×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.01.2016
QEYDİYYAT NÖMRƏSİ
101-VQ
ADI
Əmanətlərin tam sığortalanması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-03-2016, Nəşr nömrəsi: 50), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2016, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 395)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201601190101
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.03.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Əmanətlərin tam sığortalanması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Qanunun məqsədi

 

Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.

 

Maddə 2. İstifadə olunan anlayışlar

 

Bu Qanunda istifadə olunan anlayışlar “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

Maddə 3. Qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması

 

Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. [1]

 

Maddə 4. Tam sığorta təminatının əldə edilməsi

 

4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

4.2. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

 

Maddə 5. Kompensasiyalar

 

5.1. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

5.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir.

 

Maddə 6. Yekun müddəalar

 

6.1. Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

6.2. Ələt azad iqtisadi zonasında əmanətlərin tam sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [2]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 yanvar 2016-cı il

№ 101-VQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 31)

2.       19 fevral 2019-cu il tarixli 1514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 204)

3.       13 mart 2020-ci il tarixli 10-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 aprel 2020-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 385)

4.       18 dekabr 2020-ci il tarixli 215-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1436)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 fevral 2019-cu il tarixli 1514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 204) ilə 3-cü maddədə “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilmişdir.

 

13 mart 2020-ci il tarixli 10-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 aprel 2020-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 385) ilə 3-cü maddəsində “4 (dörd) il” sözləri “4 (dörd) il 9 (doqquz) ay” sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2020-ci il tarixli 215-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1436) ilə 3-cü maddəsində “4 (dörd) il 9 (doqquz) ay müddətində” sözləri “2021-ci il 5 aprel tarixinədək” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 31) ilə 6-cı maddənin mətni 6.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 6.2-ci maddə əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status