AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.10.1998
QEYDİYYAT NÖMRƏSİ
212
ADI
Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamənin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-1998, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 633)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.10.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
310.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamənin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamənin təsdiq edilməsi haqqında

 Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

 «Geodeziya və Kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası  Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə» təsdiq edilsin (əlavə  olunur).

 2. «SSRİ Nazirlər Sovetinin «Geodeziya nişanlarını mühafizə etmək haqqında 1951-ci il 4 dekabr tarixli 4948 nömrəli qərarına dəyişikliklər  və əlavələr etmək barədə SSRİ Nazirlər Sovetinin 1983-cü il 17 mart tarixli 218 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər  Sovetinin 1983-cü il 29 mart tarixli 142 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 17 oktyabr 1998-ci il

                   № 212

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 17 oktyabr tarixli 212 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair

ƏSASNAMƏ

 

 1. Azərbaycan Respublikasının ərazisində yerləşən daimi geodeziya-istinad məntəqələri ölkənin müdafiəsində, xalq təsərrüfatında və elmində  mühüm əhəmiyyətə malik olduğuna görə, onlar dövlət tərəfindən qorunur.

 2. Bu Qaydalar «Geodeziya və Kartoqrafiya haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun  olaraq geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsinə dair məsələləri tənzimləyir.

 3. Dövlət tərəfindən qorunan daimi geodeziya-istinad məntəqələrinə aşağıdakılar aiddir:

 a) I, II, III və IV sinif trianqulyasiya və poliqonometriya məntəqələri — yerüstü nişanları, mərkəzləri, səmt-istiqamət məntəqələri;

 b) I, II, III və IV sinif nivelirləmə məntəqələri;

 c) astronomik təyinetmə məntəqələri;

 ç) qravimetriya şəbəkələrinin məntəqələri (I və II sinif);

 d) 1-ci və 2-ci dərəcəli trainqulyasiya və poliqonometriya şəbəkələrinin daimi məntəqələri — yerüstü nişan və mərkəzləri;

 e) xüsusi geodeziya şəbəkələrinin məntəqələri (mərkəzlər, nəzarət nişanları, yerüstü işarələr, istiqamətləndirmə məntəqələri);

 ə) işıqlanan mayaklar və naviqasiya işarələri.

 4. Dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanlarının yerlərinin dəyişdirilməsi, yenidən qurulması və yenilərinin quraşdırılması xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - ƏMDK), digər hallarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN) razılığı ilə həyata keçirilə bilər. [1]

 5. Geodeziya-istinad məntəqələrinin yerləşdiyi sahələrdəki, geodeziya məntəqələrinin yerüstü nişanlarının ətrafında 1 metr enində olan  zolaqdakı torpaqlar onların mühafizə zonası sayılır:

geodeziya-istinad məntəqələrinin mühafizə zonalarında yem, gübrə və materiallardan anbar yaratmaq, saman və otdan taya vurmaq,  taxta-şalban yığıb qalaqlamaq, heyvan saxlamaq, zibilliyə çevirmək və ocaq yandırmaq qadağan olunur;

geodeziya-istinad məntəqələrinin mühafizəsi zonasına daxil olan torpaqlar mülkiyyətçilərindən, icarəçilərindən və istifadəçilərdən alınmır və onlar tərəfindən yuxarıda qeyd olunan tələblərə əməl edilməklə kənd təsərrüfatı və başqa məqsədlər üçün istifadə edilə bilər.

6. Dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanlarının uçotu xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK, digər hallarda ETSN, şəhərlərdə və digər yaşayış məntəqələrində memarlıq və şəhərsalma orqanları tərəfindən aparılır. [2]

 Geodeziya-istinad məntəqələrinin uçota alınmasına əsas, həmin məntəqələrin koordinatlar və hündürlüklər kataloqu (siyahısı) sayılır.

7. Geodeziya-istinad məntəqələrinin yerlərdə uçotu, qorunması və gələcəkdə istifadə üçün saz vəziyyətdə saxlanmasını təmin etmək  məqsədilə həmin məntəqədə və nişanları quran təşkilatlar tərəfindən, mütəmadi olaraq onların üst nişanlarının yoxlanması, xarici görünüşünün təzələnməsi və lazım gəldikdə bütövlükdə bərpası üçün tədqiqat-bərpa işləri həyata keçirilir.

8. İstehsalat işlərinin yerinə yetirilməsi ilə əlaqədar geodeziya-istinad məntəqələrindən və yerüstü nişanlardan istifadə edən bütün idarə, müəssisə və təşkilatların işçiləri hər dəfə işin sonunda istifadə etdikləri geodeziya məntəqələrinin üstünün bağlanması, xarici görünüşünün  (xəndək, təpə) təzələnməsi və normal vəziyyətdə qalmasını təmin etməlidirlər.

Yuxarıda göstərilənləri yerinə yetirməyən şəxslər barədə müəyyən olunmuş qaydada intizam tədbirləri görülür.

9. Geodeziya-istinad məntəqələrinin mühafizəsini təşkil etmək aşağıdakılara tapşırılır:

a) dövlət fondu torpaqlarında — rayon (şəhər) icra hakimiyyəti orqanlarına; [3]

b) bələdiyyə fondu torpaqlarında-bələdiyyələrə; [4]

c) idarə, müəssisə və təşkilatlara müəyyən qaydada istifadə üçün ayrılmış torpaqlarda — həmin idarə, müəssisə və təşkilatlara;

ç) torpaq mülkiyyətçiləri, idarəçiləri və istifadəçilərinin ərazilərində — həmin torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçilərinə.

10. Geodeziya-istinad məntəqələrinin korlanması, məhv edilməsi və onların hazırlandığı materialların oğurlanması barədə xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK-yə, digər hallarda ETSN-ə və ərazi polis şöbələrinə xəbər verilməlidir. [5]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 noyabr 1999-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 654)
  2. 4 noyabr 2015-ci il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1410)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 noyabr 2015-ci il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1410) ilə “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”nin 4-cü hissədə “yalnız Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsinin” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - ƏMDK), digər hallarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 noyabr 2015-ci il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1410) ilə “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”nin 6-cı hissədə “Rejim və Dövlət Geodeziya Nəzarəti İdarəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK, digər hallarda ETSN” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 noyabr 1999-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 654) ilə “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə"nin 9-cu bəndinin "a" yarımbəndindən "yaşayış məntəqələrinin və" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

a) yaşayış məntəqələrinin və dövlət fondu torpaqlarında — rayon (şəhər) icra hakimiyyəti orqanlarına;

 

[4] 22 noyabr 1999-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 654) ilə “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə"nin 9-cu bəndinə yeni "b" yarımbəndi əlavə edilmiş, əvvəlki "b" və "c" yarımbəndləri müvafiq olaraq "c" və "ç" yarımbəndləri hesab edilmişdir. 

 

[5] 4 noyabr 2015-ci il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1410) ilə “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”nin 10-cu hissədə “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK-yə, digər hallarda ETSN-ə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status