AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.02.2016
QEYDİYYAT NÖMRƏSİ
28
ADI
“Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-02-2016, Nəşr nömrəsi: 45), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2016, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 371)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.02.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201602030028
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.03.2016
“Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın təsdiq edilməsi barədə

“Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 fevral 2016-cı il

     № 28

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 3 fevral tarixli 28 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən

 

TƏMİNATLAR

 

1. Ümumi müddəalar

 

1.1. “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar” (bundan sonra – Sənəd)” Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 38.4-cü maddəsinə əsasən hazırlanmışdır və milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatları müəyyən edir.

1.2. Azərbaycan Respublikasında milli, tarixi, təbii və mədəni irs obyektlərini, o cümlədən tarix, təbiət və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.

1.3. Verilən təminatları təşkil edən milli mədəni irsin mühafizəsi sistemi dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati tədbirlərdən ibarətdir.

1.4. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

 

2. Təminatın tətbiq dairəsi

 

2.1. Bu Sənəd Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və ya mədəni sərvətlərin mühafizə Siyahısına daxil edilməklə, mühafizə müqaviləsi bağlanılmış milli mədəni irs obyektinin sahiblərinə tətbiq edilir.

2.2. Bu Sənədin məqsədləri üçün milli mədəni irs obyekti – nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz, maddi və qeyri-maddi mədəni irs obyektləridir.

2.3. Bu Sənədin məqsədləri üçün milli mədəni irs obyektinin sahibi – bu Sənədin 2.1-ci bəndində göstərilən mədəni sərvətin fiziki və ya hüquqi şəxs qismində mülkiyyətçisi, yaxud icarə və ya istifadə hüququ əsasında istifadəçisidir.

2.4. Mədəni sərvətlərin saxlanılma və təsərrüfat istifadəsi xərcləri milli mədəni irs obyektinin sahibləri tərəfindən ödənilir. Mədəni sərvətlərin mülkiyyətçisi həmin sərvətləri müəyyən olunmuş qaydada saxlamırsa və bu, onların öz əhəmiyyətini itirməsi ilə nəticələnə bilərsə, belə sərvətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 208-ci maddəsinə uyğun olaraq, məhkəmə qərarı əsasında dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.

 

3. Milli mədəni irs obyektlərinin sahiblərinə verilən təminatların növləri

 

3.1. Bu Sənədin 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.11-ci və 14.2.11-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən aşağıdakı tədbirlər görülür: [1]

3.1.1. milli mədəni irs obyektlərinə turistlərin cəlb olunması üçün dəstəyin göstərilməsi;

3.1.2. milli mədəni irs obyektlərinin tanıdılması məqsədi ilə təbliğat materiallarına həmin obyektlərlə bağlı məlumatların daxil edilməsi;

3.1.3. dövlət tərəfindən təşkil olunan sərgilərdə (həmçinin beynəlxalq sərgilərdə) milli mədəni irs obyektlərinin nümayiş olunmasına dəstəyin göstərilməsi və belə sərgilərin təşkil olunmasına şəraitin yaradılması.

 

4. Təminatların verilməsi üçün əsaslar və digər sənədlər

 

4.1. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə təminatlar aşağıdakı əsaslar üzrə verilir:

4.1.1. milli mədəni irs obyektlərinin sahibləri tərəfindən müvafiq müraciət;

4.1.2. mədəniyyət sahəsində dövlət monitorinqinin nəticələri.

4.2. Müvafiq təminatların verilməsi barədə qərarın qəbul edilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

4.2.1. bu Sənədin 4.1.1-ci yarımbəndində göstərilən halda ərizə;

4.2.2. bu Sənədin 4.1.2-ci yarımbəndində göstərilən halda mədəniyyət sahəsində həyata keçirilmiş dövlət monitorinqi nəticəsində komissiya tərəfindən tərtib edilən hesabat;

4.2.3. bu Sənədin 4.3-cü bəndində göstərilən mühafizə müqaviləsi;

4.2.4. bu Sənədin 5.4-cü bəndində göstərilən protokol.

4.3. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir.

 

5. Milli mədəni irs obyektlərinin sahiblərinin müraciəti əsasında təminatların verilməsi

 

5.1. Milli mədəni irs obyektinin sahibi tərəfindən bu Sənədin 4.2.1-ci və 4.2.3-cü yarımbəndlərində göstərilən sənədlərin surətləri əlavə edilməklə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə ərizə ilə müraciət edilir. [2]

5.2. Ərizə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tərtib edilir və qeydiyyata alındığı vaxtdan 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən müvafiq təminatın verilməsi barədə qərar qəbul edilir. Ərizədə bu Sənədin 3-cü hissəsində nəzərdə tutulmuş və milli mədəni irs obyekti sahibinin məqbul hesab etdiyi təminatın növü göstərilməlidir.

5.3. Bu Sənədin 5.2-ci bəndində göstərilən qərar qəbul edilməzdən əvvəl, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən mədəni sərvətin cari vəziyyətinin öyrənilməsi məqsədi ilə müşahidəsi həyata keçirilməlidir.

5.4. Müşahidənin keçirilməsi barədə protokol tərtib edilir.

5.5. Bu Sənədin 5.1-ci bəndində göstərilən sənədlər və tərtib edilən protokol əsasında aşağıda göstərilənlərdən biri barədə qərar qəbul edilir:

5.5.1. müvafiq təminatın verilməsi;

5.5.2. tələb ediləndən fərqli təminatın verilməsi;

5.5.3. təminatın verilməsindən imtina edilməsi.

 

6. Mədəniyyət sahəsində dövlət monitorinqinin nəticələri üzrə təminatın verilməsi

 

6.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun həyata keçirilən mədəniyyət sahəsində dövlət monitorinqinin nəticələri üzrə bu Sənədin 3-cü hissəsində göstərilən təminat növlərindən biri müəyyən edilə bilər.

6.2. Mədəniyyət sahəsində dövlət monitorinqi aşağıdakı üsullarla həyata keçirilir:

6.2.1. mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədləri üçün sənəd və məlumatların yoxlanılması;

6.2.2. mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədləri üçün mədəni sərvətlərə, abidələrə, mühafizə və qoruq zonalarına, qoruqlara, binalara, tikililərə və avadanlıqlara baxış keçirilməsi;

6.2.3. mədəniyyət nümunələrinin ekspertizasının həyata keçirilməsi.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

2.       26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313)

3.       5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477) ilə “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın 3.1-ci, 4.3-cü və 5.1-5.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın 3.1-ci, 4.3-cü, 5.1-ci, 5.3-cü bəndlərində və 5.2-ci bəndinin birinci cümləsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”da 3.1-ci və 4.3-cü bəndlərə, 5.2-ci bəndin birinci cümləsinə və 5.3-cü bəndə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilmişdir.

 

[2] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın 5.1-ci bəndinə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status