[1]
Bədən tərbiyəsi və idman haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun bədən tərbiyəsi və idman sahəsində yaranan münasibətləri tənzimləyir, Azərbaycan Respublikasının dövlət siyasətini müəyyənləşdirir, bədən tərbiyəsi və idmanla hər kəsin məşğul olmaq hüququna təminat verir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Qanunun məqsəd və vəzifələri
Bu Qanunun məqsədi bədən tərbiyəsi və idman vasitəsi ilə insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin etmək, xəstəliklərin, zərərli vərdişlərin qarşısını almaq, əhalinin yüksək əmək qabiliyyəti səviyyəsinə, fəal uzun ömürlülüyünə, beynəlxalq aləmdə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsinə nail olmaq və gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlamaqdır.
Bu Qanunun vəzifələri:
vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etməkdən;
bədən tərbiyəsi və idman sisteminin fəaliyyəti və inkişafı üçün hüquqi təminat yaratmaqdan;
fiziki və hüquqi şəxslərin bədən tərbiyəsi və idman sahəsindəki hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etməkdən, bu sahədə yaranan münasibətləri tənzimləməkdən ibarətdir.
Maddə 2. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından və beynəlxalq müqavilələrindən ibarətdir.
Maddə 3. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti
Bədən tərbiyəsi və idman sahəsində Azərbaycan Respublikasının dövlət siyasəti:
bədən tərbiyəsi və idmanın hüquqi bazasını yaratmaqdan;
bədən tərbiyəsi və idmanın inkişafının təmin etdirilməsi, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatları, uşaq idman müəssisələri sistemini yaratmaqdan;
bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaratmaqdan;
bədən tərbiyəsi və idman sənayesini inkişaf etdirməkdən;
tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idman təşkilatları üçün bərabər imkanlar yaratmaqdan ibarətdir.
Maddə 4. Bədən tərbiyəsi və idman yönümlü ictimai birliklər
Bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılan və əsas məqsədi gəlir əldə etmək olmayan idman cəmiyyətləri, idman növləri üzrə federasiyalar və assosiasiyalar, fondlar, klublar (habelə vətəndaşların bədən tərbiyəsi və idmanı inkişaf etdirən digər birlikləri) bədən tərbiyəsi və idman yönümlü ictimai birliklər hesab olunurlar.
Bədən tərbiyəsi və idman yönümlü ictimai birliklər öz fəaliyyətlərində bu Qanunu və digər normativ-hüquqi aktları rəhbər tuturlar.
[2]
İdman federasiyası — müvafiq idman növü üzrə klubların və komandaların könüllü üzvlüyü əsasında yaradılan, həmin idman növünün respublikada inkişafını təmin edən, müvafiq beynəlxalq idman federasiyasının nizamnaməsi və onun müəyyən etdiyi qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən ictimai birlikdir.
İdman federasiyaları:
bədən tərbiyəsi və idman üzrə dövlət proqramına uyğun olaraq müvafiq idman növlərini inkişaf etdirir;
respublika və beynəlxalq yarışların və tədbirlərin keçirilməsini təşkil edir;
beynəlxalq federasiyalarda Azərbaycan Respublikasını təmsil edir;
müvafiq icra hakimiyyəti orqanı idmançıların və yığma komandaların beynəlxalq yarışlara, qitə və dünya çempionatlarına, olimpiya oyunlarına hazırlığını və iştirakını təmin edir;
hər il üçün yığma komandaların və məşqçilərin heyətini müəyyənləşdirir və müvafiq idman növləri üzrə idman hakimlərinin hazırlanması işləri ilə məşğul olurlar.
Maddə 5. İdman sahəsində beynəlxalq əlaqələr
İdman təşkilatları beynəlxalq idman əlaqələrində müstəqildirlər.
İdman təşkilatları və ayrı-ayrı idmançılar yarış qaydalarına və beynəlxalq idman təşkilatlarının nizamnamələrinə uyğun olaraq beynəlxalq idman yarışlarında iştirak edə bilərlər.
Beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ müvafiq icra hakimiyyəti orqanına, onun müəyyən etdiyi qaydada idman növləri üzrə müvafiq federasiyalara və ya digər idman yönümlü ictimai birliklərə məxsusdur.
Maddə 6. Vətəndaşların bədən tərbiyəsi və idman sahəsində hüquqları
Azərbaycan Respublikası vətəndaşlarının bədən tərbiyəsi və idmanla, o cümlədən peşəkar idmanla məşğul olmaq, bədən tərbiyəsi və idman yönümlü ictimai birliklərdə birləşmək, idman hərəkatının idarə olunmasında iştirak etmək, idman qurğuları və avadanlıqlarından istifadə etmək hüququ var.
Maddə 7. Bədən tərbiyəsi və idman sahəsində sahibkarlıq fəaliyyəti
Azərbaycan Respublikasının vətəndaşları peşəkar idman klubları və assosiasiyaları yaratmaq, bədən tərbiyəsi və idman təşkilatlarına, ayrı-ayrı şəxslərə pullu xidmətlər göstərmək, idman təyinatlı məhsulların istehsalı ilə məşğul olmaq, idman qurğuları və tikililərini, digər idman vasitələrini əldə etmək, icarəyə vermək, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
Maddə 8. Bədən tərbiyəsi və idmanın təşviqi və təbliği
Müvafiq icra hakimiyyəti orqanları, bədən tərbiyəsi və idman yönümlü ictimai birliklər kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın təşviqini və təbliğini təmin edirlər.
İdmanda insan ləyaqətinin alçaldılmasının, qadağan olunmuş stimullaşdırıcılardan istifadə olunmasının təbliği və tətbiqinə yol verilmir.
İdman obyektlərində, habelə idman yarışlarının televiziya və radio ilə yayımı zamanı spirtli içkilərin və tütün məmulatlarının reklamı qadağandır.
II fəsil
Bədən tərbİyəsİ və İdman
Maddə 9. Bədən tərbiyəsi və idman anlayışı
Bədən tərbiyəsi — ümumi mədəniyyətin ayrılmaz hissəsi olub, insanın sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafına yönəldilmiş sosial fəaliyyət sahələrindən biridir.
Bədən tərbiyəsi hər bir şəxsin marağı, istehsalın, təhsilin, gənclərin əməyə və Vətənin müdafiəsinə hazırlanmasının amilləri nəzərə alınmaqla bu Qanunun müddəalarına uyğun olaraq formalaşdırılır və fiziki tərbiyənin təşkilinə yönəldilir.
İdman — müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə sistematik olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, mübariz və mənəvi keyfiyyətlərinin formalaşmasına, yarışlarda nəticələr göstərilməsinə yönəldilmiş fiziki tərbiyənin tərkib hissəsidir.
Maddə 10. Tədris və məktəbəqədər tərbiyə müəssisələrində bədən tərbiyəsi və idman
Məktəbəqədər yaşlı uşaqların, məktəblilərin və tələbələrin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə olan tələbatı formalaşdırmaq bütün təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin əsas vəzifələrindəndir.
Təhsil müəssisələri dövlət proqramları və fiziki hazırlıq normativləri əsasında, yerli şərait və təhsil alanların marağı nəzərə alınmaqla, bədən tərbiyəsi dərslərinin, idman məşğələlərinin forma və üsullarını müstəqil müəyyən edirlər.
Təhsil və məktəbəqədər müəssisələrdə bədən tərbiyəsi dərsləri və idman məşğələlərinin həcmi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Dərsdənkənar bədən tərbiyəsi və idman məşğələləri məktəbdə, habelə məktəbdənkənar müəssisələrdə, bədən tərbiyəsi və idman yönümlü ictimai birliklər də cəlb olunmaqla təşkil edilir.
Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi məktəbəqədər tərbiyə müəssisələrinin təlim-tərbiyə proqramına daxil edilərək bədən tərbiyəsi məşğələsi formasında həyata keçirilir.
Təhsil və məktəbəqədər tərbiyə müəssisələri müvafiq qaydada təsdiq edilmiş dövlət normativlərinə uyğun olaraq hər il uşaqların, şagird və tələbələrin hazırlıq testini keçirirlər.
Sağlamlığında qüsuru olanlara bədən tərbiyəsi dərsləri və idman məşğələləri təhsil proqramına daxil edilmiş xüsusi fərdi proqramlar üzrə keçirilir.
Dərsdənkənar bədən tərbiyəsi və idman işlərini məqsədyönlü həyata keçirmək, idman tədbirlərində fəal iştirak etmək məqsədilə tədris müəssisələrində idman klubları yaradılır.
Tədris müəssisələri şagird və tələbələrin hərbi-idman hazırlığını hərbi komissarlıqlar, gənclər təşkilatları, könüllü hərbi-vətənpərvərlik və texniki-idman cəmiyyətləri ilə birlikdə həyata keçirirlər.
Məktəbdənkənar sağlamlıq və idman təşkilatları bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramına uyğun olaraq uşaqların və gənclərin müntəzəm olaraq bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi, onların fiziki cəhətdən kamilləşməsi üçün şərait yaradırlar.
Maddə 11. Hərbi qulluqçuların və hüquq mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlığı
Hərbi qulluqçuların və hüquq mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlığı onların hərbi borclarının və əsas xidməti vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Fiziki hazırlığın normativləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Komandirlər (rəislər) hərbi qulluqçular və hüquq mühafizə orqanlarının şəxsi heyəti üçün nəzərdə tutulmuş idman növləri, habelə onların özlərinin seçdikləri idman növləri ilə imkan daxilində məşğul olmaları üçün lazımi şərait yaradırlar.
Yaş həddi nəzərə alınmaqla hərbi qulluqçular və hüquq mühafizə orqanlarının şəxsi heyəti üçün fiziki hazırlıq üzrə məcburi test üsulu tətbiq edilir.
Maddə 12. İdarə, müəssisə və təşkilatlarda bədən tərbiyəsi və idman
Mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların rəhbərləri işçilərin bədən tərbiyəsi və idmanla məşğul olmaları, idman və idman turizmi tədbirlərində iştirak etmələri üçün lazımi şərait yaratmalı, bu məqsədlər üçün maliyyə vəsaitləri ayırmalıdırlar.
İdarə, müəssisə və təşkilatlarda işçilərin bədən tərbiyəsi və idmanla məşğul olmalarını təmin etmək məqsədilə həmin qurumun hesabına maliyyələşdirilən idman klubları yaradıla bilər.
Maddə 13. Yaşayış və kütləvi istirahət yerlərində bədən tərbiyəsi və idman
Yaşayış və kütləvi istirahət yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şərait yaradılmasını, habelə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilini, bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı büdcə vəsaiti və digər mənbələr hesabına həyata keçirir.
Maddə 14. Sanatoriya-kurort müəssisələrində, istirahət evlərində və turist bazalarında bədən tərbiyəsi, idman və sağlamlıq işləri
Sanatoriya-kurort müəssisələrinin, istirahət evlərinin və turist bazalarının rəhbərləri istirahət edənlərin sağlamlığının möhkəmləndirilməsi, xəstəliklərin profilaktikası və müalicəsi məqsədilə müalicə və istirahət prosesində bədən tərbiyəsi və idmanın müxtəlif vasitələrindən istifadə edilməsi üçün şərait yaradırlar.
Sağlamlıq zonalarında və istirahət parklarında əhalinin fərdi qaydada sağlamlıq bədən tərbiyəsi və idmanla məşğulluğu üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi sahələr ayrılmalıdır.
Maddə 15. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idmanı
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın inkişafı onların reabilitasiyasına xidmət edir.
Müvafiq icra hakimiyyəti orqanı «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq büdcə vəsaiti və digər mənbələr hesabına əlillərin idman qurğularında bədən tərbiyəsi və idmanla məşğul olması üçün lazımi şərait yaradır.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya prosesində bədən tərbiyəsi və idmanla məşğul olmalarını, bu sahə üçün xüsusi kadr hazırlığını, elmi-metodiki, tibbi təminatı və həkim nəzarətini müvafiq icra hakimiyyəti orqanları büdcə vəsaiti hesabına həyata keçirirlər.
Azərbaycan Respublikasının əlil , sağlamlıq imkanları məhdud uşaq idmançılarını beynəlxalq idman hərəkatında Parolimpiya və Xüsusi Olimpiya komitələri təmsil edirlər.
[3]
Maddə 16. Yüksək dərəcəli idmançıların hazırlanması
Yüksək dərəcəli idmançıların hazırlanması bədən tərbiyəsi və idman təşkilatları, fərdi qaydada məşqçilik fəaliyyəti ilə məşğul olan şəxslər, habelə xüsusilə bu məqsəd üçün yaradılan mülkiyyət formasından asılı olmayaraq ixtisaslaşdırılmış qurumlar (klublar, idman təmayüllü internat məktəbləri, yüksək idman ustalığı məktəbləri və s.) tərəfindən həyata keçirilir.
Maliyyə vəsaiti və maddi-texniki bazası müasir tələblərə cavab verən ixtisaslaşdırılmış qurumlarda yüksək dərəcəli idmançıların hazırlanması idmançının üzv olduğu bədən tərbiyəsi və idman yönümlü ictimai birliklərlə bağlanan müqavilələr əsasında həyata keçirilir. Həmin təşkilatların üzvü olmayan idmançı bilavasitə ixtisaslaşdırılmış qurumlarla müqavilə bağlaya bilər.
Maddə 17. Azərbaycan Respublikasının yığma komandaları
Azərbaycan Respublikasının yığma komandalarının üzvləri idman yönümlü müvafiq ictimai birliyin təkliflərinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Yığma komandaların tərkibinə daxil edilmiş idmançıların bir bədən tərbiyə və idman yönümlü ictimai birlikdən digərinə, habelə xarici idman klublarına keçməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla idmançı və həmin təşkilatlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
Yığma komandaların beynəlxalq idman tədbirlərinə hazırlığı və iştirakı zamanı həkim nəzarəti, habelə tibbi təminat dövlət büdcəsi hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları gömrük rüsumundan azaddırlar.
[4]
Maddə 18. Peşəkar idman
Peşəkar idman yüksək idman hazırlığını tələb edən, tamaşa xarakterli, qazanc məqsədli əmək fəaliyyətidir.
Peşəkar idman fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 19. Bədən tərbiyəsi, idman və müalicə bədən tərbiyəsi sahəsində peşə fəaliyyəti
Bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətlə bədən tərbiyəsi və idman üzrə pedaqoji təhsili olan şəxslər məşğul ola bilərlər.
Müvafiq idman növü üzrə idman ustası normativini yerinə yetirmiş və xüsusi məşqçilik kursu keçmiş şəxslər məşqçilik fəaliyyəti ilə məşğul ola bilərlər.
Müalicə bədən tərbiyəsi üzrə fəaliyyətə yalnız müvafiq xüsusi təhsili olan şəxslər buraxılırlar.
Maddə 20. İdmanda qadağan olunmuş üsul, fənd və vasitələrin yolverilməzliyi
İdman nəticələri qazanmaq məqsədilə istifadə edilməsinə yol verilməyən üsul, fənd və vasitələrin siyahısı bədən tərbiyəsi və idman yönümlü ictimai birliklərin təklifləri əsasında beynəlxalq qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
III fəsil
Bədən tərbİyəsİ və İdmanın maddİ təmİnatı
Maddə 21. Bədən tərbiyəsi və idmanın maliyyə mənbələri
Bədən tərbiyəsi və idman Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitdən, idman tədbirlərinin televiziya vasitəsilə translyasiyasından, tamaşa xarakterli bədən tərbiyəsi və idman tədbirlərindən, idman lotereyasının keçirilməsindən daxil olan vəsaitdən, fiziki və hüquqi şəxslərin ianələrindən və digər mənbələrdən maliyyələşdirilir.
Maddə 22. Bədən tərbiyəsi və idmana sponsorluq
Bədən tərbiyəsi və idmanın inkişafına sponsorluğun əsasları və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 23. Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün istifadə olunan torpaqların statusu
Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün torpaq sahələrinin ayrılması və onlardan istifadə edilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsini təmin edən dövlət və ictimai idman təşkilatlarının, habelə bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan dövlət ali və orta təhsil müəssisələrinin stasionar idman qurğuları yerləşən torpaq sahələri onların daimi istifadəsindədir.
Torpaq mülkiyyətçisinin razılığı olmadan bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün nəzərdə tutulmuş torpaq sahələrində başqa layihə-tikinti və qazma işlərinin aparılması, habelə həmin torpaq sahələrindən digər məqsədlər üçün istifadə edilməsi qadağandır.
Maddə 24. Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri
Yaşayış sahələrinin tikinti planlarında digər infrastruktur obyektləri ilə yanaşı bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisi də nəzərdə tutulmalıdır. Yaşayış sahələrinin qəbulu üzrə komissiyaların tərkibinə müvafiq icra hakimiyyəti orqanının bədən tərbiyəsi və idman üzrə nümayəndələri də daxil edilməlidir.
Müvafiq icra hakimiyyəti orqanları onların ərazisində bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin planlaşdırılmasına, layihələşdirilməsinə, inşasına və istismara verilməsinə müvafiq normalar əsasında nəzarət edirlər.
Yaşayış yerlərinin bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri ilə təmin olunma normativlərini əhalinin sıxlığından və yerli iqlim şəraitindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Bütün növ tədris və məktəbəqədər tərbiyə müəssisələrinin tikintisi və ya yenidən qurulması planlarına bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir. Müvafiq ərazidə yenisini yaratmadan mövcud dövlət bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin ləğv edilməsi qadağandır.
Bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin sığortası qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
IV fəsil
Bədən tərbİyəsİ və İdman sahəsİndə təmİnatlar
Maddə 25. Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların sağlamlığının qorunması
Bədən tərbiyəsi-sağlamlıq, idman müəssisələrinin və qurğularının müdiriyyəti məşğələlərin və yarışların keçirilmə yerlərinin təhlükəsizlik qaydalarına və sanitariya-gigiyena normalarına uyğun texniki təchizatını, bədən tərbiyəsi və idmanla məşğul olanlara tibbi nəzarət və yardım göstərilməsini təmin etməlidirlər.
Mütəşəkkil formada bədən tərbiyəsi və idmanla məşğul olarkən sağlamlığına ziyan dəymiş vətəndaşlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi, sosial və peşə reabilitasiyası üzrə xidmət göstərilir.
Maddə 26. İdmançının, məşqçinin və idman hakiminin sağlamlığına dəyən ziyana görə məsuliyyət
Mütəşəkkil formada bədən tərbiyəsi və idmanla məşğul olarkən idmançının, məşqçinin və hakimin sağlamlığına dəymiş ziyana görə məsuliyyət onların bədən tərbiyəsi, sağlamlıq və idman yönümlü təşkilatla bağladığı müqavilənin şərtlərinə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.
Maddə 27. Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların sığortası
Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların, habelə idmançı və idman hakiminin sığorta olunmasının qayda və şərtləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və bədən tərbiyəsi və idman yönümlü təşkilatlarla bağlanmış müqaviləyə əsasən müəyyən olunur.
Beynəlxalq yarışlarda iştirak edən idmançıların sığortası onları ezam edən təşkilatlar tərəfindən həyata keçirilir.
Maddə 28. Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi
Bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşları müvafiq qaydada dövlət mükafatlarına və fəxri adlara təqdim olunurlar.
Olimpiya oyunlarının mükafatçılarına, eləcə də iki dəfədən artıq olimpiya növləri üzrə dünya və qitə çempionatlarının qaliblərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli pensiya müəyyən edilir.
[5]
Maddə 29. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 23 dekabr 1997-ci il
№ 417-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
2.
10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
3.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
4.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
5.
30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 avqust 2009-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 613)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 avqust 2009-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 613) ilə qüvvədən düşmüş hesab edilmişdir.
[2]
10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 4-cü maddənin ikinci hissəsindən "İctimai birliklər haqqında" Azərbaycan Respublikasının Qanununu," sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Bədən tərbiyəsi və idman yönümlü ictimai birliklər öz fəaliyyətlərində «İctimai birliklər haqqında» Azərbaycan Respublikasının Qanununu, bu Qanunu və digər normativ-hüquqi aktları rəhbər tuturlar.
[3]
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında “Əlillərin” və üçüncü hissədə “əlillərin” sözlərindən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir, birinci hissədə “Əlillər” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir, ikinci hissədə “Əlilliyin qarşısının alınması, əlillərin” sözləri “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri ilə əvəz edilmişdir və dördüncü hissədə “əlil” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaq” sözləri əlavə edilmişdir.
[4]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 17-ci maddənin dördüncü hissəsindən "və əlavə dəyər vergisindən" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları gömrük rüsumundan və əlavə dəyər vergisindən azaddırlar.
[5]
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 28-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır.