AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.12.1997
QEYDİYYAT NÖMRƏSİ
416-IQ
ADI
Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1998, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 641)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi, onların şəxsiyyətinin müəyyən edilməsi və cənazələrinin tapılması üçün axtarış işlərinin aparılması qaydalarını müəyyən edir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi sahəsində qanunvericilik

 

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və digər qanunvericilik aktlarından ibarətdir.

 

Maddə 2. Xatirəsi əbədiləşdirilənlər

 

Bu Qanuna uyğun olaraq aşağıdakıların xatirəsi əbədiləşdirilə bilər:

vətən uğrunda döyüşlərdə, yaxud döyüş ehtiyaclarının təmin edilməsi ilə əlaqədar döyüş bölgəsində və ya ondan kənarda xidməti və ya vətəndaşlıq borcunu yerinə yetirərkən həlak olmuş şəxslərin;

başqa dövlətlərin ərazisində əsgəri borcunu yerinə yetirərkən həlak olanların;

vəfat etdiyi vaxtdan asılı olmayaraq vətən uğrunda döyüşlərdə, habelə əsirlikdə aldıqları xəsarət (yaralanma, travma, kontuziya) və xəstəliklər nəticəsində ölənlərin; [1]

döyüşdə yaranmış şərait üzündən özündən asılı olmayaraq əsir düşən, vətənə xəyanət etməyib əsirlikdə həlak olan şəxslərin;

Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuş vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin.

Vətənin müdafiəsi zamanı fərqlənmiş mülki idarə və müəssisələrin, xalqın tarixinə qəhrəmanlıq rəmzi kimi daxil olmuş döyüş əməliyyatı yerlərinin adları da əbədiləşdirilə bilər.

 

Maddə 3. Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formaları

 

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin əsas formaları aşağıdakılardır:

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların büstlərinin qoyulması; [2]

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi; [3]

“Şəhid” Memorial Kompleksinin yaradılması;

dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qoyulması;

vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin qorunması və abadlaşdırılması;

döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanlarının qoyulması;

həlak olanlar haqqında Respublika “Xatirə kitabı”nın aparılması;

həlak olanlar haqqında materialların kütləvi informasiya vasitələrində yayılması, onların qəhrəmanlığına həsr olunmuş ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, muzey və sərgilərin təşkil edilməsi.

Dövlət və yerli özünüidarə orqanları həlak olanların xatirəsini əbədiləşdirmək üçün digər tədbirləri də həyata keçirə bilərlər.

 

II fəsil

VƏTƏN UĞRUNDA HƏLAK OLANLARIN DƏFN OLUNMASININ TƏŞKİLİ

 

Maddə 4. Vətən uğrunda həlak olanların dəfn yerləri

 

Hərbi xatirə qəbiristanları, əsgər qəbiristanları, ümumi qəbiristanda əsgərlərin dəfn olunduğu sahələr, qardaşlıq məzarları, dəniz və okean akvatoriyalarında dəfn yerləri, hərbi və mülki gəmilərin, təyyarələrin öz heyətləri ilə həlak olduqları yerlər hərbi dəfn yerləri hesab olunur.

 

Maddə 5. Vətən uğrunda həlak olanların dəfn (yenidən dəfn) qaydası

 

Vətən uğrunda həlak olanların dəfn (yenidən dəfn) mərasimi əsgəri ehtiram göstərmək və dini ayinlər icra etməklə aparılır.

Həlak olanların tapılmış cənazələrinin dəfn olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən özünüidarə və hərbi idarə orqanları cəlb olunmaqla təşkil edilir.

Digər dövlətlərin hərbi qulluqçularının dəfn olunmamış cənazələri aşkar edildikdə həmin dövlətlərin müvafiq təşkilatlarına məlumat verməklə dəfn (yenidən dəfn) təşkil edilir.

Həlak olanların cənazələrinin yenidən dəfni onların qohumlarının xahişi ilə, yaxud xüsusi dövlət əhəmiyyətli işlər görülərkən və ya qəbrin yerləşdiyi ərazinin coğrafi şəraiti zəruri abadlaşdırma və qorunma tədbirlərinin görülməsinə imkan vermədiyi hallarda həyata keçirilir.

Həlak olanların cənazələrinin yenidən dəfni onların ailələrinə və ya qohumlarına məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerinə yetirilir.

Hərbi əməliyyatların gedişində həlak olanların dəfn olunması hərbi nizamnamələrə, komandanlığın əmr və göstərişlərinə uyğun aparılır.

 

Maddə 6. Əsgər məzarlarının qeydiyyatı

 

Əsgər məzarları dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası ərazisində onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı, digər dövlətlərin ərazisində isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən aparılır.

Hər bir əsgər məzarı üçün xatirə nişanı qoyulur və pasport tərtib olunur.

 

Maddə 7. Əsgər məzarlarının qorunmasının və bərpasının təmin edilməsi

 

Müvafiq icra hakimiyyəti orqanı yerli özünüidarə və hərbi orqanların iştirakı ilə əsgər məzarlarının və xatirə abidələrinin qorunmasını, təmirini və bərpasını təşkil edir.

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada, əsgər məzarlarının qorunmasını təmin etmək məqsədilə mühafizə zonaları, o cümlədən qoruq sayılan təbii landşaft zonaları yaradılır.

Başqa dövlətlərin ərazisində olan Azərbaycan əsgərlərinin məzarlarının qorunması və abadlaşdırılması dövlətlərarası müqavilələrdə müəyyən olunmuş normalar əsasında təmin edilir.

Şəhərlərdə, digər yaşayış məntəqələrində planlaşdırma, tikinti və yenidənqurma işlərinin layihələri hazırlanarkən əsgər məzarlarının qorunmasının təmin edilməsi nəzərə alınır.

Xüsusi dövlət əhəmiyyətli işlər istisna olmaqla, əsgər məzarlarını zədələyə biləcək tikinti və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

Fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrindəki əsgər məzarlarının qorunması üçün məsuliyyət daşıyırlar. Həmin torpaq sahələrində əsgər məzarları aşkar edilərsə, torpaq sahələrinin sahibləri bu barədə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarına məlumat verməlidirlər.

 

III fəsil

AXTARIŞ İŞLƏRİ

 

Maddə 8. Axtarış işlərinin təşkili

 

Axtarış işləri naməlum əsgər məzarlarının, əsgər cənazələrinin tapılması, həlak olanların və itkin düşənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə aparılır.

Axtarış işləri müvafiq icra hakimiyyəti orqanları və axtarış işlərinə icazəsi olan müvafiq ictimai birliklər tərəfindən yerli proqramlar əsasında həyata keçirilir.

Hərbi əməliyyatlar getmiş ərazilərdə özbaşına axtarış işləri aparmaq və əsgər məzarlarını açmaq qadağandır.

 

Maddə 9. Axtarış işlərinin aparılması qaydası

 

Axtarış işlərinin aparılması qaydası bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

Həlak olanların tapılmış cənazələri bu Qanunun 5-ci maddəsində müəyyən olunmuş qaydada dəfn edilir.

Həlak olanların tapılmış silahları, sənədləri və digər əmlakı öyrənilmək, ekspertiza edilmək və qeydiyyata alınmaq üçün həmin ərazidə yerləşən hərbi orqanlara təhvil verilir.

Həlak olanların sənədləri, şəxsi əşyaları və mükafatları qohumlarına və ya muzeylərə, silahları müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilir. Silahlar tətbiq edilə bilməyəcək vəziyyətə gətirildikdən sonra muzeylərə təhvil verilə bilər. Partlayış təhlükəsi yaradan əşyalar aşkar edildikdə dərhal hərbi idarə orqanlarına məlumat verilir. Onları zərərsizləşdirmək və ya məhv etmək üçün həmin orqanlar müvafiq tədbirlər görürlər.

Partlayış təhlükəsi yaradan əşyaları icazəsiz götürmək və başqa yerə aparmaq qadağandır.

 

IV. fəsil

YEKUN MÜDDƏALARI

 

Maddə 10. Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi tədbirlərinin maliyyələşdirilməsi

 

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi respublika dövlət büdcəsi və yerli büdcələrin vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri hesabına maliyyələşdirilir.

Başqa dövlətlərin ərazisində olan Azərbaycan əsgərlərinin məzarlarının və digər dövlətlərin hərbi qulluqçularının Azərbaycan Respublikası ərazisində olan məzarlarının qorunması, bərpası və abadlaşdırılmasının maliyyələşdirilməsi dövlətlərarası sazişlər əsasında həyata keçirilir.

 

Maddə 11. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

 

Maddə 12. Beynəlxalq müqavilələr

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 23 dekabr 1997-ci il

№ 416-IQ

 

 

 


 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.         16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 46)

2.         27 may 2021-ci il tarixli 335-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 699)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 46) ilə 2-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında “xəsarət, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 may 2021-ci il tarixli 335-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 699) ilə 3-cü maddənin birinci hissəsinin ikinci abzasında “iki dəfə” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının,” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan “və onlara bərabər tutulanların” sözləri çıxarılmışdır.

 

[3] 27 may 2021-ci il tarixli 335-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 699) ilə 3-cü maddənin birinci hissəsinin üçüncü abzasına “Azərbaycanın Milli Qəhrəmanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının,” sözləri əlavə edilmişdir və həmin abzasdan “və onlara bərabər tutulanların” və “azı iki” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status