Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1366-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 1530 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №2, maddə 187; 2008, №2, maddələr 123, 130; 2015, № 2, maddə 242) ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II.Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinə aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
“1.5. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.”.
2. 2.1-ci bəndə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin və həmin bənddə “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin.
3. 2.3-cü bəndə “cəza” sözündən sonra “və ya inzibati tənbeh” sözləri əlavə edilsin.
4. 4.3-cü bənddə “narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli” sözləri “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 16 fevral 2016-cı il
№ 61