Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bəndə “Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri” sözləri əlavə edilsin.
2. 1.6-cı bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Donor Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurum olduğu halda müvafiq məlumata Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın 4.2-ci bəndində nəzərdə tutulmuş rəy və ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmin rəyin vaxtında verilməməsi barədə müraciət etmiş dövlət qurumunun məktubu əlavə olunur. Dövlət qurumu olan donor tərəfindən dövlət büdcəsi hesabına verilən qrant barədə müvafiq məlumatın təqdim edilməsi qeyri-hökumət təşkilatını müqavilənin (qərarın) qeydiyyat üçün təqdim edilməsi vəzifəsindən azad etmir.”.
3. Həmin qaydaya 5 nömrəli əlavə - “Dövlət büdcəsi hesabına verilmiş qrant barədə Məlumat”ın 20-ci sətrində “Şuranın” sözü “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 fevral 2016-cı il
№ 73