. Bu Qaydaların 2.1.3.2-ci yarımbəndi ilə müəyyən edilmiş məlumat, nəzarət orqanına təqdim edildiyi tarixdən etibarən 30 (otuz) gün ərzində açıqlanır.

8.15. Bu Qaydaların 2.1.3.3-cü yarımbəndi ilə müəyyən edilmiş Məlumat, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə açıqlanır.

8.16. Bu Qaydaların 2.1.3.4-cü yarımbəndi ilə müəyyən edilmiş Məlumat, emissiya prospektinə dəyişikliklərin dövlət qeydiyyatına alındığı tarixdən 5 (beş) iş günü ərzində açıqlanır.

8.17. Bu Qaydaların 2.1.3.5-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, həmin qərarın qəbul edildiyi andan dərhal açıqlanır.

8.18. Bu Qaydaların 2.1.3.6-cı yarımbəndi ilə müəyyən edilmiş məlumat, yarandığı andan dərhal açıqlanır.

8.19. Bu Qaydaların 2.1.3.7-ci yarımbəndi ilə müəyyən edilmiş məlumat, Qanunun  76.1-ci maddəsinə əsasən bildirişin emitentə təqdim edildiyi tarixdən 3 (üç) ticarət günü ərzində açıqlanır.

8.20. Bu Qaydaların 2.1.3.8-ci yarımbəndi ilə müəyyən edilmiş Məlumat, təminatın verildiyi tarixdən sonra 5 (beş) iş günü ərzində açıqlanır.


 

“Qiymətli kağızlar bazarında

emitentlər tərəfindən məlumatların

açıqlanması Qaydaları”na

Əlavə № 1

MEAS-da qeydiyyat forması

Emitentin tam adı

 

Emitentin qısaldılmış adı (olduqda)

 

Emitentin təşkilati-hüquqi forması

 

VÖEN

 

Emitentin hüquqi ünvanı

 

Emitentin əlaqə nömrələri

 

Emitentin internet səhifəsi (olduqda)

 

Emitentin rəhbər şəxsinin adı, atasının adı, soyadı

 

Emitentin rəhbər şəxsinin vəzifəsi

 

Emitentin məlumatlarının açıqlanması üzrə məsul şəxsinin adı, atasının adı, soyadı və vəzifəsi

 

Emitentin məlumatlarının açıqlanması üzrə məsul şəxsinin əlaqə nömrəsi

 

Emitentin məlumatlarının açıqlanması üzrə məsul şəxsinin ASAN imzasının rekvizitləri (olduqda)

 

MEAS ilə məlumat mübadiləsi üçün emitentin elektron poçt ünvanı

 

Tərtib edilmə tarixi

 

 

Emitentin rəhbər şəxsinin imzası                                                                                        

______________                                                     M.Y.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status